Məhkəmə qərarları › İş №2(103)-4601/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4601/2025

29.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4601/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə Ərizəçi (maraqlı şəxs Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb olunmaqla) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 884/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Ərizəçi (bundan sonra “ərizəçi”) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Məmmədsabir kəndində 1993-cü il tarixdə hüquqi şəxs olaraq “Orxan-Kamal” çoxsahəli kiçik müəssisəsinin təsis edilməsi, müəssisənin yeganə təsisçisi və direktorunun xx.xx.1960-cı il tarixdə doğulmuş mərhum Əhmədov Ələkbər Bəylər oğlunun olması, sonuncuya məxsus müəssisədəki təsis payının – mirasın ərizəşi tərəfindən faktiki qəbul edilməsi və müəssisəyə 0,50 ha torpaq sahəsinin ayrılması barədə Şərur rayon XDM İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 206 nömrəli qərar və sərəncamlarının “Orxan-Kamal” çoxsahəli kiçik müəssisəsinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ərizə üzrə maraqlı şəxsdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası Ələkbər Əhmədov xx.xx.1996- cı ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Atası sağlığında 1993- cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda qeydiyyata alınmaqla oğulları – ərizəçi və ərizəçinin qardaşı Kamalın adına “Orxan-Kamal” çoxsahəli kiçik müəssisəsini təsis etmişdir. Həmin müəssisənin yeganə təsisçisi və direktoru da ərizəçinin atası olmuşdur. Atası 1996-cı ildə vəfat edəndə ərizəçinin 10 yaşı olduğundan müəssisə fəaliyyətsiz qalmışdır. Müəssisədən yalnız möhür və torpaq ayrılması barədə sənədlər qalmışdır. Müəssisəyə 0,5 ha torpaq sahəsi ayrılmışdır. Ərizəçi özü vəkil olduğundan müəssisəyə və ayrılmış torpaq sahələrinə dair soğrular vermiş, sorğulara gələn cavablarda həmin müəssisəyə və ona ayrılmış torpaq sahələrinə dair sənədlərin heç biri arxivdə aşkar edilməmişdir. Lakin, bütün sənədlərin əslləri və möhür şəxsən ərizəçinin özündədir. Belə olan halda, həmin sənədləri bərpa etməyin başqa yolu olmadığından məhkəməyə müraciət etmişdir Maraqlı şəxs etiraz təqdim edərək, qeyd etmişdir ki, 2008-ci il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti subyektlərinin vahid dövlət qeydiyyatı Dövlət Vergi Xidmətinin səlahiyyəti xaricində olmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təhvil verilmiş qovluqlar sırasında “Orxan-Kamal” kiçik müəssisəsi adlı hüquqi şəxs müəyyən edilməmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-884/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə (hakim Aytəkin Əsədzadə) iş üzrə icraata xitam verilmiş, **********12 nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Ərizəçi qaytarılması qərara alınmışdır. Ərizəçi şikayət verərək qərardadın ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsi və işə mahiyyəti üzrə baxaraq ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsi, əks halda şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiṣ etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, qərardadı qəbul etmək üçün gətirilən işə aidiyyatı olmayan əsaslar tamamilə işin faktiki və hüquqi hallarına birbaşa ziddir. Çünki məhkəmənin istinad etdiyi hallara diqqət etdikdə ərizəçinin tələbinin kifayət qədər sübutlarla, aydın və əsaslı olmasına əhəmiyyət verməlidiyi tamamilə aşkardır. Ərizəçi 16 illik vəkil və praktik hüquqşünas fəaliyyətinə əsaslanaraq qeyd etmişdir ki, qəbul edilmiş hazırki qərardad MPM-in və qanunvericliyin imperativ tələblərinin və işin hallarının nəzərə alınmamasının birbaşa nəticəsidir. Belə ki, qərardadda qeyd edilir ki, "hüquqi şəxsin mövcudluğu sübut olunmadığına görə". Məhz ilk olaraq bu əsasa münasibətdə qeyd edilməlidir ki, məhkəmə prosesində müəyyən edilmiṣdir ki, Şərur Rayon XDM İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli qərarına əsasən 0,5 hektar torpaq sahəsinin “Orxan Kamal” kiçik müəssisəsinə təmin edilməsi qərara alınmışdır. Belə olan halda, mövcud olmayan bir hüquqi şəxsə torpaq sahəsinin ayrılması mümkündürmü? Həmin hüquqi şəxsə və ona ayrılmış torpaq sahələrinə dair sənədlərin əsillərinə müəssisənin möhür və ştampına prosesdə baxılmamıṣdırmı? Bu barədə hətta həmin hüquqi şəxsə aid sənədlərin notarial surətləri ərizəçi tərəfindən iş materiallarına əlavə edilməyibmi? Bu barədə prosesin audio-video yazısına baxmaq kifayətdir. Belə olan halda hansı əsasla hüquqi şəxsin mövcudluğunun sübut olunmadığı göstərilə bilər? Hüquqi şəxs mövcud olmasa idi, onda belə çıxır ki, Şərur rayon XDM-nin İcraiyyə Komitəsi havadan belə bir müəsissəni öz qərar və sərəncamlarında qeyd edib. Əlində olan möhür və ştamplar başqa müəsissəyə aiddir, istifadəsində olan torpaq başqa şəxslərindir? Məhkəmənin mövqeyinə görə iş məhkəmədə baxılmalı deyil. Sonra qərardadda qeyd edilmişdir ki, işin halları baxımından lazımi sənədlərin alınmasının mümkünsüzlüyü faktı öz təsdiqini tapmır, 1993-cü ildə qüvvədə olunan qanunvericiliyə əsasən hüquqi şəxsin təsis edilməsinin qeydiyyatı qaydası nəzərdə tutulmuşdur. Belə ki, hüquqi şəxsin nizamnamə və ya əsasnaməsi təsdiq edilməli, 10 gün müddətində ədliyyə orqanlarında dövlət qeydiyyatından keçirilməli idi. Qeyd edilən bu dəlil tamamilə əsassızdır. Çünki iş materiallarına diqqət edilsə, görülər ki, dövlət orqanı qalmayıb ki, həmin orqanlara müraciət edilməsin və onların rəsmi cavabları alınmasın. Bütün dövlət orqanları da deyir ki, arxivdə yoxdur və ya təhvil verilməyib. Son nəticədə ərizəçi əlində hüquqi şəxsə aid sənədlərin əsilləri, müəsissənin möhür və ştampı ola-ola necə və hansı qaydada belə bir hüquqi şəxsin olması və ona torpaq ayrılmasını məhkəmədən kənar başqa qaydada təsdiq etsin? Lazımi sənədlərin alınmasının mümkünsüzlüyü faktı öz təsdiqini tapmadığı doğru deyildir. Ərizəçi bu sübutları iş materiallarına əlavə etmişdir, ən azı onlara əhəmiyyət vermək lazımdır. Ərizəçi məhkəmədən hüquqi şəxs yaratmasını xahiş etmir. Mövcud olan hüquqi şəxsin məhz mövcudluğu barədə hüquqi faktın məhkəmə tərəfindən tanınmasını xahiş edir. Bu prosedurlar fərqli-fərqlidir. Ərizəçiyə 1993-cü ildə təsis edilmiş, təsisçisi və direktoru mərhum atası olmuş “Orxan-Kamal” kiçik müəssissəsinin mövcudluğunun hüquqi əhəmiyyəti vardır və həmin müəsissəsinin balansında torpaq sahəsi var. Yeni hüquqi şəxs eyni adla yarada bilər, amma yaranacaq hazırki hüqüqi şəxs hazırki predmet olan və balansında torpaq sahəsi olan “Orxan-Kamal” kiçik müəsissəsinin hüquqi varisi olmayacaq. Belə olan halda, qeyd edilmiṣ əsasın işin hallarına uyğun olmadığını müəyyən edilir. Məhkəmənin mövqeyinə görə 1993-cü ildə qüvvədə olunan qanunvericiliyə əsasən hüquqi şəxsin təsis edilməsinin qeydiyyatı qaydası nəzərdə tutulmuşdur. Belə ki, hüquqi şəxsin nizamnamə və ya əsasnaməsi təsdiq edilməli, 10 gün müddətində ədliyyə orqanlarında dövlət qeydiyyatından keçirilməli idi. “Orxan-Kamal” kiçik müəsissəsi deyilən qaydada qeydiyyatdan keçməsə idi, o halda ona hüquqi şəxs kimi İcraiyyə Komitələri tərəfindən 2 dəfə torpaq sahəsi ayrılması barədə Qərar və Sərəncam verməzdilər. Məhz Ədliyyə Nazirliyi də cavabında qeyd etmişdir ki, sənədləri Vergi orqanına təhvil vermişlər, Vergi orqanı da öz növbəsində sənədlər qovluğunda müəssisəyə aid sənədləri tapa bilmir. Əslində məhkəmə sənədlərin əsllərini araşdırmasaydı, müəsissənin möhür və ştampını görməsəydi, hesab olunardı ki, məhkəmə hüquqi şəxsin mövcudluğuna dair sübutlar görmədiyindən hazırki əsaslara istinad edir. Ancaq məhkəmə bu sənədlərin əsllərini görəgörə qərardadda qeyd etmiṣdir ki, müəssisə yoxdur, müəssisəni ərizəçi guya məhkəmə qaydasında təsis etmək istəyir, amma bu qeydiyyatı məhkəmə apara bilməz və sonra da qeyd edir ki, müəssisənin itmiş sənədlərin bərpası mümkündür. Ərizəçi 1993-cü ildə təsis edilmiş və torpaq sahələri ayrılmış bir hüquqi şəxsi (arxivdə tapılmayan) məhz varis kimi məhkəmənin qeyd etdiyi qaydada köhnə qanunla necə təsis edə bilər? Ümumiyyətlə ərizəçinin bunu etmək üçün hüquqi imkanı varmı? Qərardadda qeyd edilmiṣdir ki, itən sənədlərin bərpasının mümkünsüzlüyü halına da istinad oluna bilməz, ona görə ki, hüquqi şəxsin təsis edilməsi yuxarıda da qeyd edildiyi kimi xüsusi prosedur qaydaya tabedir və bu qaydaya əməl edilib müvafiq qeydiyyat sənədləri əldə edildikdən sonra həmin sənədlərin itməsinə istinad oluna bilərdi. Hazırkı halda isə müvafiq qeydiyyatın aparılmasına istinad olunur, lakin xüsusi qeydiyyat qaydası nəzərdə tutulan faktların özünün məhkəmə qaydasında təsdiq edilməsi yolverilməzdir. Bu sənədlərin itməsi və arxivdə tapılmaması özü faktdır. Bunu dövlət orqanlarının iş materiallarında olan cavabları da təsdiq edir. Ancaq buna baxmayaraq məhkəmə qeyd etmiṣdir ki, ərizəçi müvafiq qeydiyyat sənədlərini əldə etməlidir və sonra həmin sənədlərin itməsinə istinad etməlidir. Onda sual yaranır: ərizəçi “Orxan-Kamal “kiçik müəsissəsinin qeydiyyat sənədlərini (arxivdə olmadığı halda) necə və hansı qaydada əldə etməlidir? Qeyd edilmiṣ əsas üzrə ərizəçi hər yerə müraciət edib və cavabı da məlumdur. Məhkəmənin ərizə ilə bağlı icraata xitam vermək üçün qeyd etdiyi əsaslar əslində dolayı yolla ərizəni təmin etməmək və qətnamə qəbul etmək üçün əsaslar kimi anlaşılır. Çünki icraata qəbul edilmiṣ və məhkəmə baxışında qətnamə qəbul etmək yerinə hazırki qəbul edilmiṣ qərardadın əsasarı birbaşa işin mahiyyəti üzrə hallardır. Ancaq ərizə ilə bağlı icraata xitam vermək məhz bu cür əsassız mülahizələrlə sadəcə yolverilməzdir və hüquqların kobud şəkildə pozulmasıdır. Məhkəmənin mövqeyinə görə hazırkı hüquqi vəziyyətdə ortada bir əmlak mövcud deyil və hüquqi şəxsin təsis edilməsi faktının müəyyən edilməsi barədə birinci tələb ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə xidmət etməlidir. Bu əsas, ümümiyyətlə, iş materillarının nəzərə alınmamasının göstəricisidir. Çünki hüquqi şəxsin balansında torpaq sahəsi olmasaydı, onda 1993-cü ildə təsis edilmiş bir hüquqi şəxs üçün bu qədər əziyyət çəkməyə dəyərdimi? Əlbəttə ərizəçi mərhum təsisçinin oğlu olaraq hüquqi şəxsin mövcudluğunu təsdiq etdikdən sonra, mərhum atasının yerinə təsisçi kimi dövlət orqanında qeydə alınıb və təsis payına sahib olaraq avtomatik şəkildə müəssisənin balansında olan torpaq sahəsinə sahiblənməyi də özündə ehtiva etdiyindən hazırki ərizə də məhz son nəticədə dolayı yolla əmlak hüquqlarının əldə edilməsinə yönəlmişdir. Bu əsası açıq-aşkar elə ərizə tələbində, bu faktların təsdiq edilməsi ərizəçiyə lazımdır deyə izahatında məhkəməyə məlum etsə də, digər sübutlar və izahatlar kimi bu da məqsədli şəkildə diqqətdən kənarda saxlanılmıṣdır. Məhkəmə nəzərə almamıṣdır ki, 1993-cü ildə təsis edilmiş bir müəssisənin mövcudluğu faktı və torpaqayırma sənədlərinin həmin müəssisəsəyə aid olması faktları məhkəmə qaydasında ərizçiyə nəyə görə lazımdır? Ərizədə qeyd olunan faktlar məhkəmə tərəfindən təsdiq olunduqdan sonra ərizəçi “Orxan-Kamal” kiçik müəssisəsinin mərhum təsisçisinin varisi kimi X3 reyestrdən çıxarış alıb və sonra da hüquqi şəxsin səlahiyyətli şəxsi kimi uzun illərdir onlara məxsus olan torpaq sahəsinin mülkiyyətə verilməsinə dair çıxarış alınması üçün DƏDRX-in Naxçıvan şöbəsinə müraciət edəcəkdir. Məhz “Orxan-Kamal” kiçik müəssisəsinin təkcə adı “Orxan”dır deyə onun adından ərizəçinin müraciət edə bilməyi mümkündürmü? Və ya onun adı ilə başlasa da “OrxanKamal” kiçik müəssisinə hüquqi cəhətdən nə bağlılığı var? Məhz bu cür sadə suallara ona görə, cavab verilməlidir ki, ərizəçinin niyə məhkəmədən kömək istəməsinin başqa alternativi olmadığı müəyyən edilsin. Ancaq məhkəmə kömək etmək yerinə sənədlərin əsillərini görməzdən gəlmiṣdir. Hətta maraqlı şəxs belə iddiaya etiraz verib ərizənin təmin olunmamasını məhkəmədən xahiş etmədiyi halda məhkəmə obyektiv və ədalətli, qanuni qərarını qəbul etməmişdir. Lazımi sənədlərin alınmasının mümkünsüzlüyü dedikdə, mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hazırki vəziyyətdə ərizəçinin 1993-cü ildə təsis edilmiş bir müəssisəni qeydiyyatdan keçirməsi qeyri-mümkündür. Çünki həmin sənədlər arxivdə yoxdur və ya məhv olunub, itib. Həmin arxivdə olmayan bir sənədin dublikatının verilməsi isə gülüncdür. Çünki olmayan bir sənədin dublikatı necə verilə bilər? Məhz bu əsaslara məhkəmə formal istinad etməyib nəzərə alsa idi, o halda ərizənin nə qədər əsaslı və qanuni olduğu nəzərə alınardı. Bütün şərtlər ərizədə olmasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iş üzrə işin məhkəmədə baxılmamalı olması əsası ilə icraata xitam vermiṣdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)- 884/20245 saylı qərardadı ilə həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadından ərizəçinin verdiyi şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2564/2025 nömrəli, 2025-ci il 4 aprel tarixli qərardadı ilə (hakimlər Səadət Səlimova (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli) şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi (vəkil Ərizəçi) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1771/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Ərizəçi kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2564/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1771/2025 saylı xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən ona istinad etmişdir ki, 1993-cü ildə qüvvədə olunan qanunvericiliyə əsasən hüquqi şəxsin təsis edilməsinin qeydiyyatı qaydası nəzərdə tutulmuşdur. Belə ki, hüquqi şəxsin nizamnamə və ya əsasnaməsi təsdiq edilməli, 10 gün müddətində ədliyyə orqanlarında dövlət qeydiyyatından keçirilməli idi. İtən sənədlərin bərpasının mümkünsüzlüyü halına da istinad oluna bilməz, çünki hüquqi şəxsin təsis edilməsi xüsusi prosedur qaydaya tabedir və bu qaydaya əməl edilib müvafiq qeydiyyat sənədləri əldə edildikdən sonra həmin sənədlərin itməsinə istinad oluna bilərdi. Hazırkı halda isə müvafiq qeydiyyatın aparılmasına istinad olunur, lakin xüsusi qeydiyyat qaydası nəzərdə tutulan faktların özünün məhkəmə qaydasında təsdiq edilməsi yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi də bu mövqe ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən əsasla iş üzrə icraata xitam verilməsi düzgün olmamışdır. Belə ki, işdən görünür ki, ərizəçi məhkəmə qaydasında tanıtmaq istədiyi ilk 2 fakta dair, yəni 1) 1993-cü il tarixdə hüquqi şəxs olaraq “Orxan-Kamal” çoxsahəli kiçik müəssisəsinin təsis edilməsi; 2) müəssisənin yeganə təsisçisi və direktorunun xx.xx.1960-cı il tarixdə doğulmuş mərhum Əhmədov Ələkbər Bəylər oğlunun olmasını göstərmiş, sübut kimi qeyd edilən hüquqi şəxsə aid arxiv məlumatlarının olmaması barədə arayışa, eləcə də müəssisəyə 0,50 ha torpaq sahəsinin ayrılması barədə Şərur rayon XDM İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 206 nömrəli qərar və sərəncamlarına istinad etmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin zəruri şərtini müəyyən etmişdir. Həmin şərtə görə hüquqi əhəmiyyəti olan fakt özüözlüyündə mövcud olmalı və yalnız ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməzsə və ya itirilmiş sənədləri bərpa etmək mümkün olmadığı hallarda müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Hazırki halda ərizəçi 1993-cü il tarixdə hüquqi şəxs olaraq “Orxan-Kamal” çoxsahəli kiçik müəssisəsinin təsis edilməsi; həmin müəssisənin yeganə təsisçisi və direktorunun xx.xx.1960-cı il tarixdə doğulmuş mərhum Əhmədov Ələkbər Bəylər oğlunun olması faktının məhkəmə qaydasında tanıtmasını istəyir və dəlillərinə görə o, həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməmişdir. Eyni zamanda həmin faktlarla bağlı itirilmiş sənədləri bərpa etməyin mümkünlüyü də müəyyən edilməyib. Birinci instansiya məhkəməsi həmçinin 1993-cü ildə qüvvədə olunan qanunvericiliyə əsasən hüquqi şəxsin nizamnamə və ya əsasnaməsinin təsdiq edilməli olması, 10 gün müddətində ədliyyə orqanlarında dövlət qeydiyyatından keçirilməli olmasını qeyd etsə də, hüquqi şəxsin təsis edilməsinin ədliyyə orqanlarında dövlət qeydiyyatından keçirilib-keçirilməməsinə aydınlıq gətirməmişdir. Bu məsələyə aydınlıq gətirildiyi halda, qeyd edilən iki faktın məhkəmə qaydasında müəyyən edilməsi ilə bağlı Mülki Prosessual Məcəllənin 308-ci maddəsində nəzərdə tutulan şərtlərin mövcudluğu istisna edilməyə də bilərdi. Birinci instansiya məhkəməsi onu da qeyd edib ki, hazırki hüquqi vəziyyətdə ortada bir əmlak mövcud deyil və hüquqi şəxsin təsis edilməsi faktının müəyyən edilməsi ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə xidmət edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi hüquqi şəxsin təsis edilməsi faktının müəyyən edilməsinin ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə xidmət etməsi ilə razılaşmışdır. Belə olan halda, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata bütövlükdə xitam verilməsi işin müəyyən edilmiş hallarına uyğun olmamışdır. Həmçinin birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hüquqi şəxsin qeydiyyatı qaydalarına əməl edilib müvafiq qeydiyyat sənədləri əldə edildikdən sonra həmin sənədlərin itməsinə istinad oluna bilərdi. Bu mövqe ona görə əsaslı sayıla bilməz ki, ərizəçi hüquqi şəxsin qeydiyyatı qaydalarına əməl edilməklə vaxtilə müvafiq qeydiyyat sənədlərinin olmasına, lakin onların hazırda olmamasına, itirilməsinə və bərpasının da mümkünsüzlüyünə istinad etmişdir. Yəni ərizənin də mahiyyəti məhz elə bu, olmuşdur. Əks halda qeyd edilən faktın məhkəmə qaydasında müəyyən edilməsinə də zərurət qalmazdı. Bundan əlavə, birinci instansiya məhkəməsi iş üzrə icraat xitam versə də, məsələ ilə bağlı ərizəçinin hansı orqana, nə məzmunda müraciət etməli olmasını göstərməmişdir. Mülki Prosessual Məcəllənin 262.3cü maddəsinin tələbinə görə isə bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Prosessual qanunvericiliyin təsbit etdiyi bu qaydanın məqsədi məhkəməyə müraciət edən şəxsin məhkəmədən əldə bilmədiyi hüquqi nəticənin başqa hansı yolla əldə bilməsinin mümkünlüyü ilə bağlı müəyyənliyin yaradılmasıdır. Apellyasiya instansiyası məhkəməsi isə hazırkı ərizədə qeyd olunan tələblərə xüsusi icraat qaydasında baxılmasına əsas olmadığından, ərizəçinin hazırkı tələbləri ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasını bildirmişdir. Mülki Prosessual Məcllənin 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Prosessual normanın tələbinə görə məhkəməyə aid hüquq haqqında mübahisə olduğu halda ərizə baxılmamış saxlanılmalıdır. Əvvəla, apellyasiya instansiyası məhkəməsi hazırki işdə məhkəməyə aid hüquq haqqında mübahisənin olub-olmaması, bu mübahisənin nədən ibarət olmasına aydınlıq gətirmədən belə bir nəticəyə gəlmişdir. Eləcə də apellyasiya instansiyası hüquq haqqında mübahisə olduğunu müəyyən etmişdisə, işin baxılmamış saxlanmalı olması barədə prosessual qaydaya əməl etmək əvəzinə, iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin qərardadına dəyişdirmədən saxlamaqla səhv nəticəyə gəlmişdir” İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ərizəçi tərəfindən məhkəməyə işə şifahi icraat qaydasında baxılması barədə vəsatət daxil olmuşdur. Kollegiya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən işin halları, eləcə də işdə olan sübutlar əsasında şikayətə yazılı icraat qaydasında baxıla bilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarını, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1771/2025 saylı xx.xx.2025-ci il tarixli qərarında şərh edilmiş göatərişləri nəzərə alaraq hesab edir ki, şikayət qismən təmin edilməli, Yasamal Rayon Məhkəməsinin e-2(004)-884/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş şərh edilmiş göstərişlər əsasında ərizəyə yenidən hüquqi qiymət verilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sadalanan hallar üzrə zəruri araşdırma aparılmaqla və istinad ediməli olan hüquq normalarını düzgün müəyyənləşdirməklə ərizəyə yenidən baxılması və əsaslandırılmış məhkəmə aktının qəbulu üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-884/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ləğv edilsin və Ərizəçi tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar