Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4653/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı Şəhəri 1 saylı Notariat Ofisinə qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 fevral 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı və Cavabdeh2 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla Cavabdeh2 arasında bağlanmış və 15.08.2019-cu il tarixdə 1 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək reyestrdə 3M-226 nömrə altında qeydə alınmış “Kredit müqaviləsinin” etibarsız hesab edilməsi, Cavabdeh2 qalan borcunun 8.925 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, (borcalan) iddiaçı ilə (borcverən) Cavabdeh2 15.08.2019-cu il tarixdə 1 saylı Notariat Ofisinə müraciət edərək onların arasında “Kredit müqaviləsinin” rəsmiləşdirilməsini və qeydə alınmasını xahiş etmişlər. X1 həmin müqaviləni rəsmiləşdirmişdir. İddiaçı Cavabdeh2 bank vasitəsi ilə 34.000 manat pulu alarkən, 3.000 ABŞ dolları, yəni 5.100 manat pulu dərhal Cavabdeh2 özünə qaytarmışdır. Bundan başqa müqavilədə göstərilən məbləğin bir hissəsi, yəni 9.650 ABŞ dolları və 2.100 ABŞ dolları vəsait, cəmi 11.750 ABŞ dollar da iddiaçı tərəfindən Cavabdeh2 qaytarılmışdır. Sonradan iddiaçı borcun qaytarılmasında maliyyə çətinlikləri ilə üzləşmişdir. Bu səbəbdən müqavilə əsasında notarius tərəfindən icra qeydi verilmiş və icra edilməsi üçün müvafiq icra qurumuna göndərilmişdir. İddiaçı Cavabdeh2 faktiki olaraq aldığı 28.900 manat borcdan 19.975 manatı qaytarsa və onun Cavabdeh2 olan borcu cəmi 8.925 manat təşkil etsə də, icra şöbəsi iddiaçıdan 34.000 manat əsas borc və 7 % cərimə borcunun ödənilməsini tələb edir. Bu səbəbdən də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 23.02.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh2 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin əsaslarına uyğun izahat verdi. Cavabdeh 1 saylı Notariat Ofisi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış və 1 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək qeydə alınmış 15.08.2019-cu il tarixli “Kredit müqaviləsindən” görünür ki, iddiaçı 15.12.2019-cu il tarixədək qaytarmaq şərti ilə 34.000 manat məbləğində pulu Cavabdeh2 borc almışdır. İddiaçı bildirir ki, Cavabdeh2 bank vasitəsi ilə 34.000 manat pulu alarkən, 3.000 ABŞ dolları, yəni 5.100 manat pulu dərhal Cavabdeh2 özünə qaytarmışdır. Bundan başqa müqavilədə göstərilən məbləğin bir hissəsi, yəni 9.650 ABŞ dolları və 2.100 ABŞ dolları Cavabdeh2 qaytarmışdır. Sonradan o, borcun qaytarılmasında maliyyə çətinlikləri ilə üzləşmiş və borcu qaytara bilməmişdir. Bu səbəbdən müqavilə əsasında notarius tərəfindən icra qeydi verilmiş və icra edilməsi üçün müvafiq icra qurumuna göndərilmişdir. O, Cavabdeh2 faktiki olaraq aldığı 28.900 manat borcdan 19.975 manatı qaytarsa və onun Cavabdeh2 olan borcu cəmi 8.925 manat təşkil etsə də, icra şöbəsi ondan 34.000 manat əsas borc və 7 % cərimə borcunun ödənilməsini tələb edir. Bu səbəbdən də, onunla Cavabdeh2 arasında bağlanmış 15.08.2019-cu il tarixli “Kredit müqaviləsi” etibarsız hesab edilməli, onun Cavabdeh2 ödənilməmiş qalan borcu 8.925 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh2 iddia tələbinə və apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçı ondan aldığı borcdan heç bir manat da, qaytarmayıb. Borc 34.000 manat təşkil edir. 7 % cərimənin isə ona aidiyyatı yoxdur. Həmin faiz icra qeydini icra edən icra qurumuna ödənilməlidir. Qeyd edilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5.). Məhkəmə, iddiaçının istinad etdiyi və yuxarıda qeyd edilmiş maddi hüquq normasının tələblərini nəzərə alaraq qeyd edir ki, iddiaçının göstərdiyi əsaslar müqavilənin (sazişin, əqdin) etibarsız hesab edilməsi üçün səbəb deyil. Çünki məhkəmə araşdırması zamanı kredit müqaviləsinin Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olması müəyyən edilmir. İşin faktiki hallarından isə müəyyən olunur ki, iddiaçının əsl niyyəti müqavilə üzrə verilmiş icra qeydi əsasında həyata keçirilən icra tədbirlərini dayandırmaqdır. Bu halı isə iddiaçı onunla əsaslandırır ki, borcun bir hissəsini geri qaytarmışdır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən müqavilənin (sazişin) etibarsız hesab edilməsi üçün əsas yoxdur. İddia əsassızıdır. Rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 fevral 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4653/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4653/2021
04.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver