Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4586/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: aktın etibarsız sayılıb borcun silinməsi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, iddiaçı X4 nümayəndəsi Fərmanov İlqar Kərim oğlunun, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Hüseynova Rasimə Tofiq qızının iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız sayılıb borcun silinməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-794/2023 saylı, 26 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərində "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvanda (abunə kodu-**********V0055) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğacın dövriyyədən kənarlaşdırıldığı, pilləkən qəfəsində quraşdırılmış lövhənin ayrıcısından mənzilə kənar xəttin daxil olduğu aşkar edilmişdir. Bununla əlaqədar AKT R 263512 saylı və AKT R 263509 saylı aktlar tərtib edilmiş və aktlara əsasən iddiaçıya müvafiq olaraq 476,83 manat və 78,15 manat əlavə ödəniş hesablanmışdır. Təqdim edilmiş aktların surətinə əsasən görünür ki, sayğac yoxlanılarkən iddiaçının iştirakı təmin edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, AKT R 263512 saylı aktının etibarsız sayılması və ona görə Ələsgər Ələkbərov 13 V, mənzil 55 ünvanında yerləşən mənzilinə hesablanmış 476,83 (dörd yüz yetmiş altı manat, səksən üç qəpik) manat borcun silinməsi, ona dəymiş mənəvi ziyana görə 1000 (min) manat pulun "xxxx" ASC-dən onun xeyrinə alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin xx.xx.2022 tarixli, AKT R 263512 saylı aktını və ona görə Ələsgər Ələkbərov 13 V, mənzil 55 ünvanında yerləşən mənzilə hesablanmış 476,83 manat cərimə aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edilir. xx.xx.2022 tarixində iki nəfər Ələsgər Ələkbərov 13 V, mənzil 55 ünvanında yerləşən mənzilə gələrək şifahi olaraq özlərini Azərişığın əməkdaşı kimi təqdim edib, mənzilin elektrik sayğacının hansısa kənar xətt vasitəsilə mənbəyə qoşulduğunu bildirdilər. İddiaçı onlara evinin elektrik enerjisinin sayğacdan qidalandığını və istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödədiyini bildirdi. Əvəzində azərişıq əməkdaşlarının dünən, yəni 17.11.22 tarixində gecə vaxtı yoxlama keçirdiklərini, bu zaman mənzildə heç kimin olmadığını və dırnaqarası kənar xətti ləğv edərək getdiklərini, və mənzilinə akt yazılacağını bildirdilər. İddiaçı onlardan aktı indi onun iştrakı ilə yazın dedikdə, onlar aktın artıq tərtib olunduğunu bildirdilər. İddiaçı onlardan aktın indi təqdim olunmasını tələb etsə də, "sabah gətirib qapınıza qoyacağıq" cavabını verdilər. Beş gündən sonra, yəni 23.11.22 tarixində 17 noyabr tarixi ilə tərtib olunmuş hazır aktın abonentə aid nüsxəsi ona təqdim edilmişdir. AKT-da qeyd olunanlar həqiqəti əks eləmir, onun mənzilinə sayğacdan kənar heç bir xətt gəlmir və heç vaxt gəlməyib, istifadə elədiyi enerjiyə görə vaxtında ödənişlər olunur. Onların bildirdikləri "qanun pozuntusu" ona sözlə yox, əyani yerində göstərilməli idi. Bundan başqa, akt tərtib olunarkən onun iştrakı mütləq olmalıydı və o, aktı öz imzası ilə təsdiq etməli idi. Bu akt kənarda və onun iştrakı olmadan və bilinmir hansı əməkdaşlar tərəfindən yazılıb. Heç bir izahat vermədən, heç bir yoxlama aparmadan birtərəfli qaydada ittiham edib və ardından qanun pozuntusu ilə tərtib olunan akt vasitəsi ilə vətəndaşı fakt qarşısında qoymaq onun hüquqlarını kobud pozur. Belə ki, günahı sübut etmək borcu və məsuliyyəti onların üzərindədir. Onun mənzili 4-cü mərtəbədə, sayğaclar qutusu isə 2-ci mərtəbədə yerləşir. Qutunun qapısı həmişə açıqdır, nəzarətsizdir və çox bərbad vəziyyətdədir. Bir sözlə, küçədə, binanın qarşısında, blokda kim nə işlədirsə, özləri birbaşa qoşulmalar edir. İddiaçı qutuya heç bir halda nəzarət edə bilmir. Ümumiyyətlə, sayğaclar, xəttlər və göstəricilər mütəmadi olaraq Azərişığın əməkdaşları tərəfindən yoxlanılır və nəzarətdə saxlanılır. Bundan başqa, aktda azərişığın 4 əməkdaşı yalan məlumat daxil edərək guya onun imza atmaqdan imtina etdiyini öz imzaları ilə təsdiq ediblər. Lakin, aktın tərtibatında onun iştrakını qeyd eləməyiblər. Akt onun iştrakı olmadan tərtib edilib və onun guya imzadan imtina etməyi azərişiq əməkdaşları tərəfindən ziddiyyətli yalandır. Bir tərəfdən onun iştrak etmədiyini qeyd edən 4 əməkdaş digər tərəfdən imzadan imtinanı təsdiq edirlər. Bu, azərişiq tərəfindən ona qarşı qərəzli halda baş verən ilk hadisə deyil. Belə ki, azərişığın qanunsuz, əsassız və hansisa maraqlardan irəli gələn hərəkətlərindən dəfələrlə Energetika Nazirliyinə, Yasamal Rayon Prokurorluğuna və Nəsimi Rayon Məhkəməsinə müraciətlər etmişdir. Bütün hallarda qanun pozuntusu təsdiq edilib və qeydə alınıb. Nəsimi Rayon Məhkəməsinin qət etdiyi və Bakı Apelyasiya Məhkəməsinin dəyişdirmədən saxladığı Qətnamə ilə aktlar etibarsız sayılmış, borclar silinmişdir. İddiaçı Enerji X1 zidd hərəkətlərinin qarşısının alınması üçün dərhal müraciət etdi. Agentlik 30.11.22 tarixli AERA-20-4047/22 saylı rəyi ilə qanunun tələblərinin nəzərə alınmadığını və pozuntular ilə əlaqədar məhkəməyə müraciət olunmalı olduğunu bildirdi.
4. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, "xxxx" ASC-nin xx.xx.2022ci il tarixli, AKT R 263512 saylı və xx.xx.2022-ci il tarixli, AKT R 263509 saylı aktlarının etibarsız sayılması və onlara görə Ələsgər Ələkbərov 13 V, mənzil 55 ünvanında yerləşən mənzilinə hesablanmış 476,83 (dörd yüz yetmiş altı manat, səksən üç qəpik) manat və 78,15 (yetmiş səkkiz manat on beş qəpik) manat, cəmi 554,98 (beş yüz əlli dörd manat, doxsan səkkiz qəpik) manat borcun silinməsi, ona dəymiş mənəvi ziyana görə 1000 (min) manat pulun "xxxx" ASC-dən onun xeyrinə alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, icraatda olan iş üzrə iddia ərizəsi verildiyi (13.12.22) və icraata alınması haqqında qərardad verildiyi (14.12.22) tarixdən dərhal sonra 15.12.22 tarixində saat 20:30 radələrində 2 nəfər azərişıq əməkdaşı mənzilə gələrək iddiaçını aşağı düşməyə dəvət elədilər. Səbəbini soruşanda növbəti dəfə "kənar xəttin" olması bildirildi. İddiaçı onlara qanuna uyğun olaraq mənzilindən 2 mərtəbə aşağıda pilləkən meydançasında yerləşən sayğaclar qutusuna görə məsuliyyət daşımalı olmadığını, gecə vaxtı aşağı düşməli olmadığını, ordan keçən çoxlu sayda qarışıq naqillərdən anlayışının olmadığını və belə qanunsuz hərəkətlərə qarşı artıq 2 məhkəmə qətnaməsinin olduğunu bildirsə də, əməkdaş onun aşağı düşməyini təkid edərək getdi. Baş verənləri azərişıq əməkdaşı əlindəki telefon vasitəsi ilə gizli halda videoqeydə alırdı. Yenə də həmişə olduğu kimi iddiaçı Azərişığın qanunsuz hərəkətlərinə qarşı hər hansı bir qanuni addım atan kimi onlar cavab olaraq ona qarşı növbəti qanun pozuntusuna əl atırlar. Belə ki, onların əməlindən X5 Agentliyinə müraciət edən kimi - qanuna zidd olaraq gəlib sayğacın dibindən mənzilini qidalandıran naqili kəsdilər, onların qanunsuz əməlindən Yasamal Rayon Prokurorluğuna şikayət verən kimi - gəlib sayğacı xəbərdarlıq etmədən kartla işləyən sayğacla dəyişib kartı təqdim eləmədən getmişdilər. Nəticədə, mənzil 2 sutka işıqsız qalmışdı. Yalnız prokurorluq əməkdaşlarının bu məsələyə təcili müdaxiləsindən sonra kart təqdim edilmişdir. Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi verən kimi (06.05.22) bir ayın içində eyni "qanun pozuntusuna" görə ikinci akt tərtib etmişdilər və onun aktın tərtibatı zamanında tamamilə başqa ünvanda yerləşməyinə baxmayaraq, yalandan aktın tərtibatında iştrak etdiyini və guya imzadan imtina etdiyini öz imzaları ilə təsdiq etmişdilər. Yalnız prokurorluğa onun o an başqa ünvanda yerləşdiyini sübut edən videogörüntüləri təqdim etdikdən sonra azərişıq əməkdaşları qanunsuz əməllərini etiraf etmişdilər. Azərişığın apellyasiya şikayətinə (7 aydan sonra) 17.11.22 tarixində etiraz verən kimi həmin tarixdə daha bir Akt tərtib edilmişdir. Bu aktdan məhkəməyə iddia ərizəsi (14.12.22) verilən kimi 15.12.22 tarixində eynilə birinci dəfə olduğu kimi 28 günün içində guya "eyni qanun pozuntusuna" görə daha bir Akt tərtib olunmuşdur. Görünür, iddia ərizəsində qeyd olunmuş məqamlara sonradan sübut toplayıb onlara qanuni don geyindirmək üçün Azərişıq tərəfindən "gizli" videogörüntülərə ehtiyac olub. Göründüyü kimi, Azərişığın bütün əməlləri qanunsuz, əsassız və qərəzlidir. Bu dəfə də onlar qanunsuz və əsassız tərtib etdikləri Aktı onun iştrakı olmadan kənarda tərtib etmişdilər. Yenə də öz imzaları ilə abonentin imzadan imtina etdiyini təsdiq etmişdilər. Hansı ki aktın tərtibatında iştrak edən və imzadan imtina edən abonentin adı heç qeyd edilməyib. Bu qədər gizli video çəkən azərişıq əməkdaşları nədənsə bir dəfə də olsun aktın tərtibatı və imzadan imtina anını çəkməyib. Çünki, bütün bu aktlar kənarda bilinmir hansı əməkdaşlar tərəfindən tərtib olunur. Bu dəfə də yalnız abonent hesabında yeni borcun yarandığını aşkar etdikdən sonra və aktın əldə edilməsi üçün X5 Agentliyinə rəsmi müraciətdən sonra xx.xx.2023-cü il tarixində azərişıq əməkdaşı R 263509 saylı xx.xx.2022-ci il tarixli aktın surətini təqdim etmişdir. Bu, abonentə məxsus yaşıl nüsxə yox, adi kseroks kopiyasıdır. Azərişığın qanunsuz əməlləri ilə əlaqədar Prezident Administrasiyasına, Yasamal Rayon Prokurorluğuna müraciətlər olunub, X5 Agentliyinin sədri ilə görüş keçirilib. Bütün hallarda qanun pozuntusu faktı qeydə alınıb. İddiaçının mənzilinə heç bir kənar xətt gəlmir, işlətdiyi elektrik enerjisi sayğacından qidalanır və sərf etdiyi enerjinin dəyəri vaxtında ödənilir. İddiaçı mənzilindən 2 mərtəbə aşağıda pilləkan meydançasında yerləşən nəzarətsiz sayğaclar qutusuna görə məsuliyyət daşıya bilməz. Azərişıq əməkdaşlarının ona qarşı tutduğu mövqe qərəzlidir və əsassızdır.
6. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində bildirmişdir ki, o, "xxxx" ASC-də aparıcı mütəxəssis vəzifəsində çalışır. Hadisə baş verən vaxt onun rəhbərlik etdiyi bölgələr üzrə ümumi yoxlama aparılırdı. Həmin ünvanda yerləşən mənzilin sayğacına baxış keçirən zaman kənar xəttin olduğunu aşkar etdi. Bunu aşkar etdikdən sonra sübut üçün video çəkdi. Həmin gündən sonra oraya qıfıl vurdular. Bir neçə gündən sonra gəldikdə yenə də qıfılın qırıldığını və sayğaca müdaxilə olunduğunu gördü. Həmin bu hadisə 15 dekabrda baş vermişdir. 1-ci hadisə isə 17 noyabr 2022-ci il tarixində keçirilmişdir. Kənar xəttin mövcudluğunu isə onlar həmin gün akt yazaraq digər işçilər ilə imzaları ilə təsdiq etdilər.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-794/2023 saylı 26 may 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, AKT R 263512 saylı və xx.xx.2022-ci il tarixli, AKT R 263509 saylı aktların etibarsız hesab edilməsi və həmin aktlara əsasən ümumilikdə hesablanmış 554.98 (beş yüz əlli dörd manat doxsan səkkiz qəpik) manat məbləğində borcun İddiaçı məxsus **********V0055 saylı abunə hesabından silinməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işə baxılan zaman sayğacın pilləkən meydançasında quraşdırılması müəyyən edilmişdir. «Elektrik enerjisindən istifadə qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. İddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansıl sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktlardır ki, hansı ki həmin aktlar da qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Belə ki, sayğac yoxlanılarkən iddiaçının və hal şahidlərinin iştirakı təmin edilməmiş, qaydaların tələblərinə riayət edilmədən müvafiq aktlar tərtib edilmişdir.
9. Bununla yanaşı, birinci instansiya məhkəməsi iddiaçının mənəvi zərər hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının mənəvi sarsıntı keçirməsi qəbul edilir. Lakin, əsas tələb təmin olunduğundan iddiaçının pozulmuş hüququnun bərpa edilməsi mənəvi zərərin ödənilməsi kimi də qəbul edilməlidir.
10. Məhkəmə öz mövqeyini “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»na; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1 və 1096.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-794/2023 saylı 26 may 2023-cü il tarixli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv olunmasını və iddia tələbinin bütövlükdə rədd edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinin (abunə kodu **********V0055) quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı mənzilə məxsus elektrik sayğacının çıxış faza xətti avtomatdan söndürülərək ümumi şitdən birbaşa avtomata verilərək kənar xətt vasitəsi ilə mənzilin elektrik enerjisi ilə qidalandırıldığı müəyyən edilmişdir və xx.xx.2022-ci il tarixli NDM 263512 saylı müvafiq akt tərtib olunmuşdur. Akt "xxxx" ASC-nin əməkdaşları Y.Əliyev, S.Tağızadə, X.Qasımov və E.Adışov tərəfindən imzalanmışdır və video çəkiliş aparılmışdır. xx.xx.2022-ci il tarixdə həmin elektrik sayğacına baxış keçirmiş, baxış zamanı mənzilə məxsus elektrik sayğacının çıxış faza xətti avtomatdan söndürülərək ümumi şitdən birbaşa avtomata verilərək kənar xətt vasitəsi ilə mənzilin elektrik enerjisi ilə qidalandırıldığı müəyyən edilmişdir və xx.xx.2022-ci il tarixli NDM 263509 saylı müvafiq akt olunmuşdur. Akt "xxxx" ASC-nin əməkdaşları Y.Əliyev, O.Qurbanov və Ü.Məmmədov tərəfindən imzalanmışdır və video çəkiliş aparılmışdır. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən xx.xx.2022-ci il tarixli NDM 263512 saylı akt üzrə 3.991 kvts. itirilmiş elektrik enerjisinin dəyəri 476,83 manat və xx.xx.2022-ci il tarixli NDM 263509 saylı akt üzrə 674 kvts itirilmiş elektrik enerjisinin dəyəri 78,17 manat, ümumi 555 manat məbləğində müəyyən edilməklə abonentin (kod **********V0055) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Qeyd edilən aktlar qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və aktlara əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin X9 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş, apelyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-794/2023 saylı 26 may 2023-cü il tarixli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv olunmasını və iddia tələbinin bütövlükdə rədd edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, həqiətən sayğaca müdaxilə mövcuddur. Bu barədə videoçəkiliş məhkəməyə təqdim edilmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, bu artıq barəsində tərtib olunan 4-cü aktdır. Bütün məhkəmələrdə qeyd etdiyi kimi barəsində qərəzli mövqe davam edir. O, iddia ərizəsində xronologiyanı da yazmışdır ki, hər hansı bir qanuni özünü müdafiə üçün atdığı addımlar qarşısında həmin günü gün və yaxud 1-2 gün ərzində növbəti ona qarşı addım atılır. Lazımı pillələr üzrə bütün instansiyaları keçmişdir. X6, Prezident Administrasiyasına, Prokurorluğa şikayət etmişdir. Araşdırmalar gedib, onu dinləyiblər, dediklərinə görə həmin əməkdaşlara qarşı lazimi tədbirlər görülüb. Aktın silinməsi yalnız məhkəmə yolu ilə olduğundan məhkəməyə müraciət etmişdir. Daha əvvəlki aktlarda işıqlanmağa gələn kənar xətti evə gələn kənar xətt kimi qeyd etmişdilər. O, iki məhkəmənin: apellyasiya və Nəsimi Rayon Məhkəməsinin prosesləri gedən zaman problem yaranmaması üçün həmin 2 blokun işıqlandırmasını yığışdırmışdır. Bu dəfəki aktlar isə başqa bir sxem üzrədir. Pilləkan meydançasında 2 mərtəbə aşağı blokda yerləşən şitin içində başqa bir sxem var. Onun sayğacını keçib qoşulan hər hansı bir başqa sxemin olması barədə məlumat verilir. Birinci aktın yazılışında ona dedilər ki, əməkdaşlar axşam getmiş, lakin o, evdə olmamış və onlar kənar xətti yığışdırmış, onlara sonradan akt yazılacaqdır. Daha sonra o, bildirmişdir ki, aktı təzədən yazsınlar, lakin deyiblər ki, o akt artıq tərtib olunubdur. O, yenidən bildirmişdir ki, o aktı ona təqdim edin, deyiblər ki, ünvanlarına çatdıracaqlar. Bu məsələ birinci aktın yazılışı idi. O, məhkəməyə müraciət edən günü axşam gizli videoçəkilişlərlə onun qapısını döyərək aşağıya dəvət etmişlər ki, ona göstərsinlər və bu zaman ikinci akt tərtib olunmuşdur. Akt onun iştirakı ilə tərtib olunmayıbdır. Hətta X6 rəsmi müraciətindən sonra aktın kserkopiyası ona təqdim olunur. Nüsxə yerinə kserkopiya təqdim olunur.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
19. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
20. 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun
21. 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
22. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın
23. 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir.
24. 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır.
25. 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.
27. Belə ki, məhkəmə iş üzrə nəticəyə gələrkən müvafiq normativ hüquqi aktın qüvvədən düşmüş bəndinə istinad edərək iddianın qismən təmin edilməsi barədə nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 aprel tarixli 155 nömrəli Qərarına əsasən Qaydaların 8.32-ci və 8.33-cü bəndlərinin ləğv edilməsi qərara alınmışdır.
28. Həmin Qaydaların qüvvədən düşmüş redaksiyasında 8.33-cü bəndində məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi tərəfindən akt tərtib edilərkən iki nəfər hal şahidinin iştirakı və onlar tərəfindən aktın imzalanması imperativ şərt kimi göstərilmişdir.
29. Birinci instansiya məhkəməsi, istinad etdiyi bəndin aktlar tərtib edildiyi gün hüquqi qüvvəsini itirməsinə baxmayaraq, mübahisələndirilən aktların həmçinin bu səbəbdən qüsurlu olmasına dair nəticəyə gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya baxışının predmeti olan qətnamə mübahisəyə maddi hüquq norması düzgün tətbiq edilmədiyindən ləğv edilməli, işə mövcud olan sübutlara əsasən yenudən mahiyyəti üzrə baxılmalıdır.
30. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin araşdırması zamanı düzgün olaraq müəyyən olunmuşdur ki, iddiaçıya aid ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, işə baxılan zaman sayğacın binanın pilləkən meydançasında quraşdırılması müəyyən edilmişdir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə abonentin məsuliyyət daşıması, sayğac binanın pilləkən meydançasında quraşdırıldığı üçün, istisna edilir.
31. Halbuki iddiaçı tərəfin zərərin baş verməsini, bunun onun qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olmasının, qanunsuz əməllə zərər arasında səbəbli əlaqənin, habelə iddiaçının təqsirinin sübuta yetirə bilməsi zərər vurmadan irəli gələn öhdəliklərin yaranmasına dair iddianın rədd edilməsini şərtləndirən hallardandır. Başqa sözlə, tələb olunan borcun əsasında qanunsuz hərəkətlərə məhz istehlakçı tərəfindən yol verildiyi sübuta yetirilməlidir.
32. Beləliklə məhkəmə kollegiyası hazırki iddia üzrə müəyyən edilməli halları sübüt etmək yükünü cavabdehin daşıdığını, lakin onun, qeyd edilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, iddia “aktların etibarsız hesab edilməsi və borcun silinməsi” hissəsində əsaslıdır.
33. Kollegiya iddia tələbinin mənəvi zərər hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir.
34. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.
35. Məhkəmə, iddiaçının onun mənəvi sarsıntı keçirməsini qəbul edir. Lakin əsas tələb təmin olunduğundan, iddiaçının pozulmuş hüququnun bərpa edilməsi mənəvi zərərin ödənilməsi kimi də qəbul edilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-794/2023 saylı 26 may 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, AKT R 263512 saylı (476,83) və xx.xx.2022-ci il tarixli, AKT R 263509 saylı (78,15) aktlar etibarsız hesab edilsin və həmin aktlara əsasən ümumilikdə hesablanmış 554,98 (beş yüz əlli dörd manat, doxsan səkkiz qəpik) manat məbləğində borc İddiaçı məxsus **********V0055 saylı abunə hesabından silinsin.
37. MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
38. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilməyən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-794/2023 saylı 26 may 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, AKT R 263512 saylı və xx.xx.2022-ci il tarixli, AKT R 263509 saylı aktlar etibarsız hesab edilsin və həmin aktlara əsasən ümumilikdə hesablanmış 554,98 (beş yüz əlli dörd manat, doxsan səkkiz qəpik) manat məbləğində borc İddiaçı məxsus **********V0055 saylı abunə hesabından silinsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova