Məhkəmə qərarları › İş №2(103)-4565/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4565/2020

08.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4565/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X4 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı Notariat ofisinə qarşı, X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)-274/2020 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinəBakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı Notariat ofisinə qarşı X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 45 saylı Notariat ofisində rəsmiləşdirilmiş xx xxxxxx 2016-cı il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx xxxxxx 2016-cı ildə mülkiyyət hüququ əsasında özünə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 64 saylı evin 41 saylı mənzilini oğlu X3 bağışlamış, lakin oğlu xx xxxxxx 2018-i il tarixdə vəfat etmişdir. Oğlu vəfat etdikdən sonra gəlini X2 onu dəfələrlə döymüş, həmçinin onu nalayiq süyüşlərlə təhqir edərək evi və sanitar qovşağı təmizləməyə məcbur etmişdir. O, bununla əlaqədar olaraq 102 xidmətinə zəng edərək, bu haqda onlara məlumat vermişdir. O, bağışlama müqaviləsini imzalayarkən mənzilindən tamamilə məhrum olacağını bilməmişdir. Bağışlama həyata keçirilməzdən öncə mərhum oğlu X5 və gəlini X2 onun qayğısına qalacaqlarına dair vəd vermişlər. Lakin oğlu öldükdən sonra, gəlini onu evdən qovmuş, ona mübahisəli mənzildə istifadə hüququnun olmadığını bildirmişdir. Bundan sonra o, qızı ilə yaşamış, polisə müraciət etdikdən sonra bilmişdir ki, müqavilənin etibarsız sayılmasına dair iddia qaldırmaq üçün nəzərdə tutulmuş 1 illlik müddəti ötürmüşdür. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)- 274/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən P.Yusibova qeyd etdi ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, qayınanası (hazırki iş üzrə iddiaçı) mübahisəli mənzildə onunla birlikdə yaşayır və onların hər hansı problemi yoxdur, baldızı mübahisəli mənzili ələ keçirmək məqsədilə bu problemləri yaradır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh (nümayəndə) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isədəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aşağıdakı hallar müəyyən edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev prospektində istifadədə olan 0.0375 ha torpaq sahəsində yerləşən 64 nömrəli, 9 mərtəbəli binada yerləşən 28.82 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 41 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı qızının adına daşınmaz əmlakın dövlət reyestrində 413 nömrəli reyestr kitabının 38413 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri 45 saylı notariat ofisində bağlanmış xx xxxxxx 2016-cı il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 mənzil 41 ünvanında yerləşən 28.82 kv. metr olan 2 otaqlı yaşayış sahəsini X3 bağışlamışdır. Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-ІІ seriyalı 021741 nömrəli xx xxxxxx 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2018-ci il tarixində 88 nömrə ilə qeyd edilmişdir. 45 saylı Notariat Ofisi tərəfindən İddiaçı qızına ünvanlanmış 183 nömrəli xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən müqavilənin iki tərəfli əqd olduğu, həmin əqdin ləğv edilməsi üçün hər iki tərəfin razılığının tələb olunduğu və digər tərəf vəfat etdiyi üçün müqavilənin notariat qaydasında ləğvi mümkün olmadığından məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı əqdin etibarsız sayılması barədə müəyyən olunmuş bir illik müddəti ötürmüşdür, digər tərəfdən əqdin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar da mövcud deyildir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qənaətini qanuni və əsaslı hesab edir. Kollegiya qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2-ci maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfdən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə görə, daşınmaz əşyaların və ya həmin əşyalarla hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. İşin mübahisəsiz halı kimi müəyyən olunur ki, xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı özünə məxsus mənzili oğlu X3 bağışlamışdır. Tərəflər müqavilə azaldığı şəraitində (AR MM-nin 390-cı maddəsi) müqavilə bağlamış, müqavilənin forma (daşınmaz əmlakla bağlı əqdlər üçün nəzərdə tutulmuş yazılı və notariat) və məzmununa qanunvericiliyin tələblərinə uyğun əməl olunmuşdur. İddiaçının müqaviləni imzalayarkən onun nə olduğunu bilməməsi barədə qeyd etdikləri isə inandırıcı görünmür, həmçinin müqavilənin etibarsızlığı ilə bağlı hər hansı başqa hallar (İddiaçı bağışlama müqaviləsi rəsmiləşdirlərkən öz hərəkətlərinin mənasını dərk etməməsi və s.) müəyyən edilməmiş, nə də iddiaçı bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı oğlunun və gəlininin ona baxacaqlarına söz verdikləri üçün müqaviləni imzaladığını, gəlininin onu dəfələrlə döyərək küçəyə atdığını qeyd etsə də, hədiyyə verənlə hədiyyə alan arasında hər hansı bir öhdəliyin, şərtlərin yerinə yetirilməsi ilə bağlı razılaşma olmamış və ya bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə isə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, həm əhəmiyyətsiz, həm də mübahisə edilən (etibarsız) əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən, mübahisə edilən (etibarsız) əqdlərdə isə iddiaçının həmin halları bildiyi və ya bilməli olduğu gündən başlayır. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Mülki Məcəllənin 354-cü maddəsinin mənasına görə, bir il ərzində irəli sürülmədiyi halda əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia o halda bu əsaslarla rədd oluna bilər ki, onun icrasına başlanıldığı gün maraqlı şəxsə məlum olsun, mübahisə edilən (etibarsız) əqdlərdə isə həmin halları bildiyi və ya bilməli olduğu gün məlum olsun. Göründüyü kimi, qanunverici maraqlı şəxsin bir il ərzində əhəmiyyətsiz və ya etibarsız əqdi mübahisə edə bilməsini, onun həmin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Hazırkı işdən isə aşkar şəkildə görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Kollegiya hesab edir ki, iddianın dəlillərindən asılı olmayaraq hazırki iddianın qaldırıldığı vaxta artıq iddiaçı üçün məhkəmə müdafiəsi hüququ mövcud olmamışdır (əqdin etibarsızlığı ilə bağlı). Həmçinin iddiaçı özü də müddəti ötürdüyünü ərizəsində qeyd etmişdir. Apellyasiya şikayəti əsassızdır. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Q ə t e t d i: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-274/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar