Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4560/2025 30.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(005)-97/2025 saylı qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Abşeron rayonu, Xırdalan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 83,40 kv.metr olan 3 otaqlı, 16 saylı mənzilin təmirinə çəkilmiş xərclərin - 35000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-97/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinə qiyabi icraat qaydasında baxılması qərara alınmış və xx.xx.2025-ci il tarixli qiyabi qətnamə ilə iddia təmin edilmişdir. Cavabdeh "xxxx" ASC xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-97/2025 saylı, xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qiyabi qətnamə xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. İnternet şəbəkəsinin bir müddət işləmədiyinə görə məhkəmənin olması barədə elektron kabinet vasitəsi ilə məlumat əldə edə bilməmişdir. Eləcə də onlara məhkəmənin olması barədə rəsmi məktub da gəlməmiş, ona görə də üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməmişlər. Çəkişmə prinsipinə əməl olunmaqla işə onların iştirakı yenidən baxılmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 97/2025 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-97/2025 saylı, xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsinə dair cavabdeh "xxxx" ASC-nin ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 2(005)-97/2025 saylı qərardadı ilə təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehə məhkəmənin olması barədə məhkəmə bildirişi gəlməmişdir. Eləcə də cavabdehin bir müddət internet şəbəkəsində və məhkəmə elektron kabinetində baş verən texniki nasazlıqlar səbəbindən cavabdeh elektron kabinet vasitəsi ilə məhkəmənin olması barədə məlumat əldə edə bilməmişdir. Nəticədə cavabdeh məhkəmədə iştirak edə bilməmiş, Məhkəmə isə işə onun iştirakı olmadan baxaraq əsassız və ədalətsiz qiyabi qətnamə çıxarmışdır. İşə çəkişmə prinsipinə əməl olunmaqla cavabdehin iştirakı ilə yenidən baxılmalıdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinn qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 244 və 245-ci maddələrinə görə, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamənin ləğvi haqqında ərizədə aşağıdakılar göstərilməlidir: qiyabi qətnamə çıxaran məhkəmənin adı; ərizə verən şəxsin adı; cavabdehin məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsini əks etdirən hallar və bu halları təsdiq edən sübutlar; ərizə verən şəxsin xahişi; ərizəyə əlavə edilmiş materialların siyahısı. Qiyabi qətnamənin ləğvi haqqında ərizə cavabdeh və ya onun səlahiyyətli nümayəndəsi və işdə iştirak edən şəxslərin sayına müvafiq surətdə tərtib edilərək, işə baxan məhkəməyə təqdim edilir. Ərizədən dövlət rüsumu alınmır. Həmin Məcəllənin 250-ci maddəsinə görə əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. İstinad olunan normalardan göründüyü kimi qiyabi qətnamənin ləğvi haqqında ərizəyə cavabdehin məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsini əks etdirən hallar və bu halları təsdiq edən sübutlar əlavə edilməlidir. Qiyabi qətnamə yalnız cavabdeh məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmadığı, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak etmədiyi müəyyən olunduğu hallarda ləğv edilə bilər. Lakin iş materiallarından görünür ki, iş üzrə dəfələrlə məhkəmə iclasları keçirilmiş, cavabdehin elektron kabinetinə bildirişlər göndərilmiş, həmçinin cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlamış, iş üzrə bir neçə dəfə ekspertiza təyin edilmiş, buna baxmayaraq cavabdehlər tərəfindən mənzilə baxış keçirilməsinə şərait yaradılmamış, mənzilin başqa şəxsə satıldığı və həmin mənzildə yaşadığı bildirilmişdir. Göründüyü kimi, cavabdeh məhkəmə proseslərindən məlumatlı olmuş, işin uzun müddət davam etməsinə baxmayaraq heç bir məhkəmə iclasında iştirak etməmiş, həmçinin üzrlü səbəblərdən məhkəmə iclasına gələ bilməməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya hesab edir ki, məhkəmə cavabdehin ərizəsini təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Buna görə də şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(005)-97/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(005)-97/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardadda kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Günay Axundova Hakimlər: Cəmilə Musayeva Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-4560/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4560/2025
30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver