Məhkəmə qərarları › İş №2(103)-4647/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4647/2021

29.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4647/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh2 MMC-nin nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı Ağaəli qızının cavabdeh Bakı şəhəri 41 saylı Notariat Ofisinə, X2, Cavabdeh2 MMC-yə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X4 İdarəsinə qarşı «payın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(006)-1252/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ağaəli qızı cavabdeh Bakı şəhəri 41 saylı Notariat Ofisinə, X2, Cavabdeh2 MMC-yə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X4 İdarəsinə qarşı «payın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri 41 saylı Notariat Ofisində 31.10.2011-ci il tarixdə 3M/06-842 saylı reyestrdə qeydə alınmış Cavabdeh2 MMC-nin payının alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmçinin bu müqavilənin dövlət qeydiyyatına alınması ilə əlaqədar Azərbaycan Respublikası Vergilər Nazirliyində həyata keçirilmiş dövlət qeydiyyatının ləğvi və əvvəlki reyestr məlumatlarının bərpa edilərək, Cavabdeh2 MMC-nin təsisçisi olmasının qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 MMC-nin təsisçisi olaraq 16.12.2010-cu il tarixdə şirkəti təsis etmişdir. İlk növbədə şirkətinin nizamnamə kapitalı hər birinin nominal dəyəri 50 manat olmaqla, iki paydan ibarət olmuş və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi X4 İdarəsində 16.12.2010-cu il tarixdə qeydiyyata alınmışdır. Daha sonra nizamnamə kapitalının artırılması məqsədi ilə 2011-ci ilin mart və aprel aylarında şirkətin cari bank hesabına külli miqdarda pul vəsaitinin yerləşdirilməsi yolu ilə artırmışdır. Bu dəyişiklik qanuna müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Elə bu ərəfələrdə İran İslam Respublikasının vətəndaşı olan Rajabimatak Mohsen adlı şəxslə Bakı şəhərində keçirilən sərgilərin birində tanış olmuşdur. O, özünü İİR-də fəaliyyət göstərən sığorta şirkətinin nümayəndəsi kimi təqdim etmişdir. Günlərin birində R.Mohsen onunla əlaqə saxlayaraq nümayəndəsi olduğu sığorta şirkətinin Azərbaycanda tutarlı nizamnamə kapitalı olan bir yerli hüquqi şəxsin təsis payının bütövlükdə satın alınmasını istədiyini bildirmiş, təklif onun üçün maraqlı gəlmiş, o, razılaşmışdır. Amma ümumi razılığa əsasən «xxxx» ASC-nin nümayəndəsi R.Mohsen bağladıqları alğı-satqı müqaviləsində nəzərdə tutulmuş təsis payının ödənilməsi hissəli olmalı idi. Bununla əlaqədar olaraq qarşılıqlı razılıqlarına əsasən, ilk növbədə 19.09.2011-ci il tarixli razılaşma protokolunun 1-ci bəndinə əsasən «xxxx» Şirkətinin nümayəndəsi olan Cavabdeh2 MMC-nin nizamnamə kapitalındakı payı 396350 manata satın almalı idi. Həmin protokolun 2-ci bəndinə əsasən qeyd olunan məbləğin 46350 manatlıq hissəsini 24.10.2011-ci il tarixədək nağd formada ödənilməli, digər hissələri isə alğı-satqı aparıldıqdan sonra ən geci iki ay müddətində iki hissədə ödəniləcəyi müəyyən olunmuşdur. Protokola əsasən aralarında ikitərəfli digər məsələlər üzrə razılaşmalar müəyyən olunmuşdur. Daha sonra isə 24.10.2011-ci il tarixdə beh müqaviləsi imzalamışlar. Müqaviləyə əsasən «xxxx» Şirkəti alğı-satqı işlərinin icrası üçün beh alana 46350 manat məbləğində beh ödəniləcəyi şərtləşdirilmişdir. Pulun qalan hissəsi isə ən geci 2 ay müddətində onun bank hesabına köçürülməli idi. Beləliklə, yuxarıda göstərdiklərinə əsasən qarşılıqlı razılıqla onlar nümayəndə R.Mohsenlə birgə cavabdeh Bakı şəhəri 41 saylı Notariat Ofisinə getmişlər və 31.10.2011-ci il tarixdə 3M/06- 842 nömrəli reyestrdə qeydə alınmış Cavabdeh2 MMC-nin payının alğı-satqı müqaviləsi cavabdeh Bakı şəhəri 41 saylı Notariat Ofisində bağlanmışdır. Ancaq müəyyən vaxt keçdikdən sonra, ona məlum olmuşdur ki, həmin müqavilədə cavabdeh tərəfindən birtərəfli qaydada düzəliş və əlavələr daxil edilmişdir. Həmin düzəliş və əlavələr onu xəbərdar etmədən baş vermişdir və cavabdeh tərəfindən əlavə gerbli möhür vurmaqla təsdiq olunmuşdur. Bu düzəliş alıcı qismində çıxış edən şirkətin nümayəndəsi R.Mohsen ilə aralarında bağlanılmış ilkin razılaşmalarına zidd idi. Həmçinin qeyd etmək istəyir ki, R.Mohsenlə əldə etdikləri razılıq şirkət tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, müqavilə əsasında ona verilməli pul məbləği ödənilməmişdir. Bununla əlaqədar olaraq, o, bir neçə dəfə xəbərdarlıq məktubları da göndərmişdir. Əfsuslar olsun ki, bu, müsbət nəticə verməmişdir. Hesab edir ki, cavabdeh tərəfindən müqavilədə olunmuş dəyişiklik və əlavələr yalnız alıcının maraqlarının təmin olunması üçün edilmişdir. Bu da yolverilməzdir. Çünki müqaviləyə hər hansı bir düzəliş və dəyişikliklərin edilməsi qanunsuzdur və onlar yalnız tərəflərin razılığı ilə həyata keçirilməlidir. İşin hallarına görə nə alıcının nümayəndəsi, nə də şirkət özü tərəfindən şərtləşdirilmiş pul məbləği tam həcmdə ona ödənilməmişdir. Bu səbəbdən, müqavilə etibarsız hesab edildiyi halda onun tərəfindən digər tərəfə aldıqlarının qaytarılması zərurəti yaranmayacaq. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(006)- 1252/2020 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia rədd olunmuşdur. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia ərizəsinin təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, müqavilənin etibarsız olmasını, hüquqlarının pozulmasını göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak etmiş cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 31 oktyabr 2011-ci il tarixli Cavabdeh2 MMC olan payın alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı MMC-də özünə məxsus olan 2 paydan ibarət olan 100 faiz payını 396300 manata satmışdır. İddiaçı hazırki tələbində qeyd edilən əqdin etibarsızlığı kimi – müqavilədə nəzərdə tutulmuş pul vəsaitinin tam olaraq ona ödənilməməsini, həmçinin müqaviləyə sonradan birtərəfli qaydada əlavə və düzəlişlər olunmasını göstərmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması nəticəsinə gələrkən – iddianın əsassız olmasını, iddia müddətinin ötürülməsini göstərmişdir. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390 və s. maddələri). Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də alqı-satqı müqaviləsidir. Alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarı). İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı tələbinin əsası kimi müqavilədə nəzərdə tutulmuş pul vəsaitinin tam olaraq ona ödənilməməsini göstərsə də, həmin hal özü özlyündə əqdin etibarsızlığına əsas ola bilməz. Çünki, əqdin etibarsızlığı dedikdə qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Həmçinin qeyd edilməlidir ki, Mülki Məcəllənin 598.4-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, əvəzli müqavilədə qiymətin göstərilməməsi və ya alıcının əşyanın dəyərini ödəməməsi halında müvafiq tənzimləmələr müəyyən olunmuşdur ki, bundar da özü-özlüyündə heç bir halda əqdin etibarsızlığına əsas ola bilməz. Qeyd edilməlidir ki, MM-in 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Beləliklə, müəyyən olunur ki, iddiaçının iddia tələbində göstərdiyi əsaslar mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız sayılmasına hər hansı əsas vermir. İddiaçı mübahisələndirilən əqdin qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsas üzrə etibarsız olması ilə bağlı məhkəməyə mötəbər sübutları təqdim edə bilməmiş, tələbini bu istiqamətdə əsaslandırmamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı əqdi mübahisələndirməkdə müddəti də ötürmüşdür. İddiaçı 31 oktyabr 2011-ci il tarixdə bağlanmış əqdi 02 dekabr 2019-cu il tarixdə, yəni 7 ildən çox müddət keçdikdən sonra məhkəmə qaydasında mübahisələndirmişdir. Qeyd edilməlidir ki, əqdin etibarsızlığı ilə bağlı müddətlər kəsici müddət olduğundan, cavab tərəfin müddətin tətbiqinə dair ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə müddətin ötürülməsi məsələsini yoxlamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) anoloji hüquqi mövqedən çıxış edərək «Miraqali Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa Məhkəməsi «Stanyo Belçikaya qarşı» iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsi «Novakovic Xorvatiyaya qarşı» iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq göstərmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009cu il tarixli Qərarları). Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sənədlərdən göründüyü kimi, mübahisələndirilən müqavilə 31 oktyabr 2011-ci il tarixdə bağlanmışdır. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İddiaçı qeyd olunan müqaviləyə onun razılığı və xəbəri olmadan əlavə və dəyişiklik edildiyini, həmin dəyişiklik və əlavələrdən 2016-2017-ci ildə xəbər tutduğunu bildirmişdir. Belə olduğu təqdirdə də, iddiaçı iddia müddətini ötürmüşdür, çünki iddia ərizəsi 27.11.2019-cu il tarixdə tərtib edilərək, 02.12.2019-cu il tarixdə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 10 iyul 2017-ci il tarixli, 2(102)-4829/2017 saylı qanuni qüvvəyə minmiş qərarından görünür ki, tərəflər arasında digər məhkəmə mübahisəsi olmuşdur. Yuxarıda qeyd olunduğu kimi, əgər hesab edilsə ki, istinad olunan məhkəmə qərarı üzrə mübahisəyə baxılan dövrdə iddiaçının xəbəri və razılığı olmadan müqaviləyə edilməsini bildirdiyi əlavə və dəyişikliklərdən xəbəri olub, bu halda da, 1 illik iddia müddəti ötürülmüşdür. Beləliklə, işin faktiki halları və qanunvericiliyin qeyd edilən tələblərinə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etidyi halları əsaslandıra və sübut edə bilməmiş, məhkəmə baxışı zamanı isə araşdırılmış sübutlarla iddiaçının irəli sürdüyü dəlillər üzrə mübahisələndirilən əqdin etibarsızlığına əsas ola biləcək hər hansı hal müəyyən olunmamışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının özünün izahatı da iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Ağaəli qızının cavabdeh Bakı şəhəri 41 saylı Notariat Ofisinə, X2, Cavabdeh2 MMC-yə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X4 İdarəsinə qarşı «payın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(006)-1252/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(006)- 1252/2020 qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar