Məhkəmə qərarları › İş №2(103)-4582/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4582/2025

05.08.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4582/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(011)-6934/2021 saylı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 iyul 2025-ci il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadla İddiaçı “müvəqqəti təminat tədbirinin tətbiqi haqqında” ərizəsinin qismən təmin edilməsi, İddiaçı Cavabdeh3 və sonuncunun övladı – Cavabdeh4 qarşı irəli sürdüyü “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki işə baxılıb, iş üzrə qəbul edilə biləcək yekun məhkəmə qərarı qüvvəyə minənədək, həmin müqavilənin predmeti olan və ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin özgəninkiləşdirilməsinin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. İş üzrə tərəf olmayan, lakin qəbul edilmiş qərardadın onun maraqlarına toxunduğunu bildirən X5 ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, həmin mənzilin üzərinə qoyulmuş qadağanın götürülməsini (ləğv edilməsini) xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mələk Əhədova, alıcı olaraq onunlasatıcı olaraq Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsi” əsasında 363.000 manata almışdır. Mənzil “Daşınmaz əmlakın dövlət reyestrində” xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Mələk Əhədovanın adına qeydiyyata alınmış və bu barədə ona xx.xx.2024-cü il tarixdə “Reyestrdən çıxarış” verilmişdir. Mənzili aldıqdan bir müddət sonra Mələk Əhədovaya məlum olmuşdur ki, mülkiyyətində olan həmin mənzilin üzərində müvəqqəti təminat tədbiri mövcuddur. Halbuki, o, həmin mənzili alarkən mənzilin üzərində heç bir məhdudiyyət olmamışdır. Qeyd edilən müvəqqəti təminat tədbiri Mələk Əhədovanın mülkiyyət hüququnu pozduğu üçün ləğv edilməlidir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla ərizənin təmin edilməsini, Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə mənzil ilə həyata keçirilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsini qərara almışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mənzillə bağlı müvəqqəti təminat tədbirinin davam etdirilməsi mənzilin yeni mülkiyyətçisi olan Mələk Əhədovanın mülkiyyət hüququnu pozur. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsi və Mələk Əhədovanın ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qətnaməsi ilə borclu Cavabdeh3 53.000 manat borc məbləğinin, 6.218 manat məzənnə fərqinin, habelə 30,40 manat ödənilmiş dövlət rüsumu olmaqla 59.248,4 manat məbləğində pulun tutularaq tələbkar İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh3 həmin qətnamənin icrasından yayınmaq üçün həmin mənzili xx.xx.2020-ci il tarixdə bağlanmış “Bağışlama müqaviləsi” əsasında Cavabdeh4 bağışlamışdır. Həmin müqavilə tələbkar olan İddiaçı maraqlarına toxunduğu üçün Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhəməsinə müraciət edərək, həmin “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiasına dair mülki işə baxılıb, iş üzrə qəbul edilə biləcək yekun məhkəmə qərarı qüvvəyə minənədək, həmin müqavilənin predmeti olan mənzilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadla İddiaçı “müvəqqəti təminat tədbirinin tətbiqi haqqında” ərizəsinin qismən təmin edilməsi, “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiaya dair mülki işə baxılıb, iş üzrə qəbul edilə biləcək yekun məhkəmə qərarı qüvvəyə minənədək, həmin mənzilin özgəninkiləşdirilməsinin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi qərara almışdır. Həmin mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etsə də, İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mənzilə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında həmin mənzilə dair bağlanmış “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsini və sair məsələləri qət etmişdir. Qətnamə qüvvəyə minmişdir. Budan sonra Cavabdeh3 ondan cəmi 59.248,4 manat məbləğində pulun tutularaq tələbkar İddiaçı ödənilməsi haqqında Xətai Rayon Məhkəməsinin qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qətnaməsinin icrasından yayınmaq üçün İddiaçı məlum olmayan qaydada həmin mənzili xx.xx.2024-cü il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsi” əsasında Mələk Əhədovaya satmağa nail olmuşdur. Həmin “Alğı-satqı müqaviləsi” bağlanıla bilməzdir, çünki mənzilin üzərində müvəqqəti təminat tədbiri olmuşdur. Bu səbəbdən və müvəqqəti təminat tədbirinin görülməsinə əsas olmuş hal aradan qalxmadığı üçün Mələk Əhədovanın “müvəqqəti təminat təbirinin ləğv edilməsi barədə ərizəsi” təmin edilə bilməzdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və “mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə” ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, arbitraj mübahisəsi tərəflərinin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər (maddə 162.1.). İddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır (maddə 162.4.). İşin hallarından müəyyən edilir ki, mübahisəli mənzil ilə bağlı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadi ilə mübahisəli mənzil ilə bağlı həyata keçirilmiş müvəqqəti təminat tədbiri – mənzilin özgəninkiləşdirilməsinin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 və üçüncü şəxslərə qadağan edilməsi İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı irəli sürdüyü “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki işə baxılıb, iş üzrə qəbul edilə biləcək yekun məhkəmə qərarı qüvvəyə minənədək həyata keçirlmişdir. Son nəticədə həmin iddianın təmin edilməsi barədə iş üzrə məhkəmə qətnaməsi qəbul edilib, qətnamə qanuni qüvvəyə minsə də, qətnamə faktiki olaraq icra edilməmişdir. Belə ki, mübahisəli mənzil Cavabdeh3 adına keçəndən qısa müddət sonra Cavabdeh3 mənzili özgəninkiləşdirmiş, Mələk Əhədovaya satmışdır. Buna görə də, Məhkəmə, MPM-in 162.4-cü maddəsinin tələbindən çıxış edərək, hesab edir ki, mənzilin Cavabdeh3 tərəfindən Mələk Əhədovaya satılması halı mənzil ilə bağlı həyata keçirilmiş müvəqqəti təminat tədbirinin ləğvi üçün əsas yaratmamışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış, Mələk Əhədovanın ərizəsini təmin edərək, mənzil ilə bağlı həyata keçirilmiş müvəqqəti təminat tədbirinin ləğv etmişdir. Bu baxımdan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi və barəsində İddiaçı şikayət verdiyi qərardad ləğv edilməli və Mələk Əhədovanın verdiyi ərizə təmin edilməməlidir. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 iyul 2025-ci il tarixli qərardad ləğv edilsin. X1 “mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi (ləğv edilməsini) haqqında” ərizəsi təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar