Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4594/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4594/2025 (Açar sözlər: sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «sığorta ödənişinin ödənilməsi və s.» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2053/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 20 iyul 2017-ci il tarixli İ-Pİ-0109/17 saylı könüllü sığorta müqaviləsinə əsasən baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş zərərə görə 116,548.00 (bir yüz on altı min beş yüz qırx səkkiz) manat məbləğində sığorta ödənişinin, icbari sığorta müqaviləsi üzrə hesablanmış sığorta ödənişinin gecikdirilməsinə görə hesablanmış 60,000.00 (altmış min) manat məbləğində dəbbə pulunun, iddiaçı tərəfindən ödənilmiş 457.00 (dörd yüz əlli yeddi) manat məbləğində dövlət rüsumunun "xxxx" ASCdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, 20 iyul 2016-cı il tarixində cavabdeh "xxxx" ASC və İddiaçı arasında 1 (bir) il müddətinə BA 648444 saylı Daşınmaz əmlakın icbari sığorta müqaviləsi bağlanmışdır. Bu Müqavilə üzrə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən əmlak cavabdeh tərəfindən sığortalanmışdır. 2017-ci ilin iyul ayında sığorta müqaviləsinin müddətinin bitməsi səbəbindən tərəflər arasında həmin ev ilə bağlı həm könüllü, həm də icbari sığorta müqavilələri bağlanmışdır. İ-Pİ-0109/17 saylı əmlak sığortası şəhadətnaməsinə əsasən adıçəkilən əmlak xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək 125.000 manat məbləğində sığortalanmışdır. 2017-ci ilin aprel ayında sığortalanmış əmlakda çatlar yaranmağa başlamışdır. FHN-nin TTNDA-nin “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli mütəxəssis rəyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planalma Ekspedisiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən, fərdi yaşayış evində yaranmış çatlar xx.xx.2017-ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində "xxxx" ASC-nin 07/03-3/1/10034 saylı məktubunda öz əksini tapmışdır) sonra yaranmış, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki-mexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bunun da nəticəsində bünövrədə qeyri-bərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözügedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşmüşdür. Fərdi yaşayış evinin texniki vəziyyəti qəzalıdır. Sığorta ödənişinin edilməsi ilə bağlı iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh, ilk olaraq sığorta ödənişinin edilməsindən imtina etmiş, sonradan isə əmlaka dəyən zərəri 6,260.00 manat olaraq müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2215/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(103)-147/2023 nömrəli tarixli qətnaməsi qismən, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə dəymiş ziyanın əvəzi olaraq 119.956,25 manat tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı iddiası qismən təmin edilərək, ”Paşa Sığorta” ASC-dən İddiaçı xeyrinə 24.750 manat sığorta ödənişi tutulması, iddianın cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının əmlakına dəymiş əlavə zərərə görə 116.548 manat pul tələbi rədd edilmişdir. Həmin qərarın 92-ci bəndində məhkəmə qeyd edir ki, “eyni zamanda iddiaçının əmlakına münasibətdə sığorta hadisəsinin baş verməsi işdə mübahisə olunmur. Bununla belə, 2017-ci ilin əvvəlində su xəttində baş verən qəzaya görə iddiaçının evində çatların əmələ gəlməsi, habelə həmin ilin avqust ayından sonra çatların genişlənərək evin qəzalı vəziyyətə düşməsi haqqında işdə məlumatlar var”. Sığorta ödənişinin vaxtında edilməməsi nəticəsində sığorta olunmuş əmlakda könüllü sığorta müqaviləsi qüvvədə olduğu dövrdə ikinci sığorta hadisəsi baş vermiş və bunun nəticəsində əmlak qəzalı vəziyyətə düşmüşdür. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyi Nəzarət Dövlət Agentliyi Tikintidə Qiymətqoyma mərkəzinə müraciət edərək evə dəymiş zərərin qiymətləndirilməsini xahiş etmiş, mərkəz öz rəyində çatların böyüməsi nəticəsində evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar dəymiş zərərin artaraq 141,548.38 manat məbləgində olduğunu qeyd etmişdir. Qeyd olunan məbləğdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2215/2023 saylı, xx.xx.2023cü il tarixli qərarına əsasən cavabdeh tərəfindən ödənilmiş 25,000.00 manat çıxıldıqdan sonra, vurulmuş zərərə görə 116,548.00 manat məbləğində ödənilməmiş sığorta məbləği qalır. Adıçəkilən qərarın 101-ci bəndinə əsasən, sığortaçı sığorta ödənişini (pul öhdəliyini) vaxtında icra etmədiyinə görə “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsinə əsasən həmin ödənişi bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. İş materiallarına əsasən cavabdeh sığorta ödənişini 2017-ci ilin iyun ayında etməli idi. Buna baxmayaraq, sığorta məbləği "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı bank hesabına köçürülmüşdür. Göründüyü kimi, cavabdeh tərəfindən sığorta ödənişi 2400 gündən artıq müddətə gecikdirilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbini nəzərə aldıqda, cavabdeh sığorta ödənişini iddiaçıya vaxtında etmədiyindən, ümumilikdə 60,000.00 manat məbləğində dəbbə pulu hesablanmışdır.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2053/2024 nömrəli xx.xx.2024- cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddianın təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 898.1, 898.2, 922.1, 922.2, 926.1, 926.2, 927.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci, 6.6-cı, 7-ci, 13.4-cü, 15.1-ci və 16.2-ci maddələrinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Mülki Məcəllənin 934-cü maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “İSH” Qanunun 18-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İddia ərizəsindən də göründüyü kimi, tələbin bir hissəsi sığorta ödənişinin vaxtında həyata keçirilməməsi ilə bağlı hesablanmış dəbbə pulunun ödənilməsi olmuşdur. Belə ki, iş materiallarına əsasən cavabdeh sığorta ödənişini 2017-ci ilin iyun ayında etməli idi. Buna baxmayaraq, sığorta məbləği "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı bank hesabına köçürülmüşdür. Göründüyü kimi, cavabdeh tərəfindən sığorta ödənişi 2400 gündən artıq müddətə gecikdirilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbini nəzərə aldıqda, cavabdeh sığorta ödənişini iddiaçıya vaxtında etmədiyindən, ümumilikdə 60,000.00 (altmış min) manat məbləğində dəbbə pulu hesablanmışdır. İddia tələbinin bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsində sığorta ödənişinin məhz sığortaçı tərəfindən gecikdirilməsindən söhbət gedir. Nəzərə alınsa ki, zərərin miqdarı barədə tərəflər arasında mübahisə mövcud olmuşdur, bu belə olduğu təqdirdə sığortaçı tərəfindən sığorta ödənişinin gecikdirilməsi halının olması kimi qiymətləndirilə bilməz. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddiası bu hissədə də tamamilə əsassızdır.” “İSH” qanunun 16-cı maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Sığorta ödənişinin edilməsi ilə bağlı iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh, ilk olaraq sığorta ödənişinin edilməsindən imtina etmiş, sonradan isə əmlaka dəyən zərərin 6,260.00 manat olaraq müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2215/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə sığorta ödənişi olaraq iddiaçıya ödənilməli olan məbləğin 24,750.00 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh qanunvericiliyimiz ilə üzərinə qoyulmuş öhdəlikləri vaxtında yerinə yetirməmiş, bunun nəticəsində iddiaçıya əlavə zərər dəymişdir. Bu isə, öz növbəsində, hüquqdan sui-istifadə deməkdir. Məhkəmə isə bu əsaslandırması ilə cavabdehin bu hərəkətlərini (sui-istifadə) haqlı hesab etmişdir. Belə çıxır ki, sığorta ödənişi ilə bağlı istənilən mübahisədə sığorta təşkilatı zərər çəkmiş şəxsə sığorta ödənişinin edilməsindən imtina edəcək və ya vurulmuş real zərər məbləğindən xeyli aşağı məbləğ təklif edəcək, zərər çəkmiş şəxs, normal olaraq bu məbləğ ilə razı olmayacaq və iş məhkəmə müstəvisində bir neçə il ərzində araşdırılacaqdır. Bu hal isə “İSH” qanunun 3-cü maddəsində öz əksini tapan prinsiplərə tamamilə ziddir (sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı; sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılması; sığorta hadisələrinin nəticələrinin aradan qaldırılması, habelə sığorta ödənişlərinin məhz bu məqsədlər üçün istifadəsinin təminatı; çoxqat maliyyə təminatı mexanizmi vasitəsilə sığorta əməliyyatlarında maliyyə sabitliyinin təmin edilməsi). Mülki Məcəllənin 16 və 560-cı maddələrinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd etmək lazımdır ki, 2017-ci ilin aprel ayında sığortalanmış əmlakda çatlar yaranmağa başlamışdır. FHN-nin TTNDA-nin “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli mütəxəssis rəyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planalma Ekspedisiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən, fərdi yaşayış evində yaranmış çatlar xx.xx.2017-ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində "xxxx" ASC-nin 07/03- 3/1/10034 saylıməktubunda öz əksini tapmışdır) sonra yaranmış, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki-mexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bunun da nəticəsində bünövrədə qeyri-bərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözü gedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşmüşdür. Fərdi yaşayış evinin texniki vəziyyəti qəzalıdır. Sığorta ödənişinin edilməsi ilə bağlı iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh, ilk olaraq sığorta ödənişinin edilməsindən imtina etmiş, sonradan isə əmlaka dəyən zərərin 6,260.00 manat olaraq müəyyən etmişdir. Sığorta ödənişinin vaxtında edilməməsi nəticəsində sığorta olunmuş əmlakda könüllü sığorta müqaviləsi qüvvədə olduğu dövrdə ikinci sığorta hadisəsi baş vermiş və bunun nəticəsində əmlak qəzalı vəziyyətə düşmüşdür. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyi Nəzarət Dövlət Agentliyi Tikintidə Qiymətqoyma mərkəzinə müraciət edərək evə dəymiş zərərin qiymətləndirilməsini xahiş etmiş, mərkəz öz rəyində çatların böyüməsi nəticəsində evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar dəymiş zərərin artaraq 141,548.38 manat məbləgində olduğunu qeyd etmişdir. Qeyd olunan məbləğdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2215/2023 saylı, xx.xx.2023cü il tarixli qərarına əsasən cavabdeh tərəfindən ödənilmiş 25,000.00 manat çıxıldıqdan sonra, vurulmuş zərərə görə 116,548.00 (bir yüz on altımin beş yüz qırx səkkiz) manat məbləğində ödənilməmiş sığorta məbləği qalır. İddia tələbinin bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, qeyd edilən qanuni qüvvəsini almış məhkəmə qərarı hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etməsə də, həmin qərarla müəyyən edilmiş hallar hazırki iddiaya hüquqi qiymət verilməsi zamanı nəzərə alınmalıdır. Halbuki, işin materiallarından və qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 2215/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli Qərarının 98-ci paraqrafında da görünür ki, xx.xx.2017-ci il tarixli hadisə nəticəsində evin qəzalı vəziyyətə düşməsinin sığorta təminatının müddəti “xx.xx.2017 00:00 - xx.xx.2018 23:59” olan İ-Pİ-0109/17 saylı “Əmlak Sığortası” şəhadətnaməsi ilə heç bir bağlılığı yoxdur. Belə ki, “əmlakın qəzalı vəziyyətə düşməsi” sığorta hadisəsi deyil, sığorta hadisəsinin nəticəsidir. Məhkəmə hesab edir ki, kassasiya instansiyası məhkəməsi qeyd etdiyi kimi artıq sığorta ödənişindən deyil, əmlaka vurulmuş zərərin ödənilməsindən söhbət gedə bilər. Başqa sözlə, işin araşdırılmış halları onu deməyə tam əsas verir ki, dəymiş ziyan su təchizat xəttində baş vermiş qəzadan sonra yarandığından iddia tələbi "xxxx" ASC-yə qarşı verilməməlidir. Bu məsələ ilə bağlı bildiririk ki, iddiaçıya dəymiş ziyanın su təchizat xəttində baş verməsi işin mübahisəsiz halıdır. Məhkəmənin bu mövqeyi ancaq bu halda əsaslı ola bilərdi: hazırkı mübahisə üzrə bir sığorta hadisəsi baş vermişdir. Baş vermiş sığorta hadisəsi nəticəsində əmlaka dəymiş zərər həmin an üçün "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli aktına uyğun olaraq 31,100.00 manat olmuşdur. Bu zərərdən 25,000.00 manat icbarı sığorta müqaviləsi üzrə cavabdeh tərəfindən vaxtında ödənilsə idi (yekunda Ali Məhkəmənin qərarına əsasən qeyd olunan məbləğin cavabdeh tərəfindən tam şəkildə ödənilməsi qərara alınmışdır), iddiaçı yerdə qalan məbləği ona faktiki olaraq zərərvuran şəxsdən tələb etməli idi. Lakin, iş materiallarından da görünür ki, 2017-ci ilin aprel ayında iddiaçı cavabdehə sığorta hadisəsi barədə məlumat vermiş, sığorta olunan daşınmaz əmlak həmin ilin dekabr ayında (sığorta hadisəsində 8 ay sonra) qəzalı vəziyyətə düşmüş və iddiaçıya dəymiş zərərin həcmi artmışdır. Ötən 8 ay ərzində iddiaçıya həmin dövr üçün dəymiş zərərdən (31,100.00) ən azı 25,000.00 manatı cavabdeh tərəfindən ödənmiş olsa idi, sonradan iddiaçıya dəymiş zərərin həcmi artmazdı.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2025-ci il tarixli, 2(103)-575/2025 saylı qətnaməsi ilə (hakimlər A.İmanov - sədrlik edən və məruzəçi, M.Məmmədov və F.Talışinski) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2053/2024 nömrəli 17 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı əvvəlki mülki iş üzrə tələbində "xxxx" ASC-dən sığorta ödənişinə görə 25.000 manat, əmlaka dəymiş əlavə zərər görə isə 116.548 manat pul tələb etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası qərarında göstərmişdir ki, cavabdeh iddiaçı qarşısında icbari sığorta müqaviləsində göstərilən həddə məsuliyyət daşımalı olduğundan iddiaçının tələbi yalnız həmin hissədə təmin edilə bilər. Bu zaman icbari sığorta müqaviləsində göstərilən 250 manat azadolma məbləği çıxılmaqla, cavabdehdən 24750 manat sığorta ödənişi tutulmalıdır. Belə ki, cavabdeh tərəfindən sığorta ödənişi vaxtında edilmədiyinə, qəzanın nəticələri vaxtında aradan qaldırılmadan mövcud vəziyyətdə tərəflər arasında 20 iyul 2017-ci ildən 19 iyul 2018-ci il tarixədək olan dövrü əhatə edən, daşınmaz əmlakın yeni icbari sığorta müqaviləsinin bağlanması, əvvəlki sığorta dövrünə təsadüf edən qəza nəticəsində evdə çatlar əmələ gəldikdən sonra bərpa gücləndirmə işləri aparılmadığından, sözügedən evin qəzalı vəziyyətə düşməsinin ikinci sığorta hadisəsi olması barədə apelyasiya məhkəməsinin gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, “evin qəzalı vəziyyətə düşməsi” ikinci sığorta hadisəsi deyil, baş vermiş sığorta hadisəsinin nəticəsidir.
11. Həmçinin kassasiya instansiyası məhkəməsinin yekun qərarında qeyd edilir ki, ödənilməli olan sığorta ödənişinin vaxtında ödənilməməsinə görə vurulmuş zərərlə, baş vermiş sığorta hadisəsi nəticəsində əmlaka dəymiş zərər fərqli anlayışlardır. Sığortaçı sığorta ödənişini (pul öhdəliyini) vaxtında icra etmədiyinə görə “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsinə əsasən həmin ödənişi bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. Həmçinin Mülki Məcəllə ilə pul öhdəliklərinin icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin heç bir halda bu zərər əmlaka sığorta hadisəsi nəticəsində vurulmuş real zərərin tam olaraq sığortaçıdan tutulması ilə nəticələnə bilməz. Çünki əmlaka dəyən zərərin tam ödənilməsinə sığortaçı deyil, zərərvuran şəxs məsuliyyət daşıyır. Buna görə də, əmlaka dəyən əlavə zərər görə 116.548 manat pul tələbi hissəsində iddia rədd edilməlidir. Kollegiya hesab edir ki, qeyd edilən qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilmiş hallar hazırki tələbə hüquqi qiymət verilməsi zamanı nəzərə alınmalıdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, kassasiya instansiyası məhkəməsi qeyd etdiyi kimi artıq sığorta ödənişindən deyil, əmlaka vurulmuş zərərin ödənilməsindən söhbət gedə bilər. Belə ki, yekun qərar olaraq əmlaka dəyən əlavə zərərə görə 116.548 manat pul tələbi hissəsində iddia rədd edilmişdir.
ç) Kassasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1765/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-575/2025 nömrəli iş üzrə 24 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
14. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...hər iki instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2215/2023 saylı qərarı ilə ”Paşa Sığorta” ASC-dən İddiaçı xeyrinə 24.750 manat sığorta ödənişi tutulmuş, cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının əmlakına dəymiş əlavə zərərə görə 116.548 manat pul tələbi rədd edilmişdir. Buna baxmayaraq məhkəmələr hazırkı iş üzrə 116,548.00 manat pul tələbinin daha əvvəl baxılmış mülki işdə həll edilmiş 116.548 manat pul tələbi ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə olub olmadığını müzakirə etməmiş, məsələyə bu aspektdə hüquqi qiymət verməmişlər. İkinci tələb üzrə məhkəmələrin mövqeyi bundan ibarət olmuşdur ki, “zərərin miqdarı barədə tərəflər arasında mübahisə mövcud olmuşdur, bu belə olduğu təqdirdə sığortaçı tərəfindən sığorta ödənişinin gecikdirilməsi halının olması kimi qiymətləndirilə bilməz. Məhkəmə iddianın qeyd edilən hissəsinin əsassız olduğu üçün rədd edilməsi qənaətinə gəldiyinə görə iddiaçı bu tələb üzrə iddia müddətini ötürməsi ilə bağlı cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə hüquqi qiymət verilməsini zəruri saymır”. Kassasiya məhkəməsi bu mövqeyi əsaslı hesab etmir, ona görə ki, məhkəmələr sığorta ödənişinin gecikdirilməsinə görə qanunda nəzərdə tutulan faizin tərəflər arasında daha əvvəl məhkəmə mübahisəsi olması səbəbindən tutulmalı olmadığı barədə mövqelərini əsaslandırmamış, hər hansı bir qanun normasına istinad etməmişlər. Halbuki, Mülki Məcəllənin 934.2-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddələrində açıqca qeyd olunmuşdur ki, sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İddiaçı bildirir ki, cavabdeh təşkilat 2017ci ilin iyun ayında ödəməli olduğu sığorta ödənişini xx.xx.2023-cü ildə onun bank hesabına köçürmüşdür, bu səbəbdən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu tələb edir. Belə olan halda həmin iddia tələbi, habelə cavabdehin tətbiq etdiyi iddia müddəti (eləcə də bu iddianın qaldırıldığı tarixdən əvvəlki üç ilə hesablanan dəbbə puluna iddia müddətinin tətbiq edilib-edilmədiyi) aidiyyəti maddi hüquq normalarının şərtlərinə uyğun şəkildə araşdırlmaqla məsələyə yekun hüquqi qiymət verilməlidir.”
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, evdə yaşayış yoxdur, qəzalı vəziyyətdədir. İddia tələbində göstərilən 116548 manat pul müqavilə üzrə cavabdehin üzərinə qoyulan öhdəlik yerinə yetirilmədiyindən əmlaka dəymiş zərəri təşkil edir.
16. Məhkəmə iclasında və bundan əvvəlki apelyasiya baxışlarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia müddəti də tətbiq edilməlidir.
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir.
18. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
21. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
22. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
23. Maddə 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.
24. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
25. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
26. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
27. Maddə 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
28. Maddə 935.1.8. Baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
29. Maddə 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.
30. Maddə 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
35. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın “Sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş zərərə görə 116,548.00 manat pulun tutulması” hissəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)- 4594/2025 saylı qərardadı ilə ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verildiyindən, qətnamə qalan hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi (baxılan hissədə) ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
40. Birinci instansiya məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir ki, bu da qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır.
41. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
42. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki iddia tələbi 2 hissədən ibarət olmuşdur: 1) baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş zərərə görə 116,548.00 manat məbləğində pulun tutulması; 2) icbari sığorta müqaviləsi üzrə hesablanmış sığorta ödənişinin gecikdirilməsinə görə hesablanmış 60,000.00 manat məbləğində dəbbə pulunun tutulması.
43. Kollegiya ilk növbədə tələbin baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş zərərə görə 116,548.00 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2215/2023 saylı qərarı ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(103)147/2023 nömrəli tarixli qətnaməsi qismən, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə dəymiş ziyanın əvəzi olaraq 119.956,25 manat tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməsi, iddiaçı X1 iddiasının qismən təmin edilərək, ”Paşa Sığorta” ASC-dən İddiaçı xeyrinə 24.750 manat sığorta ödənişinin tutulması, iddianın cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının əmlakına dəymiş əlavə zərərə görə 116.548 manat pul tələbinin rədd edilməsi, qətnamənin 2000 manat mənəvi ziyanın və 3000 manat əlavə xərclərin tutulması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
44. Bundan əlavə apellyasiya baxışı zamanı iddiaçı öz izahatında iddia tələbinin 116548 manat hissəsinə münasibətdə həmin pulun cavabdehin üzərinə qoyulan öhdəlik yerinə yetirilmədiyindən əmlaka dəymiş zərəri təşkil etdiyini bildirmişdir.
45. İşin faktiki hallarına, kassasiya instansiyasının işi məhkəmə baxışına göndərərkən əks etdirdiyi mövqeyə, o cümlədən tərəflərin izahatına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın “sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş zərərə görə 116,548.00 manat pulun tutulması” hissəsi ilə bağlı qanuni qüvvədə olan məhkəmə aktı mövcud olduğundan və həmin aktla qeyd olunan məbləğin iddiaçı X1 xeyrinə tutulması barədə tələb rədd edildiyindən, hazırki tələbə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun olmamışdır.
46. Odur ki, bu barədə kassasiya instansiyası məhkəməsinin də göstərişləri nəzərə alınaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4594/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş zərərə görə 116,548.00 manat məbləğində pulun tutulması hissəsində xitam verilmişdir.
47. Məhkəmə kollegiyası iddia tələbinin icbari sığorta müqaviləsi üzrə hesablanmış sığorta ödənişinin gecikdirilməsinə görə hesablanmış 60,000.00 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibətdə isə aşağıdakıları qeyd edir.
48. İş materiallarında olan RPA********** nömrəli BA seriyalı 648444 saylı “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak "xxxx" ASC tərəfindən sığortalanmış, sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat məbləğində müəyyən edilmiş, sığorta müqaviləsi xx.xx.2016-ci il tarixdə qüvvəyə minməklə, xx.xx.2017-ci il tarixdə qüvvədən düşmüşdür.
49. RPA********** nömrəli BA seriyalı 763480 saylı “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak "xxxx" ASC tərəfindən sığortalanmış, sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat məbləğində müəyyən edilmiş, sığorta müqaviləsi xx.xx.2017-ci il tarixdə qüvvəyə minməklə, xx.xx.2018-ci il tarixdə qüvvədən düşmüşdür.
50. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış müraciət ilə əlaqədar cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 2215/2023 saylı qərarı ilə qərara alınan ”Paşa Sığorta” ASC-dən İddiaçı xeyrinə 24.750 manat sığorta ödənişinin tutulması, iddianın cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının əmlakına dəymiş əlavə zərərə görə 116.548 manat pul tələbinin rədd edilməsi, qətnamənin 2000 manat mənəvi ziyanın və 3000 manat əlavə xərclərin tutulması hissəsi ”Paşa Sığorta” ASC tərəfindən tam icra olunmuşdur.
51. Belə ki, Mülki Məcəllənin 934.2-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddələrində açıqca qeyd olunmuşdur ki, sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
52. Qanunvericiliyin tələblərindən də göründüyü kimi sığorta olunanın sığortaçı tərəfindən sığorta ödənişinin gecikdirilməsi nəticəsində həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Hazırki iş üzrə də tərəflərin məhkəməyə bildirdiyi və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan görünür ki, tərəflər arasında iki dəfə - 20 iyul 2016-cı ildən 19 iyul 2017-ci ilədək və 20 iyul 2017-ci ildən 19 iyul 2018-ci il tarixədək olan dövrü əhatə edən sığorta müqavilələri bağlanmışdır. Müqavilələrdə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat göstərilmişdir. Eyni zamanda 2017-ci ilin əvvəlində su xəttində baş verən qəzaya görə iddiaçının evində çatların əmələ gəlməsi, habelə həmin ilin avqust ayından sonra çatların genişlənərək evin qəzalı vəziyyətə düşməsi artıq bundan öncəki məhkəmə araşdırmalarına əsasən də işin mübahisəsiz halını təşkil edir. Məhz buna görə də Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2215/2023 saylı qərarı ilə cavabdehin iddiaçı qarşısında icbari sığorta müqaviləsində göstərilən həddə məsuliyyət daşımalı olduğu, bu zaman icbari sığorta müqaviləsində göstərilən 250 manat azadolma məbləği çıxılmaqla, cavabdehdən 24750 manat sığorta ödənişi tutulması təsbit edilmişdir.
53. O cümlədən yuxarıda adı çəkilən "xxxx" ASC tərəfindən ünvanlanmış məktubdan da görünür ki, sözügedən məhkəmə qərarı xx.xx.2023-cü il tarixdə icra edilmiş və nəticə etibarilə 24750 manat sığorta ödənişi sığorta hadisənin baş verməsindən təxminən 6 ildən çox müddət keçdikdən sonra icra edilmişdir.
54. Göstərilənlər onu deməyə əsas verir ki, sığorta olunan qismində iddiaçının sığorta ödənişinin vaxtında icra edilməməsi səbəbindən qanunvericiliklə nəzərdə tutulan dəbbə pulunun ödənilməsini tələb etmək hüququ mövcuddur.
55. Növbəti olaraq məhkəmənin münasibət bildirməli olduğu məsələ həmin hüququnun həyata keçirilməsi ilə bağlı iddia müddətinin ötürülüb-ötürülməməsini müəyyənləşdirməkdir.
56. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Hazırki mübahisə üzrə tərəflər arasında iki dəfə - 20 iyul 2016-cı ildən 19 iyul 2017-ci ilədək və 20 iyul 2017-ci ildən 19 iyul 2018-ci il tarixədək olan dövrü əhatə edən sığorta müqavilələri bağlanmış, 2017-ci ilin əvvəlindən etibarən sığorta hadisəsi mərhələli şəkildə baş vermiş, lakin sığorta ödənişinin həyata keçirilməsi baş tutmamışdır. Bu isə o deməkdir ki, artıq həmin vaxtlardan etibarən iddiaçı hüququnun pozulduğunu aşkar etmiş və bu pozuntu xx.xx.2023, yəni sığorta ödənişinin edilməsinədək davam etmişdir.
57. Göründüyü kimi sığorta ödənişinin həyata keçirilməsi öz xarakterinə görə davam edən pozuntu olmuşdur və bu o deməkdir ki, iddiaçı 2017-ci ildən etibarən olmasa da, hazırki iddia qaldırılanadək olan son 3 il ərzində ödənişin həyata keçirilməsini tələb etmək hüququna malik olmuşdur.
58. İş materiallarından göründüyü kimi, hazırki ərizə məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur və iddiaçının həmin tarixdən 3 il əvvəldən, yəni xx.xx.2021-ci il tarixdən etibarən sığorta ödənişinin vaxtında edilməməsi ilə əlaqədar dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Yuxarıda da qeyd edildiyi kimi sığorta ödənişi xx.xx.2023-cü il tarixdə icra edildiyindən, kollegiya hesab edir ki, dəbbə pulunun hesablanması xx.xx.2021 – xx.xx.2023-cü il tarixləri aralığına uyğun hesablanmalıdır.
59. Hesablanma mexanizminə gəldikdə isə qanunvericiliyin tələblərinə əsasən sığortaçı hər gecikdirilmiş günə görə sığorta ödənişinin 0,1%-i həcmində dəbbə pulu ödəməlidir. Azadolma məbləği nəzərə alınmaqla icra edilmiş sığorta ödənişi 24750 manat təşkil etmişdir və onun 0,1% hissəsi 24,75 manat təşkil edir. xx.xx.2021 – xx.xx.2023-cü illər aralığında isə 987 gün mövcuddur. Bu isə o deməkdir ki, cavabdeh tərəfindən ödənilməli olan dəbbə pulunun həcmi 24428,25 manat (987*24,75) təşkil etməlidir.
60. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və ona münasibətdə tətbiq edilməli olan hüquq normalarına düzgün qiymət vermədiyindən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməli, icbari sığorta müqaviləsi üzrə hesablanmış sığorta ödənişinin gecikdirilməsinə görə hesablanmış 24.428,25 manat məbləğində dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
61. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün 457 manat, apelyasiya şikayətinin verilməsi üçün 228.50 manat dövlət rüsumu ödənildiyindən, iddianın ödənilmiş tələbinin məbləğinə mütənasib müvafiq olaraq 67.02 manat və 33,51 manat, cəmi 100,53 məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2053/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi qismən, yəni sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun tutulması hissəsinə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. İcbari sığorta müqaviləsi üzrə hesablanmış sığorta ödənişinin gecikdirilməsinə görə 24,428.25 AZN (iyirmi dörd min dörd yüz iyirmi səkkiz manat iyirmi beş qəpik) məbləğində dəbbə pulu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 67,02 AZN (altmış yeddi manat iki qəpik) olan hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 33,51 AZN (otuz üç manat əlli bir qəpik) olan hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev