Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4632/2025 30.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4279/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılması, tərəflərin müqavilə üzrə aldıqları öhdəliklərə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş **********62 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 3 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılması, tərəflərin müqavilə üzrə aldıqları öhdəliklərə xitam verilməsi" tələbinə dair ilk iddianın rədd edilməsi, Azərbaycan Respublikası İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış və xx.xx.2025-ci il tarixdə verilmiş **********62 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi, yeni qaydalarla: AZ 1004, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın yardımçı vasitələri ilə birlikdə akt tərtib edilməklə Cavabdeh istifadəsinə verilməsi öhdəliyinin cavabdeh İddiaçı həvalə edilməsi, həmin sahəyə istifadə hüququnun təmin edilməsi, vəkilin göstərdiyi hüquqi yardıma görə müvafiq müqaviləyə əsasən vəkil qurumuna ödənilmiş 320 (üç yüz iyirmi) manat pulun, ödənilmiş 100,0 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi haqqında qarşılıqlı iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4279/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
4. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia ərizəsinin məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi, yeni qaydalarla: AZ 1004, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın yardımçı vasitələri ilə birlikdə akt tərtib edilməklə Cavabdeh istifadəsinə verilməsi öhdəliyinin cavabdeh İddiaçı həvalə edilməsi, həmin sahəyə istifadə hüququnun təmin edilməsi xahiş olunur. Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə yoxdur. Qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməmişdir. Həmçinin daşınmaz əşya Bakı şəhəri Səbail rayon ərazisində yerləşir, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və ya mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4279/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin məntiqinə görə nümayəndəsi olduğu şəxs, mübahisə predmeti olan daşınmaz əşya ilə bağlı həmin daşınmaz əşyanın olduğu yerə görə iddia qaldırmalı, belə olan halda, həmin məhkəmədə hazırkı işə baxılanadək icraat istər-istəməz dayandırılmalı, hazırkı işə apellyasiya və kassasiya perspektivləri nəzərə alınsa, ən azı bir il-il yarım davam etməli, hazırkı iş üzrə qətnamə qəbul edilib qanuni qüvvəyə mindikdən sonra ilə bağlı həmin daşınmaz əşyanın olduğu yer üzrə iddiaya baxılması da ən azı bir il-il yarımdavam etməli, beləliklə baxılanadək icraat istər-istəməz dayandırılmalı, hazırkı işə apellyasiya və kassasiya perspektivləri, nəzərə alınsa, ən azı bir il-il yarım davam etməli, nümayəndəsi olduğu şəxs ən yaxşı halda, mülkiyyətində olan sahədən sahiblik və istifadə hüquqlarını təmin etmək üçün ən azı 3 (il) məhkəmələrdə sürünməlidir. Şəxs ev tikmək üçün əldə etdiyi həmin torpaq sahəsini almaq üçün özünə məxsus yeganə yaşayış sahəsini, həmin ərazidə yerləşən evini 485.000 manata satmış və hazırda ilk iddiaçının qərəzli və məqsədyönlü hərəkətləri, o cümlədən formal iddia qaldırması səbəbindən hər ay 1500 (min beş yüz) manat verməklə kirayədə yaşayır, onda məhkəmənin də ilk iddiaçıya qərəzli niyyətlərini reallaşdırmaq üçün faktiki olaraq köməklik etdiyi müəyyən edilir. Bu hal isə qəbul edilməzdir. Onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunsuz nəticəyə gəlmək üçün məhkəmə iclasında iştirak edən Cavabdeh izahatı alınmadığı halda, onun olmayan izahatına istinad etmiş, bu da azmış kimi, məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatını da qismən təhrif edərək, qanunsuz qərar qəbul edilməsi üçün “hüquqi zəmin” yaradılmışdır. Belə ki, həmin izahat qarşılıqlı iddia ərizəsinin dəlillərinə tam uyğun verilmişdir. Bu halı müəyyən etmək üçün məhkəmə iclasının audio-video yazısına baxmaq kifayətdir. Beləliklə, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarını tərəflərə və işin həqiqi hallarına uyğun düzgün tətbiq etməmişdir. Göründüyü kimi, birinci instansiyası məhkəməsi məhkəmə qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət etməmiş, bununla da Mülki Prosessual Məcəllənin yuxarıda sadalanan maddələrinin tələblərinin pozulması ilə nəticələnən qərardad qəbul etmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. İddiaçı nümayəndəsi və vəkili şikayətə qarşı yazılı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdmişdir.
Tətbiq edilən hüquq normaları:
9. Mülki Prosessual Məcəllə Maddə 154.1 İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Maddə 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Maddə 35.3. Qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək qarşılıqlı iddia ərizəsi icraata götürülüb ilkin iddia ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməlidir.
11. Belə ki, ilkin iddia ərizəsindən görünür ki, İddiaçı, onunla Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbsi, 1-ci yaşayış massivi, 428 saylı sahədə yerləşən sahəsi 0.06 ha olan torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılmasını tələb edir.
12. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizə ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış və xx.xx.2025-ci il tarixdə verilmiş **********62 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi, yeni qaydalarla: AZ 1004, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın yardımçı vasitələri ilə birlikdə akt tərtib edilməklə Cavabdeh istifadəsinə verilməsi öhdəliyinin cavabdeh İddiaçı həvalə edilməsini xahiş etmişdir.
13. Qarşılqlı iddianın məzmunundan görünür ki, həmin iddia üzrə iddiaçı mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə əldə edilmiş əmlakın cavabdeh tərəfindən ona təqdim edilmədiyini, iddiaçının fakitki sahiblik və istifadəsinə verilmədiyini iddia edir.
14. Qarşılıqlı iddianı geri qaytaran məhkəmə qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olmamasına, qarşılıqlı tələbin ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməməsinə, həmçinin daşınmaz əmlakın Bakı şəhəri Səbail rayon ərazisində yerləşdiyini qeyd edərək bu cür iddiaların daşınmaz əmlakın olduğu yerə görə verilməli olmasına istinad etmişdir.
15. Məhkəmə kollegiyası birinici instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etməyərək qeyd edir ki, MPM-in 156.1.3-cü maddəsindən göründüyü kimi, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir.
16. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarında qeyd olunur ki, qarşılıqlı iddianın ilkin iddia ilə bir icraatda baxılması mülki prosessual hüququn təməl prinsiplərindən olan, məhkəmələrin iş yükünün azaldılmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş prosessual qənaət prinsipinin realizəsinə də xidmət etmiş olur. Bu prinsip məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolu oynayır.
17. Göründüyü kimi ilkin iddia üzrə iddiaçı alqı-satqı müqaviləsinin etibarsızlığını, qarşılıqlı iddia tələbi üzrə iddiaçı isə həmin müqavilə üzrə cavabdehin üzərinə düşən öhdəliyin icra edilərək daşınmaz əmlakın iddiaçıya təqdim edilməsini tələb etməklə, ilkin və iddia tələbləri eyni daşınmaz əmlakla bağlıdır, onlara bir icraatda baxılması mübahisənin daha tez və düzgün baxmaqla nəticələnməsi baxımından məqsədəmüvafiqdir.
18. Digər tərəfdən kollegiya hesab edir ki, məhkəmə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edərkən daşınmaz əmlakın Bakı şəhəri Səbail rayon ərazisində yerləşdiyini qeyd edərək bu cür iddiaların daşınmaz əmlakın olduğu yerə görə verilməli olmasına istinad etməklə prosessual hüquq normalarını da düzgün tətəbiq etməmişdir.
19. Belə ki, MPM-in 35.3-cü maddəsində birbaşa göstərilmişdir ki, qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir.
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021ci il 2 iyun tarixli Qərarında da qeyd olunur ki, qarşılıqlı iddia tələblərin məzmununa, mübahisəli hüquq münasibətinin xarakterinə, habelə işdə iştirak edən şəxslərin dairəsinə görə ilkin iddia ilə sıx əlaqədar olduğundan, qanunvericilikdə belə iddiaların qanunla müəyyən edilmiş xüsusi aidiyyət növündən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilməsi müəyyən edilmişdir. Qarşılıqlı iddianın ilkin iddia ilə birlikdə baxılması zərurəti Mülki Prosessual Məcəllənin 156-cı maddəsində təsbit edilmiş şərtlərdən də irəli gəlir.
21. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin qəbulundan imtina edilməsi barədə qərardad qəbul etməkdə prosessual hüquq normalarının tələblərini düzgün qiymətləndirməmişdir.
22. Buna görə də kollegiya hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4279/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilərək ilkin iddia ərizəsi ilə bir icraatda baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir.
23. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
24. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4279/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək ilkin iddia ərizəsi ilə bir icraatda baxılması üçün mülki iş Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fərrux Qasımov