Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4626/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 iyun 2025-ci tarixli, e2(003)-2399/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2021-ci il tarixli MRK6006045 saylı müqavilədən aydın olur ki, məişət avadanlığı 20 ay müddətinə ödəmək şərtilə 2064 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir.
2. Soliton LTD” MMC ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2022-ci il tarixli MRK6006624 saylı müqavilədən aydın olur ki, məişət avadanlığı 12 ay müddətinə ödəmək şərtilə 379 manata Cavabdeh satılmışdır.
3. Maliyyə arayışından görünür ki, Cavabdeh ilə 16 oktyabr 2021-ci il tarixli MRK6006045 saylı müqavilə üzrə ödənilməmiş 2007 manat borcu vardr.
4. Maliyyə arayışından görünür ki, Cavabdeh ilə 24 fevral 2022-ci il tarixli MRK6006624 saylı müqavilə üzrə ödənilməmiş 279 manat borcu vardr.
5. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1861 manat əsas borc və 39 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1900 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia işin yuxarıda göstərilən halları ilə əsaslandırılaraq qeyd olunmuşdur ki, iş üzrə Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 12 ay olmaqla 24 fevral 2022-ci il tarixli MRK6006624 saylı nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 379 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra 279 manat borcu qalmışdır. Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 20 ay olmaqla 16 oktyabr 2021-ci il tarixli MRK6006045 saylı nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2007 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra 2007 manat borcu qalmışdır.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 iyun 2025-ci tarixli, e2(003)- 2399/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 24 fevral 2022-ci il tarixli, MRK6006624 saylı borc müqaviləsinə əsasən 279 manat, 16 oktyabr 2021-ci il tarixli MRK6006045 saylı borc müqaviləsinə əsasən 2007 manat əsas borc və 390 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1900 manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir.
9. Qətnamə onunla əsaslandırılmışdır ki, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən miedilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun qaytarılmasını tələb etməkdə haqlıdır.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385, 442, 600-cu maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətlərinin dəlillərinə görə onunla İddiaçı MMC ilə arasında bağlanan 24 fevral 2022-ci il tarixli MRK6006624 saylı və 16 oktyabr 2021-ci il tarixli MRK6006045 saylıborc müqavilələri üzrə öhdəliklərini icra etdiyi sonuncu gündən 3 il keçmişdir. İddiaçı isə cavabdehin müqavilə üzrə öhdəliklərini sonuncu icra günündən 3 il keçdikdən sonra, yəni iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Ona görə hazırki mübahisə üzrə iddia müddətinin ötürülməsi tətbiq edilməli və iddiaçının iddia ərizəsi rəddedilməlidir. Belə ki, onun tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Lakin məhkəmə həmin ərizəyə baxmamış, qətnamə çıxarılarkən də ərizəyə hüquqi mövqe bildirməmişdir. Bildirir ki, cavabdehin iddiaçıyla bağlamış olduğu müqavilələr üzrə öhdəliklərini yerinə yetirdiyi sonuncu icra müddətindən (01 may 2025- ci ilədək) 3 il keçmişdir. Belə olduğu təqdirdə iddiaçın iddia tələbinin təmin edilməsini istisna edir. Buna baxmayaraq məhkəmə həm maddi, həm də prossessual normaların tələblərini pozmaqla iddiaçının iddiasını təmin etmiş, Konstitusiya Məhkəməsinin formalaşdırmış olduğu vahid məhkəmə təcrübəsini pozaraq ona zidd qətnamə qəbul etmişdir. Məhkəmənin qətnamə çıxarılarkən cavabdehin təqdim etdiyi ərizəyə münasibətdə heç bir hüquqi mövqe bildirməməsi onun məsələyə birtərəfli yanaşdığını deməyə əsas verir. Bu səbəbdən qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
18. Apellyasiya şikayətinin dəlillərini əsasən apellyator tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Lakin məhkəmə həmin ərizəyə baxmamış, qətnamə çıxarılarkən də ərizəyə hüquqi mövqe bildirməmişdir
19. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2021-ci il tarixli MRK6006045 saylı müqavilədən aydın olur ki, məişət avadanlığı 20 ay müddətinə ödəmək şərtilə 2064 manata Cavabdeh satılmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2022-ci il tarixli MRK6006624 saylı müqavilədən aydın olur ki, məişət avadanlığı 12 ay müddətinə ödəmək şərtilə 379 manata Cavabdeh satılmışdır.
20. Göründüyü kimi, 16 oktyabr 2021-ci il tarixli MRK6006045 saylı müqavilənin icra müddəti 16 iyul 2023-cü il tarixdə, 24 fevral 2022-ci il tarixli MRK6006624 saylı müqavilənin isə icra müddəti 24 fevral 2023-cü il tarixdə bitir. AR MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Belə olan halda 16 oktyabr 2021-ci il tarixli MRK6006045 saylı müqavilə üzrə iddia müddəti 16 iyul 2026-cı ildə, 24 fevral 2022-ci il tarixli MRK6006624 saylı müqavilə üzrə isə iddia müddəti 24 fevral 2026-cı il tarixdə bitir. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə 06 may 2025-ci il tarixdə müraciət etmişdir. Belə olan halda hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir.
21. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 iyun 2025-ci tarixli, e2(003)-2399/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 iyun 2025-ci tarixli, e2(003)-2399/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.