Məhkəmə qərarları › İş №2(103)-4605/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4605/2020

20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4605/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı “xxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxx” MMC ilə Cavabdeh arasında xx xxxx 2009-cu il tarixdə “mənzil tikintisinə və satışına dair” bağlanılmış müqavilə üzrə götürdüyü öhdəliyə əsasən ödəməli olduğu 42.945 (qırx iki min doqquz yüz qırx beş) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə “xxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi” tələbinə dair 2(006)-1983/2019 saylı mülki iş “xxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi” tələbinə dair 2(006)-1984/2019 saylı mülki işə birləşdirilmiş, mülki işlərə 2(006)-1984/2019 nömrəsi verilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2019-cu il tarixdə iddia ərizəsinə “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizə verərək “xxxxxxxxx” MMC ilə Cavabdeh arasında xx xxxx 2009-cu il tarixdə “mənzil tikintisinə və satışına dair” bağlanılmış müqavilə üzrə götürdüyü öhdəliyə əsasən ödəməli olduğu 18.945 (on səkkiz min doqquz yüz qırx beş) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pulun cavabdehdən tutularaq “xxxxxxxxx” MMC-yə ödənilməsi, “xxxxxxxxx” MMC ilə Cavabdeh arasında xx xxxxxx 2009-cu il tarixdə bağlanmış müqavilə üzrə götürdüyü öhdəliyə əsasən ödəməli olduğu 30.200 (otuz min iki yüz) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pulun cavabdehdən tutularaq “xxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1984/2019 saylı Qətnaməsi ilə Cavabdeh xx xxxx 2009-cu il tarixdə “mənzil tikintisinə və satışına dair” bağlanılmış müqavilə üzrə götürdüyü öhdəliyə əsasən ödəməli olduğu 18.945 (on səkkiz min doqquz yüz qırx beş) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul, xx xxxxxx 2009-cu il tarixdə bağlanmış müqavilə üzrə götürdüyü öhdəliyə əsasən ödəməli olduğu 30200 (otuz min iki yüz) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçı “xxxxxxxxx” MMC-yə verilməsi qət edilmişdir. Cavabdehin vəkili və nümayəndəsi X1 apelyasiya şikayəti verərək, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianı təmin edən məhkəmə işin faktlarını nəzərə almamışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən iddiaçı mənzilləri 24 ay müddətinə inşa edərək cavabdehə təhvil verməli idi. Lakin müqavilə xx xxxx 2009-cu il tarixdə bağlanmışır, o zaman iddiaçı xx xxxx 2011-ci il tarixdə mənzilləri cavabdehə təqdim etməli idi. Eyni zamanda məhkəmə ödənilməmiş vəsaitə dair iddiaçının hər hansı bir mötəbər sübut təqdim etmədiyini nəzərdən qaçırmışdır. Belə ki, iddiaçı hüquqi şəxs olduğundan cavabdeh tərəfindən edilən ödəmələr onun bank hesabına oturmalıdır və iddiaçı borcun qalığını sübut etmək üçün bu barədə müvafiq bank hesabatlarını məhkəməyə təqdim etməli idi. Məhkəmə, hüququn tətbiq edilməsində səhv buraxaraq, tətbiq edilməli olan qanunu və digər normativ-hüquqi aktları tətbiq etməmişdir. Nəticə olaraq, məhkəmənin işin mahiyyətini araşdıraraq hüquqi qiymət vermədən qətnamə qəbul etməsi ədalət mühakiməsinin təməli olan “həqiqətin ortaya çıxarılması” prinsipinə ziddir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrə əsasən cavabdehə nisyə mənzillər verilməsi, nisyə alınmış mənzillərin Cavabdeh adına müqavilələr əsasında rəsmiləşdirilməsi, bir müddət sonra mənzillərin dəyərinin ödənilməsi barədə razılığa gəlmişlər. Razılaşmaya əsasən “xxxxxxxxx” MMC tərəfindən xx xxxx 2009-cu il tarixli mənzil tikintisi və satışı haqqında müqaviləyə əsasən ümumi dəyəri 189 270 manat olan Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, 5a saylı ünvanda tikiləcək 18 mərtəbəli yaşayış binasının 2-ci giriş 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 210,3 m2 olan 4 otaqlı mənzil, xx xxxxxx 2009-cu il tarixli mənzil tikintisi və satışı haqqında müqaviləyə əsasən ümumi dəyəri 35200 manat məbləğində olan Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, 5a saylı ünvanda tikilmiş yüksək mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 44 m2 olan qeyri yaşayış sahəsi Cavabdeh adına rəsmiləşdirilərək cavabdehə verilmişdir. Lakin mənzillərin qeyd olunan cəmi dəyəri olan 49.145 manat (18.945+30.200) manat bu günə kimi cavabdeh tərəfindən iddiaçı “xxxxxxxxx” MMC-yə ödənilməmişdir. Lakin cavabdeh qeyd olunan mənzillərin dəyərini iddiaçıya ödəməyərək müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İş materiallarından müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında qanunauyğun şəkildə müqavilələr bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş, müqavilələr ilə nəzərdə tutulan mənzillərin dəyərini iddiaçı “xxxxxxxxx” MMC-yə ödəməmişdir. Birinci instansiya məhkəməsi iddianı haqlı olaraq əsaslı hesab edərək təmin etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək onları əsassız hesab edir. Belə ki, cavabdehin nümayəndəsi (apelyator) özü xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclasında iştirak edərkən izahatında tələb edilən borc məbləğini qəbul etdiyini bildirmiş, cavabdeh tərəfindən qalan borcun hissə-hissə ödəyəniləcəyini bildirmişdir. İşə baxan məhkəmə cavabehin etirafı əsasında haqlı olaraq iddianı təmin etmişdir. Apelyasiya şikayətində iddiaçının hüquqi şəxs olduğundan cavabdeh tərəfindən edilən ödəmələrin onun bank hesabına oturmalı olduğunu və iddiaçının borcun qalığını sübut etmək üçün bu barədə müvafiq bank hesabatlarını məhkəməyə təqdim etməli olduğu ilə bağı cavabdehin dəlili ilə əlaqədar kollegiya qeyd edir ki, tərəflər arasında hazırkı mübahisənin predmeti müqavilə öhdəliyinin yerinə yetirilməməsi olduğundan və cavabdeh bu halı birinci instansiya məhkəməsində verdiyi izahatında qəbul etdiyindən, mülki prosessual qənaətcillik prinsipi baxımından eyni məsələnin yenidən sübut edilməsinə ehtiyac yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdehin vəkili və nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 1984/2019 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar