Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4556/2022 25.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “istehlakçı hüququnun müdafiəsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “istehlakçı hüququnun müdafiəsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(094)-93/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı X1 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “istehlakçı hüququnun müdafiəsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yazılmış 740,70 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Pirallahı qəsəbəsi 28-ci məhəllə ünvanda yerləşən 29 saylı evin sahibidir. “Azəriqaz” İstehsalat Birliyinin **********00000 saylı kodu ilə abonentidir. 10 avqust 2019-cu il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən ünvanında quraşdırılmış qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz edilmiş və bu barədə akt tərtib olunmuşdur. Aktda sayğacın çıxarılma səbəbi kimi onun yenisi ilə əvəz edilməsi göstərilmişdir. Lakin sonradan ona 740,70 manat borc yazılmışdır. Bildirmək istəyir ki, qazdan istifadəyə görə borcunu vaxtlı-vaxtında ödəmişdir. Onun heç bir borcu yoxdur. Borcunun olması barədə məlumatı bu yaxınlarda bilmişdir. Borcu barədə ona heç bir məlumat və ya bildiriş verilməmişdir. Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etmiş, lakin müraciəti cavabsız olaraq qalmışdır. “Azəriqaz” İstehsalat Birliyinin işçilərinin qanunsuz hərəkətləri nəticəsində, yəni sayğacın çıxış borusunun deşik olmasına görə o, ziyan çəkir. Hesab edir ki, cavabdehin üzərinə qoyduğu borc əsassızdır. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(094)-93/2022 saylı qətnaməsi ilə (hakim T.Əkbərov) iddia təmin edilmişdir.
4. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, SOCAR “Azəriqaz” İB tərəfindən tərtib edilmiş ******* nömrəli aktla sayğac növbəti dəfə yoxlanılması üçün çıxarılmış və əvəzləmə plombu vurulmuşdur. Cavabdeh sayğaca görə yaranmış borcun əsaslı olması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir.
5. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 18-ci maddəsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3, 18, 26-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin X2nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Pirallahı rayon Məhkəməsinin xx.xx.2022 tarixli 2(094)-93/2022 nömrəli qətnaməsinin ləğv edilərək yeni qərar verilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərindən təqdim olunmuş sübutlara, yəni akta və saldoya hərtərəfli və tam baxılmayıb və hakim təqdim etdikləri sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. İddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza təyin edilməsi zəruri və qaçılmazdır. Abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və tərəflərindən heç bir səhvə yol verilmədiyini yoxlamaq məqsədi ilə ekspertiza təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
11. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
13. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, yeni qərar qəbul edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
15. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 3.1.7-ci bəndinə əsasən qaz paylayıcı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.
18. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
19. “X2”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
20. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
26. “Azəriqaz” İB tərəfindən verilmiş ******* nömrəli aktdan məlum olur ki, “Azəriqaz” İBnin 29/1710-02619-2 nömrəli rəyinə əsasən ******* nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi göstərilmişdir.
27. Həmin rəyin əsasında tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair” 29 noyabr 2019cu il tarixli akt tərtib edilmişdir.
28. Kollegiya qeyd edir ki, “X2”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, hazırkı iş üzrə iddiaçının ünvanında quraşdırılmış qaz sayğacının yararsız hala düşməsinin məhz iddiaçının müdaxiləsi nəticəsində baş verməsini sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür.
29. Lakin cavabdeh Azəriqaz İB sayğaca müdaxilədə iddiaçının təqsirinin müəyyən edilməsinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, iddiaçı onun ünvanında quraşdırılmış sayğaca müdaxiləyə görə dəymiş maddi ziyan üçün məsuliyyət daşımır (Qaydaların 4.2-ci bəndi).
30. Göstərilənlərə əsasən kollegiya bu qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar yalnız mülahizələrə əsaslanır. Cavabdeh apellyasiya şikayətində iş üzrə ekspertiza keçirilməsinə istinad etsə də, bu ekspertizanın hansı məqsədlə keçirilməsini və hansı növ ekspertizanın təyin edilməli olmasını göstərməmişdir.
31. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab etmir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
32. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
33. Məhkəmə kollegiyası həmçinin izah edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan, Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
34. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi :
Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(094)-93/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.