Məhkəmə qərarları › İş №2(103)-4585/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4585/2021

27.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4585/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli, 2(009)-1065/2021 saylı qərardadının ləğv edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu 7-ci Bayıl küçəsində istifadədə olan 0.01975 ha torpaq sahəsində özbaşına olaraq tikilmiş hasarın sökülməsi, torpaq sahəsinə giriş qapısının əvvəlki vəziyyətə qaytarılması, torpaqdan istifadəyə edilən müdaxilənin qarşısının alınması və torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə iddianı təmin etmə tədbirinə dair ərizə də əlavə edərək, hazırki mülki iş üzrə yekun qərar qəbul edilənədək, Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində olan 0.01975 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli 6 otaqlı 133.1 kv.m yaşayış, 97.5 kv.m köməkçi sahədən ibarət 39B nömrəli yaşayış evinin üzərinə həbs qoyulması, əmlakın yerləşdiyi torpaq sahəsində tikinti-quruculuq işlərinin aparılmasının cavabdehə və başqa şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli, 2(009)-1065/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində olan 0.01975 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli 6 otaqlı 133.1 kv.m yaşayış, 97.5 kv.m köməkçi sahədən ibarət 39B nömrəli yaşayış evinin üzərinə həbs qoyulmuş, əmlakın yerləşdiyi torpaq sahəsində tikinti-quruculuq işlərinin aparılması cavabdehə və başqa şəxslərə qadağan edilmişdir. Cavabdeh Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli, 2(009)- 1065/2021 saylı qərardadından məhkəməyə şikayət ilə müraciət edərək, qərardadın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli, 2(009)-1065/2021 saylı qərardadı ilə Cavabdeh şikayəti təmin edilmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1065/2020 saylı, 17.03.2021-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı iddianın təmini tədbirinə dair ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində olan 0.01975 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli 6 otaqlı 133.1 kv.m yaşayış, 97.5 kv.m köməkçi sahədən ibarət 39B nömrəli yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hasar və giriş qapısında tikinti-quruculuq işlərinin aparılması cavabdehə və başqa şəxslərə qadağan edilmişdir. İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli, 2(009)-1065/2021 saylı qərardadının ləğv edilməsi, iddianın təmini tədbirinə dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia təmin tədbiri barədə ərizədə torpaq sahəsində aparılan tikinti- quruculuq işlərinin qadağan edilməsi göstərilsə də, 29.03.2021ci il tarixli qərardadda “torpaq sahəsinin hasar və giriş qapısında” sözləri qeyd edilmişdir. Belə bir qərardaddan sonra cavabdeh tərəfindən tikinti işlərinin aparılması davam etdirilməyə başlanmışdır. Hesab edir ki, bu qərardad və qərardadda tikintinin qadağan edilməsi nəzərdə tutulan sahənin belə göstərilməsi cavabdehə ümumi istifadədə olan torpaq sahəsində özbaşına tikinti işlərini aparmağa şərait yaradır. Məhkəmənin nəzərinə çatdırır ki, sözügedən hasar 7-8 ay əvvəl tikilib başa çatdırılmışdır, hazırda tikinti işləri hasarda deyil, mübahisəli torpaq sahəsində aparılır, həmin torpaq sahəsi isə iddiaçı ilə cavabdehin ümumi istifadəsindədir. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 02.04.2021-ci il tarixli, 2(009)-1065/2021 saylı qərardadı ilə şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-nin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək məqsədilə məhkəmə cavabdehdə və ya üçüncü şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yekun məhkəmə aktı çıxarılanadək Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində olan 0.01975 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli 6 otaqlı 133.1 kv.m yaşayış, 97.5 kv.m köməkçi sahədən ibarət 39B nömrəli yaşayış evinin yerləşdiyi torpaq sahəsində hasar və giriş qapısında tikinti-quruculuq işlərinin aparılmasının cavabdehə və başqa şəxslərə qadağan edilməsi barədə iddianın təmini tədbirinin tətbiqi iddia tələbinə uyğun gəldiyindən birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli, 2(009)-1065/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar