Məhkəmə qərarları › İş №2(103)-4584/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4584/2023

17.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4584/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Dövlət Notariat ofisinə qarşı iş üzrə (Açar sözlər: miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin uzadılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X2, Cavabdeh1, nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Dövlət Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1794/2023 nömrəli 23 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ölüm haqqında şəhadətnaməyə əsasən X14 14 sentyabr 1991-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.

2. Qanun üzrə vərəsəlik hüququ haqqında 19 mart 2010-cu il tarixli şəhadətnaməyə görə 14 sentyabr 1991-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi Cavabdeh1dır və şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş xx.xx.2010-cu il tarixli 14/665 nömrəli arayışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1237 ünvanındakı 0,2460 ha-dan ibarət torpaq sahəsindən ibarətdir.

3. X12 tərəfindən Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoruna göndərilən ərizədə sonuncu göstərmişdir ki, 14 sentyabr 1991-ci il tarixdə vəfat etmiş X6 qalan bağ ona düşən vərəsəlik payını qəbul etməmiş, etmir və gələcəkdə bu paya qarşı heç bir iddiası olmayacaq, bacısı Cavabdeh1 adına vərəsəlik şəhadətnaməsinin verilməsinə keç bir etirazı yoxdur.

4. X8 tərəfindən Sumqayıt şəhər Bələdiyyəsinə ünvanladığı xx.xx.2007-ci il tarixli ərizədən görünür ki, o, anası X7 adına olan 1237 nömrəli bağlarını bacısı Cavabdeh1 adına keçməsinə razılıq vermişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa görə Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1237 nömrəli torpaq sahəsi Cavabdeh1 ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdən qeydə alınmışdır.

6. Azərbaycan Respublikası Ədliyyə nazirliyi Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən göndərilən cavab məktubuna əsasən xx.xx.1991-ci il tarixdə ölmüş X6 irs qalmış tam əmlaka dair qızı Cavabdeh1 xx.xx.2010-cu il tarixdə 2V1-21 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin qanunla müəyyən edilmiş müddət ərzində İddiaçı tərəfindən mirasın qəbulu ilə bağlı heç bir ərizə, müraciət daxil olmamışdır və yaşayış yerindən təqdim olunmuş arayışda adı qeyd edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 0.2460 ha torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin bərpasına (uzadılmasına) dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, anası X14 14 sentyabr 1991-ci il tarixdə kəskin ürək damar çatışmamazlığından ölmüşdür. Qanun üzrə vərəsələrdən qardaşı Məmmədov (Rəhimov) Hüseyn Səməd oğlu isə 1992-ci ildə ölmüşdür. Müqavilə əsasında dövlət tərəfindən anasının adına verilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivi 1237 ünvanında yerləşən 0.2460 ha-dan ibarət torpaq sahəsi qanun üzrə vərəsələrinə miras qalmışdır. O, öz ailəsi ilə birlikdə uzun illərdir ki, Almaniya Federativ Respublikasında yaşayır. Anası vəfat edərkən torpağın və onun üzərində atasının tikdiyi evin çıxarışı olmamışdır. O, Almaniyada olarkən qardaşı pula ehtiyacı olduğu üçün 2007-ci ildə özünə düşən torpaq payını satmaq istədiyini bildirmişdir. Bu barədə ona məlumatları telefon vasitəsilə bacısı Cavabdeh1 vermişdir. Torpaq atadan qalan yurd olduğu üçün satılmasını istəməmiş və torpağı satdığı qiyməti bacısı vasitəsilə qardaşına təklif etmiş ki, torpaq yad adama deyil ona və bacılarına qalsın. Ona valideynləri tərəfindən verilən məlumata görə torpağın 6 sot payı qardaşının idi. Sotunu 1000 ABŞ dollarına satırdı. Bunu digər bacıları da bilirdi. O, qardaşına verilməsi üçün Western Union vasitəsilə bacısı Cavabdeh1 2007-ci ildə hissə-hissə olmaqla 2-3 günün ərzində təxminən 14000 manat pul göndərmişdir. Anası vəfat etdikdən sonra o, yaşadığı ölkəyə-Almaniya FR-na gedəcəyi üçün bacısı ondan əl yazısı ilə ərizə alaraq vərəsəlik işlərini özü hamısının adından tamamlayacağını bildirmişdir. Sonradan qardaşının da ona verdiyi məlumatdan bilmişdir ki, bacısı qardaşını aldadaraq onun göndərdiyi pulu öz adından təklif etmiş, aralarında onda olan məlumata görə borc müqaviləsi bağlanmış və bacısı bildirmişdir ki, bu borcu ona ödəməyəcəyi təqdirdə anasından qalan torpaq sahəsinin qardaşına düşən payını qardaşı onun xeyrinə güzəşt etməlidir. Daha sonra bacısı ona bildirmişdir ki, vərəsəlik haqqında şəhadətnamə alınması üçün anasından qalan miras əmlaka çıxarış alınmalı, mülkiyyəti tam tanınmalıdır. Bunun üçün isə rüsumları və digər xərcləri ödəməyə imkanının olmadığını bildirdiyi üçün o, sənədləşmə xərclərinə görə müxtəlif tarixlərdə hissə-hissə olmaqla bacısına yenidən Western Unidon vasitəsilə Almaniya FR-dan 5000 manat pul göndərmişdir. O, bacısı tərəfindən hamının adına vərəsəlik haqqında şəhadətnamə alınacağına arxayın edilsə də, mütəmadi olaraq torpağın və üzərində tikilmiş evin yaxşılaşdırılması, abadlaşdırılması üçün bacısına pullar göndərmişdir. Bir müddət sonra bacısının onunla münasibətləri korlanmış, çıxarışı alıb-almadığı barədə məlumat verməmişdir. O, Bakıya gəlib atasından qalan yurda gedərkən isə onları nə torpağa, nə də tikilən evə yaxın qoymayacağını, artıq bütün sənədlərin onun adına olduğunu, digər vərəsələrin mirasa dair heç bir hüququnun olmadığını bildirmişdir. Daha sonra Azərbaycanda yaşamadığı üçün ölkənin hüquqlarına uyğun məsələ ilə bağlı hüquqi məsləhət almaqla 2022-ci ilin son ayında vəkilə müraciət etmiş, vəkil tərəfindən mübahisəli miras əmlaka dair çıxarışın olub-olmaması barədə sorğu verilmiş, 06 yanvar 2023-cü il tarixli sorğuya cavab məktubundan sonra məlum olmuşdur ki, ünvan 2 ünvanda 0.2460 ha torpaq sahəsi ünvan 4dilmiş xx.xx.2010-cu il tarixli 2V/1- 21 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2010-cu il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məlumatı aldıqdan sonra vəkilin sualına cavab olaraq bildirmişdir ki, nə notariat orqanı tərəfindən, nə də bacısı tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün məlumatlandırılmamışdır. Notariat orqanı tərəfindən nə ona, nə də digər qardaşının məlum olan ünvanına məlumat göndərilməmişdir.

9. Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq göstərmişdir ki, ünvan 5ktarlıq bağ sahəsi onun anası X11 icarəyə verilmişdir. Anasının vəfatından sonra iddiaçının, o cümlədən bütün bacı qardaşlarının razılığı ilə həmin bağ sahəsi üzrə 17 aprel 2008cü il tarixdə Sumqayıt şəhər Bələdiyyəsi ilə onun arasında 4833 saylı bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Xüsusi ilə Sumqayıt şəhər Bələdiyyəsi ilə onun arasında müqavilə bağlanarkən bələdiyyədən müvafiq lazımi sənədlər, bacı və qardaşının razılıq ərizələri tələb edilmiş və onun tərəfindən bu sənədlər tam şəkildə Bələdiyyəyə təqdim edilmişdir. Cavabdeh Almaniyada yaşamasına baxmayaraq öz razılıq ərizəsini məhz Almaniya Respublikasından göndərmişdir. Həmin icarə müqaviləsi əsasında da bağ sahəsi üzrə öz adına 17 aprel 2010-cu il tarixdə çıxarış almışdır. İddiaçı özü razılıq ərizəsi yazmış və Sumqayıt şəhər Bələdiyyəsinə ünvanlamışdır. Ərizədən də göründüyü kimi şəxsən özü bağın onun adına keçməsini xx.xx.2007-ci il tarixdən bilmişdir və razılıq ərizəsini də həmin tarixdə vermişdir. İddiaçı ərizəsində qeyd edir ki, guya o, qardaşına pul verilməsi üçün hissə-hissə 14.000 manat pul göndərmişdir. Qeyd edir ki, həmin pulu iddiaçı qardaşına deyil, özünün borclarının ödənilməsi üçün göndərmişdir. İddiaçı qeyd edir ki, guya onu aldatmış, hamının adına vərəsəlik haqqında şəhadətnamə almalı idi və sair. Ərizədən də göründüyü kimi əgər iddiaçı öz payından bütünlüklə onun xeyrinə imtina edilməsi barədə ərizə yazıb göndərirsə, onun da adına vərəsəlik şəhadətnaməsinin alınması mümkün ola bilməzdi. Guya Azərbaycana 2022-ci il tarixdə gəlmiş, onda bu məsələlərdən məlumatlanmışdır. Lakin bu tam yalandır. İddiaçı bu illər ərzində bir neçə dəfə gəlmişdir. Bunu Azərbaycana giriş-çıxışın yoxlanılması barədə sorğu ilə də yoxlamaq olar. X1 özünün payına görə ondan 14.000 manat pul almışdır. Bu fakt onun tərəfindən xx.xx.2009-cu il tarixdə özünün imzası ilə imzalanmış ərizəsindən görünür. Ərizəsində yazmışdır ki, anasından qalan bağ sahəsini ona verdiyinə görə o - X9 14.000 manat pul almışdır. Ərizədən də görünür ki, həmin pulu ondan almasını açıq aşkar qeyd etmişdir. Bununla da iddiaçının iddia ərizəsində yazdıqlarının tam yalan olması öz əksini tapmışdır. İddiaçı miras əmlakdan pay istəməyib, ərizələrlə görünür ki, öz payından imtina etmişdir. Bundan başqa, anası 14 sentyabr 1991-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtdan hazırki vaxtadək faktiki olaraq o, bağı idarə etmişdir. İddiaçı miras əmlakı qəbul etmək üçün Mülki Məcəllə ilə müəyyən edilmiş şərtlərin heç birinə də riayət etməmişdir. Mirasın qəbulu vaxtını ötürmüş, eyni zamanda faktiki olaraq mirası da qəbul etməmişdir. Cavabdeh ona qarşı qərəzli mövqedədir. Övladlarına görə münasibətləri korlanmışdır. Bağ sahəsinin də əvvəldən onun adına rəsmiləşdirilməsinə, paylarından imtina etmələrini özləri bilirdilər. Sadəcə iddiaçı indi əmlakın bahalaşmasını görüb, əmlakı əsassız yolla, yalan dolu iddia ilə ondan almaq istəyir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 may 2023-cü il tarixli 2(004)-1794/2023 nömrəli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin edilməmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur k, X8 tərəfindən ərizə ilə ünvan 2 ünvanda yerləşən 0.2460 ha torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsindən imtina edilmişdir. Həmçinin miras əmlak Cavabdeh1 tərəfindən faktiki qəbul edilmişdir. Miras əmlak X8 və digər bacı qardaşların razılığı ilə Cavabdeh1 tərəfindən qəbul edildiyinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1237 nömrəli torpaq sahəsi Cavabdeh1 ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdən qeydə alındığına görə, həmçinin bunlardan başqa iddiaçı X4 miras əmlakın qəbul edilməsi 2010-cu il tarixdən məlum olduğuna görə hazırki iddia tələbi əsassız olmaqla təmin edilməməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1134.1, 1145, 1243.2, 1151.1, 1255, 1159.1.1, 1160, 1166, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətinə görə qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

17. Cavabdeh tərəf apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Cavabdeh qeyd etdi ki, iddiaçı 2014-cü ildə Bakıya gəlmiş, onun qızı ilə iddiaçının oğlunun nişanı olmuş, 2015-ci ildə isə uşaqların toyları olmuşdur, rəsmi nikah olsa da, faktiki nikahları olmamışdır. Toydan sonra iddiaçı getmiş, iki həftədən sonra isə qızının Almaniyaya getməməsi barədə imtina məktubu göndərmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

20. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

21. Maddə 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar.

22. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

23. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

24. Maddə 1248. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. İşin müəyyən edilmiş hallarına əsasən tərəflər bacıdırlar. X3 1991-ci ildə ölmüş, qanun üzrə vərəsələrdən qardaşı Məmmədov (Rəhimov) Hüseyn Səməd oğlu isə 1992-ci ildə ölmüşdür. Müqavilə əsasında dövlət tərəfindən anasının adına verilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivi 1237 ünvanında yerləşən 0,2460 ha-dan ibarət torpaq sahəsi qanun üzrə vərəsələrinə miras qalmışdır.

34. Cavabdeh ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında bağlanmış “Bağ sahəsinin qısamüddətli icarəyə verilməsinə dair” 4833 nömrəli 17 aprel 2008-ci il tarixli müqaviləyə əsasən həmin torpaq sahəsi 10 il mddətinə cavabdehə icarəyə verilmişdir.

35. İddiaçı tərəfindən xx.xx.2007-ci il tarixdə əlyazma ilə Sumqayıt şəhər Bələdiyyəsinə ünvanlanmış ərizədə göstərilmişdir ki, “mən İddiaçı anam X10 adına olan 1237 nömrəli bağımızı bacım Cavabdeh1 adına keçməsinə razılıq verirəm.”

36. xx.xx.1991-ci il tarixdə ölmüş X6 irs qalmış tam əmlaka dair qızı Cavabdeh1 xx.xx.2010-cu il tarixdə 2V1-21 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

37. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1237 nömrəli torpaq sahəsi Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdən qeydə alınmışdır.

38. Kollegiyanın sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən mübahisəli bağ torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas olan hüquqmüəyyənedivisi sənədlər – çıxarış, arayış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, torpaq sahəsinin planı və ölçüsü və digər sənədlər göndərilmişdir.

39. İddiaçı hazırda göstərilənlərdən məlumatı olmadığını bildirərək, miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin bərpasını (uzadılması) xahiş etmişdir.

40. Kollegiya hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan məhkəmə haqlı olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir.

41. Miras əmlak cavabdeh tərəfindən faktiki qəbul edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, miras əmlak iddiaçı və digər bacı qardaşların razılığı ilə cavabdeh tərəfindən qəbul edilmişdir.

42. İddiaçının məlumatlı olmaması barədə dəlilləri inandırıcı və ağlabatan hesab edilmir.

43. Hələ 2007-ci il tarixdə öz alyazması ilə yazdığı ərizədə iddiaçı bağın bacısının, hazırki iş üzrə cavabdehin adına keçməsinə razılıq verdiyini göstərmişdir.

44. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin münasibətləri yaxşı olmuş, hətta 2014-2015-ci illərdə onlar qudalıq münasibətlərində olmuş, iddiaçının oğlu cavabdehin qızı ilə rəsmi nikah münasibətlərinə daxil olmuşdur, sonradan isə münasibətləri pozulmuşdur.

45. Qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, iddiaçının mirasın qəbul edilməsindən məlumatının olmaması barədə göstərdikləri əsassızdır, iddiaçı məlumatlı olmuşdur və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikməsinin üzrlü səbəbi müəyyən edilməmişdir.

46. Kollegiya onu da qeyd edir ki, iddiaçının hazırki tələbi onun razılığı və məlumatı olmadan (yəni, onun da vərəsə olması faktı gizlədilməklə) cavabdehə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması ilə bağlı deyil, iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü səbəbdən ötürülməsi əsası ilə uzadılmasıni istəyir. Lakin, iddiaçının miras əmlak hesab etdiyi bağ sahəsi artıq 13 ildir cavabdehin mülkiyyətindədir.

47. Nəzərə alınmalıdır ki, iddiaçının da razılığı ilə mübahisəli bağ sahəsinə dair xx.xx.2007-ci il tarixdə cavabdehlə Sumqayıt şəhər Bələdiyyəsi arasında 10 il müddətinə icarə müqaviləsi bağlanmaqla, cavabdeh həmin sahənin qanuni istifadəçisinə çevrilmişdir. Buna uyğun olaraq, cavabdeh “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 10-cu maddələrinə əsaslanmaqla da həmin sahəni əvəzsiz olaraq öz adına qeydə aldıra bilərdi.

48. Lakin, görünən odur ki, cavabdeh 2010-cu ildə mübahisəli bağ sahəsini anasından qalmış miras əmlak kimi qanun üzrə vərəsəlik qaydasında adına rəsmiləşdirmiş, bu zaman iddiaçının hələ 2007-ci ildə verdiyi razılıq ərizəsini mirasdan imtina kimi qiymətləndirmişdir.

49. Kollegiya bir daha qeyd edir ki, nə qədər ki, cavabdehin adına verilmiş xx.xx.2010cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qüvvədədir, iddiaçının hazırki tələbi (mirasın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması) təmin edilə bilməz.

50. Beləliklə, iddiaçının apellyasiya şikayəti əsassız olmaqla qanuni və əsaslı olan qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1794/2023 nömrəli iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar