Məhkəmə qərarları › İş №2(103)-4583/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4583/2023

17.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4583/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: elektrik enerjisindən istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)- 1630/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, UŞ 004539 nömrəli akta görə ünvan 1 ünvanında "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman mənzilə məxsus elektrik sayğacının sxeminin dəyişdirildiyi, sayğaca müdaxilə olunduğu, sayğacın istismara yararsız olması müəyyən edilmişdir.

2. Abunə kodu **********6009A olan abunə haqqında sənəddən görünür ki, xx.xx.2022ci il tarixli, UŞ 004539 nömrəli akta əsasən ünvan 1 ünvanına müvafiq olaraq 576,62 manat əlavə ödəniş hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə (abonent kodu **********60009A) cavabdeh "xxxx" ASC tərəfindən əsassız olaraq borc kimi yazılmış olan 576.62 (beş yüz yetmiş altı manat altmış iki qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil faktiki olaraq iddiaçı və onun ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda abonent kodu **********60009A olmaqla cavabdeh "xxxx" ASC tərəfindən işıqla təmin olunmaqdadır. Həmişə iddiaçı tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan işıqla təmin olunub. 16 dekabr 2022-ci il tarixində cavabdehin əməkdaşları onun ünvanına gələrək sayğac yaxşı işləmir deyə sayğacı dəyişdirilmişdir. Sayğac dəyişdirilən zaman tərtib olunmuş aktda sayğaca müdaxilə ilə bağlı və ya onun zədələnməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. 9 fevral 2023-cü il ona göndərilən bildirişdən məlum oldu ki, onun iştirakı və xəbəri olmadan götürülmüş sayğaca baxış keçirilmiş və bu barədə akt tərtib olunmuş, guya sayğaca müdaxilə olunduğu üçün 576.62 (beş yüz yetmiş altı manat, altmış iki qəpik) manat borc yazılıb. Guya onun həmin aktı imzalamaqdan imtina etdiyi bildirilmişdir. İddiaçı həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Ümumiyyətlə, həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə də iddiaçı harasa dəvət olunmamışdır. 576.62 (beş yüz yetmiş altı manat, altmış iki qəpik) manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Sayğac çıxarılan zaman cavabdehin əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, ona görə də hesab edir ki, əsassız olaraq borc kimi yazılmış olan 576.62 (beş yüz yetmiş altı manat, altmış iki qəpik) manatın "xxxx" ASC tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-1630/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanı üzrə “**********60009A” saylı abunə koduna hesablanmış 504.62 (beş yüz dörd manat altmış iki qəpik) manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, elektrik enerjisi sayğacı evdən kənarda, yəni çöldə quraşdırılmış, qeyd olunan akt tərtib olunarkən isə qanunvericiliyin tələblərinə riayət olunmamış, borc düzgün hesablanmamış və istehlakçının hüquqları pozulmuşdur. Məhkəmə iddia tələbinin akta əsasən hesablanmış 576.62 manat məbləğində borcun silinməsi hissəsi ilə əlaqədar qeyd edir ki, akta əsasən iddiaçıya 240 gün üçün əlavə ödəniş hesablanmışdır. Elektrik enerjisindən istifadə üzrə hesablaşma dövrünə uyğun olaraq iddiaçıya bir ay üçün əlavə ödəniş hesablanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır və iddiaçıya aşağıda göstərilən qaydada 30 gün üçün əlavə ödəniş hesablanmalıdır: 5A x 0.22 x (0.7) x 24 saat x 30 gün=554.4 kvts (0.13 man)=72 manat. Akta əsasən hesablanmış borcun digər hissəsi – 504.62 manat isə (576.62-72) əsassız hesab edilməklə iddiaçının abunə hesabından silinməlidir.

7. Məhkəmə gəldiyi nəticəni «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi, «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndi, 17-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6, 7.11, 8.17, 8.32, 8.33-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 217.3, 217.4, 216- 220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)-1630/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən-iddia tələbinin təmin olduğu hissəsinin ləğv edilməsi və iddianın tam təmin olunmaması barədə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinin (abunə kodu: **********60009A) quraşdırılmış elektrik sayğacı yenisi ilə əvəz olunaraq, Laboratoriya Mərkəzinə yoxlanması üçün göndərilmişdir. Yoxlama nəticəsi xx.xx.2022-ci il tarixli 004539 saylı akt-protokolda qeyd edilmişdir “dövlət möhürü normaldır. Sayğacın gövdəsinin arxa hissəsi qermetik hissədən kəsilərək daxili sxem dəyişdirilib. Sayğaca müdaxilə olunub.” Aktın əsasında abonenta itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 4.435kvts576,58 manat əlavə hesabat təqdim edilmişdir. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair xx.xx.2022-ci il tarixli qərarına əsasən 30.06. 2022-ci il tarixli 004539 saylı akt-protokol üzrə 4.435( 5A*0,22*(0.7)*24 saat*240 g ü n ) kvts. itirilmiş elektrik enerjisinin dəyəri 576,58 manat (4.435kvts*0,13man) məbləğində müəyyən edilməklə abonentin (kod **********60009A) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Hesab edir ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

11. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmiş, izahatında əlavə olaraq bildirir ki, birinci instansiya məhkəməsinin qərarı ilə razı deyillər, çünki onlar hesab edir ki, abonent sayğaca müdaxilə edib. Sayğac quraşdırılandan sonra yəni, aprel ayında onlar görür ki, sərfiyyat 2-3 qat artıb. Məhkəmə qətnaməsində yazıb ki, 504 manat 62 qəpik yazmışdır. 1 aylıq pulu saxlayıb, qalan pulu silib. Lakin, abonent tərəfindən həmin bu borcdan 406 manat borc qalıb. Sayğacdan istifadə olunan məbləğ ayrıdır. Abonent 70 manatdan əlavə borcun bir hissəsini də ödəyib. Bu günki gündə abonentin 504 manat borcu olmalıydı, lakin, 406 manat borcu qalıb. Abonent artıq ödəyib. Əgər o, özünü günahkar hiss etməsə idi, artıq ödənişlər ödəməzdi. Ona görə də onlar hesab edir ki, onlar bütün pulu tələb edə bilər. İyul ayında abonent 27 manat dəyərində sərfiyyat istifadə edib. Lakin iyun ayının 2-ə qədər ödəniş olunmayıb və 3 manat da üstünə gəlib olub 30 manat. Məhkəmə 240 manat qeyd edib, abonent ödəniş etməyib.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

14. Həmin Məcəllənin 1092.1-ci maddəsində qeyd edilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

15. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

16. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının,o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.

18. Qaydaların 10.17-ci bəndində qeyd edilir ki, enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

23. İddiaçı xx.xx.2022-ci il tarixli, UŞ 004539 nömrəli akta əsasən hesablanmış 576,62 manat məbləğində borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir.

24. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətinin dəlili olaraq qeyd etmişdir ki, akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və 576,58 manat borc 4435 kvts. itirilmiş elektrik enerjisinin dəyəri olaraq hesablanmışdır.

25. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarının araşdırılması zamanı sayğacın mənzildən kənarda ümumi istifadədə olan ərazidə quraşdırılması müəyyən edilir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. Həmçinin qeyd edilməlidir ki, işçi vəziyyətdə saxlanılmasına görə cavabdehin məsuliyyət daşıdığı sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir, bununla da, tərtib edilmiş akt etibarlı olmamışdır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

27. Məhkəmə kollegiyası iddia tələbinin qismən təmin edilməsi, iddiaçıya məxsus abonent koduna hesablanmış 504,62 manat borcun silinməli olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçıya məxsus mənzillə bağlı quraşdırılmış sayğacda qüsur müəyyən edildiyi üçün və bu qüsurların abonentin təqsiri üzündən olduğu müəyyən edilmədiyi üçün iddiaçıya elektrik enerjisindən istifadə üçün 1 aya görə əlavə ödəniş ödəniş hesablanmalıdır. xx.xx.2022-ci il tarixli, UŞ 004539 nömrəli aktın etibarlılığı öz təsdiqini tapmadığı üçün akta əsasən hesablanmış 576,62 manat borcun iddiaçıdan tutulması əsassızdır. Belə olan halda iddiaçıya 72 manat (5A x 0.22 x (0.7) x 24 saat x 30 gün=554.4 kvts (0.13 man)=72 manat) əlavə ödəniş hesablanmalı və 504,62 manat borc silinməlidir.

28. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

31. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-1630/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar