Məhkəmə qərarları › İş №2(103)-4631/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4631/2022

04.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4631/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-79/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin A və B tikililərində cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililərin cavbadehlərin vəsaiti hesabına sökülməsi və ümumi istifadədə olan yaşayış və qeyriyaşayış sahələrinin cavabdehlər tərəfindən əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-79/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin həyətyanı torpaq sahəsi ilə yanaşı sahədə “A” və “B” tikililərindən kənarda inşa edilmiş 2 mərtəbəli yaşayış evi və habelə “B” tikilisində 1-ci mərtəbədən 2-ci mərtəbəyə keçid sahəsi, eləcə də “B” tikilisinin üstündə inşa edilmiş 2-ci mərtəbənin sökülməsi, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin həyətyanı torpaq sahəsi ilə yanaşı sahədə “A” və “B” tikililərindən kənarda inşa edilmiş 2 mərtəbəli yaşayış evinin və habelə “B” tikilisində 1-ci mərtəbədən 2-ci mərtəbəyə keçid sahəsinin, eləcə də “B” tikilisinin üstündə inşa edilmiş 2-ci mərtəbənin sökülməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması, iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 AZN məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub iddiaçıya verilməsi və iş üzrə Az. Res. ƏN. MEM tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixli 07/4748 №-li məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: VÖEN **********; X1, kod:210005; müxbir hesab:AZ41NABZ********************; S.F.İ.F.T. Bik CTREAZ22) köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün təyin edilmişdir. Bununla belə, Bakı şəhəri Səbail Rayon Məhkəməsindən 24 iyun 2022-ci il tarixdə daxil olmuş məktubda, iş üzrə qəbul edilmiş qətnamədən digər Cavabdeh2 da apellyasiya şikayəti ilə müraciət etdiyi bildirilmiş və şikayətə münasibət bildirilməsi üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər, İddiaçı vəkili Rövşn Mərəndskiy elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar olmasını bildirmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, hazırki iş üzrə apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməklə, iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-79/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2022-ci il tarixli qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılsın və Cavabdeh2 verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar