Məhkəmə qərarları › İş №2(103)-458/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-458/2024

27.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-458/2024 27.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-458/2024 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2367/2023 saylı, 29 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********02002) ilə bağlı Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş akta görə itirilmiş qaz sərfiyyatının bərpası üçün hesabat aparılmış və hesablanmış 4252.78 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********02002) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə itirilmiş qaz sərfiyyatının bərpası məqsədi ilə hesablanmış 4252.78 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən qeydiyyatsız fərdi yaşayış evi İddiaçı məxsusdur və iddiaçı zərurət olmadığı üçün həmin ünvanda uzun müddətdir ki, yaşamır. Bu səbəbdən də həmin ünvanda təbii qazdan böyük miqdarda sərfiyyat edilməmişdir. 2022-ci ilin mart ayında sayğacdan sonra qoşulan qaz xəttində nasazlıq-sızma olduğu üçün həmin ayda sərfiyyat çoxalmışdır. İddiaçı qeyd edir ki, yaşadığı müddət ərzində o vaxtı-vaxtında həmin ünvana aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir və həmin ünvanda quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. Cavabdeh əməkdaşları tərəfindən iddiaçının məlumatı olmadan həmin ünvana baxış keçirilmiş və təbii qazdan qeyriqanuni istifadə olunduğu aşkar edilmişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə akt tərtib edilərək İddiaçı itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 4252.78 manat məbləğində borc yazılmışdır. Sözügedən aktlar iddiaçının iştirakı olmadan tərtib olunmuş və yalnız Cavabdeh əməkdaşları tərəfindən imzalanmışdır. Aktlara əlavə olunmuş fotoşəkillər isə həmin ünvana məxsus deyildir, fotoşəkillər sözügedən ünvanda çəkilməmişdir. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli rəydə iddiaçıya məxsus ünvanda mövcud olmuş qaz cihazlarının adı göstərilmişdir. Həmin rəydə “PQ-4”, “QSQ” və “Dəmir soban”ın olması qeyd olunmuşdur. “PQ-4” tipli qaz plitəsinin saatlıq qaz sərfiyyatı 1,2 kub metr, “QSQ”nin saatllıq qaz sərfiyyatı 1,5 kub metr, “Dəmir soban”ın saatlıq qaz sərfiyyatı 1,4 kub metr, orta günlük iş rejimi isə bütün cihazlar üçün 24 saat olmaqla hesabat 360 gün üçün aparılmışdır. 2. İddiaçı həmin ünvanda uzun müddət yaşamadığı üçün “QSQ” və “Dəmir soban”ın həmin ünvanda quraşdırılması üçün zərurət olmamış, qeyd edilən cihazlardan yalnız PQ-4” tipli qaz plitəsi mövcud olmuşdur. Bundan başqa komissiyanın rəyində qeyd olunan cihazların 360 gün ərzində 24 saat fasiləsiz işləməsi qeyd olunsa da, aydındır ki, hər hansı bir qaz cihazının 360 gün müdətində fasiləsiz işləməsi mümkün deyildir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2367/2023 saylı, 29 avqust 2023cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən İddiaçı **********02002 saylı abunə koduna hesablanmış 4250,88 manat məbləğində borcun silinməsi, cavabdehdən 62,51 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 165 manatın Cavabdeh İB tərəfindən X1 hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 614.3, 1096.1, 1096.2-ci maddələri, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3, 18 və 26-cı maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11.6, 13.8, 13.8-1, 13.9-cu maddələrinə, “X5”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 97.1, 115, 115.0.1, 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında AzərbaycanRespublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 4250,88 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti müdafiə edərək təmin edilməsini, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (aktın tərtib olunduğu tarixdə mövcud olan yeni redaksiyada)

11. Maddə 13. 8-1 bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X5»

12. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

13. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

14. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

15. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar.

16. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Cavabdeh tərəfindən qətnamənin yalnız iddianın təmin edilən hissəsi mübahisələndirildiyindən qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

26. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən fərdi evdə “X5”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və xx.xx.2022-ci il tarixdə tərtib olunmuş ******* saylı aktın əsasında dəymiş ziyanın həcmi 35424 m3 hesablanmışdır.

27. “Təbii X5nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* №-li akta əsasən mənzilə baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunduğu aşkar olunmuş, İddiaçı aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir.

28. Abonentin saldosundan görünür ki, 2022-ci ilin noyabr ayında abonentin qalıq və aktlar üzrə 4250.88 manat borcu mövcuddur.

29. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq tərtib edilmiş xx.xx.2023-cü il tarixli 10/3340 saylı ekspert rəyinə əsasən, qaz xətlərinə hər hansı sayğacdan kənar qoşulmanın olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb etmədiyi üçün ekspertiza fəaliyyətinin vəzifəsinə aid deyildir. Əvvəllər qanunsuz qoşulma hallarının mövcudluğunun müəyyən edilməsi istiqamətində ekspert tərəfindən hər hansı tədqiqat aparması metodiki baxımdan mümkün deyildir. ARDNŞ-nin Şurasının xx.xx.2011- ci il tarixli 11 nömrəli qərarına 2 nömrəli əlavə “Qaz işlədicilərinin saatlıq qaz sərfi normaları haqqında Təlimat”ın və ARDNŞ “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən təsdiq edilmiş “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyyələr”in tələblərinə əsasən PQ-4 (duxovkalı) tipli qaz avadanlığının 1 saat ərzində sərf etdiyi qazın miqdarı 1.2 m3 /saat, 18000 Kkal/saat gücündə qənaətli su qızdırıcısının 1 saat ərzində sərf etdiyi qazın miqdarı 2.25 m3 /saat, dəmir sobanın 1 saat ərzində sərf etdiyi qazın miqdarı isə 1.4 m3 /saat qəbul edilmişdir. Məhkəmə tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evində (abonent kodu:**********02002) qaz xəttinə sayğacdan kənar qoşulmanın olduğu müddət müəyyən edildikdən sonra, sayğacdan kənar qaz xəttinə qoşulma nəticəsində Cavabdeh İB-nə dəymiş ziyan hesablana bilər.

30. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq tərtib edilmiş xx.xx.2023-cü il tarixli 3/770 saylı ekspert rəyinə əsasən, tədqiqata təqdim edilən borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edilmiş, təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir.

31. Apellyasiya baxışı zamanı işlə bağlı mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Təzimləmə Agentliyinə müraciət edilmiş, sonuncu tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi daxil olmuşdur.

32. Həmin rəydə qeyd edilmişdir ki, 1) ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən fərdi yaşayış evində **********4 nömrəli “Zenner” G-4T markalı mexaniki tipli qaz sayğacı xx.xx.2020-ci il tarixində quraşdırılmışdır; 2) İddiaçı ilə Cavabdeh İB arasında “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2023-cü il tarixli, 04/3640 nömrəli müqavilə bağlanmış, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt və istehlakçının abonent saldosundakı məlumatların (AGİS) təhlili göstərir ki, qaz sayğacının quraşdırıldığı xx.xx.2020-ci il tarixindən etibarən sayğac istehlak olunan təbii qazın həcmini qeydə almış və Cavabdeh İB tərəfindən onun işlək vəziyyətdə olmaması barədə hər hansı akt tərtib edilməmişdir. “Zenner” G-4T markalı mexaniki tipli qaz sayğaclarının texniki pasportuna istinadən sayğacın istismar müddəti 10 il müəyyən edilmişdir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tələblərinə uyğun olaraq məişət qaz sayğalcları üçün dövrü yoxlama (növbəti yoxlama) müddəti 5 il müəyyən edilmişdir; 3) Abonentin qaz sərfinə dair saldosundan görünür ki, **********4 nömrəli “Zenner” G-4T markalı mexaniki tipli qaz sayğacının göstəricisinə əsasən 2021-ci il üzrə orta aylıq qaz sərfi 27 kub metr, 2022-ci il üzrə isə 121 kub metr təşkil edir. istehlak olunan təbii qaza görə istehlakçı tərəfindən 2021-2022-ci illər ərzində ödəniş edilməmişdir.

33. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin istinad etdiyi aktlar iddiaçının təbii qazdan qeyri-qanuni sayğacdan kənar xətt istifadə etməsi barədə tərtib edilmiş, aktlar iddiaçı tərəfindən imzalanmamışdır. Aktlarda iddiaçının onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktın tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir.

34. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

35. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

36. O cümlədən məhkəmə bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın nəticəsində tərtib olunan xx.xx.2023-cü il tarixli 3/770 saylı ekspert rəyində də göstərilmişdir ki, tədqiqata təqdim edilən borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edilmiş, təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində qeyd edilən ekspert rəyinin onların nümayəndəsinin iştirakı olmadan alındığını bildirirərək təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı qeyd edilən təkrar ekspertizanın keçirilməsi təmin edilsə və tərəflərin hər biri, cavabdeh də daxil olmaqla bu barədə məlumatlı olsalar da, yenə də öz nümayəndələrinin iştirakını təmin etməmiş və buna görə də ekspertizanın keçirilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə kollegiyası işdə mövcud olan sübutlarla işə mahiyyəti üzrə baxılmasını haqlı hesab edərək iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsinin hansısa mötəbər sübutla təsdiqlənmədiyi qənaətinə gəlir.

37. Digər tərəfdən, istehlakçının qazpaylayıcısına zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir.

38. Belə ki, məhkəmə kollegiyası tərtib olunan xx.xx.2022-ci il tarixli akt 2022-ci ilin may ayının 1-dən sonra tərtib olunduğundan ona münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun (hazırda qüvvədə olan, 2022-ci il mayın 1-dən qüvvəyə minmiş redaksiyada) 13-cü maddəsinin 8-1 bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

39. Lakin qeyd olunan maddənin tələblərinə uyğun birliyin əməkdaşlarının hərəkət etməsi də iş materiallarında müəyyən olunmur.

40. Beləliklə, kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

42. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

44. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

45. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2367/2023 saylı, 29 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar