Məhkəmə qərarları › İş №2(103)-4612/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4612/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4612/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borc” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-514/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh arasında bağlanmış 25.07.2017-ci il tarixli AL-1477 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2013-cü il buraxılışlı, “Saipa 132 SE” markalı **-PJ- *** dövlət qeydiyyat nişanlı, NAS421100E1140955 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin geri qaytarılması, cavabdehdən 25.07.2017-ci il tarixli AL-1477 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22.09.2020-ci il tarixə 1697,76 manat gecikdirilmiş əsas borc, 308,12 manat gecikdirilmiş mükafat borcu və həmin günə hesablanmış 466,15 manat dəbbə pulu olmaqla, cəmi 2472,03 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.07.2017-ci il tarixli AL-1477 saylı daxili lizinq müqaviləsinə əsasən MMC-nin mülkiyyətində olan 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9HA030497 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə ödəniş qrafikinə əsasən o, illik 15% hesablanmaqla 48 aylıq müddətə, hər ay sabit məbləğ olmaqla 384,14 manat, ümumilikdə isə 18438,21 manat məbləğində pulu MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18438,21 manatın 13800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 25.04.2020-ci il tarixdə 770 manat məbəğində olmuşdur. Eyni zamanda Cavabdeh 05.07.2017-ci il tarixli AL-1477 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22.09.2020-ci il tarixə ümumilikdə 2472,03 manat borcu yaranmışdır. İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlə aralarında bağlanmış 25.07.2017-ci il tarixli AL-1477 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, cavabdehdən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02.12.2020-ci il tarixə 2714,66 manat gecikdirilmiş əsas borc, 443,65 manat gecikdirilmiş mükafat borcu və həmin günə hesablanmış 1796,19 manat dəbbə pulu, həmçinin avtomobilin bərpa olunması üçün tələb olunan 490 manat məbləğ və X3 görə ödənilmiş 544 manat məbləğ olmaqla, cəmi 5988,50 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-514/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2017- ci il tarixli AL-1477 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 25 iyul 2017ci il tarixli AL-1477 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 dekabr 2020-ci il tarixə 2714,66 manat əsas borc, 443,65 manat mükafat və həmin günə hesablanmış 200 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 490 manat, cəmi 3848,31 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə X3 görə ödənilmiş 544 manat məbləğinin təmin olunmamasını onunla əsaslandırmışdır ki, İnzibati Xətalar Məcəlləsində müvafiq hüquqi şəxsin cərimənin sürücüyə aid edilməsinə dair (qanunla müəyyən edilmiş müddətdə) müraciət hüququ tanınmışdır ki, iddiaçı bu hüquqdan istifadə etməyərək, üçüncü şəxsin öhdəliyini onun xeyrinə icra etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Qətnamə maddi və prosesual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş X8 protokollar əsasında yaranmış cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X10 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının X8 qərar üzrə cərimə məbləğinin ödənilməsi hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25.07.2017-ci il tarixli AL-1477 saylı daxili lizinq müqaviləsinə və ona edilmiş 25.07.2017-ci il tarixli 3 saylı əlavəyə əsasən, lizinq verən lizinq alanın sifarişi ilə, 2017-ci il buraxılışlı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3” markalı, XWBTF69V9HA030497 ban nömrəli, albalı rəngli avtomobili, 13800 manat məbləğinə MMC-nin mülkiyyətinə alınmasını və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilməsini tərəflər öhdələrinə götürmüşdürlər. Lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, lizinq alan Cavabdeh borcunu 24.07.2021-ci il tarixədək, hər ay 384,14 manat məbləğində ödəməlidir. 25.07.2017-ci il tarixli təhvil-təslim aktı ilə, “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC tərəfindən verilən 10.12.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 25.07.2017-ci il tarixli AL-1477 saylı daxili lizinq müqaviləsi üzrə 02.12.2020-ci il tarixə 2714,66 manat gecikdirilmiş əsas borc, 443,65 manat gecikdirilmiş mükafat borcu və həmin günə hesablanmış 1796,19 manat cərimə, cəmi 4954,50 manat borcu vardır. 09.12.2020-ci il tarixli qüsur aktına əsasən “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə texniki baxış zamanı avtomobilin 490 manat məbləğində hissələrinin dəyişdirilməsi müəyyən olunmuşdur. 02.12.2020-ci il tarixli aktdan görünür ki, “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi borcunu ödəyə bilmədiyi üçün Cavabdeh alınıb İddiaçı MMC-yə təhvil verilmişdir. Bundan başqa protokol nömrəsi EQ3296620 olan inzibati xəta üzrə 64 manat, protokol nömrəsi EQ3296616 olan inzibati xəta üzrə 80 manat, protokol nömrəsi İXP3076057 olan inzibati xəta üzrə 64 manat, protokol nömrəsi EQ3011957 olan inzibati xəta üzrə 96 manat, protokol nömrəsi EQ3011959 olan inzibati xəta üzrə 80 manat, protokol nömrəsi EQ3125642 olan inzibati xəta üzrə 80 manat, protokol nömrəsi EQ3273235 olan inzibati xəta üzrə 80 manat ödəniş edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, inzibati xətalar məcəlləsində, müvafiq hüquqi şəxsin cəriməsinin sürücüyə aid edilməsinə dair (qanunla müəyyən edilmiş müddətdə) müraciət hüququ tanınmışdır ki, iddiaçı bu hüququndan istifadə etməyərək, üçüncü şəxsin öhdəliyini onun xeyrinə icra etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətallar Məcəlləsinin 123.1-ci maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin məcəllənin 123.2-ci bəndinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində X8 iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib edir. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində X8 iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə sasən, bu məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində X8 iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi, iddiaçının X8 Qərarı mübahisələndirmək hüququ olduğu halda bunu etməmiş, sürücü haqqında dövlət orqanına məlumat verməmişdir. Bundan başqa iş materriallarına əlavə edilmiş arayışdan görünür ki, iddiaçının istinad etdiyi X8 qərarlar X4 barəsində tərtib edilmişdir. Hazırkı iş üzrə cavabdeh isə Cavabdeh olduğundan, o digər şəxsin törətdiyi inzibati xətaya dair hər-hansı məsuliyyət daşıya bilməz. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini mübahisələdirilən hissədə rədd etməklə dügün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri apellyarorun subyektiv mülahizələrinə əsaslanır və formal xarakter daşıyır. İddiaçının öz hüquqlarından istifadə etməyərək, X8 qərarı mübahisələndirməməsi və digər şəxsin adına olan cərimələrin ödənilməsi, ödənilmiş pul məbləğinin cavabdehdən tutulmasına əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-514/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar