Məhkəmə qərarları › İş №2(103)-463/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-463/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-463/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili-nümayəndəsi X2, Cavabdehin vəkili-nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.11.2019-cu il tarixli, 2(011)-8020/2019 nömrəli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən “kooperativ binada mənzil tikintisi haqda” 18.05.2016-cı il tarixli müqavilə üzrə artıq ödənilmiş 8917,93 ABŞ dollarının bugünki məzənnəsinə uyğun olaraq 15160,50 manat pulun tutularaq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış “kooperativ binada mənzil tikintisi haqda” 18.05.2016-cı il tarixli müqavilənin 1-ci bəndinə görə kooperativ, tərəfindən ünvan 1 ünvanında tikilən yaşayış evinin 1-ci giriş, 12-ci mərtəbəsində 55 nömrəli mənzilin, ümumi sahəsi 147.4 kv.m olmaqla payçıya (iddiaçıya) verməyi öz öhdəsinə götürmüş, payçı isə mənzilin pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürmüşdür. Müqaviləyə görə mənzilin yaşayış və qeyri-yaşayış sahəsinin hər kv.m 983.60 manat miqdarında (ABŞ dollarının məzənnəsi ilə 655.73 ABŞ dolları miqdarında) qiymətləndirilməklə mənzilin ümumi dəyəri 144983 manat (96654.6 ABŞ dolları) təşkil edir. Sözügedən müqavilənin 5-ci bəndində açıq şəkildə qeyd olunmuşdur ki, manatın məzənnəsində dəyişiklik olarsa, müqavilə qiyməti üçün ABŞ dolları ilə olan qiymət əsas götürüləcəkdir. İddiaçı müqavilə üzrə öhdəliklərini vaxtında və tam şəkildə icra etmiş, mənzilin dəyərini cavabdeh MTK-ya ödəmişdir. MTK tərəfindən verilmiş 17.11.2016-cı il tarixli, 44 nömrəli maliyyə arayışına görə o, mənzilin pay dəyərini tam ödəmişdir və MTK-ya borcu yoxdur. Pay dəyərini tam şəkildə ödədiyi mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair çıxarış əldə edilməsi üçün aidiyyəti üzrə AR ƏMDK yanında DƏDRX-nə müraciət etmişdir. Buna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Lakin çıxarışda mənzilin ümumi sahəsinin 133.8 kv.m olduğu qeyd edilmişdir. Yəni cavabdeh MTK ona müqavilədə qeyd edildiyindən 13.6 kv.m az sahə vermiş və öz öhdəliklərini tam şəkildə icra etməmişdir. Bu fakt isə mənzil üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı 28.06.2019-cu il tarixdə ortaya çıxmışdır. Hazırda cavabdeh MTK-dan ona müqavilə üzrə verilməyən, əvəzində pul ödənilən 13.6 kv.m sahəyə görə artıq ödənilən məbləğ (13.6 kv.m x 655.73 ABŞ dolları = 8917,93 ABŞ dolları) 8917,93 ABŞ dollarıdır, bu da bugünki məzənnə ilə (1.70 nəzərə alınaraq) 15160,50 manat edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.11.2019-cu il tarixli, 2(011)-8020/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməsi, Cavabdeh MTK-dan "”kooperativ binada mənzil tikintisi haqda” 18.05.2016-cı il tarixli müqavilə üzrə artıq ödənilmiş 8.917,93 (səkkiz min doqquz yüz on yeddi dollar doxsan üç sent) ABŞ dollarının bugünki məzənnəsinə (1 USD = 1.70 AZN) uyğun olaraq 15160,50 manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman nümayəndəsinin iştirakı təmin edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışlarda mənzillərin qeyri-yaşayış sahələrinin faktiki ölçüləri ilə mülkiyyət hüququna dair çıxarışlarda qeyd edilən ölçülər arasında müəyyən fərq yaranması mümkündür. Buna görə də, MTK heçbir öhdəlik və məsuliyyət daşımır. Birinci instansiya məhkəməsində icraat zamanı onların iştirak təmin edilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi X6 və cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh MTK-nın sədri X8 ilə payçı İddiaçı arasında bağlanmış 18.05.2016-cı il tarixli, 178 saylı “kooperativ binada mənzil tikintisi haqda” müqavilənin surətindən görünür ki, kooperativ, tərəfindən ünvan 2 ünvanında tikilən yaşayış evinin 1-ci giriş, 12-ci mərtəbəsində 55 nömrəli mənzili, ümumi sahəsi 147.4 kv.m olmaqla payçıya (iddiaçıya) verməyi öz öhdəsinə götürmüş, payçı isə mənzilin pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürmüşdür. Müqaviləyə görə mənzilin yaşayış və qeyri-yaşayış sahəsinin hər kv.m 983.60 manat miqdarında (ABŞ dollarının məzənnəsi ilə 655.73 ABŞ dolları miqdarında) qiymətləndirilməklə mənzilin ümumi dəyəri 144983 manat (96654.6 ABŞ dolları) təşkil edir. Müqavilənin 5-ci bəndində açıq şəkildə qeyd olunmuşdur ki, manatın məzənnəsində dəyişiklik olarsa, müqavilə qiyməti üçün ABŞ dolları ilə olan qiymət əsas götürüləcəkdir. Cavabdeh MTK tərəfindən verilmiş 17.11.2016-cı il tarixli, 44 nömrəli maliyyə arayışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən kooperativ yaşayış binasının 1 -ci giriş, 12-ci mərtəbəsində ümumi sahəsi 147.4 kv.m olan 4 otaqlı 55 nömrəli mənzilin pay dəyərini İddiaçı tərəfindən tam ödəmişdir və MTK-ya borcu yoxdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 1911-ci məhəllə, ev 7A, 55 nömrəli mənzil İddiaçı adına 3075 nömrəli reyestr kitabının 287095 nömrəli vərəqində 28.06.2019cu il tarixdə qeydiyyata alınmışdır. Çıxarışda mənzilin ümumi sahəsinin 133.8 kv.m olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Cavabdeh MTK-nın İddiaçı ilə aralarında bağlanmış 18.05.2016-cı il tarixli, 178 saylı “kooperativ binada mənzil tikintisi haqda” müqavilənin şərtlərinə əsasən tərəfindən ünvan 3 ünvanında tikilən yaşayış evinin 1-ci giriş, 12-ci mərtəbəsində ümumi sahəsi 147.4 kv.m olmaqla 55 nömrəli mənzili iddiaçıya verməyi öz öhdəsinə götürməsi, iddiaçı tərəfindən mənzilin dəyərinin tam ödənilməsinə baxmayaraq cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımınca icra edilməməsi, nəticədə, iddiaçıya müqavilədə nəzərdə tutulduğundan 13.6 kv.m az sahəyə malik mənzilin verilməsi, bununla da, iddiaçıya 8917,93 ABŞ dollarına ekvivalent olaraq 15160,50 manat (8917,93 ABŞ dolları x 1.70 manat = 15160,50 manat) ziyan dəyməsi müəyyən edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 178.8-ci maddəsinə müvafiq olaraq, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə kollegiyası tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Kollegiyaya təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.06.2021-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 3 ünvanında inşa edilmiş binanın 1ci giriş, 12-ci mərtəbədə yerləşən, 4 otaqlı, 55 saylı mənzilin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59-cu maddələrinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-nın tələblərinəzərə alınmaqla sahəsi 136,9 kv.m təşkil etdiyimüəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyətinə verilən mənzilin ümumi sahəsi ekspert rəyinə əsasən, 136.9 kv.m təşkil etdiyi halda iddiaçıdan sahəsi 147.4 kv.m olan mənzilin dəyəri alınmışdır. Belə olan halda kollegiya hesab edir ki, 10.327,80 manat müəyyən edilməlidir. (147.4- 136.9=10.5×983.6 manat (kv.m dəyəri)). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçini hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının əvəzi 50 manat cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək, qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən apellyatorun ünvanına məhkəmə iclasının vaxtı və yeri barərə məhkəmə bildirişləri Cavabdeh MTK-nın Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrindən Çıxarışında göstərilən hüquqi ünvanı ünvan 4i instansiya məhkəməsi haqlı olaraq işə onun iştirakı olmadan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllə 185-ci maddəsinə uyğun olaraq baxmışdır. Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh MTK-nın apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.11.2021-cu il tarixli, 2(011)-134/2021 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh MTK-dan 10.327,80 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə tikintitexniki ekspertizasının əvəzi 50 manat cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh MTK-nın apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.11.2021-ci il tarixli, 2(011)-134/2021 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh MTK-dan 10.327,80 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Məhkəmə tikinti-texniki ekspertizasının əvəzi 50 manat Cavabdeh MTK-dan tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov, Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar