Məhkəmə qərarları › İş №2(103)-4575/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4575/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4575/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh2 və X5 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4575/2025 (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X8 və X6 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh2, X3 iştirakı ilə, İddiaçı (X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh2, X5 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1080/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 22 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh2, X5 və Cavabdeh3 qarşı “ilkin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehlərin mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə Fətəliyev X Cavabdeh2 arasında Cavabdeh1 bağlanmış xx.xx.2018-ci il tarixli 3M-968 sayla qeydə alınmış İlkin Alqı-Satqı Müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 və X3 ünvan 3-dan çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X13 ilə xx.xx.2010-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənib ailə qurmuş və bir il sonra torpaq sahəsi almış və orada ev tikmişdilər. Həmin evdə yaşarkən onların xx.xx.2010-cu il təvəllüdlü X14, xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2016-cı il təvəllüdlü X15 adlı uşaqları doğulmuşdur. Məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-1452/2019 saylı Qətnaməsi ilə onun uşaqları ilə ünvan 3-a köçürülməyi qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-1452/2019 saylı Qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2/102/-2735/2021 saylı Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gedişatında məlum olmuşdur ki, onun sabiq həyat yoldaşının anası Cavabdeh3 onların ailəsində yaranmış problemlə yaxından tanış olan həmin qəsəbənin sakini Cavabdeh3 rəfiqəsi X3 həyat yoldaşı Cavabdeh2 arasında Cavabdeh1 xx.xx.2018-ci il tarixli İlkin Alqı-Satqı Müqaviləsi bağlamışdır. Onun azyaşlı uşaqları ilə yaşamağa yeri yoxdur. Uşaqları ilə öz evinə köçüb yaşamaq istəyir. İcra məmuru onları mənzilə köçürən zaman Cavabdeh2 qohum-qardaşını mübahisəli evə yığaraq onu təhqir edir və qanuni qüvvəsini almış qətnamənin icrasına mane olur. Azərbaycan Respublikası MM-nin 402.4-ci maddəsinə əsasən İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Saxta müqavilənin bağlanması və müqavilə şərtlərinin pozulmasını nəzərə alaraq hesab edir ki, müqavilə etibarsız hesab edilməli və Fətəliyevlər mənzili boşaltmalıdırlar.

3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdehlər Cavabdeh2 və X3 ünvan 3-dan çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1080/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsi ilə (hakim Qamət Əbilov) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh2 və X3 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, yeni yaşayış massivi 2, küçə 6, 9 saylı evdən çıxarılması qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 33, Mülki Məcəlləsinin 152.1, 157.1, 157.2-ci maddəsi və Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 82.4, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, mübahisəli fərdi yaşayış evi ünvan 1 ünvanında yerləşir. Həmin fərdi yaşayış evinin altında olan torpaq sahəsi X2 Müşfiqabad qəsəbəsinin Bələdiyyəsi tərəfindən 2007-ci il tarixli alqı-satqı müqaviləsiylə satılmışdır. Bələdiyyə ilə rəsmən alqı-satqı müqaviləsi, plan-cizgiləri və sair sənədlər Fərrux Qasımova təqdim edilmişdir. Cavabdeh3, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 2 ünvanında yerləşən 59,96 m² ümumi 3 otaqlı mənzili 29870 manata 7 mart 2012 ci il tarixində satmışdır. Satılan daşınmaz əmlakına dair AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsini bağlamışdır. İddiaçı iddia ərizəsində Əliyev Raminlə xx.xx.2010-cü ildə ailə həyatını qurduğunu və bir il sonra, yəni 2011-ci ildə göstərilən torpaq sahəsini aldıqlarını, üzərində fərdi yaşayış evini inşa etdiklərini bildirmişdir. Cavabdeh3 2012 ci ildə məxsus olmuş Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 2 ünvanında yerləşən 59,96 m² ümumi 3 otaqlı mənzilin 7 mart 2012 ci il tarixli alqı -satqı müqaviləsindən 29,870 manata satıldığı görsənir. Həmin pul vəsaitinin Cavabdeh3 Qasımov Fərruxdan satın aldığı torpaq sahəsinin üzərində mübahisəli fərdi yaşayış evinin inşa edilməsinə xərcləndiyi başa düşülür. Bu məsələdə İddiaçı əri - Əliyev Raminin işlədiyi iş yerində aldığı 230 manat məvaciblə hansı evin inşasından və torpağın alınmasından söhbət gedə bilər. Çünki iddiaçının bildirdiyi kimi Əliyev Raminin və İddiaçı 3 övladı vardır. Əliyev Ramin həmin maaşla nə torpaq ala bilməzdi, nədə ki evi tikdirə bilməzdi. Onun maaşıyla ancaq ailənin ilkin tələbatını təmin etmək olardı. Başqa bir tərəfdən İddiaçı hasarın tikintisində hər hansı vəsait xərclədiyini bir anlıq qəbul etsək də belə evin və hasarın tikintisəndə, torpağın alınmasında X10 nə pul vəsaiti nədə ki iştirakı olmayıbdır. Buda özlüyündə ərlə-arvadın birgə nikah dövründə əmlakın əldə edilməsi məfhumuna gəlib çıxmır. Çünki Cavabdeh3 İddiaçı əri deyil . Cavabdeh3 Əliyev Sevdayla nikah dövründə əldə olunmuş birgə mülkiyyətləri ola bilməz. Belə olduğu halda hansı birgə mülkiyyətdən danışmaq olur. X18 məxsus ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə görə Cavabdeh3 3600 manat pul vəsaitini ödəyərək (qeyri rəsmi) şifahi alqı -satqı müqaviləsini Qasımov Fərruxla bağlamışdır. Eyni zamanda torpaqdan istifadə etmək üçün Cavabdeh3 Qasımov Fərruxdan hüquq verən etibarnaməni və Cavabdeh3 adına torpaq sahəsini sənədləşdirilməsinə etiraz etməməyi haqda xx.xx.2011 ci il tarixli ərizəni almışdır. Mübahisəli torpaq sahəsi hal-hazırda Qasımov Fərruxun adına Müşfiqabad Bələdiyyəsində qeydə alınıbdır. Fərdi yaşayış evi isə Cavabdeh3 tərəfindən 7 mart 2012-ci il tarixində xüsusi mülkiyyətində olan 3 otaqlı mənzilin satışı nəticəsində əldə etdiyi 29870 manat pul vəsaitiylə inşa edilibdir. Əliyev Ramin torpağı almayıbsa, evi tikməyibsə onda hansı birgə mülkiyyətdən danışmaq olar. Torpaq Svetlana tərəfindən alınıb və evdə Svetlananın əldə etdiyi 29870 manat pul vəsaitiylə inşa olunub. Nəki qaldı alqı -satqı müqaviləsinə həmin müqavilə standart şablonlu müqavilədir və hal-hazırdada eyni müqaviləylə minlərlə ilkin alqı-satqı müqavilələri bağlanılır. Məhkəmənin bildirdiyi kimi “ev nikah dövründə inşa olunduğu üçün birgə mülkiyyət hesab olunmağı“, özlüyündə absurtdu. Əliyev Ramin və İddiaçı nikah dövründə və birgə vəsaiti hesabına torpaq sahəsi almayıbdır. Bu daşınmaz əmlaklar yalnız və yalnız Cavabdeh3 maddi vəsaiti hesabına alınıbdır. Ehtimal etsək ki, İddiaçı Cavabdeh3 hasarın inşa edilməsi üçün 1200 manat pul vəsaiti verib onda bu hal borc kimi qiymətləndirilməliydi. Məhkəmə isə bu təfərrüatlara diqqət yetirməmiş, özünə rahat olduğu formada birgə nikah dövründə əldə olunmuş mülkiyyət kimi qələmə verilibdir. Sözü gedən fərdi yaşayış evinin inşaat materiallarının alınması, usta xidmətinin ödənilməsi heçdə az məbləğdə sərfiyyati deyil. Onun inşası üçün minlərlə pul vəsaiti lazımdır. Həmin dövürdə Cavabdeh3 mülkiyyətində olan mənzili sataraq əldə etdiyi pul vəsaitinin hesabına hazırki mübahisəli fərdi yaşayış evini tiktirmişdir. İddiaçı qızıl zinət əşyalarının satılmasından əldə etdiyi məbləğ iri məbləğdə olmaz və həmin məbləğ Cavabdeh3 evin inşası üçün verilmiş olsa da belə onu yalnız və yalnız borc kimi qiymətləndirmək mümkündür. Bildiyimiz kimi X21 Svetlananın oğlu olsa da belə Cavabdeh3 Əliyev Raminə və İddiaçı onların nikah dövründə hər hansı əmlakı Svetlananın birgə mülkiyyəti kimi qəbul etməyə borcu yoxdur. Nə ki qaldı xx.xx.2018-ci il tarixli 3M-968 saylı ilkin alqı-satqı müqaviləsinin etibarlığına müqavilə bütün qanuni şərtlərə əməl etməklə o, Cavabdeh1 bağlanmış və Qasımov Fərruxun etibarnamə üzrə nümayəndə Cavabdeh3 vasitəsiylə bağlanmşdır. Daşınmaz əmlak heç cür Əliyev Raminə və Əliyev Sevdaya aid edilə bilməz. Çünki bu əmlakların sahibi Cavabdeh3 olmuşdur, torpağın mülkiyyətçisi isə Qasımov Fərrux olmağını davam edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasına iştirak cavabdeh X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

12. Maddə 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

13. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

15. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

16. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.

17. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

18. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

19. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən yalnız X1 tərəfindən mübahisələbdirildiyindən hazırki apelyasiya baxışının predmetini qətnamənin adı çəkilən cavabdehə münasibətdə əsaslılığının və qanunuliyi yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə yenidən təmin edilməlidir.

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını düzgün seçməmişdir.

31. Belə ki, mübahisəli evin hazırki iş üzrə tərəflərin və ya hər hansı digər bir şəxsin mülkiyyətində olmaması və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması işin mübahisəsiz halını təşkil edir. Mülki qanunvericiliyin tələblərinə əsasən isə yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.

32. Göründüyü kimi mübahisəli fərdi yaşayış evi hər hansı şəxsin mülkiyyətində olmamış, hazırki mübahisənin predmeti də tərəflərin mülkiyyət hüquqlarının təsbiti və müdafiəsindən deyil, mübahisəli evdə məskunlaşmalarının, yəni ondan istifadə etmələrinin qanuni əsasının mövcudluğu ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi isə işə mülkiyyət hüququndan irəli gələn normaları tətbiq edərək baxmış, iddia tələbinin əsaslılığını iddiaçının bu cür hüquqlarının müdafiəsi ilə əlaqələndirmişdir ki, bu da maddi hüquq normasının pozulması ilə nəticələnmişdir.

33. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, hazırki mübahisəyə cavabdehin həmin evdə məskunlaşmasına hüquqi əsasların olub-olmaması və iddiaçının bu barədə iddia qaldırmağa subyektiv hüququnun mövcudluğu aspektindən baxılmalıdır.

33. Belə ki, mənzildən çıxarılmaya dair iddialar həll edilərkən, araşdırılmalı olan məsələ şəxsin yaşadığı yerdən məhrum edilməsinin qanuni olub-olmamasıdır. Məhrumetmə o halda qanuni ola bilərdi ki, məhrumetmə ilə bağlı nəticələrə yol verən şəxsin mübahisəli mənzil üzərində mülkiyyət və ya ondan irəli gələn digər hüquqları (istifadə və s.) olsun, lakin məhrum edilən şəxs bu hüquqlara sahib olmasın və qanunvericiliklə də təsbit edilməsin. Əgər məhrumedən şəxsin belə bir hüququ yoxdursa və ya məhrumedilən də onunla birlikdə eyni hüquqlara sahibdirsə, bu halda məhrumetmə qanunsuz sayılır.

34. İş materiallarına əsasən müəyyən olunur ki, Qaradağ Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli 2(002)-1452/2019 saylı qətnaməsi ilə iddia təmin olunaraq İddiaçı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X14, xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2016-cı il təvəllüdlü X15 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni yaşayış massivi 2, küçə 6, 9 saylı evə köçürülməsi qət edilmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli 2(103)-12991/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qaradağ Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli 2(002)-1452/2019 saylı qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2/102/-3625/2020 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli 2(103)-12991/2019 saylı qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

37. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-6971/2020 saylı qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı iş üzrə 08 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)2735/2021 saylı Qərarı Cavabdeh3 kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6971/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

39. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qanunvericinin tələbindən də anlaşıldığı kimi, iddiaçının müvafiq payı artıq qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsbit olunduğundan, hazırki iş üzrə mülkiyyətin əldə edilməsi üsullarının yenidən araşdırılması məqsədəuyğun hesaba edilmir.

40. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından və işin hallarından da göründüyü kimi hazırki iş üzrə iddiaçının mübahisəli evdə məskunlaşması qanuni əsaslara söykənmiş, onun həmin evdən istifadə hüququ artıq başqa bir məhkəmə mübahisəsində öz təsbitini tapmış və yenidən müzakirə və ya sübut olunması qanunvericiliklə nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Bu isə o deməkdir ki, məhrumetmə ilə bağlı nəticələrə yol verən şəxsin mübahisəli mənzil üzərində müvafiq hüquqları qanuni qüvvəsini almış məhkəmə aktları isə təsbit edilmişdir. Artıq bu zaman cavabdehlərin də mübahisəli evdə eyni və ya analoji hüquqla məskunlaşıb-məskunlaşmaması müəyyən edilməlidir.

41. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsində qeyd edilir ki, Bakı şəhəri Müşviqabad Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı Qərarına əsasən satıcı X4 ona ayrılmış Bakı şəhəri Müşviqabad qəsəbəsində yerləşən fərdi mənzil inşa etmək üçün ayrılmış 0,03 ha torpaq sahəsinin üzərində tikilmiş tikilini özəlləşdirdikdən, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra 3900 manata alıcı Cavabdeh2 satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Müqavilə bağlanarkən Fərrux Qasımovu etibarnamə əsasında Cavabdeh3 təmsil etmişdir.

42. Yuxarıda adı çəkilən qətnamələr ilə müəyyən olunur ki, mübahisəli predmet özbaşına tikili olmaqla iddiaçının birgə nikah dövründə əldə etdiyi əmlakdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2/102/-2735/2021 saylı Qərarından göründüyü kimi mübahisəli yaşayış evi və altındakı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmin əmlaklar barəsində alqı-satqı müqaviləsinin (əsas müqavilənin) bağlanması qeyri mümkündür, belə olan halda isə bu əmlaklar barəsində ilkin müqavilənin bağlanması da yolverilən olmadığından xx.xx.2018-ci il tarixdə bağlanmış ilkin müqavilə əhəmiyyətsiz hesab edilmiş və qətnamələrlə müəyyən edilmişdir ki, - mübahisəli evin Cavabdeh2 satılması və hazırda onun ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşaması üçün hər hansı hüquqi əsas mövcud deyildir.

43. Digər tərəfdən Kollegiya həmçinin qeyd etmişdir ki, ilkin müqavilənin bağlanması mümkün hesab edilmiş olsa belə, hazırki ilkin müqavilə yenə də əhəmiyyətsiz hesab ediləcəkdir, belə ki, Mülki Məcəllənin 402.4-cü maddəsinə görə ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5-ci maddəsinə görə əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Hazırki iş üzrə isə ilkin müqavilə xx.xx.2018-ci il tarixdə bağlanmış, müqavilədə əsas müqavilənin bağlanması üçün müddət müəyyənləşdirilməmişdir, odur ki, qeyd olunan maddənin tələbinə əsasən həmin müqavilə bir il müddətinə, yəni xx.xx.2019-cu il tarixə qədər qüvvədə olmuşdur.

44. Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.

45. Göründüyü kimi cavabdeh mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ona məxsus olduğunu iddia etsə də, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə həmin torpaq sahəsinə dair bağlanmış ilkin alqı-satqı müqaviləsi əhəmiyyətsiz hesab edilmişdir.

46. Beləliklə, yuxarıda istinad olunan hallara əsasən məhkəmə hesab edir ki, cavabdehlər mübahisəli fərdi yaşayış evində hər hansı qanuni əsas olmadan yaşamışdır.

47. Həmçinin qeyd edilir ki, iş materiallarında olan sənədlər və proses iştirakçılarının izahatına əsasən tərəflərin həmin evdə birgə yaşamaları da mümkün olmamaqla iddiaçının qanunla qorunan hüquq və mənafelərinin pozulmasına gətirib çıxarır.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün sadalansa da, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən qətnamə Cavabdeh2 münasibətdə ləğv edilməli, iddia tələbi qeyd edilən əsaslarla yenidən təmin edilməlidir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

50. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

52. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

53. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1080/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən, yəni Cavabdeh2 münasibətdə ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia tələbi Cavabdeh2 münasibətdə yenidən təmin edilsin. Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, yeni yaşayış massivi 2, küçə 6, 9 saylı evdən çıxarılsın. İş üzrə apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar