Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4664/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X3 və X5 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və onun vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 12 saylı Notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-1537/2020 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 12 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Seid xanım Seid Rəsul qızına məxsus olmuş, Bakı şəhəri, Mustafa Sübhi küçəsi, 140 ünvanda yerləşən evə və torpaq sahəsinə Bakı şəhəri 12 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən Arif Bala oğluna verilmiş xx xxxxxx 1993-cü il tarixli 225/93 nömrəli reyestrdə təsdiq olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, nənəsi X11 Rəsul qızı özünə məxsus olan əmlakı Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, 140 ünvanda yerləşən fərdi yaşayış evini xx xxxxxx 1978-ci il tarixli 8-3680 nömrəli reyetrdə Bakı şəhəri 5 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnaməyə əsasən nəvəsi kimi ona vəsiyyət etmiş, nənəsi X11 Rəsul qızı xx.xx.1982-ci ildə ölmüşdür. Tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat arxivinə xx xxxxxx 1978-ci ii tarixli 8-3680 nömrəli reyestrdə Bakı şəhəri 5 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə məlumatın olub-olmaması, həmin vəsiyyətnamənin təsdiq edilmiş surətinin ona verilməsi barədə ərizə ilə müraciət edilmiş, Dövlət Notariat Arxivinin xx xxxxx 2019-cu il tarixli 05\01-Ə-50\13 nömrəli məktubu ilə həmin vəsiyyətnamənin xx.xx.2019-cu ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumatın daxil olmaması göstərilmişdir. Bundan sonra müvafiq sənədlər tərəfindən toplanılmış və Bakı şəhəri 5 saylı notariat ofisinə təqdim edilmiş, həmin notariusda vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmişdir. Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, 140 ünvanda yerləşən fərdi yaşayış evinin mərhuma məxsus olub-olmaması haqqında məlumat və ya çıxarış verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixli 158 saylı məktubla müraciət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********28 nömrəli məktubunda “12 saylı DNK-nın xx.xx.1993-cü il tarixli qanun uzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən özgəninkiləşdirilmişdir” göstərilmişdir. Nənəsi X11 Rəsul qızı öz əmlakını ona vəsiyyət etmişdir, digər vərəsələri isə miras əmlakdan pay almaq hüququndan məhrum etmişdir. X8 öz adına keçirməsindən heç bir məlumatı olmamışdır. Arif Bala oğlu isə xx xxxxxx 2001-ci ildə ölmüşdür. Arif Bala oğlu anası X2 vəsiyyətnamə ilə əmlakını ona vəsiyyət etməsini notariusa bildirməmiş, Bakı şəhəri 12 saylı dövlət notariat kontorunun dövlət notariusuna müraciət etmiş, həmin əmlaka öz adına xx xxxxxx 1993-cü il tarixli 225/93 nömrəli reyestrdə təsdiq olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 1537/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu özünə aid edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları pozulmuşdur. Nənəsi tərəfindən evin ona vəsiyyət edildiyini 2019-cu ildə bilmiş, bundan sonra vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müvafiq yerlərə müraciət etmişdir. 1980-1984, 1992-1993, 1995-2005-ci illər ərzində cəzaçəkmə müəssisələrində cəza çəkmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Həmçinin iddiaçı göstərdi ki, nənəsi 1978-ci ildə vəsiyyətnamə ilə özünə məxsus evi ona vəsiyyət etmiş, 1982-ci ildə isə nənəsi vəfat etmişdir. O, müxtəlif illər ərzində cəzacəkmə müəssisələrində olmuş, 1984-1993-cü illər ərzində azadlıqda olmuş, daha sonra yenə cəzacəkmə müəssisəsində olmuşdur. 2004-cü ildən azadlığa çıxmış və Kürdəxanı qəsəbəsində olan atasına məxsus evdə yaşamışdır. Uzun müddət nənəsinin evi ona vəsiyyət etməsindən xəbəri olmamışdır, 1998-ci ildə nənəsinin qardaşı cəzacəkmə müəssisəsinə onun yanına gələrək, vəsiyyətnamənin olduğunu bildirmiş və ondan imtina ərizəsi yazmağını istəmişdir, lakin o, razılaşmamışdır. Mübahisəli evdə qardaşı yaşamışdır. Atası 1981-ci ildə, əmisi isə 2001-ci ildə ölmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş və bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Kollegiya işə onun (nümayəndənin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən X11 Rəsul qızı özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, 140 ünvanda yerləşən fərdi yaşayış evini xx xxxxxx 1978-ci il tarixli vəsiyyətnaməyə əsasən İddiaçı vəsiyyət etmişdir. Ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X11 Rəsul qızı xx xxxxxx 1982ci ildə ölmüşdür. Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri 12 saylı Dövlət Notariat kontoru tərəfindən arxivə təhvil verilmiş 1993-cü ilə dair vərəsəlik işinə baxış keçirilərkən X2 miras əmlakına xx xxxxxx 1993-cü il tarixdə 2 KHH-512 reyestr nömrəsi ilə Arif Bala oğlunun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli 012-9037-1220 saylı arayışından görünür ki, İddiaçı Əlibəndi oğlu 1980-1983, 1993, 1996-1997, 1997-2004-cü illərdə cəzaçəkmə müəssisələrində cəza çəkmişdir. Hazırda iddiaçı mərhum nənəsi tərəfindən miras əmlakın ona vəsiyyət edilməsi səbəbindən Arif Bala oğluna verilmiş xx xxxxxx 1993-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb edir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına əsaslanaraq, iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mirasın 1982-ci ildən açılmasına baxmayaraq, iddiaçı 37 il sonra mirasın qəbul edilməsi iddiası ilə məhkəməyə müraciət etmiş, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürməsinin heç bir üzrlü səbəbini göstərməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti doğrudur. Məhkəmə haqlı olaraq, mövcud iddia tələbini Azərbaycan Respublikasının 2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydalarına uyğun olaraq həll etmişdir. xx xxxxxxxx 1964-cü ildə qəbul edilmiş və xx xxxx 1965-ci ildən qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün hesab olunur. Həmin Məcəllə ilə istər vəsiyyət üzrə, istərsə qanun üzrə mirasın qəbulu üçün də 6 aylıq müddət müəyyən olunmuşdur. X11 Rəsul qızı xx.xx.1982-ci il tarixdə vəfat etməsi ilə Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, 140 ünvanı üzrə miras açılmışdır. İddiaçı evin ona vəsiyyət edilməsi ilə bağlı məlumatının olmamasına əsaslanmışdır. Kollegiya qeyd edir ki, iddiaçının bu dəlili əsassızdır. Belə ki, apellyasiya baxışı zamanı iddiaçı izahatında göstərmişdir ki, 1998-ci ildə nənəsinin qardaşı cəzacəkmə müəssisəsinə gələrək, ona vəsiyyətnamənin olduğunu bildirmiş və ondan imtina ərizəsi yazmağını istəmişdir, lakin o, razılaşmamışdır. Belə olan halda görünür ki, hazırki iş üzrə iddiaçı 1998-ci il tarixdə mübahisəli evin nənəsi tərəfindən ona vəsiyyət edilməsindən məlumatlı olmuşdur. Həmin ərəfədə iddiaçının cəza çəkməsi nəzərə alınsa belə, xx.xx.2004-cü ildə cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra 3 il ərzində məhkəmədə iddia qaldırmamaqla iddia müddətini ötürmüşdür. İddiaçı heç vaxt mübahisəli mənzildə yaşamamış, həmin mənzilin talehi onu narahat etməmişdir. Kollegiya hesab edir ki, iddiaçı evin nənəsi tərəfindən ona vəsiyyət edilməsindən məlumatlı olsa da, əmisinin həmin evə yiyələnməsinə biganə qalmışdır (hansısa səbəbdən bunu mübahisələndirməmişdi). Kollegiya onu da nəzərə alır ki, iddiaçı 2004-cü ildə azadlığa çıxdıqdan sonra vəsiyyət üzrə miras əmlakın qəbulu üçün heç bir aktiv hərəkət etməmişdir. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı mübahisəli evin mərhum əmisi Arif Bala oğlu tərəfindən qanun üzrə vərəsəlik qaydasında öz adına rəsmiləşdirməsindən və evə yiyələnməsindən məlumatlı olmuşdur. Odur ki, iddiaçı tərəfindən hazırki iddia tələbi iddia müddəti ötürülməklə verilmişdir. İddia müddətinin üzrlü səbəblərdən ötürülməsi halları isə müəyyən edilməmişdir. Belə ki, həmin dövrdə qüvvədə olan 1964-cü il tarixli Mülki Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Məcəllənin 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir (maddə 78). İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır (maddə 82). Göründüyü kimi münasibətlərin yarandığı vaxt qüvvədə olan qanunvericiliyə əsasən 3 illik ümumi iddia müddəti nəzərdə tutulmuşdur. İddia hüququ isə şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir. İddiaçının 1998-ci ildə məlumatlı olması aşkardır və belə olan halda həmin vaxtdan onun üçün iddia müddətinin axımı başlanmış hesab edilir. Beləliklə, Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır və hazırki iddia tələbi rədd edilməlidir. Belə olan halda, Kollegiya iddiaçı tərəfin apellyasiya şikayətinin əsası kimi istinad etdiyi hallara qiymət verərək onları əsassız sayır. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1537/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4664/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4664/2020
08.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver