Məhkəmə qərarları › İş №2(103)-4614/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4614/2021

16.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4614/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və nümayəndəsi Vəkil2, Cavabdeh1 və cavabdehlərin vəkili (Cavabdeh1 nümayəndəsi) Vəkil1 işirakları ilə, İddiaçı Cavabdeh1, X3 və Cavabdeh4 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-293/2021 saylı işi üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 2-də yerləşən 3 saylı evdən istifadə hüquqlarına 7000 manat kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin həmin evdən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə baxışında müəyyən edilmişdir ki: ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir (iş.səh.9), İddiaçı X4 anasıdır (səh.6), X13 ilə Cavabdeh1 21 sentyabr 1991-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar (səh.5), X13 31 yanvar 2017-ci il tarixdə vəfat etmişdir (səh.4), cavabdehlər ünvan 1 ünvanında qeydiyyatdadırlar (səh.7). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-293/2021 nömrəli saylı işi üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1,228.2-ci maddələrinəd istinadən qeyd edilmişdir ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin 26.09.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğun deyil. İddiaçı tərəfindən cavabdehə təklif edilən 7000 manat məbləğində pul cavabdehə və övladlarına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkan verilməsi üçün kifayət hesab edilə bilməz. Mübahisəli fərdi yaşayış evinin dəyərinə və yerləşdiyi yerinə görə kompensasiyanın cavabdehə 7000 manat məbləğində təklif edilməsini ağlabatan və reallığa uyğun deyil. Buna görə də iddia əsaslı olmadığından təmin edilə bilməz . İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, məhkəmə qətnamə qəbul edərkən iddiaçı tərəfdən təklif olunan konpenssasiyanın məbləğinin Konstitusiya Məhkəməsinin 26.09.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirmə”yə uyğun olmadığını əsas gətirmişdir. Məhkəmə Konstituisya Məhkəməsinin qərarına formal olaraq istinad etmişdir. Və qərarını əsaslandırmamışdır. Belə ki, Kompensasiyanın məbləği bazar qiymətiniə uyğun olmalıdır. Cavabdehərin arzu və istəkələrinə uyğun xəyali məbləğə uyğun olmamalıdır. Əks halda mülkiyyətçinin mülkiyyət hüququ pozulmuş olar və onun maddi durumunu çıxılmaz, ağır vəziyyətə sala bilər. Apellyasiya şikayətinə əlavə edilən Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının X1 tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi Rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 2-də yerləşən 3 saylı evdə cavabdehlərdən savayı həmçinin 1978-ci il təvəllüdlü X10, 1979-cu övəllüdlü X11, X6, X7, X12, X8 qeydiyyatdadırlar .İddiaçı işsizdir və əmək pensiyası alır. Lakin Cavabdeh1 Tofıq qızının, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh3 əmək qabiliyyətlidirlər. Eyni zamada Cavabdeh1 ata mülki miras qalmışdır ki, hansı ki o orada vərəsədir. Və potensial mülkiyyətçidir. Hamıya məlumdur ki, Binəqədi qəsəbəsi Bakı şəhəri üzrə zonalar üzrə yeddinci zonadır. Yəni həmin ərazidə kirayə mənzil birinci ikinci üçüncü zonalar kimi yüksək deyildir. Lakin məhkəmə qərar qəbul edərkən bu halı nəzərə almamışdır. Kompensasiya ağlabatan olmalıdır. Qarşı tərəfin uşaq inadı ilə deyil real məbləğdə olmalıdır. Mübahisəli mənzilin dəyəti təxminən 50-60 min manat civarındadır və mülkiyyətçi qeydiyyatda olanların hərəsinə 7000 min manatdan daha yüksək məbləğdə konpensasiya təklif etsə qeydiyyatda olanlara kompensasiya paylamaqla özü də mənzilsiz qalmalı və qoca yaşında səfil həyatı sürməlidir. Əksinə İddiaçı bir "mülkiyyətçi kimi cavabdehlərin köməyi olmadan bu günə qədər şəxsi vəsaiti hesabına evin kommunal xərclərini, evin saxlanılması və xırda təmiri xəclərini şəxsən özü çəkmişdir. Kompensasiyanın məbləği mülkiyyətçini ağır vəziyyətə salmamalıdır. Həmin ərazidə mənzillərin kirayə haqqı təxminən 150-170-200 manat arasındadır. 150 manatdan hesablasa uzun müddət yəni üç illik kirayə xərci 5400, 170 manatdan hesablansa 6120 manat, 200 manatdan hesablansa 7200 manat təşkil edir. Buradan da belə nəticəyə gəlmək olar ki, əslində məhkəmə ekspertiza təyin edərkən mənzilin bazar dəyərini deyil həmin ərazidə mənzillərin kirayə haqqlarının qiymətinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin etməli idi, lakin məhkəmə ekspertiza barədə qərardad qəbul edərkən bunu nəzərə almamış evin satışa çıxarılırmış kimi evin bazar qiymətinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin etmişdir. Eyni zamanda məhkəmə nəzərə almalı idi ki cavabdehlər artıq bir il yarımdır ki, həmin evdə yaşamırlar özlərini yaşayış yeri ilə təmin etmiş və öz vəsaitləri hesabına yaşayırlar. Belə çıxır ki cavabdeh tərəf istifadə hüququ ilə vərəsəlik hüququnu səhv salıb və mülkiyyətçidən hələ o sağikən vərəsə payı istəyir çünki buna başqa ad vermək mümkün deyil. Cavabdeh bilməlidir ki, mülkiyyətçi sağdır və öz əmlakında ömrünün qalan çağını rahat yaşamaq istəyir. İddiaçı yaşlı qadındır. Sakit həyat sürmək istəyir. Konstitusiya Məhkməsinin qərarında əvvəl yaşadığı uyğun şəraitdə yaşaması dedikdə aydındır ki evin qaz, su, ishiq təchizatı və s nəzərdə tutulur. Mübahisəli ev bir mərtəbəli orta təmirli köhnə evdir. Cavabdeh özü də təsdiq edər ki, evin şəraiti orta təmirlidir burada heç bir mübahisə yoxdur. Mübahisəli mənzil son model avro remont olunmayıb. Mübahisəli mənzil müasir tipli “ağıllı ev” deyilən sistemlə təchiz edilməyib, bəlkə də 100 yaşdan yuxarı köhnəlmiş orta statistik kənd Binəqədi qəsəbə evidir. Məgər bu mübahisə predmetidirmi? Hər iki tərəf bunu etiraf edir. Ev köhnə 100 ildən cox yaşı olan daş evdir. Bu səbəbdən evin dəyərləndirilməsi ilə bağlı ekspertiza rəyinin olmaması iddianın rədd edilməsinə səbəb ola bilməzdi. Cavabdehlər həmin evdə bütün ev sakinləri ilə birlikdə yaşayırdılar. Onlar heç vaxt sərbəst tək öz şəxsi əmlakları kimi yaşamamışlar. Hətta onlar indiki kimi özlərindən başqa 6-7 nəfərlə birlikdə hər hansı bir kommunal mənzil kirayə yaşasalar o zaman kirayə pulu bəlkədə 100 manata enərdi necə ki, tələbələr bir evdə yaşayarkən kirayə pulunu bölüşürlər. Cavabdehlər nülkiyyətçinin evində cəmi bir otaqdan istifadə etmişlər. Birgə sanitariya qovşağı, birgə mətbəx lakin kirayəyə çıxacaqları ev isə şəxsən yalnız onlara aid olacaq belə çıxır ki, kirayəyə çıxacaqları ev indikindən qat qat daha yaxşı olacaq. Lakin heç bir əsassız iddianın kompensasiya hissəsinin az olmasına istinad edərək iddianı rədd etmək əsassız və qanunsuzdur. İddiaçının mülkiyyət hüququnun kobudcasına pozulmasıdır. Hakim birtərəfli mövqe tutmuş cavabdehin mənafeyini fikirləşsə də iddiaçının mənafeyini heçə saymışdır, hal bu ki, iddiaçı və cavabdehələrin bir evdə yaşamaları qeyri mümkündür. Belə ki, Binəqədi rayon 43 saylı BP-nin 31.05.2020-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qəbul edilmiş qərara əsasən sözügedən ailənin münaqişəli olmasını nəzərə alaraq və gələcəkdə baş verə biləcək xoşagəlməz halların qarşısını almaq məqsədilə onların münaqişəli ailə kimi qeydiyyata götülümüşdür. İş materialları əməli törətmiş şəxslər Cavabdeh1 və Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 234-1-ci maddəsinin tələblərinə əsasən inzibati məsulliyyətə cəlb olunması və yaxud dəymiş ziyanın ödəniilməsi üçün qərarın surəti Binəqədi RPİ-nin 43-cü PB-nin aidiyyəti əməkdaşlarına verilmişdir. Hətta adı çəkilən qərardadında görünür ki, cavabdehlər iddiaçının mənzilinin qapı pəncərəsini sındırmışlar və əmlaka maddi ziyan vurmuşlar evin dəyəri o qədər aşağı olmuşdur ki, maddi ziyanın məbləği cinayət işinin olmasına belə əsas ola bilməmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş foto şəkillərdəndə görünür ki, evin giriş qapısı, pəncərələri cavabdehlər Cavabdeh1 şzı və Cavabdeh2 tərəfindən evə hüquqa zidd hücumları nəticəsinsə yararsız hala gətirilmişdir və mülkiyyətçiyə dəymiş maddi ziyan dəyərləndirilərkən cəmi 700 manat hesablanmışdır. Halbuki, əgər mənzilin şəraiti super avro remont olsa idi bu cür qanuna zidd hərəkətlər 5000 manatdan yuxarı dəyərləndirilərək Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə cinayət işi açılardı. Bu qərarla hər iki hal öz sübutunu tapmışdır ki, 1-cisi bu ailələr münaqişəlidir və birgə yaşamaları qeyri mümkündür, 2-cisi evinin elə də yüksək dəyəri yoxdur. Həmçinin iddiaçı sivil qaydada cavabdehlərin mənzildən kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılmaları ilə bağlı məhkəməyə müraciət etmiş və vətəndaşların bir yerdə yaşamaları artıq mümkün deyil heç kim qarantiya vermir ki, bu gün mala qəsd edən şəxslər sabah canada qəsd etməyəcəklər! Nəqədər ki bu məsələnin sivil məhkəmə qaydasında həlli mümkündür məhkəmələr də bu halı nəzərə almalıdırlar. 7000 manat ədalətli və əsaslı kompensasiyadır və cavabdeh tərəfi də bu məbləğdə kompensassiya ilə razılaşaraq iddianı qəbul etməyə dəvət edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin vəkili (Cavabdeh1 nümayəndəsi) Vəkil1 etirazın təqdim edərək, işin birinci instansiya məhkəməsində baxışı zamanı iddiaçı iddia tələbinin əsasını təşkil edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, iş üzrə məhkəmə tərəfindən evin qiymətləndirilməsi barədə qərardad qəbul edilməsinə baxmayaraq, qiymətləndiricini evə buraxmamış və evi müayinə etməyə qəsdən şərait yaratmamışdır. birinci instansiya məhkəməsində peşəkar vəkillə təmsil olunan iddiaçı tərəfin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək qabiliyyəti və imkanı olduğu halda, bu imkanlardan istifadə etməməsi, onun apellyasiya instansiyasında sübut təqdim etmək hüququnun olmadığı qənaətini formalaşdırır. Bundan əlavə iddiaçının evin qiymətləndirilməsinə şərait yaratmaması da, onun heç də kompensasiya vermək niyyətinin olmadığını və onların İddiaçı qarşı Binəqədi rayon Məhkəməsinin icraatında olan “evdən istifadəyə yaradılan maneənin qadağan edilməsi, evdən istifadə qaydasının müəyyən olunması tələbinə dair” iddiaları üzrə 2(001)-1487/2020 saylı mülki işin davam etdirilməsinə maneçilik törətmək və onların evə girişləri məhdudlaşdırmaq məqsədi güdür. İddia tələbinə gəlincə o, 1992-ci ildə həmin evə gəlin köçmüş və mərhum əri Səfərov Yaqub və İddiaçı ilə birgə təsərrüfat aparmışlar. 3 övlad dünyaya gətirmiş və övladları həmin evdə doğulub boya başa çatmışlar. O, mərhum əri Səfərov Yaqubla birlikdə onun sağlığında evi dəfələrlə təmir etdirmişlər, hətta evə əlavə bir otaq da tikmişlər. Əri Yaqub vəfat edəndən sonra da evi təmir etdirmişlər. Apellyatorun təqdim etdiyi arayışda 1 otaqlı evin kirayə haqqından bəhs edilir, halbuki, Binəqədi qəsəbəsində 180 manata birotaqlı kirayə mənzil tapmaq mümkün deyil. O və övladları isə iddiaçıya məxsus evin bir otağında deyil, iki otağında yaşayırlar. Lakin bununla belə hesab edirlər ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsi və məhkəmə təcrübəsinə əsasən, mənzildən istifadə hüququna kompensasiya yolu ilə xitam vermə institutu 3 illik kirayə haqqı verməklə deyil, mənzilin bazar qiymətinə uyğun kompensasiya vermək yolu ilə xitam verilməsini nəzərdə tutur. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mülki Məcəlləhin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin: Konstitusiya Məhkəməsinin qərarından göründüyü kimi, Yüksək Məhkəmə istifadə hüququnun xitamının mülkiyyəçinin istəyinə uyğun deyil, istifadəçiriin davamlı surətdə və müəyyən müddət daxilində, əvvəlki mənzildəki şəraitidə yaşamaq imkanı verən əvəzləşdirmə əsasında mümkün olacağını bildirir. İddiaçı bu gün bizə 15-20 min manat kompensasiya versə də, biz həmin pulla bir neçə il kirayədə qala bilərlər, lakin üstünü düzəldib ev ala bilməzlər. Çünki buna maddi imkanları yoxdur və aldıqları məvacib ancaq gündəlik tələbatı qarşılamağa imkan verir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi Vəkil2 apellyasiya şikayətlərini müdafiə edərək, 9000 manatın kompensasiya olaraq verilməsinə razılıq barədə ərizəni məhkəməyə təqdim edərək, qətnamənin ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilmısini xahiş etmiş, cavabdehlərin mübahisəli yaşayış sahəsində yaşamadıqlarını və onlardan ikisinin ümumiyyətlə nikah münasibətlərinə daxil olaraq başqa yerə köçdüklərini bildirmişlər. Cavabdeh1 qızlarının birinin gəlin köçdüyünü, özü ilə digər iki nəfərin isə birgə yaşaması mümkün olmadığından məcburiyyət qarşısında evi tərk etdiklərini, onların dörd otağda iddiaçı ilə birgə yaşadıqlarını, həyətdə başqa tikililərin olduğunu və qeydiyyatda olan digərlərinin orada yaşadıqlarını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, ünvan 3 ünvanının İddiaçı adına rəsmiləşdirildiyi məlum olur. Əmlak Ekspert Mərkəzinin 10.06.2021-ci il tarixli daşınmaz əmlakın orta aylıq kirayə dəyərinin müəyyən edilməsi barədə arayışa əsasən, ünvan 4 ünvanı və yaxın ətraf ərazidə yerləşən, orta təmirli, 3 (üç) otaqlı fərdi yaşayış evlərinin 1 (bir) otağının ümumi istifadə yerləri nəzərə alınmaqla orta aylıq kirayə haqqı 10 iyun 2021-ci il tarixinə:180 manat təşkil etdiyi müəyyən eilmişdir.(səh.157-160) Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunu Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-ci tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir; Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir; Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Hazırda mübahisəli yaşayış sahəsində cavabdehlərin ailə tərkibi olması və yetginlik yaşında olan hər birinin ayrılıqda və ya bir ailə olaraq istifadə hüquqlarının mövcudluğu, onların hər birinin bu hüquqa malik olması və ya bəzilərinin artıq bu hüquqa malik olmadığı, yaşayış sahəsi üzrə digər sakinlərin istifadə hüquqları və onların yaşadıqları yaşayış sahəsi, habelə yaşayış sahəsini təsvir edən və digər önəmli xüsusatlar üzrə müəyyənedici sübutlar məhkəməyə təqdim edilmədiyindən ağlabatan kompensasiya məbləğinin müəyyən edilməsində dayanıqlı qənaətin formalaşması mümkün deyil. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin qismən əsaslı dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəlləsinin 27, 152, 157.1, 157.2, 157.4, 228; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13, 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 390-ci maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti əsassız olduğundan onunla bağlı ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxsə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-293/2021 nömrəli saylı işi üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar