Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4642/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli 2(003)-1372/2021 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 12.02.1992-ci il tarixli 014 nömrəli əmrində olan Azərbaycan Qarabağ Könüllü X2 01.02.1992-ci il tarixli siyahısında qeyd olunan “X1”nun əslində “xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi” olması ilə bağlı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərardadı ilə (hakim S.Bəhrəmzadə, iş № 2(003)-1372/2021) ərizə geri qaytarılmışdır. Ərizəçi həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, onun eyni məzmunlu müraciəti əsasında araşdırma ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin 28.10.2020-ci il tarixli qərardadı ilə ona izah edilmişdir ki, arxiv sənədlərində onun adında səhvə yol verilib, siyahıda göstərilən “Mülüalı” ilə onun eyni şəxs olması faktı məhkəmə qaydasında müəyyən olunarsa, aralarındakı mübahisə aradan qalxacaq. Həmin qərardadda ona verilən izahı əsas götürərək hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ərizəçi məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, ərizəçinin izahatını dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizəni geri qaytararkən mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1 və 153.3-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Birinci instansiya məhkəməsi ərizəni qaytararkən iki əsas göstərmişdir: 1) müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərdə adın, ata adının, soyadın düzgün yazılmaması halında həmin hal belə sənədləri vermiş orqanların özləri tərəfindən aradan qaldırıla bilər. Hazırkı halda ərizəçinin istinad etdiyi sənədi vermiş Müdafiə Nazirliyi tərəfindən. 2) şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktı müəyyən edilə bilər. Müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmçinin qeyd edilməlidir ki, müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərdə adın, ata adının, soyadın düzgün yazılmaması halında həmin hal belə sənədləri vermiş orqanların özləri tərəfindən aradan qaldırıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyildir. Buna görə də iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin geri qaytarılması ilə bağlı mövqeyi əsaslı olmuş, ərizə qaytarılarkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə ərizəçi pozulmuş hüququnun müdafiəsi ilə bağlı ilk növbədə adının səhv yazıldığı sənəddə müvafiq düzəliş aparılması üçün həmin sənədi verən orqana, ya da adının səhv yazıldığı hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir. Ərizəçi sənədi verən inzibati orqanın hərəkətindən (hərəkətsizliyindən) narazı qaldığı təqdirdə həmin hərəkət və ya hərəkətsizliyi inzibati icraat qaydasında mübahisələndirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İş üzrə Ərizəçi şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4642/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4642/2021
05.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver