Məhkəmə qərarları › İş №2(103)-4588/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4588/2021

28.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4588/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(009)-1092/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh arasında imzalanan 11 avqust 2020-ci il tarixli “xxxx” MMC-nin pay alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə iddianı təmin etmə tədbirinin tətbiqinə dair ərizə əlavə edərək, Cavabdeh tərəfindən “xxxx” MMC-nin paylarının özgəninkiləşdirilməsinə qadağa qoyulması, Cavabdeh tərəfindən “xxxx” MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1787,3 kv.m. torpaq sahəsi və bu torpaq sahəsinin üzərində 173 kv.m. sahəsi olan emalatxananın özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(009)-1092/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh tərəfindən “xxxx” MMC-nin paylarının və “xxxx” MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin üzərindəki 150.4 kv.m. olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verib onun ləğv edilməsini və iddianı təmin etmə tədbirinə dair ərizənin təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, “xxxx” MMC iş üzrə tərəf olmadığı halda, onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(009)-1092/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına heç bir üzrlü səbəb olmadan gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(009)- 1092/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. İddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi “xxxx” MMC-nin nizamnamə kapitalındakı payların alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair olduğundan, birinci instansiya məhkəməsi mübahisə tam həll edilənədək Cavabdeh tərəfindən “xxxx” MMC-nin paylarının və “xxxx” MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərindəki 150.4 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı qərardad çıxarmaqda haqlı olmuşdur. İş üzrə tərəf olmayan “xxxx” MMC-nin mülkiyyətində olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə şikayətin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh 11 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin MMC-nin nizamnamə kapitalında olan 100 faiz payı əldə etdiyindən, “xxxx” MMCnin mülkiyyətində olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulmasında hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qərardad qanuni və əsaslıdır, şikayətin dəlilləri qərardadın ləğv olunmasına əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(009)-1092/2021 saylı qərardadından cavabdehin şikayəti təmin edilməsin, qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar