Məhkəmə qərarları › İş №2(103)-4583/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4583/2024

16.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4583/2024 16.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “ Azəriqaz” İB-nə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər:( kommunal xərclərlə bağlı istehlakçıların hüquqlarının müdafiəsi, borcun silinməsi ) hakimlər X1, İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh “ Azəriqaz” İB-nə qarşı “kommunal xərclər ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi, borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3896/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh İB-dən ona qarşı hesablanmış (sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək) 1318,84 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3896/2024 nömrəli işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı **********00021 saylı abonent koduna hesablanmış 1318 manat 84 qəpik məbləğində borcun silinməsi, Cavabdehndən 33 manat 19 qəpik dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

2. İddia ərizəsində qeyd etmişdir ki, o, ünvan 1 ünvanında yerləşən fərdi evdə yaşayır, qeyd edilən yaşayış evi ona məxsusdur və həmin evə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və onunla "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən onun ünvanında Smartkart tipli sayğac quraşdırılmışdır. Cavabdeh əməkdaşları tərəfindən evdə guya əlavə xətdən istifadə edilməsi ilə bağlı müxtəlif aylarda cərimə yazılıb. Bunların heç birindən xəbəri olmayıb. Qaz idarəsində o, həmin aktları və şəkilləri tələb etsə də, aktları vermədilər. O, təklif etmişdir ki, komissiya təşkil edilsin və evə baxış keçirilsin, amma onlar razı olmayıb məhkəməyə müraciət etməli olduğunu demişlər, onun abonent hesabına 1347,84 manat mənə cərimə yazıblar, hazırda 1318,84 manat borcu qalıb və həmin məbləğin silinməsini istəyir. 3.Qətnamədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7, 4.8, 4.9; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8, 8-1, 9; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77-ci maddəsinə istinadən qeyd edilmişdir ki, əvvəla, 12/2023-cü il tarixi üzrə “Qalıq və aktlar” qrafasında 1347,84 manat borcun yazılmasına, o cümlədən 03/2024 tarixinə ay sonuna 1318,84 manat borc yaranmasına əsas verən hər hansı sübut iş materiallarından görünmür və bu hallara dair cavabdeh tərəfindən də hər hansı sübut təqdim edilməmişdir, ikincisi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır, üçüncüsü, qanunvericiliyə uyğun olaraq, istehlakçının qazın talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyətinə malik olan orqan (qurum), cinayət təqibi orqanı və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Belə olan halda, iddia təmin edilməli, iddiaçının abonent koduna hesablanmış 1318,84 manat borc silinməlidir. Göstərilənlərə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından və iddiaçının sayğaca müdaxilə etməsi halı müəyyən edilmədiyindən iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən itirilmiş qazın bərpası məqsədilə iddiaçının **********00021 saylı abonent koduna hesablanmış 1318,84 manat məbləğində borc pul silinməlidir.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - xx.xx.2024-cü il tarixli abonent saldosuna əsasən, İddiaçı ünvan 2 ünvanı üzrə **********00021 saylı abonent koduna “Qalıq və aktlar” qrafasında 12/2023-cü il üçün 1347,84 manat borc hesablanmış, 03/2024 tarixinə ay sonuna borc 1318,84 manat olmuşdur; - Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, R.Allahverdiyev küçəsində quraşdırılmış **********00021 abonent kodlu qaz sayğacı İddiaçı adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, abonentin - iddiaçının **********00021 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 12/2023-cü il üçün 1347,84 manat borc hesablanmış, 03/2024 tarixinə ay sonuna borc 1318,84 manat olmuşdur, hazırda həmin borc məbləği iddiaçıdan tələb edilir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh apellyasiya şikayəti verərək, Xətai rayon Məhkəməsinin xx.xx.2024 tarixli 2(011)- 3896/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21; “ Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88, 217.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq, əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qazxəttinə qoşulma mövcuddur. Tərəflərdən təqdim olunmuş sübutlara,yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim etdiyi sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırıls abonentin Azəriqaz İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Məhkəmə işin hərtərəfli araşdırlması üçün qanunvericliyin tələblərinə uyğun olaraq müvafiq prosessual hərəkətləri həyata keçirə bilərdi və bununla da qətnamə qanunvericliyin tələblərinə uyğun olmuş olardı. Belə ki, məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür. Həmçinin, hakim iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq təmin etdiyini öz qərarında tam bildirməmişdir. Mülki Prosessual Məcəllənin əsaslandığı maddəsinə nəzərən, hakim iddianı nəyə görə təmin etdiyini tam və sübutlarla əsaslandırmadığına görə, işə yenidən baxılaraq, iddianın təmin edilməməlidir. Göründüyü kimi məhkəmə qətnaməsi iddiaçının izahatına və məhkəmənin qanuna söykənməyən mülahizəsinə dayanmaqdadır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 6.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 7.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən:6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 6-1.1. Qaz paylayıcısı tərəfindən müayinə və texniki xidmət məlumatları üzrə reyestr (bundan sonra – Reyestr) yaradılır. Reyestrə daxil edilmiş məlumatlar müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) və istehlakçılar üçün açıq olmalıdır. Reyestrin aparılması və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 2. Qaz paylayıcısı müayinə və texniki xidmətlə bağlı məlumatları müayinənin və ya texniki xidmətin keçirildiyi vaxtdan 5 (beş) iş günündən gec olmayaraq Reyestrə daxil etməlidir. 6-2.1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir.Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür.Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 6-3.1. Qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6-3.2. Müayinə aktında istehlakçının qaz qurğularına və qaz xətlərinə texniki xidmətin qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulduqda, o, bu Qanunun 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən müayinə aktını tərtib etdikdən sonra 2 (iki) iş günü müddətində istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) texniki xidmətin göstərilməsi ilə bağlı müqaviləni sifarişli poçt göndərişi və ya istehlakçının razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir (göndərməlidir). İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) müqavilə şərtləri ilə razı olduqda 3 (üç) iş günü müddətində müqaviləni imzalayaraq qaz paylayıcısına onun təqdim edildiyi (göndərildiyi) üsulla təqdim edir, razılaşmadıqda isə həmin müddətdə seçdiyi ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti barədə məlumatı bu Qanunun 6-3-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan qaydada qaz paylayıcısına təqdim etməlidir. Tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət bu Qanunun 6-3-cü maddəsinin 7-ci hissəsinə uyğun olaraq yaşayış evlərinə münasibətdə istehlakçının seçdiyi ixtisaslaşmış podratçı, digər tikinti obyektlərinə münasibətdə isə bu Qanunun 6-3-cü maddəsinin 6-cı hissəsinə uyğun olaraq ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən həyata keçirilir. 13.6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandırır: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3cü maddələrinin tələblərini yerinə yetirmədikdə; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında. 13.7. İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qazın verilməsi bərpa edilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 13.8.Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 8.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə Təsdiq edilmiş X2 tələbələrinə əsasən:3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; 3.1.6. bu Qaydaların 3.2.7-ci və 3.2.9cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu yarımbəndində nəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı; 3.1.7. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalı; 3.1.8. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq müayinəni həyata keçirməli;3.1.9. qazpaylayıcı şəbəkəyə texniki xidməti həyata keçirməli;3.1.10. bu Qaydaların 2.11- 1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir;3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir.4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir.5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir.5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə).6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 9.İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən (3 və 8-ci maddə): Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir:malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə;istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına;malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə;malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə;qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə;öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə;ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə. Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 10.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2 və 560.3.4-ci maddələrinə əsasən: Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadə kimi nəzərdə tutulmuşdur. Məcəllənin 1096.1-1096.2 əsasən: Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 11.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3 və 14.2-ci maddələrinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 106.1-106.2-ci maddələrinə müvafiq: işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 12.Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: İ.Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. 13.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X2 təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarına; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2, 189-1, 314-4; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 76, 77, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, cavabdehin apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin bu əsaslarla dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, ümumiyyətlə iş materiallarında iddiaçı tərəfindən pozuntu törədilməsi ilə bağlı hər hansı mötəbər sübut aşkar edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə sübutlar təqdim edilməsi üçün kifayət qədər vaxt verilsə də cavabdeh təşkilat hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə hüquqdan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə icraatı qaydasında mübahisəlidir və müzakirəyə çıxarılan sübutlar təkzibediləndir. Qeyd edilən müstəvidə mülki münasibətlərin səciyyəsi, deliktin mövcudluğu və onun kim tərəfindən törədilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, bunun səbəbləri və ya digər xüsusatların əsasları mübahisə edilən hissədə müəyyən edilmir. 14.Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci (şikayətin əsassızlığı nəzərə alınaraq) onu ödəyən şəxsə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 15.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3896/2024 nömrəli işi üzrə 15 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar