Məhkəmə qərarları › İş №2(103)-462/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-462/2020

18.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-462/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı “X18 Təsərrüfatı LTD” MMC-nin nümayəndəsi X7, Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 qarşı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin üçüncü şəxs qismində cəlb edildiyi, “qanunsuz inşa edilmiş daş hasarların və tikililərin sökülməsi, dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 tərəfindən “X13” ərazisində onun hüquqi varisi olduğu hissədə qanunsuz inşa edilmiş daş hasarların və tikililərin MMC-nin vəsaiti hesabına sökülməsi, son 2 il ərzində (xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək) qanunsuz hərəkətlər nəticəsində MMC-yə ayrılmış 4,0 ha ərazidə cəmiyyətin fəaliyyəti məhdudlaşdırıldığı üçün müəssisəyə orta hesabla 249.216 manat dəymiş ziyanın cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci, 222-1-ci, 255-ci və 322-ci maddələrinin tələblərinə uyğun olaraq cavabdehlər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə, cavabdehlər tərəfindən “X13” ərazisində İddiaçı-nin istifadəsinə verilmiş hissədə qanunsuz inşa edilmiş daş hasarların və tikililərin MMC-nin vəsaiti hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi və iş üzrə mütəxəssis rəyinin verilməsi ilə əlaqədar çəkilmiş 229 manatın cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmiş, həmin tarixli xüsusi qərardadla isə cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri olması nəzərə alınaraq, qanun pozuntusuna yol vermiş şəxsləri müəyyən etmək üçün prokurora məlumat verilməsi qərara alınmışdır. Cavabdehlər, apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edildiyi hissədə ləğv, iddianın tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şikayətin dəlilləri ondan ibarətdir ki, mübahisəli ərazi üzərində mülkiyyət hüququ tərəflərdən heç birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Bununla belə, cavabdehlərin həmin sahədən qanuni istifadə hüquqları var. Belə ki, Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran qəsəbə üzrə nümayəndəliyinin xx.xx.2005ci il tarixli, 05/499 saylı qərarı ilə onların hər birinə fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m. torpaq sahəsi verilib. Həmin vaxtdan orada fərdi yaşayış evləri inşa ediblər və bu günədək tikdikləri evlərin qanunsuz tikili olması ilə bağlı dövlət tərəfindən onlara hər hansı qaydada xəbərdarlıq edilməyib. Bununla yanaşı, cavabdehlərdən Cavabdeh6 artıq mübahisəli sahənin onun istifadəsində olmuş hissəsinə mülkiyyət hüququ da yaranıb. Belə ki, həmin hissə X2 bağ sahəsi kimi ona verilib və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulub ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Cavabdeh6 sadəcə formal müraciət etməklə, həmin sahə üzərində mülkiyyət hüququnu qeydə aldıra bilər. Bu dövrdə onun mülkiyyət hüququ qorunmalıdır. Qeyd olunmalıdır ki, milli qanunvericilik mülkiyyətçinin hüquqları ilə yanaşı, mülkiyyətçi olmayan, lakin əmlaka qanuni əsaslarla sahibliyi həyata keçirən şəxslərin də hüququnu pozulmaqdan müdafiə edir. Məhkəmənin də qeyd etdiyi kimi, mübahisəli torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Aşağıda qeyd edilənlər təsdiq edir ki, ümumiyyətlə iddiaçının mübahisəli torpaq sahəsindən istifadəsi qanunsuzdur. “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 15-ci maddəsinin tələbinə görə, təbiətdən istifadəçi ilə müvafiq icra hakimiyyəti orqanı arasında təbii resurslardan istifadəyə görə müqavilə (kontrakt) bağlanmalıdır. Lakin iddiaçı torpaqdan istifadəyə görə torpaq sahibi olan Bakı Şəhər İcra Hakimiyyəti ilə müqavilə bağlamamış, fəaliyyət göstərdiyi uzun illər ərzində qanunvericiliyin bu mühüm şərtini kobudcasına pozmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli müvafiq Fərmanı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnaməyə görə, dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsi zamanı komitənin rəyi alınmalıdır. Belə rəy alınmadan ayrılan torpaq sahələri qanunsuz hesab edilir. İddiaçı tərəfindən Torpaq Məcəlləsinin 65, 66.1, 66.2 və 67.3-cü maddələrində qeyd olunan tələblərə əməl edilməmiş və onun mübahisəli torpaq sahəsi üzərindəki istifadə hüququ qeydə alınmamışdır. Eyni zamanda, iddiaçı 68-ci maddənin də tələblərə əməl etməmiş, istismar etdiyi torpaq sahəsi üzərində hüquqlar əldə etmədən, yəni torpaqdan istifadə ilə bağlı müqavilələr bağlamadan və onu dövlət qeydiyyatından keçirmədən qanunsuz olaraq Bakı şəhər İcra hakimiyyətinin balansında olan onlarla hektar daş və torpaq sahələrini istismar edib satmış, həm də tələb olunan rekultivasiya işlərini aparmadan ərazini xarabaya çevirmişdir. Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 1 saylı Qərarına əsasən, faydalı qazıntıların çıxarılması məqsədilə “xxxx” statusunu almaq üçün tələb olunan əsas şərt torpaq sahibinin yerin təkindən istifadə məqsədilə müvafiq torpaq sahəsinin ayrılmasına razılığıdır. Həmin qərarın 1.5-ci bəndində göstərilir ki, yerin təki istifadəçilərinə “xxxx” torpaq sahiblərinin razılığı alındıqdan sonra verilir. Lakin ETSN-nin Dövlət Ekspertiza İdarəsi dövlət maraqlarını, qanunvericiliyin norma və prinsiplərini nəzərə almadan MMCnin torpaqdan istifadəyə görə ƏMDK-nin razılığını almadığına, torpaq sahibi Bakı şəhər İcra Hakimiyyəti ilə müvafiq müqavilə bağlanmadığına, istismar etdiyi torpaq sahələri üzərində hüquqlar əldə etmədiyinə, onu dövlət qeydiyyatından keçirmədiyinə baxmayaraq, ona Nardaran qəsəbəsinin ətrafında daş istehsalı üçün “xxxx” akrı vermişdir. Buna görə də, həmin akt qanunsuzdur və hüquqi qüvvəsi yoxdur. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə, apelyasiya şikayəti təmin edilmədən, Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qəararı ilə, cavabdehlərin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən, cavabdehlər, apelyasiya şikayətinin dəlillərinə uyuğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi isə, apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni cavabdehlərin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək, qətnamə ləğv, iddia rədd olunmalıdır. İşdə olan sənədlərdən görünür ki, Azərbaycan SSR “Dövlət X24 Nəzarət” Komitəsinin xx.xx.1980-cı il tarixli 66 saylı Yatağayırma aktına əsasən, X6 Kombinatı üçün Nardaran sahəsində əhəngdaşının hasilatı məqsədi ilə Bakı şəhərinin Lenin rayonunun Nardaran kəndinin inzibati ərazisində 68 hektar sahə təşkil edən əhəngdaşı yatağı ayrılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin “Abşeronda bağ təsərrüfatının qaydaya salınması və gələcək inkişafı üzrə tədbirlər haqqında” 195 saylı xx.xx.1988-ci il tarixli Qərarı ilə, Azərbaycan SSR X5 Nazirliyinin X6 Kombinatının 68 ha təşkil edən Nardaran sahəsindən 34.5 ha sahə Bakı şəhər İcraiyyə Komitəsinin “X8 və İstismarı üzrə X19 Tikinti Tresti”nin istifadəsinə verilmiş, 33.5 ha sahəsi isə X6 Kombinatının istismarında saxlanılmışdır. Bakı şəhər İcraiyyə Komitəsinin “X8 və İstismarı üzrə X14 X10 X16” özəlləşdirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.1994-cü il tarixli Qərarı ilə, “Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin 1№-X21 X16” adı ilə hüquqi şəxs kimi Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. xx.xx.2003-cü il tarixdə “Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin l №-li Trestinin Nardaran X16’nın bazasında İddiaçı yaradılmış və Ədliyyə Nazirliyində 0103-P7-37400 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Nardaran qəsəbəsi üzrə İcra Nümayəndəliyi tərəfindən Nardaran qəsəbəsi bağ sahəsində 05/463 nömrəli xx.xx.2005-ci il tarixli qərarla Cavabdeh1 ümumi ölçüsü 0,12 ha olan 881 nömrəli; 05/483 nömrəli xx.xx.2005-ci il tarixli qərarla Cavabdeh2 ümumi ölçüsü 0,12 ha olan 882 a nömrəli; 05/482 nömrəli 03.03. 2005-ci il tarixli qərarla Vəsxanım Sədullayevaya ümumi ölçüsü 0,12 ha olan 882 nömrəli; 05/498 nömrəli xx.xx.2005-ci il tarixli qərarla Cavabdeh4 ümumi ölçüsü 0,12 ha olan 883 nömrəli və 05/499 nömrəli xx.xx.2005-ci il tarixli qərarla Cavabdeh3 ümumi ölçüsü 0,12 ha olan 883a nömrəli bağ sahəsi ayrılmışdır. Bakı şəhər İH X11 tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş 33 saylı orderdən görünür ki, Cavabdeh6 Nardaran Bağlar Sahəsində 0,12 ha ölçüdə torpaq sahəsi olan 631”B” nömrəli bağ ayrılmışdır. Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli aktda qeyd olunmuşdur ki, İddiaçı-nin istifadəsinə verilmiş yatağ sahəsində yerin təkinin mühafizəsi və texniki təhlükəsizliyin müayinəsi aparılmışdır. Müayinə zamanı yatağ ərazisində Agentliyin icazəsi olmadan tikinti işləri aparılaraq ərazinin zəbt edilməsi aşkarlanmış və akt tərtib edilmişdir. Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 31/M-02 saylı tapşırığına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 Departamentinin əməkdaşları tərəfindən verilmiş arayışdan görünür ki, “X13’nın sərhədləri daxilində topogeodezik araşdırmalar aparılmış və araşdırmaların nəticələrinə görə, müəssisənin istifadəsinə verilmiş 4,0 + 1,0 ha yataq sahəsinin həqiqətən 68 ha ölçüdə “X13’nın hüdudları daxilində olması təsdiqlənmiş və sözügedən əhəngdaşı yatağının istifadə olunmamış müxtəlif sahələri naməlum şəxslər tərəfindən hasara alınaraq üzərində fərdi yaşayış evləri tikilmişdir. Hazırda iddiaçı, qanun qanuni istifadəsində lan torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş daş hasar və tikililərin sökülməsini tələb edir. Cavabdehlər isə, iddiaya etiraz edərək, iddiaçının bununla bağlı tələb hüququnun olmadığını bildirirlər. Birinci instansiya məhkəməsi, baxılan hissədə iddianı təmin edərkən, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehlər iddiaçının istifadəsində olan torpaq sahəsində şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla özlərinə yaşayış evi tikmiş, ərazini zəbt etmiş, həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişlər. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda “Yerin təki haqqında” Qanunun müdəalarına əsasən dövlətin müstəsna mülkiyyətindədir, dövlətin müvafiq icra hakimiyyəti orqanları vasitəsilə həmin sahə İddiaçı-yə akt əsasında verilməklə, xüsusi razılıq verilmiş və məhz həmin xüsusi razılıq və təhkim aktı əsasında iddiaçı həmin ərazidə fəaliyyət göstərməklə, fəaliyyəti ilə əlaqədar maneələrin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Ali Məhkəmə, rayon məhkəməsinin bu qənaətilə razılaşan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək, xx.xx.2019-cu il tarixli qərarında qeyd etmişdir ki, iş materiallarında olan görünür ki, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, - küçəsi 1, Maştağa-Nardaran Dənizkənarı şosesi 6cı km-də yerləşən 0.02709 ha torpaq sahəsi İddiaçı-nin istifadəsindədir. FHN-nin X9 Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən verilmiş FHN/40-01296 qeydiyyat nömrəli, ******* nömrəli xx.xx.2013-cü il tarixli lisenziya ilə MMC-yə dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasının həyata keçirilməsinə 5 il müddətinə icazə verilmiş, lisenziyanın müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Eləcə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən iddiaçıya Bakı şəhəri, Sabunçu rayonunda yerləşən, Markşeyder planı üzrə 1, 2, 3, 4, 5, 6, 7 və 8 künc nöqtələri ilə nömrələnmiş 5,0 ha ərazidə yerin təki sahəsindən açıq (yeraltı) üsulla “Nardaran” əhəngdaşı yatağında mişar daşı istehsalı üçün 5 il müddətində qüvvədə olmaqla 00879 saylı “xxxx” aktı verilmiş və bu akt xx.xx.2014-cü il tarixdə Nazirliyin reyestr kitabında 879 nömrə ilə qeydiyyata alınmışdır. Lakin məhkəmə baxışı zamanı cavabdehlərin istifadəsində olan torpaq sahəsinin karxana ərazisində yerləşməsi məhkəmə tərəfindən araşdırılaraq sübuta yetirilməmiş, iddiaçıya verilmiş lisenziya müddətinin başa çatmasının mübahisənin həllinə təsiri baxımından, həmçinin iddiaçıya 5,0 ha ərazidə yerin təki sahəsindən açıq (yeraltı) üsulla “Nardaran” əhəngdaşı yatağında mişar daşı istehsalı üçün “xxxx” aktı verildiyi halda, onun sökülməsini tələb etdiyi cavabdehlərin istifadəsində olan torpaq sahəsinin cəminin 6 ha təşkil etməsi (0.12ha x 5 = 6ha), sökülməsi tələb edilən torpaq sahəsi ilə mişar daşı istehsalı üçün iddiaçıya ayrılmış torpaq sahəsi arasında olan ölçü ziddiyyəti ilə bağlı araşdırma aparılmamışdır. Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən MMC-nin adına verilmiş xx.xx.2014-cü il tarixli, 00879 nömrəli “xxxx” aktının qüvvədə olma müddəti isə xx.xx.2018-ci il tarixli, 63/ü saylı əmrlə dayandırılmışdır. İşə yeni apelyasiya qaydasında baxılarkən iddiaçı, apelyasiya şikayətinə və Ali Məhkəmənin qərarında qeyd edilən hüquqi mövqelərə münasibətdə bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” xx xxxxxx 2015-ci il, 713 nömrəli Fərmanın 5.1-ci bəndinə əsasən, bu Fərmanın qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab edilir. Belə olan halda, FHN tərəfindən verilmiş lisenziyanın qüvvədə olması müəyyən olunur. Bundan başqa, qeyd edilən torpaq sahəsinin ərazisi ilə bağlı hər hansı ziddiyyət mövcud deyil. Ali Məhkəmə qəbul etdiyi qərarında torpaq sahəsinin hesablanmasını apararaq düzgün nəticəyə gəlməmişdir. Çünki 0,12 ha torpaq sahəsinin 5-ə olan hasili nəticəsində əldə edilən nəticə 6 ha yox, 0,6 ha-dır. Ümumiyyətlə, MMC-nin istifadəsinə ayrılan torpaq sahəsi isə 5 ha deyil, 34,5 ha təşkil edir. İddiaçının onun adına verilmiş xx.xx.2014-cü il tarixli, “xxxx” aktının qüvvədə olma müddətinin dayandırılması barədə xx.xx.2018-ci il tarixli əmr barədə isə məhkəmə prosesində məlumatı olmuşdur. Əmr bu günədək onlara təqdim edilməsə də, onun etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişlər. Eyni zamanda, MMC tərəfindən ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin təşkili üzrə Dövlət Agentliyinə müraciət edilərək, fəaliyyəti ilə bağlı hüquqmüəyyənedici sənədlər toplusu əlavə edilmiş, lakin Agentlik tərəfindən müraciətin mahiyyətinə uyğun olmayan cavab verilmişdir. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, İddiaçı-nin hazırkı iddia ilə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən, qanunla nəzərdə tutulduğu hallarda və müəyyən edilmiş qaydada təbiətdən istifadəçi ilə müvafiq icra hakimiyyəti orqanı arasında təbii resurslardan istifadəyə görə müqavilə (kontrakt) bağlanır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Əmlak Məsələləri Dövlət Komitəsi Haqqında” Əsasnaməyə görə, dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsi zamanı Komitənin rəyi alınmalıdır. Yerli icra hakmiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə dövlət torpaqlarının icarəyə və istifadəyə ayrılması barədə qərar qəbul edilənədək Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Torpaq Məcəlləsinin 65-ci və “X17” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq yerqurluşu işləri aparılmaqla ayrılan torpağın sahəsinin, yerinin, sərhədlərinin və konfiqurasiyasının xəritə üzərində göstəriciləri ilə faktiki vəziyyəti arasında uyğunlaşma təmin edilməli və sonra torpağın ayrılmasına dair rəy verilməldir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci və 66-cı maddələrinə əsasən, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyəyn edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmləşdirilir. Həmin Məcəllənin 67-ci və 68-ci maddələrinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Baxılan işdə isə İddiaçı tərəfindən mübahisəli torpaq sahəsi üzərində onun hər hansı (mülkiyyət, istifadə, icarə və s.) hüququnun yaranmış hesab olunması üçün qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əməl edilməsi müəyyən olunmur. Kollegiya hesab edir ki, sübutetmə yükü baxımından bu faktı sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin İddiaçı tərəfindən məhkəməyə ona torpaq sahəsinin ayrılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin rəyinin alınması, həmin torpaq sahəsinin sərhədlərinin yerdə və xəritədə müəyyən edilməsi, plan və ölçüsünün tərtib edilməsi, torpaq sahəsinə dair MMC ilə müvafiq icra hakimiyyəti orqanı arasında müqavilə bağlanması, torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə hər hansı mötəbər sübut təqdim olunmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Əksinə, işdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, mütəxəssislər tərəfindən tədqiqat obyektinə baxış keçirilib mübahisəli ərazinin koordinatları müəyyən edilmiş, lakin İddiaçı-yə və cavabdehlərə torpaq sahəsinin ayrılması barədə müvafiq qərarların ayrılmaz hissəsi olan torpaqayırma sənədləri, eləcə də iş üzrə hüquqmüəyyənedici, həmçinin torpaq sahəsinin texniki göstəricilərini əks etdirən sənədlərin (ayrıc aktı, texniki pasport, torpaq sahəsinin plan və ölçüsü, sxem və sair) mülki iş materiallarına əlavə edilməməsi səbəbindən cavabdehlər tərəfindən daş hasara alınmaqla aparılmış tikinti işlərinin İddiaçı-yə ayrılmış torpaq sahəsinin hüdudları daxilində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddia olunan (naturada müəyyən edilmiş koordinatlara əsasən) mübahisəli torpaq sahəsi xəritələrdə göstərilən koordinatlar çərçivəsində yerləşən torpaq sahəsinin daxilində yerləşir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin arxivində “X13”na torpaq sahəsinin ayrılıbayrılmaması barədə heç bir sənəd aşkarlanmamışdır. Bundan başqa, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi də **********41 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunda idarənin arxivində “X13”nın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilmədiyini bildirmişdir. Göründüyü kimi, torpaq sahəsi üzərində hüquqların yaranması üçün qanunvericilikdə müəyyən edilmiş hüquqmüəyyənedici sənədlərin mövcudluğu işin faktiki hallarından da görünmür. Kollegiya, İddiaçı, hazırkı iddianı qaldırarkən mübahisəli tikililərin yerləşdiyi əraziyə subyektiv hüququnun olmasına dair istinad etdiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 00879 saylı, xx.xx.2014-cü il tarixli “xxxx” aktına münasibətdə isə bildirir ki, bu akta əsasən, MMC-yə Bakı şəhəri, Sabunçu rayonunda yerləşən, Markşeyder planı üzrə 1, 2, 3, 4, 5, 6, 7 və 8 künc nöqtələri ilə nömrələnmiş 5,0 ha ərazidə yerin təki sahəsindən açıq (yeraltı) üsulla “X13”nda mişar daşı istehsalı üçün 5 il müddətində qüvvədə olmaqla icazə verilmişdir. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli, 63/ü saylı əmri ilə həmin aktın qüvvədə olma müddəti dayandırılmışdır. İddiaçı tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə qarşı qeyd olunan əmrin ona aid hissəsinin ləğv edilməsinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıldığından Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə, həmin mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırkı işin icraatı dayandırılmışdır. Lakin Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən həmin iş üzrə iddia ərizəsi iddiaçının (İddiaçınin) vəsatəti ilə geri qaytarılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyini yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin xx.xx.2020-ci il tarixli məktubunda isə qeyd olunmuşdur ki, 11 saylı RETSİ tərəfindən İddiaçı-yə verilmiş xx.xx.2020-ci il tarixli, 036 nömrəli məcburi göstərişin tələblərinin yerinə yetirilməsi ilə bağlı qeyd olunanlar nəzərə alınaraq, MMC-nin mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada fəaliyyət göstərməsinə etiraz olunmur. Göründüyü kimi, qeyd olunan iş üzrə iddiaçıya verilmiş “xxxx” aktının qüvvədə olma müddətinin dayandırılması barədə əmrin ləğv edilməsi ilə bağlı yekun məhkəmə aktı qəbul edilməmiş və iddiaçı həmin iş üzrə iddia ərizəsini geri götürməsini aralarında razılıq əldə olunması və ETSN-nin xx.xx.2020-ci il tarixli yuxarıda məktubunda qeyd olunanlarla əsaslandırsa da, Kollegiya bu dəlilləri əsaslı saymır, ona görə ki, sözügedən aktın hüquqi qüvvəsinin davam etməsi üçün onun dayandırılması barədə əmrin ləğv edilmiş olması lazımdır. Hazırkı işin halları baxımından isə bu fakt müəyyən olunmur. Beləliklə, Kollegiya yuxarıda qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, İddiaçı-nin mübahisəli torpaq sahəsi üzərində hər hansı hüququnun olması faktı müəyyən olunmadığından onun hazırkı iddia ilə mürcaiət etmək üçün subyektiv hüququ olmamışdır. Kollegiya, bu halın iddianın rədd edilməsi üçün kifayət etdiyini və prosessual qənaət prinsipini nəzərə alaraq, iddianın əsasında duran faktiki hallar və apelyasiya şikayətinin digər dəlilləri üzrə əlavə araşdırma aparmağa və onlara hüquqi qiymət verməyə zərurət görmür. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Eyni zamanda, nəzərə alınmalıdır ki, MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-181/2018 saylı iş üzrə xx.xx.2018ci il tarixli qətnaməsi iddianın təmin olunduğu hissədə ləğv olunsun və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 qarşı “cavabdehlər tərəfindən “X13” ərazisində onun hüquqi varisi olduğu hissədə qanunsuz inşa edilmiş daş hasarların və tikililərin MMC-nin vəsaiti hesabına sökülməsi” barədə iddia tələbi təmin edilməsin. İş üzrə mütəxəssis rəyinin verilməsi ilə əlaqədar çəkilmiş 229 (iki yüz iyirmi doqquz) manat İddiaçı-dən tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar