Məhkəmə qərarları › İş №2(103)-4640/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4640/2022

20.06.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4640/2022 20.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdehn direktoru X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-207/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı «müqavilənin ləğv edilməsi və müqavilə üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi, iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış 19 avqust 2019-cu il tarixli xidmət müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdeh tərəfindən indiyədək iddiaçıya ödənilməmiş qalıq borc qismində 5000 manatın, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 5000 manatın və ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 10.030 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddiada göstərilir ki, cavabdeh ilə iddiaçı arasında 19 avqust 2020-ci il tarixli 1 il müddətinə Xidməti müqavilə bağlanmışdır. Həmin müqavilənin predmetindən irəli gələrək iddiaçıya "Ofis işi" adlı serialının çəkiliş qrupu tərkibində "Redaktor" vəzifəsinin icrası həvalə edilmişdir. Beləliklə, ofis işi serialının çəkilişi üzrə redaktə etmək, senari hazırlamaq işinin müqabilində 1 il müqavilə müddəti dövründə 19 avqust 2020-ci il tarixədək iddiaçıya aylıq xidmət haqqı olaraq 500 manat xidmət haqqı ödənilməsi müəyyən edilmişdir. Həmin müqavilədən irəli gələrək üzərinə götürdüyü bütün hüquq və öhdəlikləri icra etmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə bir cox öhdəliklər, yəni serialın çəkilişnində redaktorun iştirakını təmin etmək, redaktor üçün əmək şəraitinin təmin edilməsi, müqavilə üzrə aylıq xidmət haqqı ödəmələri və sair indiyədək lazımi qaydada həyata keçirilməmişdir. Qeyd olunan öhdəliklərin icrası iddiaçının iradəsindən asılı deyil və həmin öhdəliklərin icrası məhz cavabdehin məsuliyyət dairəsində olan məsələdir. Belə ki, Müqavilənin 3.2-ci bəndinə əsasən, Cəmiyyətin əsas öhdəliklərindən biri redaktor olaraq onu əmək şəraiti ilə təmin etməkdir. Lakin cavabdeh tərəfindən göstərilən əmək şəraiti təmin olunmadığından, serialın çəkilişində iştirak etmədiyindən redaktor olaraq müqavilə üzrə öhdəliyinin icrası iddiaçıdan asılı olmayan səbəbdən mümkünsüz olmuşdur. Yəni, bu hal iddiaçının iradəsindən asılı olmadığından, buna görə məsuliyyət daşımır. Eyni zamanda bütün bunlara baxmayaraq, qeyd olunan hal, yəni əmək şəraiti ilə təmin olunmamağı və sair cavabdehi iddiaçıya münasibətdə ödənişlə bağlı öhdəlikdən azad etmir. Belə ki, Cəmiyyət müqavilə üzrə digər öhdəlikləri icra etməli olduğu kimi, iddiaçıya müqavilə müddəti ərzində (1 il müddətində) aylıq 500 manat xidmət haqqını da, hər bir halda ödəməyə borcludur. Çünki, iddiaçı, cavabdeh ilə müqavilə bağlayarkən bütün işlərini bu proyektə görə planlamış və digər proyektlərdən və təkliflərdən məhz bu müqavilədən irəli gələrək imtina etmişdir. Ona görə hesab edir ki, Cəmiyyət müqavilə üzrə bir il müddətində iddiaçıya ödəməli olduğu aylıq ödəmələri tam şəkildə icra etməlidir. Çünki, müavilə qüvvədədir və müqavilənin 6.5-ci bəndinə əsasə müqavilə-hüquq münasibətlərinin xitamına dair iddiaçıya heç bir rəsmi xəbərdarlıq edilməmişdir. Bu, onu deməyə əsas verir ki, iddiaçının Cəmiyyətdən həmin dövr ərzində yığılan aylıq xidmət haqqını almaq hüququ vardır. Həmçinin müqavilədə hər-hansı fors-major hala dair bənd mövcud deyildir. Bu o deməkdir ki, hər-hansı qarşısı alınmaz hala görə Cəmiyyət, müqavilə üzrə pul öhdəliyini yerinə yetirməkdən boyun qaçıra bilməz. Cəmiyyətdə müqavilə üzrə ödhləliklərini faktiki olaraq 19 avqust 2019-cu ildən - 02 aprel 2020-ci il tarixinədək (8 ay müddətində hər gün) icra etmişdir. Bundan sonra, serial çəkilişləri müvəqqəti olaraq dayanması səbəbindən ümumiyyətlə işə çağırılmamışdır. Cəmiyyətin səlahiyyətli nümayəndələri tərəfindən bildirilmişdir ki, serial çəkilişi və işlərin davamı tezliklə bərpa olunacaq və hər bir halda müqavilə qüvvədə olduğundan aylıq ödəmələr ona hissə-hissə ödəniləcəkdir. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi, həmçinin yazılı müraciət olunmuş və müqavilə üzrə yaranmış borcunun ödənilməsi tələb edilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icrası tam olaraq indiyədək yerinə yetirilməmişdir. Nəticə etibarilə, göstərilən hallar onu deməyə əsas verir ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyindən, müqavilə şərtlərini kobud pozmuş sayılır. Bu isə həm Müqavilə, həm də Qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqavilənin birtərəfli qaydada ləğvi və müqavilə üzrə yaranmış borcun cavabdehdən tələb edilməsi üçün hüquqi əsas verir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-207/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi və 126 manat məbləğində ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində göstərir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamədə doğru olmayan maddi hüquq norması tətbiq edilmişdir. Məlum olduğu kimi, cavabdeh tərəfindən ona qarşı maddi zərər (real) tələb irəli sürülməmişdir. Göstərilən pul tələbi müqavilə öhdəliyindən irəli gələn borc pul tələbidir. Burada vurulmuş maddi ziyan ilə bağlı hər hansı tələb irəli sürülmür. Bu səbəbdən birinci instansiya məhkəməsi öz qətnaməsində Mülki Məcəlləsinin 21-ci maddəsinə istinad etməklə lazım olmayan maddi hüquq normasını tətbiq etmiş və beləliklə də, qeyd olunan maddi hüquq normalarının tətbiqində yanlışlığa yol vermişdir. Belə ki, iddia tələbinin hüquqi əsasını, müqavilədən irəli gələn ödəlik hüquq- münasibətlərinin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsindən dolayı borc pul tələbi təşkil edir. Bu zaman, haqlı olaraq tərəfindən iddia ərizəsində M ü l k i Məcəllənin 385.1-ci, 421.2-ci və 442-ci maddələrinin tələblərinin pozulması qeyd edilmiş, habelə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin 3.2 və 4-cü bəndlərinin cavabdeh tərəfindən icra edilməməsinə dair dəlillər irəli sürülmüşdür. Həmçinin tərəflər arasında bağlanış xx.xx.2020-ci il tarixli xidməti müqvailənin 3.2-ci bəndinə əsasən, Cəmiyyətin əsas öhdəliklərindən biri redaktor olaraq onu əmək şəraiti ilə təmin etməkdir. Həmin Müqavilənin 4-cü bəndinə əsasən, "Ofis işi" serialının senarisinin hazırlanması müqavilində 1 il müddətində hər ay 500 manat xidmət haqqı ödənilməsi müəyyən olunur. Cavabdeh tərəfindən müqavilə üzrə guya ona ödənilən xidmət haqqı ödənişinə dair məhkəməyə sübut qismində təqdim olunan kassa məxaric orderləri (7 ədəd) ilk öncə ciddi hesabat blankı sayılmır. Bu tip ödəmələr qüvvədə olan qanunvericiliyə əsasən ( "Nağdsiz ödəmələr haqqında" Qanunun tələbinə uyğun olaraq) nəğdsiz qaydada bank-köçürmə yolu ilə aparılmalı idi. Əgər ödəmə nağd formada (kassa məxaric formatında məxaric) edilmişdirsə, lakin onun həmin sənədlərdə imzasının olmasına rəğmən, ödənişin ona edilmədiyi və faktın formal əsasla kağız üzərində olması qeyd olunursa, o zaman məhkəmə sübuta obyektiv qiymət vermək üçün həmin halı araşdırmalı və sübutun legitimliyi (qanuniliyini) yoxlamalı idi. Bu zaman ən azından həmin mədaxil sənədləri üzrə ona ödənilən məbləğin cavabdeh tərəfindən vergiyə cəlb olunan hissəsi yoxlanılmalı idi. Belə ki, o, vergi ödəyicisi olmadığından, həmin xidmət haqqı üzrə 14 % vergiyə cəlb olunan gəlir verigisi mənbədən tutulan vergi olaraq cavabdeh təşkilatın üzərinə düşürdü. Məhkəmə qətnamədə istinad etdiyi sübutun qanuniliyini hər-bir halda yoxlamalı idi. Lakin nədənsə, məhkəmə həmin sübuta (kassa məxaric) qiymət verərkən bu halları diqqətəlayiq nəzərə almamışdır Nəticədə isə, sübutlara obyektiv qiymət verilmədən sonda yanlış hüquqi nəticəyə gəlmişdir. Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi, cavabdeh tərəfindən guya ona ödənilən xidmət haqqı üzrə ödəmələrə dair kassa məxaric orderləri (7 ədəd) ciddi hesabat blankı olmadığından və onların qanuniliyi yoxlanılaraq təsdiq olmadığından mötəbər sübut sayıla bilməz. Bu hallar nədənsə məhkəmə tərəfindən araşdırılmamıdır. Ona görə hesab edir ki, məhkəmənin qətnamədə əsas götürdüyü faktlar mötəbər sübutlar ilə təsdiq edilimir və bu baxımdan, işin bütün halları hərtərəfli, tam və obyektiv təhlil edilərək araşdırılmamışdır. Bu səbəbdən hesab edir ki, məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin təlbləri pozulmuşdur. Bildirir ki, xx.xx.2019cu il tarixli xidmət müqaviləsinin 1 və 4-cü bəndləri arasında ziddiyyət vardır. Belə ki, cavabdeh ilə aralarında bağlanan həmin xidmət müqaviləsinin predmetini redaktor fəaliyyəti üzrə xidmət təşkil etdiyi qeyd olunur. Lakin həmin müqavilənin 4-cü bəndi üzrə ona senarist olaraq xidmət haqqı qismində aylıq 500 manat təklif olunur və 1 il ərzində senari hazırlanmasına görə həmin məbləğin ödənilməsi müqavilədə göstərilir. Yəni, onun redaktor, yoxsa senarist olduğu ilk növbədə bu bəlli olmalıdır. Çünki, bunlar tamamilə fərqli sahələr və işlərdir. Bildiyi qədər o, senaristdir və serialın televiziya vasitəsilə nümayişi zamanı da senarist olaraq da adı qeyd olunaraq bu fakt təsdiq olunur. Deməli, belə olan halda müqavilədə bir çox bəndlərdə onun redaktor olaraq xidmətə cəlb olunmağı ilə bağlı hallar yanlış olaraq qeyd olunub və bu hallar müqavilənin formal əhəmiyyətindən xəbər verir. Eyni halı, xidmət haqqı üzrə ödənişinə dair kassa məxaric sənədlərinə də aid etmək olar. Belə ki, bu sənədlər də. müqavilənin bəzi bəndləri kimi formal əhəmiyyətlidir və həqiqəti əks etdirmir. Həmin sənədlər üzrə ona heç bir real ödəmə edilməyib. Ona yalnız iki dəfə 500 manat olmaqla cəmi 1000 manat məbləğində ödəniş edilib. Bu səbəbdən cavabdehin ona müqavilə üzrə borcu 5000 manat təşkil edir. Çünki, qeyd etdiyi kimi, müqavilə üzrə ödəmə 1 il ərzində aylıq 500 manat müəyyən olunub (müq-n 4-cü bəndi) və senari hazırlanmasına görə ödənilir. Lakin 1 il ərzində hansı sayda senari hazırlanması öhdəliyi yenə də müqavilə üzrə müəyyən olunmayıb. Bu o deməkdir ki, o, hər bir halda 1 il boyunca müqavilə üzrə xidmət haqqını cavabdehdən tələb etmək hüququna malikdir. Məhkəmə bununla bağlı kassa məxaric sənədlərinə əsasən 3099 manat ona ödənildiyini qeyd edir. Lakin bir il ərzində ümumi xidmət haqqının 6000 manat təşkil etdiyini nəzərə alsa (6000-3099=2901) c a v a b d e h i n o n a h ə r b i r h a l d a q a l ı q b o r c u y a r a n ı r və bu 2 9 0 1 AZN təşkil edir. Lakin məhkəmə işin hallarını araşdırarkən bu hala (müqavilə üzrə son 6 ay ərzində ödəmənin olmamasına) da diqqət etməmişdir. Məlumat üçün onu da çatdırır ki, tərəfindən serial çəkilişləri zamanı müxtəlif bölmələr üzrə tələl olunan ümumilikdə 13 senari təqdim olunmuşdur. Müəllifi olduğu həmin senarilər üzrə çəkilmiş serial bölmələri hazırda 2022-ci ilin aprel ayından etibarən ATV kanalı vasitəsilə hər həftə yayımlanır. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdehn direktoru X2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli 03 saylı “Müəlliflik hüquqlarının təqdim edilməsinə dair” Xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehin istehsal etdiyi “Ofis işi” adlı serialın çəkilişi üçün aylıq redaktə etməyi və bunun müqabilində cavabdeh iddiaçıya görülmüş işə görə 500 manat qonorar ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən iddiaçıya göstərilən xidmətə görə ümumilikdə 3099 manat pul ödənilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı, cavabdeh tərəfindən göstərilən əmək şəraiti təmin olunmadığından, serialın çəkilişində iştirak etmədiyindən redaktor olaraq müqavilə üzrə öhdəliyinin icrası iddiaçıdan asılı olmayan səbəbdən mümkünsüz olmuşdur. Yəni, bu hal iddiaçının iradəsindən asılı olmadığından, buna görə məsuliyyət daşımır. Göründüyü kimi iddiaçı tərəfindən müqavilə üzrə nəzərdə tutulan xidmətlər tam yerinə yetirilməmiş və iddiaçı bunu ondan asılı olmayan səbəbdən mümkünsüz olduğunu qeyd etməklə əsaslandıraraq xidmət göstərmədiyi dövrlərin haqqını cavabdehdən tələb edir. Bununla bağlı, iddiaçı müqavilənin icrası ilə bağlı pozuntunun, yəni serialın çəkilişində iştirak etməməklə xidmət göstərməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərə aid hissədə təmin oluna bilməz. Tətbiq edilməsi nəzərdə tutula bilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin qismən ləğv və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından iddianı tam rədd etməklə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün iddia təmin edilməyən hissədə qismən haqlı sayılırdı. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Tərəflər arasında hazırki mübahisənin yaranmasının səbəbi aralarında bağlanmış 19 avqust 2019-cu il tarixli müqavilə ilə əlaqədar olmuşdur. Bu müqavilə müəlliflik hüquqlarının təqdim edilməsinə dair xidməti müqavilə adlandırılmışdır. Müqavilənin predmetinə görə redaktor prodüserin istehsal etdiyi “Ofis işi” adlı serialın çəkilişi üçün aylıq redaktə edir və bunun müqabilində prodüser redaktora görülmüş işə görə bu Müqavilənin 4-cü maddəsinə əsasən qonorar ödəyir. Müqavilənin 4.1-ci bəndinə əsasən prodüser redaktora müqavilənin 1.1-ci bəndində adıçəkilən serialın ssenarisinin yazılması üçün aylıq 500(beş yüz) manat qonorar ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən isə bu müqavilə onu tərəflər imzalandığı andan hüquqi qüvvəyə minir və 1(bir) il müddətinə etibarlıdır. Birinci instansiya məhkəməsi bir tərəfdən göstərir ki, iddiaçı, cavabdeh tərəfindən göstərilən əmək şəraiti təmin olunmadığından, serialın çəkilişində iştirak etmədiyindən redaktor olaraq müqavilə üzrə öhdəliyinin icrası iddiaçıdan asılı olmayan səbəbdən mümkünsüz olmuş, yəni, bu hal iddiaçının iradəsindən asılı olmadığından, buna görə məsuliyyət daşımır. Digər tərəfdən isə qeyd edir ki, iddiaçı müqavilənin icrası ilə bağlı pozuntunun, yəni serialın çəkilişində iştirak etməməklə xidmət göstərməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, bu qənaətin biri digəri ilə ziddiyyət təşkil edir. Çünki, cavabdeh tərəfindən iddiaçıya əmək şəraiti təmin olunmamış, ona görə öhdəliyinin tam icrası onun iradəsindən asılı olmayan səbəblərdən baş vermişsə, iddiaçının serialın çəkilişində iştirak etməməklə xidmət göstərməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini sübuta yetirə bilmək və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmək kimi vəzifəsi də ola bilməzdi. Məhkəmə tərkibi də razılaşır ki, iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyini də nəzərə alaraq cavabdeh tərəfindən iddiaçıya 3099 manat ödənildiyini müəyyən etməklə, eyni zamanda iddia tələbinin mənəvi zərər tələbi ilə bağlı hissəsini rədd etməklə birinci instansiya məhkəməsi həmin hissələrdə düzgün nəticəyə gəlmişdir. Ancaq hər ay 500 manat olmaqla, bir il ərzində cəmi 6000 manat ödəməli olduğu halda cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməyərək ödəmədiyi 2901 manatın tutulmaması hissəsində gəldiyi qənaət düzgün olmamışdır. Cavabdehin nümayəndəsinin apellyasiya baxışı zamanı təqdim etdiyi 300 manatın iddiaçıya ödənilməsinə dair təsdiq olunmayan və hüquqi şəxsə dair hər hansı bir rekviziti olmayan kassa məxaric orderi mötəbər sübut sayıla bilməz. Eyni zamanda Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan kassa məxaric orderinin tarixi 08 iyul 2020-ci il kimi qeyd olunmuşdur. Demək, bu “sübut” da digər birinci instansiya məhkəməsinə təqdim edilən kassa məxaric orderləri kimi birinci instansiya məhkəməsinə təqdim edilə bilərdi. Ancaq edilməmiş və bunun səbəbi hər hansı bir formada əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı, eləcə də hüquqdan sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli; mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-207/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qətnaməsi qismən, yəni 2901(iki min doqquz yüz, bir) manatın rədd edilməsi hissəsində ləğv edilməli və iddia həmin hissədə təmin edilməli; Cavabdehndən 2901(iki min doqquz yüz bir) manat tutularaq İddiaçı ödənilməli; Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-207/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qətnaməsi qismən, yəni 2901(iki min doqquz yüz, bir) manatın rədd edilməsi hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilsin. Cavabdehndən 2901(iki min doqquz yüz bir) manat tutularaq İddiaçı ödənilsin. Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar