Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4616/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X8 və X6 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X5 və üçüncü şəxs ləğv prosesində olan Maraqlı şəxs1 ASC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh X2 (3-cü şəxslər: ləğv prosesində olan Maraqlı şəxs1 ASC və Maraqlı şəxs2 MMC) qarşı “bank əməliyyat sistemindəki borcun silinməsi və köçürülmüş pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1608/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X2 (3-cü şəxslər: ləğv prosesində olan Maraqlı şəxs1 ASC və Maraqlı şəxs2 MMC) qarşı “bank əməliyyat sistemindəki borcun silinməsi və köçürülmüş pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1608/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ləğv prosesində olan Maraqlı şəxs1 ASC-yə müraciət etmiş və X4 tərəfindən ona xx xxxxxx 2019-cu il tarixli cavab məktubu ilə bildirilmişdir ki, onunla Maraqlı şəxs1 ASC arasında bağlanmış xx xxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədi ilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli 2(039)-387/2014 saylı qətnaməsi ilə İddiaçı Maraqlı şəxs1 ASC-nin xeyrinə 4804.72 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bundan sonra, apelyasiya şikayəti verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(107)-785/2014 saylı qətnaməsi ilə İddiaçı Maraqlı şəxs1 ASC-nin xeyrinə 4804.72 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəlmişdir. Qətnamə qüvvəyə mindikdən sonra banka 2918.03 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixə sözügedən qətnamə üzrə Maraqlı şəxs1 ASC qarşısında 1886.69 ABŞ dolları borc və 30 manat dövlət rüsumu öhdəliyi mövcuddur. xx xxxxxx 2019-cu il tarixdə Maraqlı şəxs2 çıxarış əldə eləmiş və həmin çıxarışa əsasən onun 6300 ABŞ dolları üzrə heç bir kredit borcu olmadığı qeyd olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə təkrarən Maraqlı şəxs2 çıxarış əldə etmiş və orada yenə də onun borcu olmamağı təsdiq olunub. Həmin sənədi şübhə altına qoymaq əsassızdır. Eyni zamanda, məhkəmə öz qətnaməsi ilə vurğulayır ki, cavabdeh qismində X2 yox, Banka qarşı iddia qaldırılmalı idi. O, düzgün olaraq X3 əsl cavabdeh qismində cəlb etmişdir. Çünki, birinci, onun bağlı bütün yazışmalar Bankın adından Fond aparırdı, pretenziyalarına Fond cavab verirdi və onun mübahisələndirdiyi məbləğin ona verilməməyinin izahını Fond həyata keçirirdi və nəticədə Banka aid olan əmanətlərlə bağlı sərəncam verici Bank deyil, Fonddur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs ləğv prosesində olan Maraqlı şəxs1 ASC-nin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş üzrə cavabdehə və 3-cü şəxs Maraqlı şəxs2 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdeh X1 və 3-cü şəxs Maraqlı şəxs2 MMC-nin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilmişdir ki, Maraqlı şəxs1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 248/29 USD saylı kredit müqaviləsi ilə 24 ay müddətinə 6300 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin ödənilməsində gecikmələr olduğundan Maraqlı şəxs1 ASC İddiaçı qarşı Yevlax rayon Məhkəməsində iddia qaldırmış və Yevlax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs1 ASC-nin iddiası təmin edilərək İddiaçı Bankın xeyrinə ümumilikdə 4804,72 ABŞ dolları milli manat ekvivalentində borc, 30 manat ödənilmiş dövlət rüsumu, gecikdirilmiş hər günə görə cərimə borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət olunmuşdur. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti vermiş və Şəki Apelyasiya Məhkəməsi xx.xx.2014-cü il tarixli, 2(107)- 785/2014 saylı qətnamə ilə apelyasiya şikayətini qismən təmin edərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsini ləğv etmiş və yeni qətnamə qəbul edərək İddiaçı ümumilikdə 4804,72 ABŞ dolları pulun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini qət emişdir. Daha sonra iddiaçı tərəfindən həmin kredit müqaviləsi üzrə borcun ödənilməsi davam etdirilmişdir. İddiaçı problemli kreditin kompensasiyası üçün Azərbaycan Respublikası Prezidentinin Fərmanına müvafiq olaraq 1366,44 manat pul hesablanmışdır. ləğv prosesində olan Maraqlı şəxs1 ASC-nin Hesabdan Çıxarışlarından görünür ki, sözügedən kompensasiya məbləği iddiaçının banka olan qalıq borcunun bir hissəsinin ödənilməsinə yönəldilmişdir. İddiaçı, Banka olan qalıq borcunun məbləği barədə məlumat almaq üçün müraciət etmiş və ləğv prosesində olan Maraqlı şəxs1 ASC-nin ləğvedicisi X4 tərəfindən ona ünvanlanmış xx.xx.2019-cu il tarixli **********824 saylı məktubda iddiaçının xx.xx.2019-cu il tarixə Maraqlı şəxs1 ASC qarşısında 1886,69 ABŞ dolları borcun və 30 manat dövlət rüsumu öhdəliyinin mövcud olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən Bankdan 2012-ci il tarixdə kredit götürülmüş və həmin öhdəliyin icrası hissə-hissə ödənişlərlə həyata keçirilmişdir. Hazırda iddiaçının həmin kredit üzrə borcu mövcuddur. Bununla yanaşı hazırki iddia tələbini ləğv prosesində olan Banka qarşı deyil, X2 irəli sürmüşdür. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun normalarına əsasən Fondun mübahisə predmeti olan borcla bağlı səlahiyəti mövcud deyil, Fond yalnız sığortalanmış əmanətlər üzrə münasibətlərin iştirakçısı ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyatorun şikayətində qeyd etdiyi dəlillərlə bağlı qeyd edir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən kreditorların tələblərini qeydə alınması və onların ödənilməsi üçün tədbirlər görülməsi ləğvedicinin səlahiyyətlərinə aiddir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin iki min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1608/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-4616/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4616/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver