Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4573/2022 25.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdeh1 Notariat Ofisi və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: məcburi payın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdeh1 Notariat Ofisi və Cavabdeh2 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 740/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X6 ilə X5 birgə nikahlarında 7 övladları olmuşdur: xx.xx.1955-ci il təvəllüdlü Zöhrə, xx.xx.1957-ci il təvəllüdlü Züleyxa, xx.xx.1959-cu il təvəllüdlü Sima, xx.xx.1961-ci il təvəllüdlü Tahir, xx.xx.1963-cü il təvəllüdlü Karine, xx.xx.1967-ci il təvəllüdlü Zeynəb və Sevda.
2. X7 xx.xx.2016-cı il tarixdə, X6 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir.
3. X6 ölümündən əvvəl öz mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilini bütövlükdə vəziyyətnamə əsasında övladı İddiaçı vəsiyyət etmiş, İddiaçı xx.xx.2018-ci il tarixli ərizə ilə öz növbəsində miras əmlakının qəbul edilməsi ilə bağlı notariat ofisinə müraciət etmişdir.
4. Miras qoyanın digər övladları olan X3 xx.xx.2018-ci il tarixli, Cavabdeh2 isə xx.xx.2018-ci il tarixli ərizələrlə mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət edərək mərhum atalarından qalmış miras əmlaka məcburi pay hüquqlarını tələb etmiş, cavabdeh 4 saylı Bakı ASAN Xidmət mərkəzinin notariat kontoru isə miras əmlakını qəbul etməkdə maraqlı olan vərəsələrin müraciətlərini nəzərə alaraq ünvan 1 ünvanda yerləşən mənzilin 1/6 hissəsinə dair X4 qanun üzrə vərəsəlik şəhdətnaməsi vermişdir.
5. 4 saylı Bakı Cavabdeh1ndə Notariat Ofisinin 05 yanvar 2021-ci il tarixli, 05 saylı məktubu ilə Vəkil2 müraciətinə əsasən bildirilmişdir ki, İddiaçı atası X1 vəfatı ilə əlaqədar müraciət edən digər vərəsələrin mirasdan məcburi payın həcminin, qanun üzrə göstərilən vərəsələrin dairəsinə uyğun hesablanmaqla müəyyən olunması xahiş edilmişdir. Müvafiq vərəsəlik işinin hallarını nəzərə alaraq və mirasın qəbul olunmasına dair müraciətlərə uyğun olaraq miras bütövlükdə bölüşdürülməlidir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3121/2019 nömrəli, xx.xx.2019cu il tarixli qətnaməsi ilə İddiaçı 4 saylı Bakı Cavabdeh1 kontoruna, X3 və Cavabdeh2 qarşı hərəkətlərin qanunsuz hesab ollunması barədə iddiası təmin edilməmişdir.
7. Hal-hazırda iddiaçı qeyd edilən şəhadətnamə ilə cavabdeh X4 mənzil üzrə verilən payın həcmini mübahisələndirərək hazırkı iddianı qaldırmış, iddiasını notariat kontorunun yanlışlığa yol verərək yalnız mirası qəbul edən vərəsələrin payının yarısına münasibətdə Cavabdeh2 pay hüququnu müəyyən etməsi, miras qoyanın digər övladlarını nəzərə almaması ilə əsaslandırmışdır.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdeh1 Notariat Ofisi və Cavabdeh2 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat Kontoru tərəfindən Cavabdeh2 ünvan 2 ünvanda yerləşən mənzilin 1/6 hissəsinə verilmiş 16 fevral 2021-ci il tarixli vərəsəlik şəhadətnaməsinin ləğv olunması və Cavabdeh2 miras əmlakından məcburi payının miras əmlakın 1/14 hissəsi kimi müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı atası X2 vəfatı ilə əlaqədar vəsiyyətnamə ilə 4 saylı Bakı ASAN Xidmət mərkəzinin notariat kontoruna müraciət etmiş və bununla bağlı müvafiq vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işində X2 digər övladları olan Cavabdeh2 və Abbasova Züleyxa da mirasın qəbulu barədə ərizə ilə müraciət etmiş və miras əmlakdan onlara çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Bununla bağlı iddiaçı tərəfindən 4 saylı Bakı ASAN Xidmət mərkəzinin notariat kontoruna müraciət olunaraq onların hər ikisinin mirasa olan paylarının Mülki Məcəllənin 1193 və 1196-cı maddələrinə əsasən müəyyən olunması xahiş olunmuş və miras almağa çağırıla biləcək qanun üzrə vərəsələr barədə müvafiq sənədlər əlavə olunmaqla məlumat verilmişdir. Lakin cavabdeh notarius tərəfindən bu nəzərə alınmayaraq, müvafiq şəhadətnamə ilə Cavabdeh2 mirasdan məcburi payı miras əmlakın 1/6 hissəsi kimi müəyyən olunmuşdur. Belə məlum olmuşdur ki, cavabdeh bu cür payı hesablayarkən miras almağa çağrıla biləcək qanun üzrə vərəsələrin sayını nəzərə almamış, sadəcə miras üçün notariusa ərizə ilə müraciət edən vərəsələrin sayını nəzərə almaqla məcburi pay bölgüsü aparmışdır. Hesab edir ki, cavabdeh notarius bu şəkildə şəhadətnamə verməklə qanunvericiliyin tələbini kobud şəkildə pozmuşdur. Qanunvericiliyin sadalanan tələblərindən görünür ki, notarius mirasdan məcburi pay haqqı olan Cavabdeh2 bu payı hesablayarkən miras almağa çağırıla biləcək 7 vərəsənin hamısını nəzərə almalı olduğu halda bunu etməmiş və qanunvericiliyin sadalanan tələblərinə əsasən Cavabdeh2 mirasdan məcburi pay kimi 1/14 hissə müəyyən edilməli olduğu halda, 1/6 hissə paya dair şəhadətnamə vermişdir. Nəticə etibarı ilə onun qanunla qorunan hüquqları kobud şəkildə pozulmuşdur. 10.Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-740/2022 saylı qətnaməsi ilə (hakim N.Cəfərli) iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, miras qoyanın 7 vərəsəsindən 3 vərəsə miras əmlakını almaqda maraqlı olmuş, qanunvericiliyin tələblərinə uyğun olaraq öz maraqlarına doğru aktiv addımlar ataraq notariat kontoruna ərizə ilə müraciət etmişlər. Digər vərəsələr isə miras əmlakına dair hər hansı aktiv hərəkətlər etməmiş, o cümlədən əmlakı faktiki olaraq qəbul etməmişlər. Belə olan halda notariat orqanı haqlı olaraq qanunla müəyyən edilmiş müddəti gözlədikdən sonra yalnız ona müraciət edən vərəsələrin dairəsini nəzərə alaraq miras əmlakına münasibətdə Cavabdeh2 haqlı olaraq 1/6 hissədə pay hüququna dair vərəsəlik şəhadətnaməsi vermişdir. 12.Məhkəmə mövqeyini AR Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1146, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1322, 1193, 1195, 1202.1, 1202.2, 1273-1, 1262-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
13.İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-740/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilik X2 7 uşağına məcburi pay hüququ tanımış və bu payı qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısı kimi müəyyən etmişdir. Həmçinin, bu 7 vərəsənin hər birinin məcburi payının müəyyənləşdirildiyi zaman əgər vəsiyyətnamə olmasaydı, qanun üzrə vərəsəlik zamanı miras almağa çağırıla biləcək vərəsələrin hamısının sayının nəzərə alınmalı olduğunu göstərmişdir. İddiaçı verilmiş olan vəsiyyətnamə olmasaydı, bu 7 vərəsənin miras almağa çağırıla biləcək vərəsələr olduğu hazırkı işin mübahisəsiz halıdır. Qanunvericiliyin bu 7 vərəsənin yalnız notariat orqanına ərizə ilə müraciətlə və ya miras əmlakını faktiki olaraq qəbul edənlərinin miras əmlakından məcburi payını nəzərdə tutmadığı və 7 vərəsənin hamısının məcburi pay almaq hüququnun olduğunu aydın nəzərdə tutduğu halda məhkəmə əsassız olaraq bu cür mübahisəli qənaətə gəlmişdir. Qanunvericilik məhkəmənin qeyd etdiyi 4 vərəsənin (miras əmlakını müəyyən edilmiş müddətlər daxilində qəbul etməyən və ya ondan imtina etməyən vərəsələr) hazırkı vəziyyətini susma kimi qiymətləndirərək, bu halda Mülki Məcəllənin 1262 və 1263-cü maddələrinin tətbiq olunmalı olduğunu cox aydın və anlaşılan bir şəkildə ifadə etmişdir. MM-nin 1262-ci maddəsinin tələbinə əsasən də hazırkı işin mübahisəsiz halları üzrə bu 4 vərəsənin payı bütün əmlakın vəsiyyət üzrə vərəsəsi olan iddiaçının payına əlavə olunmalıdır. Lakin, məhkəmənin mübahisəli qənaətindən də məlum olduğu kimi, hazırda susan bu 4 vərəsənin payları qanunun göstərilən tələbinə zidd olaraq ərizə ilə müraciət edən vərəsələrin paylarına əlavə olunmuşdur. Qanunvericilik yalnız notariusa ərizə ilə müraciət edən vərəsələrlə kifayətlənməyərək bütün vərəsələrin məlumatlandırılması, eyni zamanda hazırkı işdəki kimi vəsiyyətnamə olduğu halda məcburi pay hüququ olan şəxslərin dairəsinin yoxlanılmasını da notariuslardan tələb etmişdir. Belə olan halda məhkəmə cavabdeh notariusun yalnız ona müraciət edən 3 vərəsə ilə kifayətlənməsini əsaslı hesab etməkdə haqlı olmamış və digər hallarla bərabər, bu hissədə də iddiaçının məhkəmə müdafiəsi hüququnu kobud şəkildə pozmuşdur. Məhkəmə bununla yanaşı, iddiaçının cavabdeh notariusun işini asanlaşdıraraq mirasa çağırıla biləcək qanun üzrə vərəsələr barədə lazımi sənədlər əlavə olunmaqla cavabdeh notariusu məlumatlandırmasına, qanunvericiliyin sadalanan tələblərinə əsasən məcburi payı müəyyən etməsi barədə xahişinə və cavabdeh notariusun bundan qanunvericilyin yanlış müddəasına əsaslanaraq imtina verməsinə də düzgün qiymət verməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
17. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 18.Maddə 1133.1. Əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 19.Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 20.Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 21.Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 22.Maddə 1159.1.1. 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 23.Maddə 1243.1-1243.3. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır; Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir. 24.Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 25.Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 26.Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 27.Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 28.Maddə 1202.1 Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. 29.Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 30.Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 31.Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 32.Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
Apellyasiya baxışının hədləri
33.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 34.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 36.Məhkəmə kollegiyası qeyd edir ki, iddia rədd edildiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi 37.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməlidir. 38.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə işin hallarına uyğun deyil və bu baxımdan həmin hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. 39.Mirasda məcburi pay – vərəsəlik hüququnun sosial-iqtisadi və əxlaqi yükü (dəyəri) olan ənənəvi hissəsidir. Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır. 40.Konstitusiya Məhkəməsi dəfələrlə vərəsəlikdə məcburi pay institutu ilə bağlı normaları ətraflı şəkildə təhlil edərək bu institutun mahiyyətinin və cəmiyyətin həyatında rolunun açıqlanmasına dair bir sıra qərarlar qəbul etmişdir. Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə, məcburi pay institutunun göstərilən qaydada təsbit olunması vəsiyyət etmə və varis olma hüququnun sosial ədalət baxımından hədlərinin (sərhədlərinin) olması ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. 41.Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar). 42.Qanun üzrə vərəsələrdən, birinci növbə vərəsələrin mirasda məcburi pay hüququ – vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur. 43.Qanunun yuxarıda açıqlanan mənasından aydın olur ki, hazırkı işdə miras qoyanın 7 uşağının məcburi pay hüququ vardır, məcburi pay müəyyənləşdirilən zaman isə əgər vəsiyyətnamə olmasaydı, qanun üzrə vərəsəlik zamanı miras almağa çağrıla biləcək vərəsələrin hamısının sayı nəzərə alınmalıdır. 44.Mülki Məcəlləyə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir (1273-1). 45.Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın (1262-ci maddə). 46.Bu maddənin dispozisiya şərtindən göründüyü kimi, mirasın qəbulu ilə bağlı susan vərəsənin payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına yalnız o halda əlavə edilə bilər ki, həmin miras əmlak vəsiyyətnamə ilə bölüşdürülmüş olmasın və ya vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Göründüyü kimi, miras əmlakın vəsiyyətnamə ilə bölüşdürülməsi mirasa münasibətdə susmuş vərəsələrin payının qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına əlavə edilməsini istissna edir. 47.Baxılan iş üzrə 4 vərəsə miras əmlakını müəyyən edilmiş müddətlər daxilində qəbul etməmiş və ya ondan imtina etməmiş, bir sözlə miras əmlakla bağlı aktiv hərəkət etməmişlər. Bu halda Mülki Məcəllənin 1262-ci maddəsi tətbiq olunmalıdır. 48.Həmin maddənin dispozisiya şərtləri əsasında hazırkı işin hallarını qiymətləndirdikdə isə bu nəticəyə gəlmək olur ki, mirası qəbul etməmiş 4 vərəsənin payı bütün əmlakın vəsiyyət üzrə vərəsəsi olan iddiaçının payına əlavə olunmalıdır. 49.Kollegiya həmçinin qeyd edir ki, Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini nizama salan normalarında məcburi pay almaq hüququ olan vərəsənin onu qəbul etməkdən imtina etməsinin, digər vərəsələrin məcburi payının artmasına səbəb olmadığı, bu halda imtina edilmiş payın vəsiyyət üzrə vərəsələrə keçməsi müəyyən edilmişdir (MMnin 1202-ci maddəsi). 50.“Notariat Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər (maddə 55). Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasdaməcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır (60-cı maddə). 51.Göründüyü kimi qanunda miras haqqında vərəsələrə xəbər verilməsi, məcburi pay hüququ olan şəxslərin dairəsinin yoxlanılması notariuslara həvalə olunmuşdur. Yəni, qanunvericilik yalnız notariusa ərizə ilə müraciətedən vərəsələrlə kifayətlənməyərək bütün vərəsələrin məlumatlandırılması, eyni zamanda hazırkı işdəki kimi vəsiyyətnamə olduğu halda məcburi pay hüququ olan şəxslərin dairəsinin yoxlanılmasını da notariuslardan tələb etmişdir. Belə olan halda məhkəmə cavabdeh notariusun yalnız ona müraciət edən 3 vərəsə ilə kifayətlənməsini əsaslı hesab etməkdə haqlı olmamışdır. Bununla yanaşı iddiaçı çağırıla biləcək qanun üzrə vərəsələr barədə notariusu məlumatlandırmış, lakin notarius ərizəni təmin etməkdən əsassız olaraq imtina etmişdir. 52.Beləliklə, müəyyən edilir ki, iş üzrə cavabdeh olan 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat Kontoru tərəfindən hazırkı iş üzrə digər cavabdeh vərəslik Cavabdeh2 miras əmlakdan məcburi payını müəyyən edərkən səhvə yol vermiş, onun miras əmlakdakı məcburi payı həmin əmlakın 1/14 hissəsini təşkil etdiyi halda, notariat orqanı onun payının 1/6 hissə olduğu qənaətinə gəlmişdir. 53.Lakin birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamış, işin hallarını düzgün müəyyən etsə də, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddianı təmin etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir. 54.Kollegiya yuxarıda qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və belə qənaətə gəlir ki, 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat Kontoru tərəfindən Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzilin 1/6 hissəsinə verilmiş 16 fevral 2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi ləğv edilməli, Cavabdeh2 miras əmlakdan məcburi payı miras əmlakın 1/14 hissəsi kimi müəyyən olunmalıdır. 55.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 56.Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 57.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-740/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdeh1 Notariat Ofisi və Cavabdeh2 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və payın müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilsin. 4 saylı Bakı Cavabdeh1 Notariat Kontoru tərəfindən Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzilin 1/6 hissəsinə verilmiş 16 fevral 2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi ləğv edilsin və Cavabdeh2 miras əmlakdan məcburi payı miras əmlakın 1/14 hissəsi kimi müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.