Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4570/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh Fəhruz oğlunun iştirakları ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4441/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilən apelyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC Cavabdeh qarşı “lizinq müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4441/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamə qanunla müəyyən edilmiş qaydada və müddətdə icra edilməsi üçün Nərimanov İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasina dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 2(005)-4441/2018 saylı, 07 aprel 2021-ci il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilərək apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilmiş və iş şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdehin apellyasiya şikayətinin mümkünlüyünə baxılması məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahat verərək bildirdi ki, qətnamədən icra şöbəsində xəbəri olmuşdur, bundan başqa, birinci instansiyada məhkəmə iclasının 31 oktyabr 2018-ci il tarixinə təxirə salınması barədə qəbzə, həqiqətən də, imza çəkmiş, lakin həmin iclasda iştirak etməmiş, qətnaməni qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün əldə etməmişdir. İcra şöbəsinə isə frontal yükləyici ilə bağlı dəvət olunduğu zaman qətnamədən xəbərdar olmuş və bundan sonra səhhəti ilə bağlı problemlər yaşamış, bu səbəbdən apellyasiya şikayəti verə bilməmişdir. Göstərilənlərə əsasən, şikayətin mümkün hesab edilərək baxılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi İ.İsmayılov izahat verərək qeyd etdi ki, cavabdeh 04 oktyabr 2018-ci il tarixində məhkəmə baxış iclasının 31 oktyabr 2018-ci il tarixinə təxirə salınması ilə bağlı qəbzə şəxsən imza çəkmiş, beləliklə, iclasdan xəbərdar olmuş, lakin həmin tarixdə məhkəmə iclasında gəlməmişdir ki, bu da iclasın 13 noyabr 2018-ci il tarixinə təxir olunmasına səbəb olmuşdur. Məhkəmə qətnaməni haqlı olaraq cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana göndərmişdir. Bundan başqa, cavabdeh qətnamədən icra şöbəsinə 22 fevral və 28 iyul 2020-ci il tarixlərində dəvət olunduğu zaman xəbərdar olmuş, lakin yenə də qanunla müəyyən olunmuş müddəti ötürdükdən sonra apellyasiya şikayəti vermişdir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının fikirlərini dinləyib, apellyasiya şikayətini nəzərdən keçirərək belə hesab edir ki, apellyasiya şikayəti qeyri-mümükün hesab edilməli, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, Nərimanov Rayon Məhkəməsi iclasının 31 oktyabr 2018-ci il tarixə təyin olunması ilə bağlı mülki icraat üzrə məhkəmə bildirişi Cavabdeh tərəfindən şəxsən imzalanmışdır (i/v 38). Bu faktı məhkəmə kollegiyasının iclasında cavabdeh özü təsdiq etmişdir. İş materiallarında olan zərfdən görünür ki, rayon məhkəməsi 13 noyabr 2018-ci il tarixli qətnaməni cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana göndərmiş, lakin zərf “bu ünvanda yaşamır” səbəbi ilə geri qayıtmışdır (i/v 55). Kollegiya bununla bağlı qeyd edir ki, Azırbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. İddiaçı tərəfin məhkəməyə müraciət etdiyi 12 aprel 2021-ci il tarixli ərizəyə qoşduğu materiallardan görünür ki, Cavabdeh 22 fevral və 28 iyul 2020-ci il tarixlərində Nərimanov Rayon İcra Şöbəsinə dəvət edimiş və orada yazılı izahat vermişdir, beləliklə, rayon məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qətnaməsi və icra vərəqəsindən xəbərdar olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə göndərilən apellyasiya şikayətinin üzərinə vurulan “daxil olma” ştampından bəlli olur ki, şikayət 06.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da müəyyən olunur ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasının 31 oktyabr 2018-ci il tarixinə təxir salınması ilə bağlı qəbzə şəxsən qol çəkmiş, yəni məhkəmə iclasından xəbərdar olmuş, lakin məhkəmənin sonrakı iclaslarında iştirak etməmiş, bundan sonra İcra Şöbəsi tərəfindən 22 fevral və 28 iyul 2020-ci il tarixdə dəvət olunaraq yazılı izahat vermiş və rayon məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qətnaməsindən xəbərdar olmasına baxmayaraq, Cavabdeh tərəfindən apellyasiya şikayəti və şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasina dair ərizə 06 aprel 2021-ci il tarixdə verildiyindən, qanunla müəyyən olunmuş 1 aylıq şikayət vermə müddəti ötürülmüş, eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən hallar (müddət məsələsini) araşdırılmadan müddət bərpa edilərək, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 366.2-ci maddəsində isə qeyd edilir ki, apellyasiya şikayətinin qaytarılmasına əsas olan hallardan biri də apellyasiya şikayətinin müəyyən edilmiş müddət keçdikdən sonra verilməsidir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə apellyasiya instansiyası iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prossessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yaranmış bu hallar işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir, bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qanunverciliyin tələblərinə uyğun olmadığından (müddət ötürüldüyünə görə) qeyrimümkün hesab edilməli və apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılması üçün mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, və 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4441/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya qeyri-mümkün hesab edilsin, sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4570/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4570/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver