Məhkəmə qərarları › İş №2(103)-4570/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4570/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4570/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 06 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış RTK12037 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 4027,97 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 25 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 4027,97 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir İddiaçı MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə RTK12037 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 3061,97 AZN borcun, 0 AZN cərimə borcunun, 50,7 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Q.Əliyeva) iddia təmin olunmuşdur.

5. Məhkəmə cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş, tələb olunan məbləğdə borcun cavabdehdən tutulması qənaətinə gəlmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 442, 448, 465.2, 567, 600.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, avadanlıqlar cavabdehin ünvanına çatdırılmamışdır. Buna baxmayaraq nisyə alqı-satqı müqaviləsi ilə birlikdə cavabdehə təqdim edilən bildirişə əsasən ondan hər ay 3 (üç) məişət avadanlığına görə ödənilməli olan 161 manat ödənişin İddiaçı QSC-nin hesabına həyata keçirilməsi tələb edilmişdir. Cavabdeh də hər ay nisyə alqı-satqı müqaviləsinin 1 saylı Əlavəsinə əsasən qrafik üzrə vaxtlı-vaxtında ödənişlərini "xxxx" MMC ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019cu il tarixli, R-16/19saylı tələbin güzəşti barədə Faktorinq müqaviləsinə əsasən "xxxx" QSC-nin hesabına həyata keçirmişdir. Lakin, nisyə alqı-satqı müqaviləsi üzrə məişət avadanlıqlarının çatdırılmaması səbəbi ilə cavabdeh 2022-ci ilin avqust ayının sonunda "xxxx" MMC-nin ofisinə getmiş və ona bildirilmişdir ki, nisyə alqı-satqı müqaviləsinə əsasən BOSH WAJ2017S M markalı paltaryuyan avadanlığının çatdırılması qeyrimümkün olduğundan xx.xx.2022-ci il tarixdə bağlanan RTK 12037 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilir, cavabdehdən yerdə qalan 2 (iki) məişət avadanlıqları üzrə yeni sifarişlər qəbul ediləcəkdir. Bundan sonra "xxxx" MMC-də cavabdehin diqqətinə o da çatdırıldı ki, xx.xx.2022-ci il tarixdə bağlanan RTK 12037saylı nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehin adında olan 3061.97 manat borc qalığı artıq "xxxx" MMC-nin öhdəliyindədir, ilkin alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC-nin sistemində borc 0 manat təşkil edir və növbəti ödənişlər artıq "xxxx" MMC-nin hesablaşma hesabına həyata keçirilməlidir. Bununla da "xxxx" MMC ilə cavabdeh arasında bağlanan xx.xx.2022-ci il tarixli, RTK12037 nömrəli nisyə alqı-satqı müqaviləsi ləğv edilmiş və cavabdehlə yeni nisyə alqı-satqı müqaviləsi bağlanmış, ondan hər ay 2 məişət avadanlığına görə ödənilməli olan 101 manat ödənişin "xxxx" MMC-nin hesabına həyata keçirilməsi bildirilmişdir. Cavabdehlə bağlanılan yeni alqı-satqı müqaviləsi üzrə BOSH SMS45Dİ10Q markalı Qabyuyan məişət avadanlığı xx.xx.2022-ci il tarixdə, 80041036 çatdırılma qaiməsi ilə birlikdə **********15 nömrəli zəmanət talonu təqdim edilməklə, həmin tarixdə də S AMS U NGUE43AU7160UXRU markalı Televizor məişət avadanlığı **********34 nömrəli zəmanət talonu təqdim edilməklə müvafiq ünvana çatdırılmışdır. Cavabdeh həqiqətən də ilkin alqı-satqı müqaviləsi üzrə tam vaxtlı-vaxtında İddiaçı QSC-nin hesabına xx.xx.2022-ci il tarixdə 161 manat, xx.xx.2022-ci il tarixdə 170 manat, xx.xx.2022-ci il tarixdə 161 manat, xx.xx.2022-ci il tarixdə 161 manat, xx.xx.2022-ci il tarixdə baş ofisdə ödənişini etməklə 161 manat qrafik üzrə ödənişlərini həyata keçirmişdir. İlkin nisyə alqı-satqı müqaviləsi ləğv olunduqdan sonra isə ödənişlərini xx.xx.2023-cü il tarixinədək "xxxx" MMC-nin hesabına, bu dəfə ünvana çatdırılan 2 (iki) məişət avadanlığına görə hər ay 101 (bir yüz bir) manat məbləğində həyata keçirməklə etməyə başlamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən cavabdeh və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

11. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş "xxxx" MMC-nin nümayəndəsi A.Hacıyev izahat verərkən apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyini və hər hansı borcu olmadığını bildirdi.

12. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 14.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 15.Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 16.Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 18.Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 19.Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 20.Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 21.Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

22. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 23.Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Apellyasiya baxışının hədləri

24.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 25.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. 27.Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 28.Hazırkı iş üzrə iddiaçı nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehin öhdəliklərini yerinə yetirmədiyinə əsaslanaraq həmin müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb edir. 29.Cavabdeh isə müqavilə öhdəliklərinin tam yerinə yetirildiyini, iddiaçıya borcunun olmadığını bildirərək iddiaya etiraz edir. 30.Cavabdeh iddiaya etirazın əsası kimi maliyyə arayışı təqdim etmişdir. 31."xxxx" MMC-nin 07 iyul 2023-cü il tarixli, 6844 saylı maliyyə arayışında əsasən borclu Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli RTK 12037 borc müqaviləsi üzrə öhdəlik Azərbaycan Kredit Bürosunda çıxarışda hesabata salınmışdır. Həmin çıxarışdakı aktiv öhdəliyə tam xitam verilmişdir.

32. İddiaçı cavabdehin sözügedən müqavilə üzrə öhdəliklərinin tam icra olunmadığını bildirsə də, bu fakt iş materialları ilə öz əksini tapmamışdır. Belə ki, cavabdehin təqdim etdiyi maliyyə arayışına əsasən cavabdehin həmin müqavilə üzrə borcu yoxdur.

33. Apellyasiya baxışı zamanı "xxxx" MMC-nin nümayəndəsi bu faktı bir daha təsdiq edərək cavabdehin müqavilə üzrə yerinə yetirilməmiş hər hansı öhdəliyinin, borcunun olmadığını bildirdi. 34.Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış və bununla da maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya şikayəti təmin edilməlidir.

35. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. 36.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə iddiası təmin olunmasın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar