Məhkəmə qərarları › İş №2(103)-4648/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4648/2021

07.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4648/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 və X3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-495/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh - "xxxx" MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi (keçmiş Azərbaycan prospekti) 19 saylı evin, 19-cu mənzili barədə verilmiş Hərracın nəticələri haqqında 24.01.2019-cu il tarixli, Y27 nömrəli protokolun və həmin protokol əsasında cavabdehlər "xxxx" MMC ilə Cavabdeh1 İKB ASC arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 24.01.2019-cu il tarixli müqavilə, həmçinin həmin əmlakın hərracdan satılmasına dair Cavabdeh3 sifarişinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-495/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, birinci hərracdan sonra mənzil bankın mülkiyyətinə keçmiş, sonra onun iddiası nəticəsində həmin hərracın nəticələri etibarsız hesab edilsə də, mənzil bankın mülkiyyətində qalmışdır. Buna görə, o hərracın dayandırılmasını tələb etmiş, həmin vaxt hərrac dayandırılmışdı. Sonra təkrar hərrac keçirilmiş bank mülkiyyətində olan mənzili tələbkar kimi almışdır. Həmçinin həmin hərrac barədə ona məlumat verilməmişdir. Odur ki, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili H.İsgəndərov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndələri D.Əliyeva və X.Hüseynov ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər. Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: "xxxx" İKB tərəfindən Cavabdeh3 və "xxxx" MMC-yə ünvanlanmış məktubdan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 04.12.2017-ci il tarixli, 2(103)-7353/2017 saylı qətnaməsinə əsasən borclu "xxxx" MMC-dən cəmi ******* manat və ödənilmiş 390 manat məhkəmə xərci tələbkar "xxxx" İKB-nin xeyrinə tutulması və tələbin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi (keçmiş Azərbaycan prospekti), ev 19, mənzil 19, 3 otaqlı, y/s 135 kv.m əmlaka yönəldilməsi qət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.6-cı maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin 04.12.2017-ci il tarixli, 2(103)-7353/2017 saylı icra vərəqəsinin icrasının dayandırılması xahiş edilmişdir. Hərracın dayandırılması barədə 002 saylı, 09.01.2019-cu il tarixli protokoldan görünür ki, 09.10.2018-ci il tarixli, 187315/2018-16-6-8797 saylı sifariş məktubuna əsasən hərracın keçirilməsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən dayandırılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı ünvan 3 ünvanlanmış 10.01.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, 19 nömrəli mənzil 10.11.2016-cı il tarixdə "xxxx" İKB ASC-nin adına qeydiyyatdan keçmişdir və onun mülkiyyətindədir. "xxxx" İKB ASC tərəfindən "xxxx" MMC, Cavabdeh3 və Sumqayıt rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 21.01.2019-cu il tarixli, 118/19 saylı məktubdan görünür ki, Bank, Bakı şəhəri, Z.Əliyeva küçəsi bina 19, mənzil 19-a dair təklifi qəbul etməyə razı olduğunu bildirmişdir. "xxxx" MMC-nin Cavabdeh3nə ünvanladığı 04.02.2019-cu il tarixli məktubdan görünür ki, sifariş məktubu 09.10.2018-ci il tarixli, 187315/2018-16-6-8797 saylı olan icra işi hərrac keçirilmədən geri qaytarılmışdır. Cavabdeh3 tərəfindən "xxxx" MMC-yə və qeyrilərinə ünvanlanmış məktubdan görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə uyğun olaraq Bakı şəhəri, Z.