Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4590/2023 18.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: pozulmuş istehlakçı hüquqlarının müdafiəsi və cərimənin silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pozulmuş istehlakçı hüquqlarının müdafiəsi və cərimənin silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1771/2023 saylı 01 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 24 yanvar 2023-cü il tarixli, 282122 nömrəli Akta əsasən ünvan 1 ünvanında olan sayğaca gecə yoxlaması zamanı növbəti sayğaclara baxış keçirən zaman məlum olmuşdur ki, qeyd olunan ünvana məxsus elektrik sayğacının “sxem ardıcıllığı” pozulmuş və sayğac daxildən “sıfır xətti” ilə dayandırılmışdır. Kənar xətdən axan yük ölçülmüşdür.
2. Abunə haqqında məlumata görə ünvan 2 ünvanı üzrə Niyaz Zahidovun adına olan “**********B0050” saylı abunə koduna 681.47 manat borc yazılmışdır.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-2518/2021 saylı qətnaməsinə əsasən İddiaçı "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi və akt üzrə hesablanmıç 815.12 manat borcun silinməsi”nə dair iddia tələbi təmin edilmiş, "xxxx" ASC tərəfindən tərtib edilmiş 18 dekabr 2020-ci il tarixli R №210138 saylı akt ləğv edilmiş, ünvan 3 ünvanı üzrə Niyaz Zahidovun adına olan “**********B0050” saylı abunə koduna qeyd olunan akt üzrə hesablanmış 815.12 manat məbləğində borc əsassız sayılaraq silinmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC tərəfindən qeyd edilən 681.47 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Şıxlınski küçəsi, Y/M “A” məhəllə, 2942 B-Q, ev-2, m-50 saylı mənzil müqavilə əsasında ona məxsusdur. Həmin mənzildə o, ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə gecə 01.40 radələrində əsassız olaraq "xxxx" ASC-nin əməkdaşları ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Şıxlınski küçəsi, Y/M “A” məhəllə, 2942 B-Q, ev-2, m-50 saylı mənzilinə yaxınlaşaraq heç bir səbəb olmadan 681.47 manat məbləğində əsassız cərimə yazmışlar. "xxxx" ASC-dən ona şifahi olaraq bildirilmişdir ki, guya sayğaca baxış keçirilən zaman fərdi yaşayış evinə sayğac sistemindən kənar xətt daxil olmuşdur. Bunun nəticəsində də Bakı şəhəri, Xətai rayonu, Şıxlınski küçəsi, Y/M “A” məhəllə, 2942 B-Q, ev-2, m-50 saylı mənzilə 681.47 manat məbləğində cərimə yazılmışdır. Hansı ki, o və ailəsi elektrik sayğacına heç bir müdaxilə etməmişlər və "xxxx" ASC-yə heç bir borcu olmamışdır. Ödənişlər isə vaxtı-vaxtında ödənilmişdir. Onlar elektrik sayğacına müdaxilə etməmişlər. Hesab edir ki, "xxxx" ASC-nin işçiləri tərəfindən tərtib edilən cərimə ədalətsiz hərəkətdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 may 2023-cü il tarixli 2(006)-1771/2023 nömrəli qətnaməsi ilə (Natavan Tağıyeva) iddia tələbi təmin edilmiş, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 3 ünvanı üzrə Niyaz Zahidovun adına olan “**********B0050” saylı abunə koduna 24 yanvar 2023-cü il tarixli, 282122№-li Akt üzrə hesablanmış 681.47 manat məbləğində borcun silinməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, elektrik enerjisi sayğacı evdən kənarda, yəni çöldə quraşdırılmış, qeyd olunan akt tərtib olunarkən isə qanunvericiliyin tələblərinə riayət olunmamış, borc düzgün hesablanmamış və istehlakçının hüquqları pozulmuşdur. Belə ki, cavabdeh "xxxx" ASC tərəfindən akt tərtib edilərkən qanunvericiliyin tələblərinə zidd olaraq şəxsən abonent və hal şahidlərinin iştirakı təmin olunmamış, akt abonent və hal şahidləri tərəfindən imzalanmamış, həmçinin istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və pozuntunun məhz istehlakçının təqsiri üzündən yaranmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Bundan başqa aktdan göründüyü kimi, sayğac ümumi istifadədə olan yerdə quraşdırıldığından abonentin sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşıması qanuna ziddir.
8. Məhkəmə borcun Niyaz Zahidovun adına olan “**********B0050” saylı abunə koduna yazılmasına dair münasibətdə qeyd etmişdir ki, həmin hissəyə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə artıq hüquqi qiymət verilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni “Elektroenergetika haqqında” 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 77.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə ASC-nin əməkdaşları tərəfindən elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı mənzilə məxsus elektrik sayğacının “sxem ardıcıllığı pozulmuş və sayğac daxildən sıfır xətti ilə dayandırılması, kənar xətdən istifadə edilməsi” müəyyən edilmiş və müvafiq akt tərtib edilmiş və video çəkiliş aparılmışdır. Qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
14. İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
15. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı
16. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir.
17. 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Kollegiya hesab edir ki, məhkəmə borcun silinməsi barədə düzgün nəticəyə gəlmişdir.
27. Müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun mövcudluğu, olduğu təqdirdə isə bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yaranması, tələb edilən borcun hansı səbəbdən yarandığına dair məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin, işin hallarından da müəyyən edilmişdir ki, sayğac çöldə quraşdırılmışdır ki, belə olan vəziyyətdə də abonent sayğacın çıxarılmasına və ya onda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır.
28. Aktın tərtib edilməsində yalnız cavabdehin əməkdaşları iştirak etmiş, akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı iddiaçının (abonentin) iştirakı təmin edilməmişdir.
29. Sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsi mövcud sübutlarla öz təsdiqini tapmamışdır.
30. Birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir.
31. Apellyasiya şikayəti əsassız olmaqla qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas deyildir.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1771/2023 saylı iş üzrə 01 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.