Məhkəmə qərarları › İş №2(103)-4653/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4653/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4653/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “lizinq obyektinin geri qaytarılması, müqavilə üzrə əsas borcun, mükafatın və dəbbə pulunun tutulması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qəbul etdiyi 2(010)-381/2017 saylı xx.xx.2017-ci il tarixli qətnamədən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “NV-№ 529/16 saylı X7 üzrə lizinq obyektinin geri qaytarılması və müqavilə üzrə əsas borcun, mükafatın və dəbbə pulunun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2016-cı il tarixdə bağlanmış NV-№ 529/16 saylı “X7”nə əsasən Cavabdeh1 üzərinə lizinq obyektinin geri qaytarılması vəzifəsinin qoyulması, müqavilə üzrə ödənilməmiş 1229,34 ABŞ dolları əsas borcun, 1765,54 ABŞ dolları lizinq mükafatı, 3,69 ABŞ dolları dəbbə pulu və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdı ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında xx xxxxx 2016-cı il tarixdə NV-№ 529/16 saylı X7 bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı ASC-nin mülkiyyətində olan və müqavilə üzrə lizinq obyekti sayılan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 14/15, ev 9, mənzil 28 Cavabdeh1 istifadəsinə və sahibliyinə verilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh1 lizinq ödənişləri cədvəlinə uyğun olaraq İddiaçı ASC-yə hər ay 945,18 ABŞ dolları (46 ay müddətinə) məbləğində pul ödəməlidir. Cavabdeh1 xx.xx.2016-cı il tarixli lizinq ödənişlərini qeyd olunan cədvələ əsasən xx.xx.2016-cı il tarixədək əsas məbləğdən 395,28 ABŞ dolları, faizdən 764,03 ABŞ dolları, cəmi 1159,31 ABŞ dolları olaraq ödəniş etmişdir. X3 irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi tələbi ilə Cavabdeh1 rəsmi xəbərdarlıq məktubları göndərilsə də, sonuncu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. xx xxxxx 2016-cı il tarixdə bağlanmış NV-№ 529/16 saylı X4 14.1.5-ci bəndinə əsasən “Lizinqalan” lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə “Lizinqverən” pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri ala və bu müqaviləni vaxtından əvvəl ləğv edə bilər. Sözügedən müqavilənin 13.2.2-ci bəndinə görə “Lizinqalan” lizinq ödənişlərini bu müqavilədə göstərilən müddətlərdə ödəmədiyinə görə hər gecikdirilmiş gün üçün ödənilməyən lizinq ödənişinin məbləğinin 0,1 % həcmində dəbbə pulu ödəməlidir. Müqavilə öhdəliklərinə əməl etmədiyinə görə xx.xx.2016-cı ilədək olan dövr üçün yəni məhkəməyə müraciət edilən vaxtadək cavabdehin 2998,57 ABŞ dolları məbləğində müqavilə borcu yaranmışdır ki, həmin məbləğin 1229,34 ABŞ dolları hissəsini əsas borc, 1765,54 ABŞ dolları hissəsini lizinq mükafatı, 3,69 ABŞ dolları hissəsini isə dəbbə pulu təşkil edir. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx xxxxx 2016-cı il tarixli N 529 Z-1/16, 529 Z-2/16, 529 Z-3/16 saylı zaminlik müqavilələrini bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin müqavilələr üzrə mövcud öhdəliklərin icrasının təmin olunmasına və ya lazımınca icra olunmamasına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçı qarşısında digər Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. Zaminlik müqaviləsinin 2.4.2-ci bəndinə əsasən zaminin həmin müqavilədən irəli gələn vəzifəsindən biri də, kreditor qarşısında əsas borc, faizlər, borc tutulması üzrə məhkəmə xərcləri və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-381/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 1229,34 ABŞ dolları məbləğində əsas borc, 1765,54 ABŞ dolları lizinq mükafatı, 3,69 ABŞ dolları məbləğində cərimə, cəmi 2998,57 ABŞ dolları məbləğində pulun ödəniş anında məzənnəyə əsasən manatla və 30 manat dövlət rüsumunun birgə qaydada tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 14/15, ev 9, 28 saylı mənzilinin iddiaçıya təhvil verərək mənzildən çıxarılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, qətnamə mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığından ləğv edilməli, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, onunla iddiaçı arasında xx xxxxx 2016-cı il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləni bağlamaqda məqsəd mülkiyyətində olan Bakı şəhəri, Hövsan qəsəbəsi, məhəllə 14/15, ev 9, 28 saylı yaşayış sahəsinin 48 ay müddətinə Cavabdeh1 müvəqqəti istifadəsinə və sahibliyinə verilməsinə dair bağlanmış lizinq müqaviləsinin icrasının təminatı olmuşdur. Həmçinin X7 zaminlik müqaviləsindən 1 gün sonra, xx xxxxx 2016-cı il tarixdə bağlanmışdır. X4 şərtlərindən xəbəri olmamış, zaminlik müqaviləsi bağlanarkən ödəniləcək məbləğ 30000 ABŞ dolları həcmində qiymətləndirilmişdir. Həmin müqavilənin şərtləri zaminlik müqaviləsi bağlayarkən nəzərdə tutulmuş hallara uyğun olmamışdır. Digər tərəfdən məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmadığından məhkəmə iclasında iştirak edə bilməmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə son olaraq baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə Cavabdeh3 məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Həmçinin həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər Cavabdeh4 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən şəxslər hazırki işə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ekspert rəyinə etiraz etməyərək və apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi X5 ekspert rəyinə etiraz etməyərək və apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, zaminlik müqavilələrinin tarixinin tərəflər arasında bağlanmış X4 tarixindən bir gün əvvəl göstərilməsinin səbəbi texniki səhvlə bağlı olmuş, bu hal həmin zaminlik müqavilələrinin məzmunundan da açıq-aydın görünür. Belə ki, həmin zamilik müqavilələrində onların məhz bu iş üzrə tərəflər arasında bağlanmış X4 təminatı olaraq bağlandığı göstərilmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə apellyasiya şikayəti Cavabdeh3 tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı iddianın həmin cavabdehə qarşı təmin olunmuş hissəsində yoxlanılır. Belə ki, qətnamə digər cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. İş üzrə tədqiq olunmuş sübutlar əsasında birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdu ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında NV-529/16 saylıxx xxxxx 2016-cı il tarixli X7 bağlanmışdır. Müqavilənin 2-ci bəndinə əsasən İddiaçı lizinq obyektini satıcıdan əldə etməyi və bu müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə Lizinq alana müvəqəti sahibliyə və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər. Lizinq obyekti, lizinq müddəti 1 saylı Əlavə ilə müəyyən olunur. Lizinq ödənişləri Müqavilənin 1 saylı Əlavəsində göstərilir. X6 1 saylı Əlavəyə görə, qeyd olunan lizinq obyektinin qiyməti 30.000 ABŞ dolları məbləğində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 14/15, ev 9, 28 saylı mənzildir. NV-№ 529/16 saylı xx xxxxx 2016-cı il tarixli X4 əlavəsi olan Lizinq ödənişləri cədvəlindən görünür ki, Cavabdeh1 tərəfindən götürülmüş lizinq obyekti üzrə aylıq ödənişlər 945,18 ABŞ dolları olmaqla xx.xx.2020-ci il tarixə qədər geri qaytarılması razılaşdırılmışdır. 529 saylı xx.xx.2016-cı il tarixli əmlakın qəbulu və lizinqə verilməsi barədə akta əsasən lizinq verən ümumi dəyəri 30.000 ABŞ dollar olan fərdi yaşayış evini lizinq alana təqdim etmiş, lizinq alan isə lizinq obyektini qəbul etmişdir. Qeyd olunan X4 təminatı olaraq Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ilə İddiaçı ASC arasında 529 Z-1/16, 529-Z-2/16 və 529 Z-3/16 saylı xx xxxxx 2016-cı il tarixli zaminlik müqavilələri bağlanmışdır. Hazırki işdə iddiaçı tərəflər arasında bağlanmış X7 üzrə öhdəliyin icra olunmadığına istinad edərək müvafiq iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-nin 748-1.12.4, 748-7.1, 748-10.1, 748-10.4, 472.1 və 472.2-ci maddələrinə əsaslanaraq iddianın təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi qətnaməsinin mübahisələndirildiyi- iddianın zamin Cavabdeh3 qarşı təmin olunmuş hissəsi ilə bağlı qismən razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında NV- 529/16 saylıxx xxxxx 2016-cı il tarixli X7 bağlandıqdan sonra, həmin lizinq müqaviləsinin təminatı olaraq Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ilə xx xxxxx 2016-cı il tarixdə 529 Z-1/16, 529-Z-2/16 və 529 Z-3/16 saylı zaminlik müqavilələri bağlanmışdır. Qeyd olunan zaminlik müqavilələrinin 1.1 və 1.2-ci bəndlərində qeyd olunmuşdu ki, bu müqaviləyə görə “Zamin” 1.2-ci bəndində göstərilən müqavilə üzrə “Borclu”nun “Kreditor” qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə və ya hissə-hissə icra edilməsini öhdəsinə götürür. Bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Cavabdeh1 ilə kreditor arasında bağlanan 529/16 saylı xx.xx.2016-cı il tarixli X3 və ona edilmiş əlavələrdən irəli gələn bütün pul tələbləridir. Göründüyü kimi, cavabdehlərlə bağlanmış zaminlik müqavilələrinin tarixi xx xxxxx 2016-cı il tarix olsa da, bu hal həmin zaminlik müqavilələrinin tərəflər arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli X4 təminatı olaraq bağlandığını şübhə altına almır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, həmin zaminlik müqavilələrində bu müqavilələrin hansı əsas öhdəliyin təminatı olaraq bağlandığı konkret olaraq göstərilmişdir. Zaminlərdən Cavabdeh3 onunla zaminlik müqaviləsinin bağlandığını və həmin müqavilənin onun tərəfindən imzalandığını nə birinci instansiya qaydasında, nə də apellyasiya şikayətində mübahisələndirmişdir. Cavabdeh3 şikayətinin dəlilləri X4 şərtləri barədə xəbərdar olmaması, tələb olunan məbləğ və məhkəmədə iştirakının təmin olunmaması ilə bağlı olmuşdur. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi zaminlik müqavilələrinin tarixinin tərəflər arasında bağlanmış X4 tarixindən bir gün əvvəl göstərilməsinin səbəbini texniki səhvlə bağlı olduğu ilə izah etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, zaminlik müqaviləsi bağlanan zaman Cavabdeh3 həmin müqavilənin məhz İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan X7 üzrə yaranacaq öhdəliyin təminatı olaraq bağlandığından məlumatlı olmuşdur. Buna görə də birinci instansiya məhkəməsi əsas borclu ilə yanaşı, həmin zamindən də pulun tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. O ki qaldı iddiaçının xeyrinə cavabdehlərdən, o cümlədən zamin Cavabdeh3 müştərək qaydada tutulmalı olan əsas borcun və lizinq mükafatının məbləğinə, məhkəmə kollegiyası iddiaçıya ümumilikdə hansı məbləğdə borcun olmasının müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini qərara almışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 9/2833 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyi əsasında müəyyən edilmişdi ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən X7 üzrə iddia tarixinə, yəni xx.xx.2016-cı il tarixə çıxarışa (i.v-120) əsasən qrafik üzrə Cavabdeh1 Ramil oğlunun İddiaçı ASC-yə olan borcu 2621.42 ABŞ dolları müəyyən edilmişdir, o cümlədən əsas borc 1229.46 ABŞ dollları, faiz borcu 1391.96 ABŞ dolları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinin tələblərinə əsasən hdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 748-10.1-ci maddəsinin tələbinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinin tələbinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Belə olan halda məhkəmə kollegiyası iddiaçının tələbinin 1229,34 ABŞ dolları məbləğində olduğunu, ekspert rəyinə əsasən isə əsas borcun 1229,46 ABŞ dolları məbləğində hesablandığını, mülki prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin iddiaçının tələbi həddində işə baxmalı olduğunu nəzərə alaraq hesab edir ki, qətnamə iddiaçının xeyrinə 1229,34 ABŞ dolları məbləğində əsas borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalı, 1765,54 ABŞ dolları məbləğində lizinq mükafatının tutulması hissəsində isə dəyişdirilərək, ekspert rəyinə uyğun 1391,96 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Cavabdeh3 apellyasiya şikayətində göstərdiyi “X4 şərtlərindən xəbərdar olmaması” ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlil əsassızdır. Belə ki, Cavabdeh3lə bağlanmış zaminlik müqaviləsinin 1.1 və 1.2-ci bəndlərində həmin zaminlik müqaviləsinin borclu Cavabdeh1la bağlanmış X4, yəni hansı əsas öhdəliyin təminatı olaraq bağlandığı açıq-aydın göstərilmişdir. Bu hal onu deməyə əsas verir ki, zamin Cavabdeh3 onunla iddiaçı arasında olan zaminlik müqaviləsinin nə səbəbdən bağlandığını bilmiş və həmin müqavilənin təminat verdiyi öhdəliyə dair bağlanmış X4 məzmunu ilə onun tanış olmaq hüququ olmuşdur. Qeyd olunan hal zamini kreditorun qarşısında götürdüyü öhdəliyi icra etmək vəzifəsindən azad etmir. O ki qaldı apelyantın “məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmadığından məhkəmə iclasında iştirak edə bilməməsi”nə dair dəlilinə, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin iş materiallarında olan ünvanına məhkəmə bildirişi göndərsə də, həmin bildiriş rabitə orqanı tərəfindən geri qaytarıldığı üçün o, məhkəmə iclası barədə xəbərdar oluna bilməmiş və nəticədə iştirakını təmin edə bilməmişdir. Lakin bu hal qətnamənin ləğvi və iddianın apelyanta qarşı rədd olunmasına əsas vermir. Belə ki, məhkəmə kollegiyası onu da nəzərə alır ki, hazırki işə apellyasiya qaydasında baxılarkən apelyant məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, apellyasiya şikayətində göstərdiyi mövqeyni əsaslandırmaq üçün iştirakını təmin etməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilməli, xx.xx.2017-ci il tarixli qətnamə mübahisələndirilən- iddianın Cavabdeh3 qarşı təmin olunmuş, 1765,54 ABŞ dolları lizinq mükafatının tutulması hissəsində dəyişdirilməli və tutulmalı olan lizinq mükafatının məbləği 1391,96 ABŞ dolları (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) məbləğində müəyyən edilməli, qətnamə 1229,34 ABŞ dolları əsas borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalı, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat Cavabdeh3 tutulmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyanta aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-381/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi mübahisələndirilən- iddianın Cavabdeh3 qarşı təmin olunmuş, 1765,54 ABŞ dolları lizinq mükafatının tutulması hissəsində dəyişdirilərək, tutulmalı olan lizinq mükafatının məbləği 1391,96 ABŞ dolları (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) məbləğində müəyyən edilsin. Qətnamə 1229,34 ABŞ dolları məbləğində əsas borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat ekspert xərci Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cavabdeh3 tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar