Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4556/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2008/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən X6 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin cəzaçəkmə müəssəsində qeydiyyata alındığı vaxtdan hesablanması, X15 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyildirilmədən saxlanılması, X4 378 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməsi, mülki iddianın qismən təmin edilməsi, X4 maddi ziyana görə 7972 manat, taksi xidmətlərdən istifadəyə görə 500 manat və mənəvi ziyana görə 1000 manat cəmi 9472 manat tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı X7 ödənilməsi hökm edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-452/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən mülki iddiaçı X8 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, məhkum edilmiş şəxs X6 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi il təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, hökmdə X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəaların xaric edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməməsi və o cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır.
3. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, icra sənədi üzrə müvafiq olaraq xx.xx.2024-cü il tarixdə Xəzər rayon icra şöbəsinin icraatına daxil olduqdan sonra məcburi icra tədbirlərinə başlanaraq Xəzər Rayon Məhkəməsinin 8(003)-114/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən borclu X10 adına olan “Hyundai Elantra” minik markalı, **-TK-*** qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə borclu X15 5000 manat tələbkar İddiaçı hesabına ödəniş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 xx.xx.2022-ci il tarixdə “Hyundai Elantra” markalı, **-TK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş əmlak ziyanına görə 5000 manat məbləğində sığorta haqqının cavabdeh "xxxx" ASC-dən alınaraq X7 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə X14 avtoqəza nəticəsində ağır xəsarət almış, bununla əlaqədar Xəzər Rayon Polis İdarəsində cinayət işi açılmışdır. Hazırda hadisədə təqsirləndirilən şəxs X15 barəsində Xəzər Rayon Məhkəməsində 1(003)-175/2023 saylı cinayət işi icraata götürülərək yekun xx.xx.2023-cü il tarixli məhkəmə hökmü qəbul edilmişdir. Hökmə əsasən X2 Respublikası CM-nin 263.1ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 il 6 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Mülki iddia qismən təmin edilməli, X4 maddi ziyana görə 7972 manat, taksi xidmətlərdən istifadəyə görə 500 manat və mənəvi ziyana görə 1000 manat cəmi 9472 manat tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı X7 ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-452/2024 saylı qərarı ilə mülki iddiaçı X5 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, məhkum edilmiş şəxs X6 müdiafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, hökmdən X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəaların xaric edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməməsi və cinayət məsuliyyətindən azad edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. X15 xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərkən istifadəsində olan sığortalı “Hyundai Elantra” markalı **-TK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortaçısı "xxxx" ASC araşdırma aparsa da bu günədək sığorta pulunun ödənilməsindən imtina barədə cavab da vermək vəzifəsindən imtina edərək 5000 manat qənaət etməyi üstün tutur. Qeyd edilən müddət ərzində dəfələrlə sığorta şirkətinə müraciət edilməsinə baxmayaraq sığorta ödənişini müxtəlif bəhanələrlə ödəməkdən imtina edirlər, əvvəlki bəhanələri – cavabdehin gəlib imza etməməsi, sonrakı bəhanələri 50 faiz verəcəklərini, ancaq cavabdehin mütləq imzası olmalıdır, sonuncu bəhanələri isə hökmə əsasən maddi ziyan tutulub, əlavə onlar da ödəniş edərlərsə, onda birdən əsassız varlanar, onlar varlanmasına şərait yarada bilməzlər və buna imkan verməzlər, birdən nə vaxtsa, Kərimova Dəniz ziyanı ödəyər və əsassız varlanma baş verər. 2022-ci il tarixdən bu günədək sığorta sığorta pulunu ödəməkdən bəhanələrlə imtina edərək varlanmağa imkan vermir. Sığortalı Kərimova Dəniz isə bildirir ki, sığorta pulu ordan al ancaq 50 faizini al, qalan 50 faizi özünündür. Sığorta şirkəti deyir ki, mülki iddia təmin edilib, onlar ödəyər, birdən əsassız varlanar. Təqsirləndirilən şəxs pulu yoxdur, ödəmyəcəyini deyir, sürdüyü nəqliyyat vasitəsini ağsaqqal məsləhəti ilə istintaq müddətində başqa adamın adına keçirib etibarnamə ilə sürməkdə davam edir, ancaq pulu yoxdur. İcra şöbəsi – qadındır tuta bilmirəm deyir, 500 manat cərimə ilə kifayətlənir, yenə də ağsaqqal məsləhəti ilə inzibati məhkəmədən əvvəlcə necəsə olur pul tapır, qismən ödəniş edir, işə baxan məhkəmə isə necəsə olur tam inanır və əmindir ki, borclu icradan yayınmır, ancaq elə məhkəmə günü pul tapa bilir, sadəcə imkan yoxdur. Əksinə tələbkar səhv danışır. Nəticə budur vurulan ziyan 3 ildir ödənilmir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2008/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Xəlil) iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən 4472 (dörd min dörd yüz yetmiş iki) manat məbləğində pulun və ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 926.1, 926.2, 926.3, 935, 935.1.7-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 217.1, 218.3, 227, 233, 358, 360-cı maddələrinə, “İcbari sığortalar haqqında” Qanunun 6.2, 6.6, 7, 10.2, 15.1, 15.3.1, 52.1 və 53.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və apellyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, dəymiş ziyanın ümumilikdə 9472 manatın məhkəmə hökmü ilə X4 tutulması müəyyən edilmişdir. X1 vurulmuş ziyan həmin məbləğdə əhatə edilmədiyindən, tərəfimizdən iddiaçıya sağlamlığına dəyən zərərə görə artıq 1500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Beləliklə, görünür ki, cavabdeh öz üzərinə düşən öhdəliklərini icra etməkdən yayınmamış, lazımi qaydada zəruri hərəkətləri həyata keçirmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının yuxarıda qeyd edilən hökm ilə nəqliyyat vasitəsinə, taksi xərclərinə və mənəvi ziyana görə təqsirləndirilən şəxs X4 tutulmasını tələb etdiyi məbləğ, tərəfimizdən ödənilmiş olduğu təqdirdə, əsassız varlanma halı baş verəcəkdir. Ödənilmiş məbləğin təyinatı nəqliyyat vasitəsinə dəyən ziyanın əvəzinin ödənilməsinə yönəldiyi üçün, hər iki tərəf bu məbləği ödəyəcəyi təqdirdə iddiaçının əsassız varlanması yaranacaqdır. Əlavə olaraq nəzərə alınmalıdır ki, X15 vurulmuş ziyanı ödədikdən sonra reqres hüququndan istifadə edərək gələcəkdə Xalq Sığorta ASC-dən ödənilmiş sığorta ödənişini sığorta məbləği həddində tələb edə bilər. Bu halda, iddiaçının belə bir tələb irəli sürməkdə subyektiv hüququnun olmaması, cavabdehin hüquqlarının pozulmasına səbəb olur. İcbari Sığortalar haqqında” AR Qanunun 20.5-ci və 20.6-cı maddələri düzgün tətbiq edilməmişdir. 20.5 Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. 20.6 Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. Yuxarıda qeyd olunan normaya əsasən, əgər üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, yaxud üçüncü şəxs tərəfindən tam ödənilərsə, həmin zərərin əvəzinin ödənilməsi təmin edilmiş hesab olunur. Həmin normanın dispozisiyasında göstərildiyi kimi, gələcəkdə təqsirləndirilən şəxs tərəfindən bu ödənişlər həyata keçirildiyi təqdirdə, zərərin əvəzi tam ödənilmiş sayılır və bu halda iddiaçı tərəfindən eyni zərərə görə əlavə tələb irəli sürülməsi şübhəsiz əsassız varlanma istəyindən irəli gəlir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırkı işdə mübahisənin ədalətli həlli həmçinin “sübut” hesab edilən və digər sübutlarla birgə qiymətləndirilməli olan faktlara işin hallarına uyğun lazımi hüquqi qiymət verilməsini tələb edirdi. Lakin, məhkəmə sübutlara lazimi hüquqi qiymət vermək vəzifəsinin öhdəsindən gələ bilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında Məhkəmə qərara almışdır ki: “1. Mülki məhkəmə icraatında Azərbaycan RespublikasıKonstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.” X13 Məhkəməsinin hüquqi mövqeyi həmçinin ondan ibarət oldu ki: “Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı X14, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikasının Mərkəzi Bankı və X15 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə qeyd edilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
14. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
18. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
19. Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.
20. Maddə 935.1.7. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
“İcbari sığortalar haqqında” Qanunun
21. Maddə 6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir.
22. Maddə 6.6. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir.
23. Maddə 7. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar.
24. Maddə 10.2. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz.
25. Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.
26. Maddə 15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri.
27. Maddə 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.
28. Maddə 53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, qətnamə apellyasiya şikayəti həddində, yəni iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2008/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
39. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir.
40. Belə ki, işin halları ilə müəyyən edilir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən X4 maddi ziyana görə 7972 manat, taksi xidmətlərdən istifadəyə görə 500 manat və mənəvi ziyana görə 1000 manat olmaqla, cəmi 9472 manat məbləğində pulun tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı X7 ödənilməsi hökm edilmişdir. Daha sonra Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, icra sənədi üzrə borclu X15 5000 manat tələbkar İddiaçı hesabına ödəniş etmişdir.
41. Cavabdeh sığorta hadisəsi nəticəsində dəymiş zərərin üçüncü şəxsdən məhkəmə hökmü ilə tutulmasına istinad edərək sığorta ödənişinin ödənilməsindən imtina edir.
42. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci maddəsində icbari sığorta verilməsindən imtina olunan hallar sadalanmışdır. Həmin hallar sırasında həmçinin zərərin əvəzinin tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alınması və ya zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilməsi qeyd olunmuşdur. Maddənin məzmunundan da göründüyü kimi həmin maddənin tətbiq olunmasının şərti qismində zərərin əvəzinin təqsirli olan şəxsdən alınması, yəni real olaraq zərərvurana ödənilmiş məbləğin ödənilməsi qeyd olunmuşdur. Hazırki halda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün icra vəziyyətindən görünür ki, üçüncü şəxs X15 tərəfindən real olaraq 5000 manat məbləğində pul ödənilmişdir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələbinə əsasən birinci instansiya məhkəməsi X4 avtomobilə dəymiş ziyana görə tutulan məbləğin ümumilikdə 9472 manat olmasını və ödənilmiş məbləğin 5000 manat olmasını nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, hazırki halda iddiaçıya X15 tərəfindən ödənilməli qalıq 4472 manat məbləğində pul "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməlidir.
43. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə avtomobilə dəymiş zərər 7972 manat məbləğində qiymətləndirilmişdir. Həmin hökmlə üçüncü şəxs X15 tərəfindən ödənilmiş 5000 manat məbləğində pulun mənəvi zərər, taksi xidmətinə görə dəymiş zərər və ya avtomobilə dəymiş zərərlə bağlı ödənilməsi ödəniş qəbzlərindən aydın deyil.
44. Belə olan halda məhkəmə haqlı olaraq qeyd etmişdir ki, gələcəkdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün mülki iddia ilə bağlı hissəsində əlavə icra tədbirlərinin davam etdirilməsinə zərurət qalmaması, həmçinin icra sənədi üzrə icraata daha operativ xitam verilməsinin mümkünlüyü nəzərə alınmaqla, ödənilmiş məbləğlərinin bir hissəsinin taksi xidməti və mənəvi zərərlə bağlı ödənilməsini qəbul edilir. Belə olan halda hazırda üçüncü şəxs tərəfindən avtomobilə dəymiş zərərlə bağlı 3500 manat məbləğində pul ödənilmişdir.
45. Kollegiya qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
46. Həmçinin nəzərə alınmalıdır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
47. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
50. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Kollegiya hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2008/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.