Əliyeva küçəsində yerləşən 19 nömrəli binanın girişində, 11-ci mərtəbəsində, 135 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 19 nömrəli mənzilin açıq hərrac yolu ilə satılmasını təşkil edilməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 21.01.2019-cu il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 04.12.2019-cu il tarixli icra sənədi üzrə icraatın dayandırılmasına dair Bakı şəhəri Cavabdeh3 icra məmuru Tural Aşurov tərəfindən verilmiş təqdimat təmin edilməmişdir. "xxxx" MMC-nin Hərracın yekunları barədə Y-27 nömrəli, 24.01.2019-cu il tarixli protokolunun surətindən görünür ki, Cavabdeh3 sifarişinə (Bakı Apelyasiya Məhkəməsinin 04.12.2017-ci il tarixli, 2(103)-7353/2017 saylı icra vərəqəsinə) əsasən, "xxxx" MMC-nin təşkilatçılığı ilə 24.01.2019-cu il tarixdə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi (keçmiş Azərbaycan prospekti), ev 19, mənzil 19 ilə əlaqədar hərrac keçirilmiş, mənzilin ilkin hərrac qiyməti 402.000 manat qiymətləndirilmiş və 25% endirimlə 256275 manat olmaqla "xxxx" ASC-yə satılmışdır. 24.01.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi (keçmiş Azərbaycan prospekti), ev 19, mənzil 19 hərracın nəticələri barədə yekun protokoluna əsasən 256275 manata alıcı "xxxx" ASC-yə satılmışdır. Səbail Rayon Məhkəməsinin 2(009)-5230/2016 saylı qərardadından görünür ki, ünvan 8 ünvanda yerləşən 19 saylı mənzilinin üzərinə həbs qoyulmuş, həmin məhkəmənin 13.05.2019-cu il tarixli, 2(009)-91/2018 saylı qərardadı ilə qeyd olunan mənzilin üzərindən həbs götürülmüşdür. "xxxx" MMC tərəfindən sifarişçi Səbail rayon İcra şöbəsinə, tələbkar Cavabdeh1 İKB ASC-yə, borclu "xxxx" MMC-yə (o cümlədən İddiaçı) ünvanlanmış Açıq hərracın keçirilməsinə dair 19.10.2018- ci il tarixli, 695 nömrəli və 02.11.2018-ci il tarixli, 818 saylı bildirişlərdən görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi (keçmiş Azərbaycan prospekti), ev 19, 19 saylı mənzil üzrə 21.11.2018-ci il tarixdə, saat 11:00-da hərracın keçirilməsi və ilkin satış qiymətinin 402000 manat olması müəyyən edilmiş, hərracın keçirilməsinə dair Kaspi qəzetində 19.10.2018 və 02.11.2018-ci il tarixlərdə elan dərc edilmişdir. "xxxx" MMC tərəfindən sifarişçi Səbail rayon İcra şöbəsinə, tələbkar Cavabdeh1 İKB ASC-yə, borclu "xxxx" MMC-yə (o cümlədən İddiaçı) ünvanlanmış Açıq hərracın keçirilməsinə dair 23.11.2018-ci il tarixli, 1203 nömrəli və 07.12.2018-ci il tarixli, 1326 saylı bildirişlərdən görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi (keçmiş Azərbaycan prospekti), ev 19, 19 saylı mənzil üzrə 26.12.2018-ci il tarixdə, saat 11:00-da hərracın keçirilməsi və ilkin satış qiymətinin 341700 manat olması müəyyən edilmiş, hərracın keçirilməsinə dair Kaspi qəzetində 23.11.2018- 28.12.2018-ci il tarixlərdə elan dərc edilmişdir. Mülki işdə olan 24.10.2018, 03.11.2018, 08.12.2018-ci il tarixli qaimələrdən görünür ki "xxxx" MMC tərəfindən İddiaçı (B.Səfəroğlu küçəsi 180, mənzil 19 ünvanına) hərracın keçilməsi ilə bağlı bildirişlər göndərilsə də, “köçüb” qeydi ilə geri qaytarılmışdır. Mülki işdə olan 19.11.2018, 24.11.2018, 08.12.2018 il tarixli qaimələrdən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı (Z.Əliyeva 19, mənzil 19 ünvanına) hərracın keçilməsi ilə bağlı bildirişlər “Novruzov” adlı şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. “Market” qəzetinin 19 – 25 oktyabr 2018-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 19 saylı evin 19 saylı mənzilinin ilkin satış qiyməti 402.000 manat müəyyən edilməklə, açıq hərracın 21 noyabr 2018-ci il tarixində keçiriləcəyi qeyd edilmişdir. “Market” qəzetinin 02 – 08 noyabr 2018-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 19 saylı evin 19 saylı mənzilinin ilkin satış qiyməti 402.000 manat müəyyən edilməklə, açıq hərracın 21 noyabr 2018-ci il tarixində keçiriləcəyi qeyd edilmişdir. “Market” qəzetinin 23 – 29 noyabr 2018-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 19 saylı evin 19 saylı mənzilinin ilkin satış qiyməti 402.000 manat müəyyən edilməklə, açıq hərracın 21 noyabr 2018-ci il tarixində keçiriləcəyi qeyd edilmişdir. “Market” qəzetinin 02 – 11 noyabr 2018-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 19 saylı evin 19 saylı mənzilinə dair 26 dekabr 2018-ci il tarixində keçirilmiş açıq hərracın baş tutmadığı barədə elan verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-91/2018 saylı, 01.08.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin - cavabdehlər 46 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh1 X2 və "xxxx" MMC-yə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 19 saylı evin 19 saylı mənzilinə tutmanın yönəldilməsi barədə Bakı şəhəri 46 saylı Notariat Kontoru tərəfindən 7E/9087 saylı reyestrlə rəsmiləşdirilmiş 08.07.2015-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 19 saylı evin 19 saylı mənzilinin üzərində ipoteka yüklülüyü saxlanılmaqla, həmin mənzilin satılması ilə bağlı "xxxx" MMC tərəfindən tərtib edilmiş Hərracın yekunları barədə 04 iyul 2016-cı il tarixli 50/12 saylı Protokolun etibarsız hesab edilməsi qət edilmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416.1 və 416.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur Hazırkı mübahisənin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Bu Qanunun 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin Qanunun 46.1-cı maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. İddiaçının apellyasiya şikayətinin bir dəlili notariusun icra qeydi ilə bağlı hərracda mənzilin bankın mülkiyyətinə keçməsi, notariusun icra qeydinin etibarsız hesab edilməsinə baxmayaraq, mənzilin bankın mülkiyyətində qalması və bankın mülkiyyətində olan həmin mənzili ikinci hərracda tələbkar kimi alması və rayon məhkəməsinin bu hala münasibət bildirməməsi ilə bağlı olmuşdur. Hazırkı iş materialları ilə müəyyən olunur ki ipoteka qoyana məxsus mənzil bundan əvvəl notariusun icra qeydinə əsasən keçirilmiş hərrac nəticəsində bank tərəfindən əldə edilmiş, onun mülkiyyətinə keçmişdir. Daha sonra iddiaçı həmin hərracı və onun nəticələrini mübahisələndirmiş, nəticədə hərrac və onun nəticələri etibarsız hesab edilmişdir. Bununla belə, həmin hərrac və onun nəticələrinin etibarsız hesab olunmasına baxmayaraq, Daşınmaz Əmlakın Dövlət Reyestrində ipoteka predmeti olan həmin mənzil barədə bankın adına qeyd qalmışdır. Belə olan halda məlum olur ki, iddiaçının qeyd etdiyi həmin xüsusat texniki olmaqla hüquqi əhəmiyyət kəsb etmir. Çünki Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. İddiaçının aplellyasiya şikayətinin digər dəlili yəni hərracın onun tələbi ilə dayandırılmasına baxmayaraq keçirilməsi olmuşdur. Bununla bağlı Kollegiya bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 21.01.2019-cu il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 04.12.2019-cu il tarixli icra sənədi üzrə icraatın dayandırılmasına dair Bakı şəhəri Cavabdeh3 icra məmuru Tural Aşurov tərəfindən verilmiş təqdimat təmin edilməmişdir. Beləliklə, hərracın dayandırılması barədə təqdimat Bakı Apellyasiya Məhkəməsinin 21.01.2019-cu il tarixli qərardadı ilə təmin olunmadığından hərracın keçirilməsi qanuni olmuşdur. İddiaçının apellyasiya şikayətinin digər dəlili isə hərracla bağlı ona məlumat verilməməsi olmuşdur ki, Kolegiya bununla bağlı da bildirir ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş və bildirişlər müvafiq ünvanda qəbul edilmişdir. Mülki işdə olan 19.11.2018, 24.11.2018, 08.12.2018 il tarixli qaimələrdən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı (Z.Əliyeva 19, mənzil 19 ünvanına) hərracın keçilməsi ilə bağlı bildirişlər “Novruzov” adlı şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir (i/v 187). Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının faktiki yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı müəyyən edilmişdir ki, bildirişlər Bakı şəhəri, ünvan 9 ünvanına göndərilməsi ilə yanaşı, iddiaçının pasport qeydiyyatında olduğu ünvana da göndərilmişdir. AR MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-in 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə düzgün qənaətə gəldiyindən, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-495/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar