Məhkəmə qərarları › İş №2(103)-4660/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4660/2020

08.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4660/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi xxxxx katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-119/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 53 saylı notariat kontoruna qarşı iddia ərizəsi, iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, sahə 2253 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə dair Bakı şəhəri, 53 saylı notariat kontoru tərəfindən təsdiq edilərək 4Ə-60 nömrə ilə reyestrdə qeydə alınmış xx xxxxxx 2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında mübahisəli torpaq sahəsinə Cavabdeh2 adına özgəninkiləşdirmə əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Babamdar qəsəbəsi, 3-cü yaşayış massivi, sahə 2253 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə qanun üzrə mülkiyyət hüququnun tanınması, mübahisəli torpaq sahəsinin 1/2 hissəsinə mülkiyyət hüququnun müəyyən edilməsi və müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsinin 53 saylı notariat kontoruna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-119/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, X3 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 2553 saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən (X1 əvəzinə) Cavabdeh2 bağışlanmasına dair Bakı şəhəri 53 saylı notariat kontoru tərəfindən təsdiq edilərək 4Ə- 60 № ilə reyestrdə qeydə alınmış xx xxxxxx 2019-cu il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 2553 saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına ********** qeydiyyat nömrəli seriya RX № ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ı ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 2553 saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsinə dair dövlət reyestrində X1 adına mülkiyyət hüququ əsasında qeydi bərpa olunduqdan sonra sözügedən ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı mülkiyyət hüquqlarının tanınması qət edilmişdir, Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamənin qanunsuz və əsassız hesab edir. Belə ki, 0.06 ha torpaq sahəsi onlar tərəfindən alınmışdır. Yəni pul onlar tərəfindən verilməklə X1 adına almışlar. Bu torpaq sahəsindən iddiaçının xəbəri olmamışdır. Məcburi köçkün kimi dövlət tərəfindən onlara ev verilməli idi, lakin mübahisəli torpaq sahəsini aldılar ki, yaşayış üçün ailəsinə ev inşa edib yaşasınlar. Torpaq sahəsi olduğu üçün dövlət tərəfindən onlara ev verilməməlidir. İddiaçıya məlumdur ki, həmin torpaq sahəsi onlara məxsusdur və onların vəsaiti hesabına doğma adamın adına alınmışdır. İddiaçı imkansız bir adamdır, onu həmin torpaq sahəsini almağı imkanı yox idi. Sadəcə olaraq onlarla nəyə görəsə ədavət aparır. Lakin məhkəmə tərəfindən həmin torpaq sahəsini necə və kimdən alınmasını araşdırmamış, şahid ifadələrini dinləmədən tez-tələsik olaraq qərar qəbul etmişdir. Bununla da onun və ailə üzvlərinin hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, iddiaçının 84 yaşı var. Sözügedən torpağın harada yerləşdiyini bilmir, onun alınmasına 1 manat da xərci çıxmayıb. Qaynanası öləndən sonra onlarla münasibətləri kəskinləşdi. Lökbatanda ona ev almağını istədi, lakin ev almağa imkanı olmadığını bildirəndən sonra onlara qarşı hazırki iddianı qaldırdı. Yenidən evlənib və torpağın satışından olan pulla özünə ev almaq istəyir. Məhkəmə iclasında Cavabdeh2 da apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, evdə 2 xəstə saxlayır. Atasının torpaq sahəsinə heç ehtiyacı yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, qətnaməni qanuni və əsaslı hesab edir. Tərəflər razılığa gələ bilmir, ona görə də xahiş edir ki, qətnamə dəyişdirilmədən saxlanılsın. İşə baxılması vaxtı və yeri haqqında cavabdeh 53 saylı notariat ofisinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsi barədə ərizə daxil olmuşdur. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi də nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdehlər ər-arvad olmaqla, Cavabdeh2 iddiaçının övladı, Cavabdeh1 isə kürəkənidir. İddiaçı X5 ilə xx.xx.1963-cü il tarixdən rəsmi nikahda olmuş, nikahları pozulmamış, sonuncu xx xxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. Onların birgə nikah dövründə X1 adına Bakı şəhəri, Səbail rayonu, Babamdar qəsəbəsi, 3-cü yaşayış massivi, sahə 2253 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsi əldə edilmiş, lakin onun ölümündən sonra, yəni, xx.xx.2019-cu il tarixdə adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Mərhumənin sağlığında o və iddiaçı onları təmsil etmək üçün kürəkənləri olan Cavabdeh1 45 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə 30 il müddətinə etibarnamə vermişlər. Lakin işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı həyat yoldaşının vəfatından sonra nikah dövründə əldə edilmiş, Seriyası RX № ******* olan çıxarışa əsasən onun adına olan Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə vərəsəlik payının müəyyən edilməsi üçün sənədlər toplayarkən ona məlum olmuşdur ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi əsasında iddiaçının adından razılıq ərizəsini imzalamaqla sözügedən torpaq sahəsini Cavabdeh2 bağışlamışdır, başqa sözlə bağışlama müqaviləsi bağlanarkən mülkiyyətçi artıq ölmüş, cavabdehlər notariat kontorunda mülkiyyətçinin ölüm faktını bilə-bilə gizlətməklə mübahisəli mənzilə dair ölmüş şəxsin adından bağışlama müqaviləsi bağlanmasına nail olmuşlar. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. İddiaçı tələbinin 5-ci bəndində göstərildiyi müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsinin 53 saylı notariat kontoruna həvalə edilməsi hissəsində dəyişiklik etmədiyinə görə həmin tələbə də hüquqi qiymət verilməlidir. Belə ki, iddiaçı tələbində qanun üzrə vərəsəlik hüququnun tanınması, mübahisəli torpaq sahəsinin 1/2 hissəsinə vərəsəlik payının müəyyən edilməsini tələb etmədiyi üçün 53 saylı notariat kontoruna vərəsəlik şəhadətnaməsinin verilməsi məsələsinə qiymət verilməsi zərurəti aradan qalxır. Belə olan halda iddia bu hissədə rədd olunmalıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 365.1 və 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi nəticəsində eibarnamənin qüvvəsinə xitam verilir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi göstərilsə də, şikayətin dəlillərindən görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni cavabdehlərin şikayəti üzrə(iddianın təmin edilən hissəsində) yoxlanılmalı, digər hissəsinə(iddianın təmin edilməyən hissəsinə) və digər şəxslərə münasibətdə isə qətnaməyə toxunulmamalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. İkincisi, apellyasiya şikayətində göstərilən dəlillər iddianın əsassızlığına dəlalət etmir. Çünki, Cavabdeh1 təmsil olunanın adından bağışlama müqaviləsini bağlayarakən etibarnaməyə xitam verildiyini, yəni təmsil etdiyi Xoşavaz Bağırovanın 40 gün əvvəl vəfat etdiyini bilirdi və bu işin mübahisəsiz halıdır. Ona görə də bağışlama müqaviləsi təmsil olunan öldüyü üçün onun hüquq varisləri üçün hüquqi qüvvəyə malik ola bilməzdi. Üçüncüsü, Cavabdeh1 təmsilçi kimi etibarnaməyə xitam verilmədiyini bilmədiyi və bilməli olmadığı halda belə yenə də bu müqavilə etibarlı sayıla bilməzdi. Çünki, bağışlama müqaviləsinin qarşı tərəfi olan Cavabdeh2 da artıq etibarnaməyə xitam verildiyini, yəni anası öldüyündən ərinin təmsilçi kimi səlahiyyətli olmadığını bilirdi. Ona görə də bu hal da bağışlama müqaviləsinin ölmüş şəxsin hüquqi varisləri üçün hüquqi qüvvəyə malik olmadığını bir daha təsdiq edir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-119/2020 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Akif İsgəndərov imza İlham Kərimli Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar