Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4580/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı “hərracın nəticələrinə dair protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 aprel 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil1 və Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, X1 küçəsi, ev 2 “A” ünvanında yerləşən 26 saylı mənzillə bağlı cavabdeh “X2” MMC-nin (bundan sonra – Hərrac Mərkəzi) hərracın nəticələri barədə xx.xx.2021-ci il tarixli, 26/03 saylı protokolunun və həmin mənzilə dair hərrac protokolu əsasında cavabdeh Hərrac Mərkəzi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Alğısatqı müqaviləsinin” etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2023-cü il tarixdə verilmiş “Çıxarışın” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1503/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, hazırkı iş üzrə iddiaçıdan ümumilikdə 63.202 ABŞ dolları məbləğində pul tutularaq hazırkı iş üzrə Cavabdeh2 ödənilməlidir. İcra sənədi icra edilməsi üçün Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin icra sənədinin icrası ilə əlaqədar icra sənədi üzrə borcluya, yəni hazırkı iş üzrə iddiaçıya məxsus (iddia ərizəsində qeyd edilən ünvanda yerləşən) mənzilin üzərinə həbs qoyulmuş və mənzil borc tələblərinin ödənilməsi üçün açıq hərraca çıxarılmışdır. Hərrac cavabdeh Hərrac Mərkəzi tərəfindən təşkil edilmiş və keçirlmişdir. Hərrac bir sıra qanunvericilik normalarının pozulması ilə həyata keçirilmişdir. İddiaçının tutulmanın onun əmlakına yönəldilməsindən məlumatı olmamışdır, qanunvericiliyə əsasən borclunun yetərli pul vəsaiti olmadıqda tutma onun əmlakına yönəldilə bilər, lakin icra məmuru borclunun pul vəsaitinin olub-olmamasını yoxlamamış, işləməsini və ya pensiya almasını müəyyən etmədən birbaşa tutmanı onun əmlakına yönəltmişdir. Əmlak birgə nikah dövründə əldə edilmişdir, ona və həyat yoldaşına məlumat verilməmişdir. Hərracın keçiriləcəyi barədə iddiaçıya heç bir məlumat verilməmişdir, həmçinin iddiaçı hesab edir ki, Cavabdeh2 əmlakın dəyərini ödəməmişdir, yalnız borcu əvəzləşdirmişdir. Qanunvericilik hərracın keçirilməsi üçün iştirakçıların əvvəlcədən beh ödəməsini nəzərdə tutur, yalnız ipoteka saxlayan həmin behi ödəməkdən azaddır. Hazırki işdə isə satılan əmlak ipoteka predmeti deyil, icra sənədinin icrası ilə bağlı tutma yönəldilən əmlakdır, bu da eyni zamanda qanunauyğun deyildir. b) cavabdeh tərəfin iddia tələbinə dair münasibəti barədə məlumat
3. Cavabdeh2 iddiaya etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı yaşayış yerini dəyişməsi barədə İcra Şöbəsinə məlumat verməmişdir. İddiaçının başqa yaşayış sahəsi və adına olmayan digər əmlakları mövcuddur. Hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmişdir. İddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Cavabdeh2 həmçinin “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə verərək, iddia müddətinin keçməsi əsası ilə də iddianın rədd edilməli olduğunu bildirmişdir.
4. Cavabdeh Hərrac Mərkəzi məhkəmə baxışında nümayəndəsinin iştirakını təmin etməmiş və iddiaya yazılı etiraz verməmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 16 aprel 2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin dəlillərini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı tərəfindən tələbin əsaslılığı sübuta yetirilməmişdir. Məhkəmə araşdırması nəticəsində də hərracın etibarsızlığının əsasları müəyyən edilməmişdir. d) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə bütün faktiki halları nəzərə almamış və obyektiv araşdırma aparmamış, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat
9. Apellyasiya baxışında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) və apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş iddiaçının özü apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və iddia ərizəsinin, habelə şikayətin məzmununa uyğun izahat verdilər. Onlar əlavə olaraq bildirdilər ki, mübahisəli mənzil yeganə yaşayış sahəsi olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısına” əsasən mənzilin üzərinə tutma yönələ bilməzdir.
10. Cavabdeh Tariel Abasovun vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.
11. Cavabdeh Hərrac Mərkəzi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Hərrac Mərkəzinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
13. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1503/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, həmin iş üzrə cavabdeh, hazırkı iş üzrə iddiaçıdan ümumilikdə 63.202 ABŞ dolları məbləğində pul tutularaq həmin iş üzrə iddiaçı, hazırkı iş üzrə isə cavabdehlərdən biri olan Cavabdeh2 ödənilməlidir.
14. Həmin icra sənədi icra edilməsi üçün Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmiş və İcra Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.
15. İcra Şöbəsi tərəfindən hazırkı iş üzrə iddiaçıya xx.xx.2019-cu il tarixli “tələbin könüllü icrası haqqında bildiriş” göndərilmişdir.
16. Binəqədi Rayon Məhkəməsinin 8(011)-949/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli 2(001)-1499/2018 saylı icra sənədi üzrə borcluya (hazırkı iş üzrə iddiaçıya) məxsus və Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin və Bakı şəhəri, Binəqədi rayonu, X1 küçəsi 2 “A” ünvanında yerləşən 26 saylı mənzilin üzərinə həbs qoyulmuş və mənzil borc tələblərinin ödənilməsi üçün açıq hərraca çıxarılmışdır.
17. Hərrac Mərkəzi tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli bildirişə əsasən, mübahisəli mənzilin qiyməti 105.000 manat olmaqla mövcud qanunvericiliyə əsasən xx.xx.2021-ci il tarixdə “Birja yenilikləri” qəzetində elanı çıxmış və xx.xx.2021-ci il tarixə saat 11:00-dan 17:00-dək (növbəlilik əsasında) hərracı təyin edilmişdir.
18. Mənzilin satılması ilə bağlı xx.xx.2021-ci il tarixdə keçirilmiş hərrac nəticəsində 26/03 nömrəli protokol tərtib edilmiş və Cavabdeh2 ilə Hərrac Mərkəzi arasında mənzilə dair “Alğı-satqı müqaviləsi” bağlanmış, Cavabdeh2 həmin mənzili icra sənədi üzrə tələblərin əsas hissəsini təşkil edən 105.000 manatın əvəzi kimi qəbul etmişdir.
19. Bundan sonra, yəni xx.xx.2023-cü il tarixdə “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh2 “Çıxarış” verilmişdir.
20. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, keçirilmiş hərrac bir sıra qanunvericilik normalarının pozulması ilə həyata keçirilmişdir. İddiaçının tutulmanın onun əmlakına yönəldilməsindən məlumatı olmamışdır, qanunvericiliyə əsasən borclunun yetərli pul vəsaiti olmadıqda tutma onun əmlakına yönəldilə bilər, lakin icra məmuru borclunun pul vəsaitinin olub-olmamasını yoxlamamış, işləməsini və ya pensiya almasını müəyyən etmədən birbaşa tutmanı onun əmlakına yönəltmişdir. Əmlak birgə nikah dövründə əldə edilmişdir, ona və həyat yoldaşına məlumat verilməmişdir. Hərracın keçiriləcəyi barədə iddiaçıya heç bir məlumat verilməmişdir, həmçinin iddiaçı hesab edir ki, Cavabdeh2 əmlakın dəyərini ödəməmişdir, yalnız borcu əvəzləşdirmişdir. Qanunvericilik hərracın keçirilməsi üçün iştirakçıların əvvəlcədən beh ödəməsini nəzərdə tutur, yalnız ipoteka saxlayan həmin behi ödəməkdən azaddır. Hazırki işdə isə satılan əmlak ipoteka predmeti deyil, icra sənədinin icrası ilə bağlı tutma yönəldilən əmlakdır, bu da eyni zamanda qanunauyğun deyildir.
21. Məhkəmə ilk növbədə iddiaçının əsas tələbi olan mübahisəli mənzil ilə bağlı Hərrac Mərkəzinin hərrac nəticələri barədə xx.xx.2021-ci il tarixli protokolunun etibarsız hesab edilməsi hissəsində qiymət verərək bildirir ki, əmlak ipoteka predmeti olmadığı üçün əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması ilə mübahisə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəaları tətbiq edilməklə həll edilməlidir.
22. Mülki Məcəllənin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
23. İş materiallarından görünür ki, hərracın keçirilməsi barədə elan “Birja yenilikləri qəzetinin” xx.xx.2021-ci il tarixli sayında verilmişdir. Hərracın keçirilməsi barədə iddiaçının ünvanına göndərilmiş bildirişin tarixi də xx.xx.2021-ci il tarixdir. Lakin hərrac 30 günlük müddət gözlənilmədən xx.xx.2021-ci il tarixdə keçirilmişdir. Lakin hərracın Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaların pozulmaqla keçirilməsi Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
24. Mülki Məcəllənin 416.1-ci maddəsinə görə, Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
25. Məhkəmə həmçinin “iddia müddətinin tətbiq edilməsi barədə” Cavabdeh2 ərizəsi ilə bağlı bildirir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
26. İşin müəyyən edilmiş hallarına əsasən, hərracın keçirilməsi qaydaları pozulmuş, ən geci 30 gün qalmış iddiaçıya məlumat verilməmişdir. İddiaçının hüququnun pozulduğunu bildiyi müddətdən 1 il keçdikdən sonra məhkəməyə müraciət etməsini təsdiq edən hər hansı sübut cavabdehlər tərəfindən Rayon Məhkəməsinə təqdim edilməmişdir.
27. Belə olan halda qəbul edilməlidir ki, iddiaçı iddia müddətini ötürməmişdir və “iddia müddətinin tətbiq edilməsi barədə” Cavabdeh2 ərizəsi əsassızıdır.
28. Yuxarıda qeyd edilən hallar iddia tələbinin təmin edilməsi üçün yetərlidir. Lakin Rayon Məhkəməsi yuxarıda göstərilən halları müəyyən edə bilməmiş, iddia tələbini əsassız hesab edərək, rədd etmişdir.
29. Göstərilənlərə əsasən hesab edilməlidir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir.
30. Məhkəmə yuxarıda qeyd edilən və iddia tələbinin təmin edilməsi üçün əsas olan halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi digər dəlillərin araşdırlmasına lüzum yoxdur.
31. Göründüyü kimi mübahisəli mənzillə bağlı hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyi apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir.
32. Bununla bağlı Məhkəmə qeyd edir ki, hərrac etibarsız olduğundan onun hüquqi nəticələri də etibarsız hesab edilməlidir. Belə olan halda, mübahisəli mənzillə bağlı cavabdeh Hərrac Mərkəzinin hərracın nəticələri barədə xx.xx.2021-ci il tarixli protokolunun və həmin mənzilə dair hərrac protokolu əsasında cavabdehlər Hərrac Mərkəzi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməlidir.
33. Həmin müqavilə etibarsız hesab edildiyindən “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə verilmiş “Çıxarışın” ləğv edilməlidir. g) apellyasiya baxışının nəticələri
34. İddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş tələb əsaslıdır. Mübahisəli mənzillə bağlı hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyi təsdiq olunur. İşə baxmış Rayon Məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən halları düzgün müəyyən etməmiş, iddianı rədd etməklə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır.
35. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
36. Belə ki, MPM-in tələblərinə görə, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir (maddə 389.). Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir (maddə 390.). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun (maddə 387.1.).
37. MPM-in 385-ci maddəsinin tələbinə görə isə, yuxarıda qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında qismən ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
38. Məhkəmə həmçinin hesab edir ki, apellyasiya şikayəti və iddia tələbi təmin edildiyindən MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçın ödədiyi cəmi 150 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
39. Bundan başqa Məhkəmə bildirir ki, iddia təmin edildiyindən iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. Cavabdehlər isə MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdirlər.
40. Odur ki göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 aprel 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı “hərracın nəticələrinə dair protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbi barədə” iddiası təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, X1 küçəsi, ev 2 “A” ünvanında yerləşən 26 saylı mənzillə bağlı “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 19 mart 2021-ci il tarixdə keçirilmiş hərrac etibarsız olduğundan həmin hərracın nəticələri barədə 19 mart 2021-ci il tarixli, 26/03 saylı protokol və protokol əsasında cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 19 mart 2021-ci il tarixli “Alğı-satqı müqaviləsi” etibarsız hesab edilsin. Həmin müqavilə əsasında Cavabdeh2 adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarış” ləğv edilsin. İddiaçı tərəfindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 150 (yüz əlli) manat məbləğində pul cavabdehlər “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Cavabdehlər “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.