Məhkəmə qərarları › İş №2(103)-4586/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4586/2022

16.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4586/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilk iddiası, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və X1 qarşı mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddiasına dair 2(007)- 106/2022 saylı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq olunmuş 5 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən 6K saylı evin 49 saylı mənzilini 153000 manata Cavabdeh1 satmışdır. Müqavilə bağlanarkən İddiaçı əri Cavabdeh2 etibarnamə əsasında təmsil etmişdir.

2. Daşınmaz əmlakın dövlət reyestrindən 08 yanvar 2021-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən 6K saylı evin ümumi sahəsi 137,7 kv.metr olan 49 saylı mənzili xüsusi mülkiyyət kimi Cavabdeh1 adına qeydə alınmışdır.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ******* saylı arayışa əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən 6K saylı evin 49 saylı mənzilində Cavabdeh1, İddiaçı və X7 pasport qeydiyyatındadır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 14 saylı notariat ofisində 30 yanvar 2020-ci il tarixli 7E-309 reyestr nömrəli etibarnamə əsasında onun adından çıxış edən Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən 6K saylı evin 49 saylı mənzilinə dair bağlanmış 05 fevral 2020-ci il tarixli 4Ə-83 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 49 nömrəli mənzil 05 yanvar 2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ilk öncə onun mülkiyyətində olmuş, həmin mənzil onun tərəfindən “Kənan-Ş" MTK-dan dəyəri tam ödənilməklə alınmışdır. Belə ki, o, Cavabdeh2 ilə 13 aprel 2007-cı il tarixdə rəsmi nikaha daxıl olmuş, hazırda birgə nikahda olaraq ailə münasibətləri davam edir. 30 yanvar 2020-ci il tarixli etibarnamə əsasında bütün daşınar və daşınmaz əmlaklarına dair zəruri hərəkətlərin yerinə yetirilməsini əri Cavabdeh2 etibar etmiş, lakin əri Cavabdeh2 bu etibardan sui-istifadə edərək yaxın dostu X5 biznes qurması məqsədilə ona məxsus 350000 manat dəyəri olan həmin mənzili sələmçi Cavabdeh1 aldığı 150000 manat sələm (faiz borcu) əvəzinə girov qoymuşdur. Bir il ərzində həmin borcdan 70000 manat pul məbləği X10 tərəfindən Cavabdeh1 ödənilmişdir. Bu barədə 115000 manat ödədikdən sonra mənzilin girovdan azad olunmasına, həmin mənzilin Cavabdeh2 adına keçirilməsinə, habelə sonuncuya 115000 manat borcunun olmasını etiraf etməklə, onun 2021-ci il mart ayının 5-dək ödənilməsinə vəd verərək öz imzası ilə təsdiq edilmiş X2 yazılı iltizamı da mövcuddur. Bütün bunları ört-basdır edərək, Bakı şəhəri 14 saylı Notariat Ofisində 30 yanvar 2020-ci il tarixli etibarnamə əsasında onun adından çıxış edən Cavabdeh2 ilə Cavabdeh1 arasında 350000 manat dəyəri olan 49 nömrəli mənzilin 153000 manata satılmasına dair başqa əqdi pərdələmək məqsədilə 05 fevral 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi kimi yalan (əhəmiyyətsiz) əqd bağlanmışdır. Müqavilənin 11 və 13-cü bəndlərindən də aydın olduğu kimi, o, 05 may 2020-ci il tarixinədək mənzili alıcının faktiki istifadəsinə verməyi və qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüş, halbuki həmin mənzil onun faktiki istifadəsində olmaqla orada yaşayır və qeydiyyatdan da çıxmamışdır. Bu faktı mənzili aldığı "xxxx" Mənzil Tikinti Kooperativi də təsdiqləyə bilər. Həmin əmlakı idarə etməyi ilə bağlı bu günədək hər hansı maneə ilə rastlaşmamışdır. Bu əqd etibarsız və əhəmiyyətsiz olmaqla birbaşa olaraq onun hüquqlarını kobud şəkildə pozur, onu mülkiyyət hüququndan məhrum etmə xarakteri daşıyır.

6. İlk iddia Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 339.2, 339.3 və 340.1-ci maddələri ilə əsaslandırılmışdır.

7. Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və X1 qarşı mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən 6K saylı evin 49 saylı mənzilindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməklə çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, o həmin mənzili qanuni şəkildə bağlanmış alqı-satqı müqaviləsi ilə əldə etmiş, mənzil üzərində onun mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdehlər müxtəlif bəhanələrlə mənzili boşaltmaqdan boyun qaçırdıqlarına görə hazırkı iddianı qaldırmağa məcbur olmuşdur.

9. Qarşılıqlı iddia Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri və Mülki Məcəllənin 152.1-ci maddələri ilə əsaslandırılmışdır.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-106/2022 saylı iş üzrə 30 mart 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 05 fevral 2020-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. (hakim X3)

11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, alqı-satqı müqaviləsi X10 ilə Cavabdeh1 arasında borc müqaviləsinin təminatı kimi bağlanmış, belə bir əqdin bağlanmasından etibarnamə vermiş mülkiyyətçinin məlumatı olmamışdır. Buna görə də həmin alqı-satqı müqaviləsi yalan əqd kimi qiymətləndirilərək etibarsız hesab edilmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, ilk iddianın təmin edilməsi qarşılıqlı iddianın təmin edilməsini aradan qaldırdığından, qarşılıqlı iddia rədd edilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.4 və 340.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı öz hüquqlarının pozulmasını 05 fevral 2020-ci il tarixdə bilməli olduğu halda, bundan 1 il 2 ay keçdikdən sonra, 05 aprel 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddəti buraxmışdır. Apellyator hesab edir ki, İddiaçı 02 fevral 2021-ci il tarixdə poçta verdiyi iddia ərizəsinin 2 ay 3 gün sonra məhkəməyə çatması müəmmalıdır və məhkəmə bu halı araşdırmamışdır. Bundan əlavə, mübahisələndirilən alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmış, mənzilin dəyəri olan 153000 manat pul notariusun depozit hesabı vasitəsilə ödənilmiş, həmin pulu bankdan iddiaçının əri (etibarnamə üzrə nümayəndəsi) Cavabdeh2 götürmüşdür. İddiaçı tərəfindən əri Cavabdeh2 verilmiş etibarnamədə daşınar və daşınmaz əmlaklarla bağlı sərəncam vermək üçün geniş səlahiyyətlər qeyd olunmuş, alqı-satqı müqaviləsi etibarnamənin verilməsindən cəmi 6 gün sonra bağlanmışdır. Apelyator hesab edir ki, evin dəyərindən ucuz qiymətə---153000 manata satılması barədə iddiaçının bildirdikləri alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas ola bilməz. Belə ki, tərəflər özləri mənzili bu qiymətə razılaşmış, mənzilin dəyəri notariusun depozit hesabı vasitəsilə ödənilmişdir. X12 Əliyevdən faizlə 150000 manat pul götürməsi və həmin pulun 70000 manatını qaytarması barədə iddiaçının bildirdikləri əsassızdır və iş materialları ilə təsdiq olunmur. Bundan əlavə, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 izahatında dostu Azər Əsgərova pul lazım olduğuna görə evi satdığını bildirmişdir. Evin həqiqətən satılmasını birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 da təsdiq etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları düzgün qiymətləndirməyərək ilk iddianı təmin etmiş, qarşılıqlı iddianı rədd etmişdir. Beləliklə, məhkəmə maddi hüquq normalarını pozmuş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahatında göstərdi ki, o, Rusiya Federasiyasında yaşamaqla orada biznes fəaliyyəti ilə məşğul olur. Təxminən 2020-ci ilin yanvar ayının sonunda tanışı Xəyal adlı şəxs ona zəng edərək Bakı şəhərində sərfəli qiymətə mənzil satıldığını bildirmiş və mənzilin fotoşəkillərini telefonla ona göndərmişdir. Həmin vaxt o, Türkiyənin Trabzon şəhərində olmuşdur. Oğlu üçün Bakıda mənzil almaq fikri olduğuna görə bundan bir neçə gün sonra Xəyalla birlikdə gedib həmin mənzilə baxmış, mənzili bəyənmiş, Sənan evin qiymətini ilkin olaraq 93000 ABŞ dollarına desə də, sonradan mənzilin qiymətini 90000 ABŞ dolarının məzənnəsi ilə 153000 manata razılaşdırmışlar. Mənzilə baxarkən iddiaçı da mənzildə olmuşdur. Mənzili almaq barədə razılığa gəldikdən sonra birlikdə notariat kontoruna getmiş, razılaşdırılmış məbləği notariusun depozit hesabı vasitəsilə ödəmiş, ödənilmiş pulu bankdan Cavabdeh2 götürmüşdür. Bundan sonra Cavabdeh2 ondan xahiş etmişdir ki, mənzili boşaltmaq üçün ona müəyyən müddət vaxt versin. O razılaşmış və onlara kifayət qədər vaxt vermişdir. Bundan sonra Cavabdeh2 ona bildirmişdir ki, həyat yoldaşı xəstə olduğuna və koronavirus infeksiyası ilə bağlı pandemiya olduğuna görə ona bir müddət də vaxt versin. O yenə razılaşmış və onların mənzildə qalmasına etiraz etməmişdir. Bundan 1 ildən çox vaxt keçəndən sonra ona məlum olmuşdur ki, İddiaçı həmin müqavilənin etibarsız hesab edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Halbuki, əksinə olaraq o, İddiaçı və ailə üzvlərinin mənzildən çıxarılması barədə iddia qaldırmalı idi. Bundan sonra məhkəmə prosesləri başlamış, bu proseslər gedən dövrdə Cavabdeh2 bildirmişdir ki, ona problemli mənzil lazım deyil, ödədiyi pulu qaytardığı təqdirdə, mənzili qaytarmağa hazırdır. Cavabdeh2 dəfələrlə söz versə də, onun ödədiyi pulu qaytarmamışdır. Bununla belə, ödədiyi pul geri qaytarıldığı təqdirdə mənzili geri qaytarmağa hazır olduğunu dəfələrlə Cavabdeh2 bildirmişdir. Sənan və Azər adlı şəxs bir neçə dəfə onun üstünə müxtəlif şəxsləri göndərmiş, onu söhbətə dəvət etmiş və müxtəlif vəzifəli şəxslərin adlarını çəkərək ona hədə-qorxu gəlib mənzilin geri qaytarılmasını tələb etmişlər. Cavabdeh1 izahatında həmçinin bildirdi ki, onun Azər Əsgərova faizlə 150000 manat borc verməsi, ona 70000 manat məbləğində pul qaytarılması barədə deyilənlər həqiqətə uyğun deyil. Mənzili alana qədər o nə Azər Əsgərovu, nə də Cavabdeh2 tanımamışdır. Azər Əsgərov hal-hazırda dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşların, o cümlədən Türkiyə vətəndaşlarının 2 milyon manatdan yuxarı məbləğdə əmlakını ələ keçirdiyinə görə həbsdə saxlanılır. Alqı-satqı müqaviləsi qanuna uyğun şəkildə bağlandığına görə hesab edir ki, həmin müqavilənin etibarsız hesab edilməsinə əsas yoxdur. Buna görə də məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş edir.

17. Cavabdeh1 nümayəndəsi, Vəkil3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək göstərdi ki, alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmış və müqavilənin etibarsız hesab edilməsinə əsas yoxdur. Hətta iddiaçının əri Cavabdeh2 da birinci instansiya məhkəməsində işə baxılarkən verdiyi izahatında dostu Azər Əsgərova pul lazım olduğuna görə mənzili Cavabdeh1 satdığını etiraf etmişdir. Cavabdeh1 mənzili almamışdan əvvəl mənzilə baxmış, mənzilə baxarkən İddiaçı da evdə olmuşdur. Ona görə də İddiaçı alqı-satqıdan xəbərinin olmaması ağlabatan deyil. Alqısatqıya qədər Cavabdeh1 nə Azər Əsgərovu, nə də Cavabdeh2 tanımamışdır. Buna görə də mənzilin guya X12 Əliyevdən aldığı borcun qaytarılmasının təminatı kimi girov qoyulması barədə deyilənlər doğru deyil. Belə ki, tərəflər hər hansı maneə olmadan mənzilin girov qoyulması barədə müqavilə bağlaya bilərdilər. Təmsil etdiyi Cavabdeh1 Rusiyada iş adamıdır və eyni zamanda xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur. Bundan əlavə, Cavabdeh1 dəfələrlə qarşı tərəfə təklif etmişdir ki, pulu geri qaytarıldığı təqdirdə mənzili geri qaytarmağa hazırdır. Qarşı tərəf isə mənzili geri istəsə də, ödənilmiş pulu geri qaytarmaqdan boyun qaçırır. Vəkil3 izahatında həmçinin göstərdi ki, İddiaçı 02 fevral 2021-ci il tarixdə Bakı şəhərində poçta verdiyi iddia ərizəsinin bundan 2 ay 3 gün sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinə çatması müəmmalıdır. İşdə olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən də görünür ki, iddia ərizəsi verilməsi üçün dövlət rüsumu 30 mart 2021-ci il tarixdə ödənilmişdir. Göstərilənlərə əsasən, xahiş edir ki, apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv edilsin, ilk iddia rədd, qarşılıqlı iddia təmin edilsin.

18. İlk İddiaçı nümayəndəsi, Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərdi ki, əslində tərəflər arasında real alqı-satqı müqaviləsi olmamış, iddiaçının əri Cavabdeh2 dostu X12 Əliyevdən aldığı borcun qaytarılmasının təminatı kimi bu müqaviləni bağlamışdır. X18 Əliyevdən aldığı borca görə dəfələrlə ona faiz borcu ödəmişdir. Bu barədə onların aralarında dəfələrlə söhbət və mübahisələr olmuş, həmin söhbət və mübahisələr zamanı aparılan danışıqların bir qismi diskə yazılmışdır. Səs yazılarının əks olunduğu diski məhkəməyə təqdim edə bilər. Alqı-satqı müqaviləsi onun təmsil etdiyi İddiaçı iradə ifadəsini əks etdirməmiş, bu xüsusda onunla əri Cavabdeh2 arasında mübahisə olmuşdur. Hal-hazırda Cavabdeh2 Moskva şəhərindədir. Bundan əlavə, evin real qiyməti 300-350 min manat olduğu halda, alqı-satqı müqaviləsi mənzilin dəyərindən xeyli aşağı qiymətə bağlanmışdır. Təmsil etdiyi İddiaçı da mübahisənin barışıq yolu ilə həllinin tərəfdarıdır. Lakin hesab edir ki, Cavabdeh1 alınmış borcun qaytarılmasını X19 Məmmədov həll etməlidir. İzahatının sonunda Vəkil2 apellyasiya şikayətinin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X10 məhkəmə iclasında izahatında bildirdi ki, 03 aprel 2021-ci il tarixdən hal-hazırkı dövrə qədər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır. Cavabdeh2la yaxın münasibətləri olmuş, dəfələrlə ondan borc alıb qaytarmışdır. Pandemiya başlamamışdan iki ay əvvəl Sənanla iş birliyi qurmaq üçün Xəyal və Süleyman adlı şəxslərdən 153000 manat borc almış və onlara 90000 manata yaxın pul qaytarmışdır. Belə razılaşmışlar ki, Süleymandan alınmış borcun müqablində Sənanın evi girov qoyulsun, borc qaytarıldıqdan sonra ev girovdan azad olunub alqı-satqı yolu ilə geri qaytarılsın. O, pulu Süleyman adlı şəxsdən Xəyalın vasitəsilə almışdır. Həmin pul ona notariat kontorunun həyətində bankdan çıxarılıb verilmişdir. Pulu ona Xəyal vermişdir. Götürdüyü borcun müqabilində Xəyal və Süleyman adlı şəxsə 74000 manat, Sənana isə 20000 manat pul ödəmişdir. Xəyalın ondan aldığı 74000 manat pulu Süleymana çatdırmasından məlumatı yoxdur. Hal-hazırda onun Sənana 115000 manat borcu var. Pulun Süleymandan faizlə götürülməsi barədə Sənanda kifayət qədər səs yazıları vardır. Barəsində olan istintaq yekunlaşan kimi həmin borcu qaytarıb Sənanın evinin girovdan azad olunmasına çalışacaqdır. Azər Əsgərov izahatında həmçinin bildirdi ki, Cavabdeh1 mənzili almaq məqsədilə evə baxmağa gələndə orada olmasını xatırlamır. Bundan əlavə, o, iş materiallarında olan qəbzi özü yazdığını etiraf etmişdir. Cavabdeh1 Xəyalın vasitəsilə borc alarkən, habelə Xəyala və Sənana pul qaytararkən heç bir yazılı sənəd və ya müqavilə imzalanmamışdır.

20. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu Elmar Əliyev məktubla məhkəməyə müraciət edərək apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

21. Cavabdehlər Cavabdeh2 və X7 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1 (xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş redaksiyada) 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Maddə 78.1. (hazırkı redaksiyada) Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Apellyasiya baxışının hədləri

22. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir.

25. İş materiallarında olan notariat işinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 30 yanvar 2020-ci il tarixdə Cavabdeh2 Bakı şəhəri 41 saylı notariat ofisində baş etibarnamə verərək ona məxsus olan daşınmaz əmlaka dair sərəncam vermək, o cümlədən alqı-satqı və qanunla icazə verilmiş sair müqavilər bağlamaq, müqavilə bağlanarkən onu təmsil etmək səlahiyyəti vermişdir. Daşınmaz əmlakın dövlət reyestrindən 05 yanvar 2018-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən 6K saylı evin 49 saylı mənzili İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq olunmuş 5 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən 6K saylı evin 49 saylı mənzilini 153000 manata Cavabdeh1 satmışdır. Müqavilə bağlanarkən İddiaçı etibarnamə əsasında əri Cavabdeh2 təmsil etmişdir. İddiaçının oğlu X7 1 fevral 2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə verərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən 6K saylı evin 49 saylı mənzilinin satılmasına və ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmişdir. Mənzilin dəyəri olan 153000 manat pul 05 fevral 2020-ci il tarixdə Cavabdeh1 tərəfindən Cavabdeh2 verilməsi üçün notariusun "xxxx" ASC-nin 5 saylı şöbəsində olan depozit hesabına yerləşdirilmiş, Cavabdeh2 həm 05 fevral 2020-ci il tarixli bank çekinə, həm də özünə məxsus şəxsiyyət vəsiqəsinin kserosurətinə “yüz əlli üç min manatı aldım” sözlərini yazaraq imza etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən 08 yanvar 2021-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən 6K saylı evin ümumi sahəsi 137,7 kv.metr olan 49 saylı mənzili xüsusi mülkiyyət kimi Cavabdeh1 adına qeydə alınmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən qarşılıqlı iddia üzrə Cavabdeh2 11 oktyabr 2021-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Azər Əsgərov onun dostu olmuş, Azərə pul lazım olduğu üçün öz evini həyat yoldaşı İddiaçı xəbəri olmadan satışa çıxarmışdır. Azər, Cavabdeh1 evə baxmaq üçün gətirmiş, həmin vaxt həyat yoldaşı və övladı evdə olsalar da, Süleymanın hansı məqsədlə evə gəlməsini bilməmişlər. Cavabdeh1 qonaq otağına baxdıqdan sonra getmiş, evi bəyəndiyini və almaq istədiyini bildirmişdir. Bu danışıqlar Süleymanla Azərin arasında olmuşdur. Cavabdeh2 izahatında həmçinin bildirmişdir ki, Cavabdeh1 70000 manata yaxın pul ödənişi edilsə də, həmin ödənişlərin edilməsini təsdiq edən sənədləri yoxdur.(i.v.105-108) Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində işə baxılarkən şahid qismində dindirilmiş X8 ifadələrində göstərmişdir ki, tanışı X16 pambıq satışı ilə məşğul olmuş və ona təcili pul lazım olmuşdur. Azər onunla əlaqə saxlayıb təcili ev satıldığını bildirmişdir. Cavabdeh1 həmin vaxtlarda ev almaq istədiyini ona bildirmiş və satılıq ev olarsa, ona xəbər verməyini xahiş etmişdir. Bundan sonra o, Cavabdeh1 xəbər vermiş, həmin vaxt Türkiyənin Trabzon şəhərində olan Süleymana evin fotoşəkillərini mobil telefonla göndərmişdir. Süleyman Bakıya gələndə evə baxmaq istədiyini bildirmişdir. Sonra o, Süleymanla birlikdə gedib evə baxmışlar. Aşağıda onları Azər qarşılamış, onlar mənzilə baxmaq üçün yuxarı qalxmış, mənzilin otaqlarını onlara Sənan göstərmişdir. Sənanın həyat yoldaşı və oğlu da həmin vaxt evdə olmuşlar. Cavabdeh1 evi bəyəndiyi bildirmiş, Sənan əvvəlcə evi 93000 ABŞ dollarına satdığını bildirmiş, nəhayət onlar mənzilin qiymətini 90000 ABŞ dollarına razılaşdıraraq alqı-satqı müqaviləsi bağlamaq üçün notariat kontoruna getmişlər. Süleyman 90000 ABŞ dollarını məzənnəyə uyğun olaraq 153000 Azərbaycan manatına dəyişərək mənzilin pulunu ödəmişdir. Evin alqı-satqısı tərəflər arasında sərbəst razılaşma nəticəsində baş tutmuşdur. Həmin mənzil faktiki olaraq satılmış, girov qoyulmamışdır. Həmin mənzilə görə Azər adlı şəxsdən heç vaxt pul almamışdır. (i.v.94-95) Birinci instansiya məhkəməsində işə baxılarkən "xxxx" MMC və "xxxx" MMC şirkətlərindən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən 6K saylı evin 49 saylı mənzilinin bazar və likvid dəyəri ilə bağlı rəylər alınmışdır. Həmin rəylərdə mənzilin satıldığı 2020-ci ildə bazar qiymətinin 310000 manat, likvid qiymətinin 305000 manat, hazırkı dövrdə isə likvid qiymətinin 300000-310000 manat, bazar qiymətinin 305000- 325000 manat olduğu göstərilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənzilin müqavilədə nəzərdə tutulmuş qiyməti ilə real bazar və likvid qiyməti arasında kəskin fərqin olması birmənalı olaraq müqavilənin etibarsız hesab edilməsinə əsas vermir. Belə ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər sərbəst şəkildə müqavilə bağlaya və onun şərtlərini sərbəst şəkildə müəyyən edə bilərlər. Tərəflər Mülki Məcəllənin 390-cı maddəsində nəzərdə tutulmuş müqavilə azadlığı prinsipinə uyğun olaraq həmin müqaviləni bağlamış və müqavilənin məzmununu müəyyənləşdirmişlər. Mübahisələndirilən alqı-satqı müqaviləsinin X13 Əliyevin arasında borc müqaviləsini pərdələmək məqsədilə bağlanması barədə iddia ərizəsinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla X13 Əliyevin arasında borc münasibətləri olması barədə iş materiallarında mötəbər sübut yoxdur. Əgər onların arasında borc münasibətləri olduğu təqdirdə isə, mənzil girov (ipoteka) qoyula bilərdi. İlk iddiaçının nümayəndəsi Vəkil2 məhkəməyə təqdim etdiyi tərəflər arasında səs yazısının olması ehtimal edilən diskə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, tərəf həmin sübutu birinci instansiya məhkəməsinə təqdim etməmiş, həmin sübutun təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Halbuki, məhkəmə kollegiyasının iclasında dindirilmiş üçüncü şəxs Azər Əsgərov səs yazılarının Cavabdeh2 olduğunu bildirmişdir. İş materiallarından isə görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 iştirak etmiş və məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də həmin disk məhkəmə kolegiyası tərəfindən sübut kimi qəbul olunmamışdır. İş materiallarında olan sübutlardan, o cümlədən üçüncü şəxs X2 izahatından görünür ki, mənzilin dəyəri olan 153000 manat pul notariusun bankda olan depozit hesabına qoyulduqdan sonra həmin pul bankdan çıxarılıb Xəyal tərəfindən ona verilmişdir. Bundan əlavə, Azər Əsgərov izahatında götürdüyü borca görə həm Cavabdeh1, həm Xəyal adlı şəxsə, həm də Cavabdeh2 faiz ödədiyini, Cavabdeh2 ödədiyi faizlərin məbləğinin 20000 manat olduğunu bildirmişdir. İddiaçının sübut qismində iddia ərizəsinə əlavə etdiyi X10 tərəfindən yazılmış qəbzdə də X21 Məmmədovun evini girov qoyaraq Cavabdeh1 150000 manat borc götürdüyünü, 1 il ərzində Cavabdeh1 70000 manat pul qaytardığını, hal-hazırda Cavabdeh2 115000 manat borcunun qaldığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs X2 izahatı kifayət qədər ziddiyyətli olduğuna görə iddia tələbinin əsası kimi istinad olunan hala dair sübut kimi qəbul oluna bilməz. Belə ki, Azər Əsgərov iş materiallarında olan yazılı qəbzdə Cavabdeh1 150000 manat borc götürdüyünü bildirsə də, məhkəmə kollegiyasının iclasında Xəyal və Süleyman adlı şəxslərdən 153000 manat borc aldığını, pulu Xəyal adlı şəxsdən götürdüyünü, aldığı borca görə Süleyman, Xəyal və Sənan adlı şəxslərə faiz ödədiyini, Sənana 115000 manat borcunun qaldığını göstərmişdir. Bundan əlavə, Azər Əsgərov yazılı qəbzdə Süleymana 70000 manat pul ödədiyini bildirsə də, məhkəmə kollegiyasının iclasında gah Xəyalla Süleymana 90000 manat ödədiyini, gah da Xəyala 74000 manat, Sənana isə 20000 manat faiz ödədiyini, Xəyalın həmin pulu Süleymana çatdırmasından məlumatının olmadığını bildirmişdir.

26. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

27. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisələndirilən alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlandığından, həmin müqavilənin etibarsız hesab edilməsinə heç bir əsas yoxdur. Cavabdeh1 isə həmin mənzilin qanuni mülkiyyətçisi olduğundan, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılması tələbini irəli sürməkdə haqlı olmuşdur.

28. Mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə hər hansı əsas olmadığına görə məhkəmə kollegiyası kəsici müddətin buraxılıb-buraxılmaması məsələsinin müzakirəsinə zərurət görmür.

29. Buna görə də apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, ilk iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-106/2022 saylı mülki iş üzrə 30 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilk iddiası rədd edilsin. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və X9 qarşı mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. İddiaçı, Cavabdeh2 və X6 Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən 6K saylı evin 49 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməklə həmin mənzildən çıxarılsınlar. İlk iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 10 manat və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 5 manat pul İddiaçı, Cavabdeh2 və X4 müştərək qaydada tutularaq Cavabdeh1 ödənilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar