Məhkəmə qərarları › İş №2(103)-456/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-456/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-456/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İlk iddiaçı "X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil, İlkin iddia üzrə Cavabdeh vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «kredit borcunun, faizlərin və dəbbə pulunun tutulması tələbinə dair ilkin, iddiaçı Cavabdeh "xxxx" MMC-nə qarşı “kredit müqaviləsi və s. tələblər üzrə” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-210/2021-028 nömrəli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli, 771/Şm-17 saylı kredit müqaviləsi üzrə əsas borc 14.535,42 manat, faiz borcu 6993.07 manat olmaqla, ümumilikdə 21528.49 manat məbləğində borcun; 16 oktyabr 2017-ci il tarixli 776/Şm-17 saylı kredit müqaviləsi üzrə əsas borc 24.146,81 manat, faiz borcu 10714.73 manat olmaqla ümumilikdə 34.861,54 manat məbləğində borcun; 20 oktyabr 2017-ci il tarixli 796/Şm-17 saylı kredit müqaviləsi üzrə əsas borc 19.304,37 manat, faiz borcu 8350.25 manat olmaqla ümumilikdə 27.654 manat məbləğində borcu; cəmi 84044.65 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan "xxxx" MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin qismən təmin olunması, Cavabdeh 12 oktyabr 2017-ci il tarixli 771/ŞM-17 saylı kredit müqaviləsi üzrə 21235.49 manat, 16 oktyabr 2017-ci il tarixli 776/ŞM-17 saylı kredit müqaviləsi üzrə 34374.82 manat, 20 oktyabr 2017-ci il tarixli, 796/ŞM-17 saylı kredit müqaviləsi üzrə 27265.51 manat olmaqla, ümumilikdə 82875.82 manat məbləğində borcun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixli 771/SM-17 saylı kredit müqaviləsini, xx.xx.2017-ci il tarixli 776/SM-17 saylı kredit müqaviləsini və xx.xx.2017-ci il tarixli 796/SM-17 saylı kredit müqaviləsini ləğv edərək, 55 faiz olmaqla hər ay qanunsuz hesablanaraq, həmin kredit müqavilələri üzrə əsas məbləğ və faiz olaraq düzgün hesablanaraq çıxılmamış xx.xx.2017-ci il tarixli 771/SM-17 saylı kredit müqaviləsi üzrə saxlanılmış əsas borc 14535.42 manat, faiz borcu 6993.07 manat, ümumilikdə 21528.49 manat, xx.xx.2017-ci il tarixli 776/SM-17 saylı kredit müqaviləsi üzrə saxlanılmış 24146.81 manat, faiz borcu 10714.73 manat olmaqla ümumilikdə 34861.54 manat və xx.xx.2017-ci il tarixli 796/SM-17 saylı kredit müqaviləsi üzrə saxlanılmış əsas 19304.37 manat, faiz borcu üzrə 8350.25 manat olmaqla ümumilikdə 27654 manat, cəmi 84044.65 manat məbləğində borcun əsas məbləğlər və şişirdilərək yazılmış faiz məbləğləri həmin müqavilələrə görə bağlanılmış xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli 776/SM-17 saylı və xx.xx.2017-ci il tarixli 796/SM-17 saylı girov müqavilələri üzrə qızıl əşyalarının dəyəri hesablanılmaqla ona artıq hesablanmış əsas və faiz olaraq borc məbləğlərinin çıxılaraq, adından tamamilə silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-210/2021- 028 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «kredit borcunun, faizlərin və dəbbə pulunun tutulması tələbinə dair» ilk iddiasının təmin edilməsi, Cavabdeh 12 oktyabr 2017-ci il tarixli 771/ŞM-17 saylı kredit müqaviləsi üzrə borcu hal-hazırda əsas borc 14242,42 manat, faiz borcu 6993,07 manat olmaqla, cəmi 21235.49 manat, 16 oktyabr 2017-ci il tarixli 776/ŞM-17 saylı kredit müqaviləsi üzrə əsas borc 23.660,09 manat, faiz borcu 10717,73 manat olmaqla, cəmi 34374.82 manat, 20 oktyabr 2017-ci il tarixli, 796/ŞM-17 saylı kredit müqaviləsi üzrə əsas borc 18915,26 manat, faiz borcu 8263,02 manat, uçot faiz dərəcəsi ilə hesablanmış 87,23 manat, cəmi 27265.51 manat olmaqla üç müqavilə üzrə cəmi 82875,82 manat (səksən iki min səkkiz yüz yetmiş beş manat səksən iki qəpik) məbləğində borcun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi, ilkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq Cavabdeh 30 (otuz) manat məbləğində pul vəsaitinin "xxxx" MMC-nin xeyrinə tutulması, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Dövlət büdcəsinə köçürülməsi, iddiaçı Cavabdeh "xxxx" MMC-nə qarşı “kredit müqaviləsi və s. tələblər üzrə” qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-210/2021 saylı 25 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, "xxxx" MMC-nin ona qarşı borc pul tələbi barədə ilkin iddiasının tamamilə rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 25 may 2021-ci il tarixli 2(006)-210/2021 saylı qətnaməsi qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Həmçinin mülki prosesual hüquqla qorunmalı olan və qanunun ona cavabdeh tərəf olaraq verdiyi imkanların Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən kobud surətdə pozularaq, ilkin iddia üzrə iddiaçı tərəfin müəyyən etdiyi və təqdim etdiyi sənədləri birtərəfli qaydada araşdırmaqla əleyhinə qətnamə çıxarmaqla, şişirdilmiş və həqiqəti əks etdirməyən borc məbləğlərini adına yazmaqla qanunsuz və ədalətsiz olaraq mülki işi yekunlaşdırmışdır. Məhkəmənin cavabdehin əleyhinə belə bir qətnamə çıxarması mülki işi birtərəfli aparmaqla iddiaçı təşkilatın maraqlarını müdafiə etməsi kimi qiymətləndirilir. Belə ki, iddia tələbi üzrə birinci instansiya məhkəməsində işə baxılarkən işin konkret halları üzrə "xxxx" MMC ilə bağladığı xx.xx.2017-ci il tarixli 771/SM-17 saylı kredit müqaviləsinə, xx.xx.2017-ci il tarixli 776/ SM- 17 saylı kredit müqaviləsinə və xx.xx.2017-ci il tarixli 796/SM-17 saylı kredit müqaviləsinə qarşılıq olaraq xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli 776/SM-17 saylı və xx.xx.2017-ci il tarixli 796/SM-17 saylı girov müqavilələri üzrə qızıl əşyaları götürülsə də, iddiaçı təşkilatın təkidi ilə məhkəmə tərəfindən həmin girov predmetləri nəzərə alınmadan 82875,82 manat borc hesablanmaqla ədalətsiz qətnamə çıxarılmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddiaçı "X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş ilkin iddia üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli, 771/SM-17 saylı kredit və ******* saylı girov müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə 12 oktyabr 2018-ci il tarixədək illik 55%-lə 30.000 manat məbləğində kredit verilmiş, bu kreditin təminatı olaraq 19682,9 manat dəyırində 21 adda qızıl-zinət əşyalarını MMC qarşısında girovla yüklü etmiş və saxlanması üçün MMC-yə təhvil verimişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2017-ci il tarixli, 776/SM-17 saylı kredit və 776/SM-17 saylı girov müqaviləsindən görünür ki, Cavabdeh 12 ay müddətinə 16 oktyabr 2018-ci il tarixədək illik 55%-lə 50.000 manat məbləğində kredit verilmiş, bu kreditin təminatı olaraq 38472,00 manat dəyırində müxtəlif adda qızıl-zinət əşyalarını MMC qarşısında girovla yüklü etmiş və saxlanması üçün MMCyə təhvil verimişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 oktyabr 2017-ci il tarixli, 796/SM-17 saylı kredit və 796/SM-17 saylı girov müqaviləsindən görünür ki, Cavabdeh 12 ay müddətinə 20 oktyabr 2018-ci il tarixədək illik 55%-lə 40.000 manat məbləğində kredit verilmiş, bu kreditin təminatı olaraq 27563,00 manat dəyırində müxtəlif adda qızıl-zinət əşyalarını MMC qarşısında girovla yüklü etmiş və saxlanması üçün MMCyə təhvil verimişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 12 oktyabr 2017-ci il tarixli 771/ŞM-17 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin qarşısında 20 may 2021-ci il tarixinə kredit borcunun qalıq hissəsi 14.242,42 manat əsas, 6.993,07 manat qrafik üzrə hesablanmış faiz olmaqla, cəmi 21.235,49 manat təşkil edir. İş materiallarında olan, maliyyə arayışından görünür ki, 16 oktyabr 2017-ci il tarixli 776/ŞM-17 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin qarşısında 20 may 2021-ci il tarixinə kredit borcunun qalıq hissəsi 23.660,09 manat əsas, 10.714,73 manat qrafik üzrə hesablanmış faiz olmaqla, cəmi 34.374,82 manat təşkil edir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 20 oktyabr 2017-ci il tarixli 796/ŞM-17 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin qarşısında 20 may 2021-ci il tarixinə kredit borcunun qalıq hissəsi 18.915,26 manat əsas, 8.263,02 manat qrafik üzrə hesablanmış faiz, 87,23 manat uçot faiz dərəcəsi ilə hesablanmış faiz olmaqla, cəmi 27.265,51 manat təşkil edir. İş materiallarında olan 30 oktyabr 2018-ci il tarixli pretenziya məktubundan görünür ki, borclu Cavabdeh hər üç kredit müqaviləsi üzrə yaranmış borcunun ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş “Məhkəmə mühasibatlıq ekspertizası” üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 01 fevral 2021-ci il tarixli 9/4532 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli, 771/SM-17 saylı, 16 oktyabr 2017-ci il tarixli, 776/SM-17 saylı və 20 oktyabr 2017-ci il tarixli, 796/Şm -17 saylı kredit müqavilələrinin şərtləri nəzərə alınmaqla Cavabdeh BOKT "xxxx" MMC-yə olan borcu 12 oktyabr 2017-ci il tarixli 771/SM- 17 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas kredit borcu – 20520,54 manat, faiz borcu – 5933,13 manat; 16 oktyabr 2017-ci il tarixli 776/SM-17 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas kredit borcu – 36.423,11 manat, faiz borcu – 7612,06 manat; 20 oktyabr 2017-ci il tarixli, 796/SM-17 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas kredit borcu – 29.134,95 manat, faiz borcu – 5806,11 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi ilk iddianı təmin edərkən iş materiallarında olan sənədləri və ekspert rəyində göstərilən rəqəmləri sadalamaqla kifayətlənməklə, ilk iddia üzrə Cavabdeh ilk iddiaçı "xxxx" MMC-yə iddia tələbində göstərilən sonradan dəqiqləşdirilmiş məbləğdə borcunun olması qənaətinə gəlmiş, qarşılıqlı iddianı rədd edərkən isə həmin iddianın sübuta yetmədiyinə istinad etmişdir. Məhkəmə kollegiyası aşağıdakı hallara əsasən birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). İşin sadalanan hallarından və qanunvericiliyin qeyd edilən normalarından bu nəticəyə gəlmək olur ki, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə ilk iddia üzrə cavabdeh müqavilə şərtlərinə əməl etməyərək öz öhdəliklərini tam yerinə yetirmədiyindən, onun ilk iddiaçı qarşısında borcun əvəzini ödəmək öhdəliyi yaranmışdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ilk iddia üzrə borcun məbləği müəyyən edilərkən səhvə yol verilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasında kredit müqavilələri müvafiq olaraq, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə 12 ay müddətinə bağlanmışdır. Deməli, həmin müqavilələrin qüvvədə olma müddəti müvafiq olaraq, xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixdə başa çatmışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında müəyyən edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Konstitusiya Məhkəməsinin bu qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarət olmuşdur ki, kredit müqavilələri üzrə borcun ödənilməsi gecikdirilirsə, kreditor yalnız kredit müqaviləsinin qüvvədə olma müddəti ərzində müqavilə şərtlərinə istinad etməklə əsas və faiz borcunun hesablanaraq borcludan tutulmasını tələb edə bilər. Müqavilənin müddəti bitdikdən sonra isə Mülki Məcəllənin 445.7 və ya 449.1-ci maddələrinə istinad etməklə müvafiq faizlərin ödənilməsini tələb edə bilər. Lakin birinci instansiya məhkəməsi qanunvericiliyin bu tələblərini nəzərə almamış, ilk iddia üzrə cavabdehin kredit borcunun məbləğini müqavilə müddətlərinin sonuna deyil, xx.xx.2020-ci il tarixə olan müddətədək hesablamış və həmin məbləğin tutulmasını qət etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilərək keçirilmiş, 18 yanvar 2022-ci il tarixli 9/9497 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli, 771/SM-17 saylı, 16 oktyabr 2017-ci il tarixli, 776/SM-17 saylı, 20 oktyabr 2017-ci il tarixli, 796/Şm-17 saylı kredit müqavilələri üzrə (girov müqavilələrində göstərilmiş qızıl-zinət əşyalarının dəyəri nəzərə alınmadan) müqavilə müddətlərininin başa çatdığı tarixə kredit müqavilələrinin şərtləri nəzərə alınmaqla Cavabdeh BOKT "xxxx" MMC-yə olan borcu: 12 oktyabr 2017-ci il tarixli 771/SM-17 saylı kredit müqaviləsi üzrə 12 oktyabr 2018-ci il tarixə əsas borc 20.813,54 manat, faiz borcu 4674,38 manat; 16 oktyabr 2017-ci il tarixli 776/SM-17 kredit müqaviləsi üzrə 16 oktyabr 2018-ci il tarixə əsas borc 36.423,11 manat, faiz borcu 5898,22 manat; 20 oktyabr 2017-ci il tarixli 796/SM-17 kredit müqaviləsi üzrə: 20 oktyabr 2018-ci il tarixə əsas borc 29.134,95 manat, faiz borcu 4451,17 manat təşkil etmişdir. Ekspert rəyi ilə həmçinin müəyyən edilir ki, müqavilə müddəti bitdikdən sonra borclu tərəfindən xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 293.00 manat, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 486.72 manat, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə isə 389.11 manat məbləğində ödənişlər aparılmışdır. Bu ekspert rəyi ilə müəyyən edilmiş borc məbləğlərini tərəflər mübahisələndirməmişlər. Kollegiya bu ekspert rəyində müəyyən edilmiş borc məbləğlərini Azərbaycan Respublikası MPM-nin 88 və 103.1-ci maddələrinə əsasən müzakirə edərək onları hazırkı işin hallarına uyğun hesab edir və rəyi mötəbər sübut kimi qəbul edir. Kollegiya həmçinin qeyd edir ki, kredit müqavilələri üzrə ilk iddia tələbində cavabdehdən tələb edilən borc məbləğləri ilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyində müəyyən edilmiş borc məbləğləri arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin sonuna olan borcun məbləği 25194,92 manat (20.813,54 + 4674,38 – 293,00) müəyyən edilsə də, ilk iddia tələbində cavabdehdən həmin müqavilə üzrə 21235,49 manat tələb edilmişdir. Bundan başqa, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin sonuna olan borcun məbləği 41834,61 manat (36.423,11 + 5898,22 – 486,72) müəyyən edilsə də, ilk iddia tələbində cavabdehdən həmin müqavilə üzrə 34374,82 manat tələb edilmişdir. Həmçinin, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin sonuna olan borcun məbləği ekspert rəyi ilə 33.197,01 manat (29.134,95 + 4451,17 – 389,17) müəyyən edilsə də, ilk iddia tələbində cavabdehdən həmin müqavilə üzrə 27265,51 manat tələb edilmişdir. Göründüyü kimi, ilk iddia tələbində cavabdehdən tutulması xahiş edilmiş məbləğlər ekspert rəyi ilə müəyyən edilmiş məbləğlərdən daha azdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilən normanın dispozisiya şərtinə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə kredit müqavilələri üzrə mövcud olan real borc məbləğləri üzrə deyil, iddia ərizəsində cavabdehdən tələb edilən borc məbləğləri əsasında həll edilməlidir. İşin yuxarıda sadalanan halları ilə müəyyən edilir ki, Cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl edilməməsi nəticəsində onun "xxxx" MMC-yə hər üç kredit müqaviləsi üzrə iddia ərizəsində göstərilən məbləğdə borcu yaranmışdır. Bununla yanaşı, iş materiallarından o da müəyyən edilir ki, cavabdeh tərəfindən həmin kredit müqavilələri üzrə qızıl-zinət əşyaları girov müqaviləsi ilə yüklü edilmişdir ki, həmin əşyalar müqavilənin şərtinə əsasən ilk iddiaçıya təqdim edilmişdir. Hər üç girov müqavilələsində nəzərdə tutulmuşdur ki, (müqavilələrin 2.4-cü bəndi) «Borc alan» kredit müqaviləsi üzrə "xxxx" MMC qarşısında öz öhdəliklərini yerinə yetirmədikdə girov qoyulmuş əmlak bütövlükdə "xxxx" MMC-nin balansına keçir, müştərinin iştirakı və razılığı olmadan "xxxx" MMC-nin razılığı əsasında topdan və ya pərakəndə şəkildə satıla bilər, satışdan əldə edilmiş vəsait kreditin, ona hesablanan faizlərin və gecikdirilmiş günlərin sayına görə hesablanmış dəbbə borclarından artıq olduqda həmin məbləğ borc alana qaytarılır. «Girov qoyan»ın iştirakı və razılığı olmadan girov predmetinin əstaılması və yaxud balansa keçirilməsi "xxxx" MMC tərəfindən təmin olunur. Müqavilələrin bu şərtindən göründüyü kimi, müqavilə üzrə borclu şəxs öz öhdəliklərini icra etmədikdə «Girov saxlayan» girov predmeti olan əşyaları sataraq əldə edilmiş vəsaiti yaranmış borcun ödənilməsinə yönəltmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci maddəsinə əsasən …daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. «Daşınar əmlakın yüklülüyü haqqında» Azərbaycan Respublikası Qanununun 16.1ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər. Həmin qanunun 17.1-ci maddəsinə əsasən yüklülük sahibi bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi yüklülük predmetinin satılmasındən ən azı 7 (yeddi) iş günü əvvəl yüklülük verənə və borcluya, bildirişin surətini isə reyestrdə qeydə alınmış və ona məlum olan digər yüklülük sahiblərinə verilməsini təsdiq etmə üsulu ilə göndərməlidir. Həmin qanunun 17.3-cü maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satmalıdır. Həmin qanunun 17.4-cü maddəsinə əsasən yüklülük verən və ya borclu bu Qanunun 17.1-ci maddəsində müəyyən edilən bildirişi aldıqdan 7 (yeddi) iş günü ərzində yüklülük predmetini satın almaqda üstünlük hüququna malikdir. İşin hallarından və qanunvericiliyin sadalanan normalarından belə müəyyən edilir ki, ilk iddiaçı girov müqavilələri əsasında özündə saxladığı girov predmeti olmuş qızıl-zinət əşyalarını girov qoyanın xəbəri və razılığı olmadan özgəninkiləşdirmişdir. Lakin həmin əşyaları özgəninkiləşdirərkən ilk iddiaçı girov predmetinin satılması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, ilk iddiaçı girov predmetinin nə zaman, hansı üsulla, hansı qiymətə satılması barədə yüklülük verənə məlumat verməmiş, yüklülük verənin həmin əşyaları almaqda üstünlük hüququnu təmin etməmişdir. Lakin ilk iddia üzrə cavabdeh girov predmetinin satılması zamanı yol verilmiş bu pozuntuları mübahisələndirməmiş, əksinə, girov qoyulmuş qızıl-zinət əşyalarının iddiaçıda olmasını və onların müqavilədə razılaşdırılmış qiymətlərini nəzərə almaqla, ona hesablanmış borc məbləğlərinin adından silinməli olduğunu bildirmişdir. Kollegiya hesab edir ki, girov predmetlərinin satış qiyməti işin halları ilə müəyyən edilmədiyindən, yaranmış vəziyyətdə girov predmetlərinin müqavilələrdə tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilmiş qiymətləri onların satış qiyməti hesab edilməlidir. Belə olduğu təqdirdə, ilk iddia üzrə tələb edilən kredit borcunun məbləği girov predmetlərinin satışından əldə edilmiş vəsaitin həmin borc məbləğindən çıxılması əsasında müəyyən edilməlidir. Göstərilən qaydada hesablama aparılarkən müəyyən edilir ki, xx.xx.2017-ci il tarixli 771/ŞM-17 saylı kredit müqaviləsi üzrə ödənilməsi tələb edilən 21.235,49 manat borc mövcud olsa da, həmin müqavilənin təminatı olan satılmış girov əşyaların ümumi dəyəri 19682,00 manat təşkil etmişdir. Belə olan halda, həmin müqavilə üzrə borc məbləğinin 1553,49 manat olduğu müəyyən edilir. Bundan başqa, xx.xx.2017-ci il tarixli 776/ŞM-17 saylı kredit müqaviləsi üzrə ödənilməsi tələb edilən 34374,82 manat borc mövcud olsa da, həmin müqavilənin təminatı olan girov əşyaların ümumi dəyəri 38472,00 manat təşkil etmişdir. Göründüyü kimi bu müqavilənin təminatı olan satılmış qızıl-zinət əşyalarının dəyəri tələb olunan borcun məbləğini tam əhatə edir. Həmçinin, xx.xx.2017-ci il tarixli 796/SM-17 saylı kredit müqaviləsi üzrə ödənilməsi tələb edilən 27.265,51 manat borc mövcud olsa da, həmin müqavilənin təminatı olan girov əşyaların ümumi dəyəri 27563,00 manat müəyyən edilmişdir. Göründüyü kimi bu müqavilənin təminatı olan satılmış qızıl-zinət əşyalarının dəyəri də tələb olunan borcun məbləğini tam əhatə edir. Beləliklə, müəyyən edilir ki, ilk iddia yalnız xx.xx.2017-ci il tarixli 771/ŞM-17 saylı kredit müqaviləsi üzrə 1553,49 manatın tələb edilməsi hissəsində, yəni qismən əsaslı olmuşdur. Digər iki müqavilə üzrə isə tələb edilən borc məbləğləri bu müqavilələrin təminatı olaraq girov qoyulmuş və ilk iddiaçı tərəfindən satılmış girov predmetlərinin satış qiyməti ilə tam əhatə olunduğundan, həmin iddia tələbləri əsassız olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi işin bu hallarını müəyyən etməmiş və onlara müvafiq qiymət verməmiş, bu səbəbdən iş üzrə səhv nəticəyə gəlmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən əsaslı olmuşdur. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində qismən ləğv edilməli, həmin hissədə qətnamə qismən təmin edilməklə, xx.xx.2017-ci il tarixli 771/ŞM-17 saylı kredit müqaviləsi üzrə 1553,49 manat məbləğində pul cavabdehdən tutularaq ilk iddiaçıya ödənilməli, ilk iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, 385.1.3-cü maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 14, 77.1, 88, 384, 385 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Qarşılıqlı iddiaçı Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-210/2021 nömrəli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində qismən ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə ilk iddia tələbi qismən təmin edilsin. 12 oktyabr 2017-ci il tarixli 771/ŞM-17 saylı kredit müqaviləsi üzrə Cavabdeh oğlundan 1553,49 manat borc məbləği tutularaq ilk iddiaçı "X1 Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar