Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-457/2022 23.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İlk iddia üzə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və Aslanlı Vaqif Xasay oğlunun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-178/2021 saylı, 30 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı “pozulmuş hüquqları müdafiəsi, əsassız hesablanmış borcun silinməsi və müqaviləyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış müqaviləyə əsasən ona aldığı pulları tam ödədiyi üçün əsassız hesablanmış borcun silinməsi və müqaviləyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh ASC cavabdehlər İddiaçı, X4, Aslanlı Vaqif Xasay oğluna qarşı kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər İddiaçı, X1 və X5 müştərək qaydada 14785 manat əsas borc, 2102 manat məbləğində faiz borcu, ümumilikdə 16887 manat məbləğində kredit borcu, 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsum məbləğinin tutularaq, iddiaçı Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, İddiaçı ilə bank arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, YVF-83 №li, «kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş İddiaçı tam mülkiyyət hüququ əsasında məxsus olan Yevlax şəhəri, Məhsəti küçəsində mülkiyyətində olan 0,0419 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 159.6 kv.m yaşayış, 120.2 kv.m yardımçı, 279.8 kv.m ümumi sahədən ibarət 28 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmeti açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı Cavabdeh ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-2449/2019 saylı, 09.12.2019-cu il tarixli qərardadı ilə iddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı, X4, Aslanlı Vaqif Xasay oğluna qarşı kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-841/2020 saylı, 23.01.2020-ci il tarixli qərardadı ilə 2(006)-841/2020 saylı və 2(039)-2449/2019 saylı mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-178/2021 saylı, 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı pozulmuş hüquqları müdafiəsi, əsassız hesablanmış borcun silinməsi və müqaviləyə xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmiş; iddiaçı Cavabdeh ASC-nin iddia tələbi isə qismən təmin edilərək cavabdehlər İddiaçı, X1 və X5 müştərək qaydada 14785 manat əsas borc, 2102 manat məbləğində faiz borcu, ümumilikdə 16887 manat məbləğində kredit borcu, 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsum tutularaq iddiaçı Cavabdeh ASC-nin xeyrinə ödənilməsi; İddiaçı ilə Bank arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, YVF-83 №li, kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş Yevlax şəhəri, Məhsəti küçəsində olan 0,0419 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 159.6 kv.m yaşayış, 120.2 kv.m yardımçı, 279.8 kv.m ümumi sahədən ibarət 28 nömrəli fərdi yaşayış evinə yönəldilməsi; həmin ipoteka predmeti açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı Cavabdeh ASC-yə ödənilməsi; ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər İddiaçı, X7, X2 müştərək qaydada tutularaq Dövlət büdcəsinə köçürülməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və özünün iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə ekspert rəyini nəzərə almayaraq iddianı təmin etmişdir. Yalnız cavabdeh təqdim etdiyi hesablamalara istinad edərək həmin məbləği ondan tutmuş, ancaq ekspert rəyini nəzərə almamışdır. Çünki, ödənişlər etmiş və bu barədə çeklər banka təqdim edilmiş, ekspert də həmin ödənişlər əsasında rəy vermişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı və Aslanlı Vaqif Xasay oğlu apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh ASC-nin nümayəndəsi, eləcə də qarşılıqlı iddia üzrə cavabdeh X7 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 443.1-ci maddələrinə; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107-ci maddələrinə istinad edərək qənaətini əsaslandırmışdır. Tətbiq edilməsi nəzərdə tutulan hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə qismən dəyişdirilməsi uçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni ilkin iddianın təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddiaçı iddasının faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, bankın iddiasının faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, faiz borcunun məbləği və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsi istisna olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə tərkibi hesab etmişdir ki, iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti yarandığından məhkəmə-mühasibatlıq ekspertizası təyin olunsa da ekspertin rəyi aydın olmamışdır. Çünki, bank 27 dekabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 14785 manat əsas, 2102 manat faiz borcu tələb etmiş, ekspert isə 24 aprel 2014-cü il tarixli 48 ay müddətinə olan 25 000 ABŞ dolları verilməsini nəzərdə tutan kredit müqaviləsi üzrə ekspertiza keçirmişdir. Düzdü, birinci instansiya məhkəməsinin ekspert qarşısında qoyduğu suallar da konkret olmamış və qeyri-dəqiq olmuşdur. Ancaq hər bir halda ekspertin borcu idi tədqiqat apararkən iş materialları ilə tam tanış olsun, bankın hansı müqaviləyə əsasən kredit borcunu tələb etməsini özü üçün müəyyən etsin. 27 dekabr 2017-ci il tarixli müqavilə ilə 24 aprel 2014-cü il tarixli müqaviləyə əsasən ABŞ dolları ilə alınmış kredit manata çevrilərək 21200 manat kreditin alınmasına dair yeni müqavilə bağlanmışdır. Məhz 27 dekabr 2017-ci il tarixli müqaviləyə əsasən də bank kredit borcunu tələb etmişdir. Lakin qeyd olunan halları ekspert nəzərə almamış, yanlış rəy vermişdir. Bununla əlaqədar, apellyasiya instansiyası məhkəməsi tərəfindən əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və 9/8864 saylı, 30.03.2022-ci il tarixli ekspert rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş kredit tarixi , kredit müqaviləsi və s.) 27 dekabr 2017-ci il tarixli, YVF-83 saylı kredit müqaviləsi üzrə İddiaçı banka olan borcu 09.10.2019-cu il tarixə (sualda qeyd olunan tarix) əsas borc üzrə 14.806.05 manat, faiz borcu üzrə 1.850,76 manat müəyyən olunmuşdur. Göründüyü kimi, ekspert rəyində əsas borcun məbləği tələb ediləndən artıq müəyyən edilsə də, faiz borcunun məbləği 09 oktyabr 2019-cu il tarixə 1.850,76 manat müəyyən edilmişdir. Lakin birinci instansiya məhkəməsi faiz borcunun məbləğini maliyyə arayışında göstərilən, yəni tələb edilən məbləği əsas götürmüşdür. Göründüyü kimi, faiz borcunun məbləği ilə bağlı şikayətin dəlilləri qismən əsaslı olduğundan həmin məbləğ azaldılaraq 1.850,76 manat müəyyən edilməlidir. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında. Ümumiyyətlə, ipoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilibyönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iki qiymətləndiricinin rəyi alınsa da, qətnamənin nəticə hissəsində ipoteka predmetinin ilkin satış qiyməti göstərilməmişdir. Belə ki, 27 dekabr 2017-ci il tarixli sonrakı ipoteka müqaviləsində ipoteka predmeti olan Yevlax şəhəri Məhsəti küçəsindəki 28 saylı fərdi yaşayış evinin qiyməti 50000(əlli min) manat, "xxxx" MMC-nin 22 dekabr 2020-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 80000(səksən min) manat, likvid dəyəri isə 60000(altmış min) manat, "xxxx" MMC-nin 19 mart 2021-ci il tarixli rəyinə əsasən bazar dəyəri 60000(altmış min) manat, likvid dəyəri isə 50000(əlli min) manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, 0.0419 ha torpaq sahəsində yerləşən və 279.8 kv. metr ümumi sahəsi olan ipoteka predmetinin ilkin satış qiyməti 60000(altmış min) manat müəyyən edilməlidir. Çünki, bu məbləğ daha real və likvid dəyəri əks etdirən ilkin satış qiyməti hesab olunur. Ona görə də qətnamənin nəticə hissəsində ipoteka predmetinin açıq hərracda satılması üçün ilkin satış qiymətinin 60000(altmış min) manat müəyyən edilməsi qeyd olunmaqla qətnamə bu hissədə də dəyişdirilməlidir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-178/2021 saylı, 30 aprel 2021-ci il tarixli qismən, yəni faiz borcunun məbləği və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində dəyişdirilməli, faiz borcun məbləği azaldılaraq 1850,76 (min səkkiz yüz əlli manat yetmiş altı qəpik) manat, əsas və faiz borcun cəmi 16.635,76 (on altı min altı yüz otuz beş manat yetmiş altı qəpik) manat, ipoteka predmetinin ilkin satış qiyməti isə 60000(altmış min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-178/2021 saylı, 30 aprel 2021-ci il tarixli qətnaməsi qismən, yəni faiz borcunun məbləği və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində dəyişdirilsin. Faiz borcun məbləği azaldılaraq 1850,76 (min səkkiz yüz əlli manat yetmiş altı qəpik) manat, əsas və faiz borcun cəmi 16.635,76 (on altı min altı yüz otuz beş manat yetmiş altı qəpik) manat, ipoteka predmetinin ilkin satış qiyməti isə 60000(altmış min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-457/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-457/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver