Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-457/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi X3 və Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 22 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "TBC KREDİT” Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21 avqust 2020-ci il tarixli BAKU2- 27548-18567 saylı Kredit müqaviləsi, onun tərkib hissəsi olan 21 avqust 2020-ci il tarixli BAKU2-27548-18567/1 və 21 avqust 2020ci il tarixli BAKU2-27548-18567/2 saylı Razılaşmalara əsasən Cavabdeh1 illik 22% faizlə 36 ay müddətinə 25000 manat kredit verilmişdir.
2. 21 avqust 2020-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, “TBC Kredit" BOKT MMC tərəfindən Cavabdeh1 hesabına 25.000 manat məbləğində pul köçürülmüşdür.
3. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq "xxxx" BOKT MMC, Cavabdeh1 və Cavabdeh2 arasında 21 avqust 2020-ci il tarixdə BAKU2-27548- 18567+BAKU2-27066 saylı Zaminlik müqaviləsi bağlanmışdır.
4. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən borclunun "xxxx" BOKT MMC-yə 22.976,91 manat əsas borc, 1865,97 manat cari faiz borcu və 1700,30 manat dəbbə borcu olmaqla, cəmi 26.543,18 manat borcu vardır.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 21 avqust 2020-ci il tarixli BAKU2-27548-18567 saylı kredit müqaviləsi, onun tərkib hissəsi olan 21 avqust 2020-ci il tarixli BAKU2-27548-18567/1 və 21 avqust 2020-ci il tarixli BAKU2-27548- 18567/2 saylı Razılaşmaların ləğv edilməsi; cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 22976,91 manat əsas borc, 1865,97 manat cari faiz borcu və 1700,30 manat cari dəbbə borcu olmaqla, cəmi 26543,18 manat kredit borcunun və 170 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2215/2022 saylı, 09 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddia qismən təmin olunaraq, Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında bağlanmış 21 avqust 2020-ci il tarixli BAKU2- 27548-18567 saylı Kredit müqaviləsi, onun tərkib hissəsi olan 21 avqust 2020-ci il tarixli BAKU2-27548-18567/1 və 21 avqust 2020-ci il tarixli BAKU2-27548-18567/2 saylı Razılaşmalar ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada kredit borcuna görə 22.976,91 manat məbləğində əsas borc, 1865,97 manat məbləğində faiz borcu və 10 manat cərimə borcu olmaqla, cəmi 24.852,88 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamış, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 159 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan 11 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət olunmuş, iddia tələbi qalan hissədə rədd olunmuşdur.
7. Məhkəmə cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş, tələb olunan məbləğdə əsas borcun, faiz borcunun və azaldılmış dəbbə pulunun cavabdehlərdən tutulması qənaətinə gəlmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 467, 739-cu maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. 10.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit üzrə ümumilikdə 9836 manat pul ödənilmişdir. Ödədiyi pulun böyük hissəsi proporsional qaydada borcun əsas hissəsinə deyil, faiz hissəsindən çıxılmışdır. Demək olar ki, ödənilən pulun böyük hissəsi əsas borca hesablanmış faizə çıxılıb. Hal-hazırda hesablanmış məbləğ isə həqiqəti və real borcu əks etdirmir. İndiyədək ödədiyi pul əsas borcun təqribən 30-40 faizini təşkil edir. Hesablama ümumiyyətlə düzgün aparılmamışdır. Bu halın müəyyən edilməsi üçün mütləq qaydada maliyyə ekspertizası təyin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 12.Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. 13.İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. 14.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 15.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 16.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 17.Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 18.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 19.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 20.Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 21.Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 22.Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Apellyasiya baxışının hədləri 23.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 24.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, iddiaçı və digər cavabdeh isə apellyasiya şikayəti vermədiklərindən qətnamənin əsaslılığı Cavabdeh1 apellyasiya şikayəti üzrə iddianın təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq etməklə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin olması barədə düzgün nəticəyə gəlmişdir. 26.Bununla yanaşı, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulan faiz borcunun məbləği ilə bağlı işin halları baxımından səhv nəticəyə gəlmişdir. 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). 28.Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini faiz borcunun düzgün hesablanmaması hissəsində əsaslı sayır. 29.Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, Cavabdeh1 işə birinci instansiya məhkəməsində baxılarkən izahatında iddia tələbini qismən qəbul edərək xx.xx.2020-ci ildə bankdan 36 ay müddətinə 25000 manat kredit götürdüyünü və ödənişlər etdiyini, müqavilə müddətinin hələ bitmədiyini, ayda 700 manat ödəməklə 2 il ərzində borcunu bağlaya biləcəyini bildirmişdir. 30.O, izahatında əsas və faiz borcunun məbləğini mübahisələndirməmiş, yalnız dəbbə pulunun çox hesablandığını göstərmişdir. 31.MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 32.Birinci instansiya məhkəməsi onun bu izahatını əsas götürərək iddia tələbini dəbbə pulu hissəsində qismən (cəmi 10 manat) təmin etmişdir. 33.Cavabdeh1 birinci instansiya məhkəməsində işə baxılarkən əsas və faiz borcunu mübahisələndirməsə də, apellyasiya şikayətində qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsini xahiş etmiş və göstərmişdir ki, o, kredit müqaviləsi üzrə 9836 manat ödəniş etsə də, Bank həmin məbləğin böyük bir hissəsini faiz borcuna deyil, əsas borcun ödənilməsinə yönəltmişdir ki, bu da ədalətli sayıla bilməz. 34.Apelyatorun fikrincə, borcun düzgün hesablanıb-hesablanmadığını müəyyən etmək üçün mütləq qaydada məhkəmə mühasibatlıq ekspertizası təyin olunmalıdır. 35.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə apellyasiya baxışı zamanı məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertdən kredit müqaviləsi üzrə maliyyə arayışının verildiyi xx.xx.2022-ci il tarixə əsas və faiz borcunun nə qədər təşkil etdiyini müəyyən etmək xahiş olunmuşdur. 36.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 06 yanvar 2023-cü il tarixli elspert rəyinə əsasən müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixə əsas borcun məbləği 23094,67 manat, faiz borcunun məbləği 1435,26 manat təşkil edir. 37.Birinci instansiya məhkəməsi tərəfindən isə cavabdehlərdən kredit borcuna görə 22.976,91 manat məbləğində əsas borc, 1865,97 manat məbləğində faiz borcu tutulmuşdur. 38.Müqayisəli tədqiqat apardıqda məlum olur ki, ekspert rəyi ilə müəyyən olunan faiz borcunun məbləği (1435,26 manat) qətnamə ilə tutulan məbləğdən (1865,97 manat) aşağıdır. Əsas borcun məbləği isə əksinə, ekspert rəyində (23094,67 manat) qətnamə ilə tutulan məbləğdən (22.976,91 manat) çox göstərilmişdir. 39.Məhkəmə kollegiyası qətnamənin iddiaçı tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini və qətnamənin əsaslılığının apellyasiya qaydasında yalnız cavabdehin apellyasiya şikayəti üzrə iddianın təmin olunan hissəsində yoxlanıldığını nəzərə alaraq hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizasının rəyinin mötəbərliyi qəbul edilməli və həmin rəy əsas götürülərək qətnamə faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. 40.Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 41.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli qətnaməsi 1865,97 manat məbləğində faiz borcunun borcun tutulması hissəsində dəyişdirilsin. Cavabdehlərdən tutulan faiz borcunun məbləği 1435,26 manat (min dörd yüz otuz beş) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat pul "TBC KREDİT” Bank Olmayan Kredit X2 Cəmiyyətindən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.