Məhkəmə qərarları › İş №2(103)-4555/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4555/2023

01.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4555/2023 01.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, e-2(002)- 30/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Daşgil-Lökbatan DŞ 300 mm-lik yerüstü neft kəmərindən 42.3 metr aralıda, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Təzə yurdlar ünvanında Cavabdeh tərəfindən 2000-ci il tarixdə yaşayış evi inşa edilmişdir. Yaşayış evinin inşa edilməsinə əsas isə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli sərəncamı olmuşdur. Cavabdehə mühafizə zonası daxilində aparılan tikinti-quraşdırma işlərinin dayandırılması barədə xəbərdarlıq edilmiş, lakin tikinti işləri davam etdirildiyindən aidiyyəti üzrə məhkəməyə müraciət edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qardağ Rayon Məhkəməsinə müraciət edərək, Daşgil-Lökbatan DŞ 300 mm-lik yerüstü neft kəmərinin 1.4-cü kilometrində, kəmərdən 43 metr aralı məsafədə, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Təzə yurdlar ünvanında cavabdeh tərəfindən qanunsuz inşa edilmiş bütün tikililərin onun hesabına sökülərək, ərazidən çıxarılması və mülkiyyəti təsdiq edən sənəd olmadan həmin ünvanda tikinti-quraşdırma işlərinin aparılmasının ona qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan yerüstü neft kəmərindən 43 metr aralı məsafədə cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü il tarixdə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu Qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında qeyd olunan işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması; heyvan saxlamaq; balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2002-ci il tarixli, 685 saylı Fərmanında, eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 167 saylı Qərarında ixrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə, Cinayət Məcəlləsinin 222-2-ci maddəsinə əsasən müvafiq icazə almadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli qərardad qəbul edilərək, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmış, ekspert rəyi alındıqdan sonra isə xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə icraat təzələnmişdir.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 may 2023-cü il tarixli, e-2(002)-30/2023 nömrəli qətnaməsi ilə (hakim K.Əsədov) iddia tələbi təmin olunmamışdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə, iddiaçıya qarşı birmənalı olaraq formal mövqe nümayiş etdirməklə, mülki işə birtərəfli baxmış, iddiaçının təqdim etdiyi dəlillərə və sübutlara əhəmiyyət vermədən, yalnız cavabdehin hüquqlarını müdafiə xarakterli mövqeyi ilə çıxış edərək, mübahisəli tikili özbaşına tikili olduğu halda, iddiaçının qanuni iddiasını təmin etməmişdir. İddiaçı SOCAR İddiaçı SOCAR-ın tərkibində yaradılmış İdarədir və özünün Nizamnaməsi əsasında fəaliyyət göstərir. Bununla bağlı dövlət tərəfindən Şirkətə təminat və öhdəliklər verilmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, mübahisəli torpaq üzərində özbaşına tikililər inşa edilməklə idarəyə dövlət tərəfindən verilmiş hüquq və təminatlar pozulmuş və eyni zamanda neft-boru kəmərləri strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqaladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İnşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2023-cü il tarixli 10/7312 saylı ekspert rəyindən görünür ki, mübahisə predmeti olan hasar tikilisi ilə neft kəməri arasındakı məsafənin 42,3 metr təşkil etdiyi müəyyən olunur. Tədqiq olunan ünvanda neft kəmərinin mühafizəsi zonasında başqa tikili aşkar edilməmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 18 iyul 2000-ci il tarixli, 689 saylı sərəncamından görünür ki, Bakı şəhər XDS İK- nın 27 yanvar 1989-cu il tarixli, 13/713 saylı qərarına müvafiq olaraq Ələt qəsəbəsi K.Məmmədov küçəsi 1 saylı evin 4-cü mənzilində yaşayan S.B.Məmmədovaya fərdi yaşayış evinin tikintisi üçün Şıxlar massivindən 600 m2 torpaq sahəsi ayrılmışdır. Sərəncamla yaşayış evinin tikintisinin fərdi və yaxud birtipli layihə əsasında aparılması qərara alınmışdır. Vətəndaşa tapşırılmışdır ki, fərdi yaşayış evinin tikintisi üçün rayon MKTB ilə müqavilə bağlasın. Sərəncamda həmçinin göstəriş qoyulmuşdur ki, fərdi yaşayış evinin tikintisi yerli icra hakimiyyəti başçısının sərəncamından sonra 3 il müddətinə başa çatdırılsın. Lakin 05 aprel 2021-ci il tarixli aktdan da aydın olur ki, cavabdeh qanunsuz tikinti işlərini davam etdirməkdədir. Cavabdeh dəfələrlə xəbərdar edilmişdir. Bu barədə yerində aktlar tərtib olunmuşdur.Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi məlum neft kəmərləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olmuş və ölkədə neft əməliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsindədir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

12. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:

13. Maddə 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur:

Maddə 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

20. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı cavabdehə qarşı iddia tələbi ilə müraciət edərkən, habelə apellyasiya şikayəti verərkən, müvafiq olaraq öz tələbinin predmetini və apellyasiya şikayətinin dəlillərini qanunsuz hesab etdiyi tikili üzərində qurmuş, lakin tikilinin qanunsuz olmasını sübuta yetirə bilməmişdir.

21. Belə ki, qeyd olunan faktın əsaslandırılması üçün ilk növbədə qanunvericilikdə iddiaçının tələbinin predmetini və apellyasiya şikayətinin dəlilini təşkil edən “qanunsuz tikili” yəni “özbaşına tikili” anlayışının necə təsbit olunduğunu müəyyənləşdirmək zəruri haldır.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak o halda özbaşına tikinti hesab edilə bilər ki, həmin yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun.

23. Göründüyü kimi qeyd olunan Məcəllədə tikintinin hansı hallarda özbaşına hesab edilməsi müəyyən edilmişdir.

24. Lakin iş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli sərəncamı ilə cavabdehin nənəsi S.B.Məmmədovaya fərdi yaşayış evinin tikintisi üçün Şıxlar massivindən 600 m2 torpaq sahəsi ayrılmış, elə həmin ildən cavabdeh tərəfindən qeyd olunan sərəncama əsasən tikinti işləri başlanılmışdır. S.B.Məmmədova xx.xx.2005-ci il tarixdə ölmüşdür və sonradan həmin tikiliyə faktiki sahibliyi cavabdeh etmişdir.

25. Həmin sərəncam, verilməsindən 23 il keçməsinə baxmayaraq mübahisələndirilməmiş, cavabdeh məhkəməyə həmin sərəncamı təqdim edərək, tikilinin özbaşına olmasını təkzib etmiş, iddiaçı isə qeyd edilən faktın əksini sübuta yetirə bilməmişdir.

26. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsindən müəyyən olunur ki, bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında o halda sökülə bilər ki, həmin bina və qurğular tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun.

27. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan müddəalara əsaslanaraq qeyd edir ki, qanunverici həm özbaşına tikili anlayışını, həm də özbaşına tikilinin sökülməsi şərtlərini konkret olaraq müəyyən etdiyindən, yalnız həmin şərtlərin mövcud olması tikilinin özbaşına hesab edilməsi və sökülməsi ilə nəticələnə bilər.

28. Bundan başqa, apellyator şikayətin dəlillərində göstərmişdir ki, sərəncamda mübahisələndirilən tikilinin 3 il müddətinə başa çatdırılması qeyd olunsa da, xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, cavabdeh qanunsuz tikinti işlərini davam etdirməkdədir.

29. Məhkəmə kollegiyası bu barədə qeyd edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların tikintisinə icazə tələb olunmur. xx.xx.2021-ci il tarixli aktda isə hasarın üstünə üç mişar daşı hörülməsi göstərilsə də, həmin hasarın hündürlüyü barədə məlumat göstərilməmiş, habelə iddiaçı tərəfindən həmin hasarın hündürlüyünün 2 metr 20 santimetrdən çox olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ekspert rəyinə əsasən mübahisəli tikilinin mühafizə zonası daxilində yerləşdiyi müəyyən edilsə də, yerli icra hakimiyyəti başçısının sərəncamı hüquq müəyyənedici sənəd kimi qiymətləndirildiyindən, ilk növbədə həmin sərəncamın qanuniliyi mübahisələndirilməli idi. Lakin iddiaçı tərəfindən hazırki vaxtadək sözügedən sərəncam mübahisələndirilməmişdir.

31. Odur ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyə əsaslanaraq yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmiş, iddiaçı isə tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Nəticədə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmış və iddia tələbini rədd etməkdə haqlı olmuşdur.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, e-2(002)-30/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar