Məhkəmə qərarları › İş №2(103)-4601/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4601/2020

11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4601/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı "İddiaçı” ASC-nin nümayəndəsi Gasan Guseinovun, Cavabdeh nümayəndəsi (qardaşı) X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin ödənilməsi” tələbinə dairmülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən lizinq obyekti olan “Samand Soren” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 3624 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ASC və X7 arasında bağlanmış 06 avqust 2014-cü il tarixli AL-1283 saylı Daxili Lizinq müqaviləsinə əsasən Bəhlul Cəfərlinin sifarişi ilə 2014-cü il buraxılışlı, “Samand Soren” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı, NAACD1FE4EF805197 ban, 49459 mühərrik nömrəli, qara rəngli avtomobil 10 200 manata ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmiş, lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Bəhlul Cəfərli illik 17 % hesablanmaqla 48 aylıq hər ay sabit məbləğ olmaqla 294,33 manat, ümumilikdə isə 14 127,41 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. 03 dekabr 2014-cü il tarixdə Bəhlul Cəfərli, X5 və iddiaçı arasında AL-1283(1) saylı "Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış, 06 avqust 2014-cü il tarixli AL-1283 saylı Daxili Lizinq müqaviləsi üzrə Şəhriyar Quliyev bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 09 dekabr 2014-cü il tarixdə Şəhriyar Quliyev, Bəhlul Cəfərli və iddiaçı arasında AL-1283 (2) saylı "Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış, 06 avqust 2014-cü il tarixli AL-1283 saylı Daxili Lizinq müqaviləsi üzrə Bəhlul Cəfərli bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 22 dekabr 2014cü il tarixdə Bəhlul Cəfərli, Cavabdeh (cavabdeh) və iddiaçı arasında AL-1283(3) saylı "Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış, 06 avqust 2014-cü il tarixli AL-1283 saylı Daxili Lizinq müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh Daxili Lizinq müqaviləsi və “xxxx”nin şərtlərinə əməl etmədiyi üçün onun ASC qarşısında öhdəliyi yaranmış, ona qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət olunmuş, həmin məhkəmənin 02 iyun 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək 06 avqust 2014-cü il tarixli AL-1283 saylı Daxili Lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan avtomobilin mülkiyyətçiyə (iddiaçıya) qaytarılması və cavabdehdən ümumilikdə 4205,96 manat pulun tutulması qət edilmişdir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş “Samand Soren” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil 09 sentyabr 2017-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına görə avtomobilə 3624 manat ziyan dəymişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin mübahisənin həlli üzrə səhv nəticəyə gəldiyini, işin hallarına lazımı hüquqi qiyməti vermədiyini irəli sürmüşdür. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, lizinq verən qismində çıxış edən İddiaçı ASC ilə lizinq alan qismində çıxış edən X7 arasında 06 avqust 2014- cü il tarixdə AL-1283 saylı daxili lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə görə lizinq verən “Samand Soren” minik markalı **-AD-*** dövlət qeydiyyat nişanlı, NAACD1FE4EF805197 ban, 49459 mühərrik nömrəli, qara rəngli avtomobili lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə 48 ay müddətində hər ay 294,33 manat olmaqla cəmi 14 127,41 manat lizinq ödənişini icra etməyi öhdəsinə götürmüşdür. İş materiallarından aydın olur ki, 06 avqust 2014-cü il tarixli AL-1283 saylı daxili lizinq müqaviləsi üzrə lizinq alanın öhdəlikləri dəfələrlə müxtəlif şəxslərə ötürülmüş, sonuncu dəfə - 22 dekabr 2014-cü il tarixdə Bəhlul Cəfərli, cavabdeh və iddiaçı arasında bağlanmış AL-1283(3) saylı "Öhdəliklərin ötürürülməsi” müqaviləsinə əsasən həmin daxili lizinq müqaviləsi üzrə cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı "lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilərək AL-1283 saylı 06 avqust 2014-cü il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2014-cü il buraxılışlı "Samand Soren” minik markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, NAACD1FE4EF805197 ban, 49459 mühərrik nömrəli, qara rəngli avtomobilin cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması, habelə cavabdehdən iddiaçının xeyrinə pul vəsaitinin tutulması qət edilmişdir. İddiaçının hazırkı apellyasiya baxışının predmeti olan iddia tələbinə görə, “Samand Soren” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil 09 sentyabr 2017-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilərkən, ona (avtomobilə) 3624 manat ziyan dəydiyi müəyyən edilmişdir ki, bu zərərə görə məhz cavabdeh məsuliyyət daşıyır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı iddia tələbinin əsaslı hesab olunmasına imkan verəcək hər hansı mötəbər sübut təqdim etmədiyindən onun tələbinin təmin edilməsi mümkün deyildir. Belə ki, AL-1283 saylı 06 avqust 2014-cü il tarixli daxili lizinq müqaviləsinin 6.4-cü bəndinə görə, lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq və ondan düzgün istifadə edilməsini təmin etmək lizinq alanın öhdəliyidir. Mülki Məcəllənin 748-1.8-ci maddəsinə görə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddiasının faktiki əsası kimi istinad etdiyi halı - yəni, cavabdehin sözügedən avtomobili 09 sentyabr 2017-ci il tarixdə iddiaçıya qaytararkən onda qüsurun olduğunu və həmin zərərin iddia etdiyi kimi 3624 manat təşkil etdiyini sübuta yetirməlidir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, "sübutları qiymətləndirərkən, bir qayda olaraq, "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Kollegiya xüsusilə qeyd edir ki, 09.09.2017-ci il tarixli təhvil-təslim aktında avtomobilin müəyyən hissələrinin əzilmiş və ya nasaz olduğunun göstərilməsi də fərqli nəticəyə gəlməyə əsas vermir. Belə ki, həmin aktın tərtib edilməsində cavabdehin iştirakı və həmin aktı öz imzası ilə təsdiq etdiyi ümumiyyətlə müəyyən edilməmişdir. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş fotoşəkillərə gəldikdə isə, onların hansı tarixə aid olduqlarını müəyyən etmək mümkün deyildir. Bu qənaətə gələrkən məhkəmə həmçinin onu da nəzərə alır ki, iddia ərizəsində avtomobilin 09.09.2017-ci il tarixdə iddiaçı şirkətə qaytarıldığı göstərilsə də, fərdi sahibkar X3 möhürü ilə təsdiqlənmiş qüsur aktı bundan təxminən 10 ay sonra - 05.07.2018-ci il tarixdə tərtib edilmiş, iddiaçının nümayəndəsi isə qeyd edilən uyğunsuzluğun məntiqli izahını verə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-790/2020 saylı iş üzrə 05 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar