Məhkəmə qərarları › İş №2(103)-4599/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4599/2021

10.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4599/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh və onun vəkili X2, müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MTK-nın sədri X1, nümayəndəsi və vəkili X4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı1 Firudinovnanın və İddiaçı2 Cavabdeh qarşı “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması, zirzəminin boşaldılması, zirzəmidən istifadəyə yaradılan maneələrin aradan qaldırılması”, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MTK-nın Cavabdeh qarşı “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması, zirzəminin boşaldılması və MTK-na təhvil verilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 Firudinovna və İddiaçı2, həmçinin “xxxx” MTK-nın nümayəndəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Firudinovna və İddiaçı2 Cavabdeh qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üçüncü şəxs qismində göstərildiyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllədə yerləşən 6 “A” nömrəli, 9 mərtəbəli binanın altındakı 150,6 kv.m zirzəmiyə dair Cavabdehlə Əmlak Məsələləri Dövlət Komitəsi arasında 14.02.2014-cü il tarixdə bağlanmış icarə müqaviləsinin, 28.02.2014-cü il tarixli 5276 nömrəli “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edılməsi, Cavabdeh adına verilmiş ******* nömrəli 26.04.2014-ci il tarixli çıxarışın ləğv olunması, Cavabdeh həmin zirzəmidən əşyaları ilə birlikdə çıxarılması, zirzəmidən binanın bütün sakinlərinin istifadə etməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, 1975-ci ildə inşa olunmuş və istifadəyə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500 məhəllədəki 6 A saylı kooperativ bina “xxxx” MTK-ya məxsusdur və bu hal Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən verilmiş registrdən çixarışla təsdiq edilir. Kooperativ üzvlərinin vəsaiti hesabına tikilmiş 9 mərtəbədən və zirzəmidən ibarət olan binanın 32 saylı mənzili İddiaçı1, 13 saylı mənzili İddiaçı2 xüsusi mülkiyyətindədir. Son zamanlarda onlara məlum olmuşdur ki, ümumiyyətlə MTK-nın üzvü olmayan Cavabdeh evin altındakı 150,6 kv.m sahəyə malik zirzəmini alqı-satqı yoluyla özəlləşdirmişdir. Halbuki, bina və altındakı zirzəmi binanın sakinlərinə məxsusdur və həmin zirzəmidən bütün sakinlərin istifadə etmək hüquqları vardır. Zirzəminin icarəyə verilməsindən və sonradan alqı-satqı müqaviləsi əsasında satılmasından heç bir məlumatları olmamış, ümumi istifadə üçün nəzərdə tutulan zirzəminin satılması ilə hüquqları pozulmuşdur. Qanunvericiləyə görə zirzəmidən kommunikasiya xəttləri keçdiyindən satıla bilməzdi, bundan başqa mübahisəli sahə zirzəmi olduğu halda, sonradan çıxarışda sadəcə qeyri-yaşayış sahəsi kimi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 6-cı bəndinə əsasən mövcud obyektlərdə genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılmasına aşağıdakı hallarda yol verilmir: mühəndis qurğularının yerləşdirilməsi və kommunikasiyasının çəkilməsi üçün nəzərdə tutulmuş iki mərtəbələrin başqa məqsədlər üçün istifadəsinə (texniki zirzəmilərdə, çardaxlarda və s.); zirzəmi divarları tağları daş konstruksiyadan olan qədim binalarda tağlar söküldükdə və ya konstruksiyası birləşdirildikdə; bina və qurğularda evakuasiya yolları olan sahələr bağlandıqda; konsol tipli balkonlar əlavə yükləməklə genişləndirildikdə; mərtəbəarası örtüklərdə yükdaşıyan rigel və ya tirlərin kənar çıxıntı hissələri ləğv edildikdə və ya hündürlük ölçüləri dəyişdirildikdə; panel binalarda düyün birləşmələri olan hissələrdə və ya onların yaxınlığında oyuqlar açıldıqda; mənzillərin genişləndirilməsi məqsədi ilə konstruktiv yükdaşıyıcı divar və ya arakəsmə, panellər söküldükdə; bina və qurğuların konstruktiv həllindən və mərtəbənin sayından asılı olmayaraq, lift və ventilyasiya şaxtalari ləğv edildikdə; zirzəmilərdən istifadə etmək məqsədi ilə zirzəminin hündürlüyünü artırmaq üçün torpaq çıxarılaraq, zirzəminin döşəməsinin mövcud səviyyəsindən aşağı salındıqda; zirzəmi nəzərdə tutulmamış binalarda zirzəmi yaradıldıqda; yaşayış sahəsində, habelə zirzəmidə sənaye istehsalatının yerləşdirilməsi, rezonans yarada biləcək dəzgah qurğulardan istifadə olunması nəzərdə tutulduqda; acılacaq oyuqlar mövcud oyuqların sırasından kənar açıldıqda; zirzəmidə tezalışan və kəskin iyli maddələr anbarı yerləşdirildikdə. Həmin Qaydalara görə ümumi istifadə sahələrinin, xüsusi ilə zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunması, zirzəmi daxilində kommunikasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzələyə qarşı davamlığın azaldılmasına yol verilmir. İstinad olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, zirzəmi binanın kommunikasiya xətlərinin keçdiyi texniki xidmət sahəsi olmaqla oradan hər hansı başqa bir məqsəd üçün istifadə olunması yolverilməzdir. Belə ki, baş verə biləcək qəza və nasazlıqların nəticələrinin aradan qaldırılması və təmir bərpa işlərinin aparılması üçün həmin sahə istifadəyə açıq olmalıdır. Beləliklə, yaşayış binasının ümumi istifadədə olan zirzəmisi qeyri-yaşayış sahəsi kimi özgəninkiləşdirilmiş, müqavilə tərəfləri mülki qanunvericiliyin tələblərinə zidd olan əqd bağlamışlar. “xxxx” MTK da Cavabdeh qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üçüncü şəxs qismində göstərildiyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500 məhəllədəki 6 "A” nömrəli, 9 mərtəbəli binanın altındakı 150,6 kv.m zirzəmiyə dair Cavabdehlə ƏMDK arasında 14.02.2014-cü il tarixdə bağlanmış icarə müqaviləsinin, 28.02.2014-cü il tarixli “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, bunun əsasında Cavabdeh adına verilmiş ******* nömrəli 26.04.2014-cü il tarixli çıxarışın ləğv olunması, Cavabdeh əşyaları ilə birlikdə həmin zirzəmidən çıxarılması və zirzəminin MTK-ya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələblərini iddiaçıların iddia ərizələrində göstərdikləri eyni hallara istinadla və eyni məzmunda əsaslandırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (məhkəmə) 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi, 100 (bir yüz) manat ekspertiza xərcinin İddiaçı1 Firudinovnadan, İddiaçı2 və “xxxx” MTK-dan müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. Qətnamədən İddiaçı1 Firudinovna və İddiaçı2, həmçinin “xxxx” MTK-nın nümayəndəsi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilərək onun ləğv olunması və iddia tələblərinin təmin edilməsi xahiş olunmuş, eyni məzmunda olan şikayətlər iddia ərizələrində göstərilən hallara istinadla əsaslandırılmaqla, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı, ekspert rəyinin natamam olmasını nəzərə almadığı, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etmədiyi irəli sürülmüşdür. Məhkəmə iclasında iştirak edən “xxxx” MTK-nın nümayəndələri (vəkili) apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verməklə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını; Cavabdeh və onun nümayəndəsi (vəkili), habelə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi isə şikayətlərin təmin olunmayaraq qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, işə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı1 və İddiaçı2 məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin müəyyən olunmuş hallarına əsasən, ünvan 1 ünvanındakı kooperativ bina 1975-ci ildə “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən inşa etdirilmiş, həm iddiaçılar İddiaçı1 və İddiaçı2, həm də Cavabdeh binada yerləşən 32, 13 və 29 saylı mənzillərin mülkiyyətçiləri olmaqla, tərəflər arasında mübahisə, həmin binanın zirzəmisindəki 150,6 m2 qeyri-yaşayış sahəsinin Cavabdeh mülkiyyətinə keçirilməsi səbəbi ilə yaranmışdır. İşin müəyyən olunan digər halına görə, sözügedən binanın 1-ci mərtəbəsi tam, zirzəmi hissəsinin 24%-i dövlət vəsaiti hesabına, zirzəminin 76%-i isə sakinlərin vəsaiti hesabına tikilmiş, sakinlərin ümumi iclasının 15 fevral 2000-ci il tarixli protokolu ilə zirzəminin bir hissəsinin emalatxana kimi işlədilməsi üçün rəssam Cavabdeh verilməsi qərara alınmış, binanın zirzəmisinin 150,6 m2 hissəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2010-cu ildən etibarən Cavabdeh icarəsinə verilmiş, sonuncu dəfə Komitə ilə Cavabdeh arasında əmlakın icarəyə verilməsinə dair 14.02.2014-cü il tarixdə icarə müqaviləsi bağlanmış, 28.02.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında həmin zirzəmi (qeyri-yaşayış sahəsi) 7801 manata Cavabdeh satılmış, 26.04.2014-cü il tarixdə onun adına müvafiq çıxarış verilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 382 nömrəli Fərmanına əsasən Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 07.02.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinə ayrıca tikilmiş qeyriyaşayış binaları, yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri, mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri aiddir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.4-cü bəndinə görə, icarə müəssisəsinin struktur bölməsinin ayrıca özəlləşdirilməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi, onun texnoloji cəhətdən müəssisə ilə bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amilləri nəzərə almaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə icarəyə götürülmüş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçilər icarəyə götürdükləri əmlakı almaqdan imtina etdikdə həmin əmlak İİ Dövlət Proqramında nəzərdə tutulmuş qaydada özəlləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 18-ci bəndində də yuxarıda göstərilən qayda müəyyən olunmuşdur. “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci bəndinə görə də icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsi bağlanılır. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na müvafiq olaraq özəlləşdirilir. İşin yuxarıda şərh olunan hallarından görünür ki, mübahisəsi gedən zirzəmi əmlakın sərəncamvericisi qismində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh icarəsinə verilmiş, sonradan isə ona satılmışdır. Beləliklə, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının icarəyə verilməsi və özəlləşdirilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir; iddiaçılar (o cümlədən müstəqil tələb irəli sürən üçüncü şəxs) isə faktiki olaraq həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın (özəlləşdirmə qərarının nəticələrinin) qanunsuz olduğunu iddia edirlər. Nəzərə alınmalıdır ki, mübahisəli zirzəmiyə dair iddiaçıların etibarsızlığını tələb etdikləri, inzibati orqan olan Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) ilə bağlanmış icarə və alqı-satqı müqavilələri, həmçinin həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarış dövlət əmlakının özəlləşdirilməsinin rəsmiləşdirilməsi qaydalarına əsasən bağlandığı və ya tərtib edildiyi üçün həmin münasibətlər də qeyd olunan publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Şərh olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi sadalanan maddi və prosessual hüquq normalarının tələblərini, dövlət mülkiyyətində olan əmlakın icarəyə və mülkiyyətə verilməsi ilə bağlı bağlanan müqavilələrin, habelə onların hüquqi nəticələrinin mübahisələndirilməsinə dair iddiaların inzibati mübahisə olduğunu nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən isə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənləri nəzərə almaqla kollegiya hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsi “Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllədə yerləşən 6 “A” nömrəli, 9 mərtəbəli binanın altındakı 150,6 kv.m zirzəmiyə dair Cavabdehlə Əmlak Məsələləri Dövlət Komitəsi arasında 14.02.2014-cü il tarixdə bağlanmış icarə müqaviləsinin, 28.02.2014-cü il tarixli 5276 nömrəli “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edılməsi, Cavabdeh adına verilmiş ******* nömrəli 26.04.2014-ci il tarixli çıxarışın ləğv olunması” tələblərinin təmin edilməməsi ilə bağlı hissədə ləğv edilməli, həmin tələblər üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.2-ci maddəsinə əsasən iddiaçılara (o cümlədən müstəqil tələb irəli sürən üçüncü şəxsə) izah edir ki, onlar əldə etmək istədikləri hüquqi nəticələrlə bağlı lazımi sənədlərlə müvafiq icra hakimiyyəti orqanına müraciət edə, müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onları qane etmədiyi halda həmin orqanın qərar(lar)ından, yaxud hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 Firudinovna və İddiaçı2, həmçinin “xxxx” MTK-nın nümayəndəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-246/2021 saylı iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi “Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllədə yerləşən 6 “A” nömrəli, 9 mərtəbəli binanın altındakı 150,6 kv.m zirzəmiyə dair Cavabdehlə Əmlak Məsələləri Dövlət Komitəsi arasında 14.02.2014-cü il tarixdə bağlanmış icarə müqaviləsinin, 28.02.2014-cü il tarixli 5276 nömrəli “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edılməsi, Cavabdeh adına verilmiş ******* nömrəli 26.04.2014-ci il tarixli çıxarışın ləğv olunması” tələblərinin təmin edilməməsi ilə bağlı hissədə ləğv edilsin. İddiaçı1 Firudinovnanın və İddiaçı2 Cavabdeh qarşı “müqavilələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması”, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MTK-nın Cavabdeh qarşı “müqavilələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbləri üzrə icraata xitam verilsin. İddiaçılara (o cümlədən müstəqil tələb irəli sürən üçüncü şəxsə) izah olunsun ki, onlar əldə etmək istədikləri hüquqi nəticələrlə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə, müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onları qane etmədiyi halda həmin orqanın qərar(lar)ından, yaxud hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilərlər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar