Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4587/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı Şəhəri 5 saylı Notariat Ofisi və Cavabdeh2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 may 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh2 vəkili (nümayəndəsi) Nümayəndə Novruz oğlunun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, X5 tərəfindən Cavabdeh2 adına verilmiş və cavabdeh 5 saylı Notariat Ofisi tərəfindən 2V/01 reyestr nömrə altında xx.xx.2013-cü il tarixdə qeydə alınmış “Vəsiyyətnamənin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının anası Adilə Axundovaya məxsus olmuşdur. İddiaçı həmin mənzildə təxminən 40 ildir ki, yaşayır və yaşayış yeri üzrə qeydiyyatdadır. Adilə Axundova 2016-cı ildə vəfat etdikdən sonra iddiaçı mənzildə yaşamaqda davam edərək miras əmlakı faktiki qəbul etmişdir. 2023-cü ilin noyabr ayında iddiaçı, mənzilə dair “Vərəsəlik şəhadətnaməsi” almaq üçün 5 saylı Notariat Ofisinə müraciət etmiş və bu zaman iddiaçıya məlum olmuşdur ki, anası həmin mənzili sağlığında, yəni xx.xx.2013-cü il tarixdə öz nəticəsinə - iş üzrə Cavabdeh2 vəsiyyət etmişdir. Vəsiyyətnamə şahidlər X6 və X1 iştirakı ilə tərtib edilmiş və rəsmiləşdirilmişdir. İddiaçı hesab edir ki, “Vəsiyyətnamə” etibarsız hesab edilməlidir. Çünki şahid Aygün Abdulsalamova Cavabdeh2 xalası qızıdır. Bu səbəbdən şahid ola bilməzdi. b) cavabdeh tərəfin iddiaya münasibəti barədə məlumat
3. Cavabdeh2 iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı onun anasının dayısıdır. Vəsiyyət edən Adilə Axundova onun anasının nənəsidir. Adilə Axundova onu çox sevmiş, öz adını da ona qoymuş, mübahisəli mənzili də ona vəsiyyət etmişdir. Hətta ölənə qədər özünə məxsus qızıl əşyalarını da ona bağışlamışdır. Həmin vaxt uşaq olmuş və kiməsə vəsiyyətnamə barədə deməli olduğunu bilməmiş, lakin hamı, yəni valideynləri, bütün qohumları, o cümlədən iddiaçı da həmin mənzilin ona vəsiyyət edildiyini bilmişlər. Onun evə ehtiyacı olmadığı üçün iddiaçının evdə yaşamasına etiraz etməmişdir. “Vəsiyyətnamə” tərtib olunan zaman vəsiyyət edən Adilə Axundovanın fəaliyyət qabiliyyəti yoxlanılmış, Adilə Axundova öz iradəsini sərbəst ifadə etmişdir. “Vəsiyyətnamə” texniki vasitədən istifadə edilməklə, 2 şahidin yanında tərtib edilmiş və şahidlər “Vəsiyyətnaməni” imzalamışlar. Şahidlər vəsiyyət üzrə vərəsə və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) deyillər. Xala qızı bu halda yaxın qohum hesab olunmur. Odur ki, “Vəsiyyətnamənin” etibarsız hesab edilməsi üçün əsas yoxdur. Bundan başqa iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür.
4. Cavabdeh Notariat Ofisi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iddia tələbinə dair mülahizəsinin və etirazının olmadığını Rayon Məhkəməsinə bildirmiş və Rayon Məhkəməsi işə cavabdeh Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Vəsiyyətnamənin” etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Şahidlərdən birinin vəsiyyət edilənin xalası qızı olması qanunvericiliyin tələblərinə uyğundur. d) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, işin məhkəmə aidiyyəti düzgün seçilməmişdir. Xala qızının vərəsənin enən və yüksələn xətt üzrə qohumu olmaması ilə bağlı Rayon Məhkəməsinin qənaəti yanlışdır və əsaslandırılmamışdır. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
9. İddiaçı apellyasiya baxışının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
10. Cavabdeh Notariat Ofisi Məhkəməyə yazılı məlumat göndərərək iş üzrə etiraz və mülahizəsinin olmadığını bildirmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
11. Məhkəmə, qeyd edilən halların işin baxılmasına mane olmadığını nəzərə almış Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən Notariat Ofisinin nümayəndəsinin və iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
12. Cavabdeh2 vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və iddiaya etirazın, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, apellyasiya şikayətində iddiaçı işin məhkəmə aidiyyətinin düzgün seçilmədiyi bildirilsə də, bu halı əsaslandırılmamışdır.
15. Məhkəmə bildirir ki, iddia ərizəsini məhkəməyə vermiş iddiaçı işin aidiyyətini özü seçmiş və bu məsələ ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlanılmışdır. Məhkəmə tərəfindən işin məhkəmə aidiyyətinin pozulması halı müəyyən edilməmişdir.
16. Odur ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili formal xarakter daşıdığından əsassız hesab edilir.
17. Məhkəmə apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı bildirir ki, iş materiallarında olan “Qeydiyyat vəsiqəsindən” görünür ki, mübahisəli mənzil Adilə Axundovanın xüsusi mülkiyyəti kimi xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmışdır.
18. Bakı Şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 834541 nömrəli xx.xx.2016-cı il tarixli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, iddiaçının anası Adilə Axundova xx.xx.2016-ci il tarixdə vəfat etmişdir.
19. Mübahisəli mənzilin yerləşdiyi binaya xidmət göstərən 42 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, iddiaçı, mübahisəli mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. Mənzildə qeydiyyatda olmuş X5 xx.xx.2016-cı il tarixdə, X4 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişlər.
20. Cavabdeh 5 saylı Notariat Ofisi tərəfindən 2V/01 reyestr nömrə altında xx.xx.2013-cü il tarixdə qeydə alınmış “Vəsiyyətnamədən” görünür ki, Adilə Axundova ölən günədək ona məxsus olan harada yerləşməsindən asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını iş üzrə Cavabdeh2 vəsiyyət etmişdir. Vəsiyyətnamə şahidlər X6 və X2 tərəfindən də imzalanmışdır.
21. Göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, miras qoyan Adilə Axundova sağlığında vəsiyyətnamə qoyaraq harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınmaz və daşınar əmlakını iş üzrə Cavabdeh2 vəsiyyət etmiş və buna dair xx.xx.2013-cü il tarixdə notarial qaydada “Vəsiyyətnamə” tərtib olunmuşdur.
22. Hazırda iddiaçı xx.xx.2013-cü il tarixli “Vəsiyyətnamənin” etibarsız hesab edilməsini tələb edir və iddiasının əsası kimi uzun illərdir miras əmlak olan mənzildə yaşamasını və həmçinin vəsiyyətnamə tərtib edilərkən vəsiyyətnaməni imzalayan şəxslərdən birinin vəsiyyət edilənin qohumu, xalası qızı olmasını göstərir.
23. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1.). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1.). Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər (maddə 1166.). Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir (maddə 1168.). Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir (maddə 1179.1.). Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın. notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin (maddə 1179.2.). Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər (maddə 1180.1.). Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır (maddə 1180.2.). Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər (maddə 1184.). Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər (maddə 1188.). Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır (maddə 1225.1.). Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır (maddə 1225.2.). Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 1225.3.).
24. Qeyd edilən maddi hüquq normalarının tələblərini və işin hallarını nəzərə alan Məhkəmə bildirir ki, miras əmlak miras qoyanın mülkiyyətində olmuş və öz iradəsi əsasında mübahisəli mənzilini Cavabdeh2 vəsiyyət etmişdir. “Vəsiyyətnamə” yazılı formada, notariusda təsdiq edilməklə, şahidlərin iştirakı ilə tərtib edilmişdir. “Vəsiyyətnamənin” tərtib edildiyi məqamda Adilə Axundovanın öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilməsini və öz iradəsini aydın ifadə edə bilməsini, fəaliyyət qabiliyyətli olmasını şübhə altına alacaq hər hansı bir dəlil iddia tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Məhkəmə həmçinin “Vəsiyyətnaməni” imzalayan şahidlərdən birinin vəsiyyət edilənin qohumu, yəni xalası qızı olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericilikdə vəsiyyət edilən şəxsin xalası qızının şahid ola bilməsinə qadağa nəzərdə tutulmamışdır. Mülki qanunvericilikdə vərəsənin yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadının (ərinin) şahid ola bilməməsi qeyd edilmişdir. Vərəsənin xalası qızı şahid ola bilməyən şəxslər sırasına aid deyil.
26. Göründüyü kimi apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır.
27. Məhkəmə həmçinin bildirir ki, iddianı əsassız hesab etmiş Rayon Məhkəməsi iddia müddətinin də buraxıldığını qeyd etsə də bu məsələyə geniş qiymət verməyə lüzum görməmişdir.
28. Rayon Məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşan Məhkəmə hesab edir ki, həmin məsələnin apellyasiya qaydasında da müzakirə edilməsinı lüzum yoxdur. g) apellyasiya baxışının nəticəsi
29. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
30. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
33. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdehlər hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.
34. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən o, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
35. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 may 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdehlər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.