Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4664/2025 15.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: sığorta ödənişi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2598/25 saylı iş üzrə 05 iyun 2025ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 15 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhərində yağan leysan yağışları nəticəsində Koroğlu cərimə meydançasına yaxın ərazidə sel suları əmələ gəlmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı da öz avtomobili ilə həmin yoldan keçmək məcburiyyətində qalmışdır. Nəticədə yolda yaranmış sel suları onun avtomobilinə ciddi zərər yetirmişdir. İddiaçı cavabdeh müəssisəyə özünə məxsus olan “Hyundai Elantra” markalı, 2018-ci il buraxılışlı, qara metallik rəngli, 77FQ157 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək tam sığorta şəhadətnaməsinə əsasən sığortalamışdır. xx.xx.2024-cü il tarixdə sığorta hadisəsi baş vermiş və iddiaçı tərəfindən cavabdehə məlumat verilmiş, cavabdeh tərəfindən avtomobilə dəymiş zərərin qiymətləndirilməsinə dair hesabat tərtib edilmişdir. Həmin hesabata görə avtomobilə dəymiş zərərin ümumi məbləği ədv daxil 1017.16 manat təşkil edir. Aparılmış araşdırma nəticəsində cavabdeh hesab etmişdir ki, iddiaçı avtomobilə dəyə biləcək zərərin qarşısını almaq iqtidarında olmasına baxmayaraq avtomobili qəsdən su gölməçəsinin içinə sürmüş və avtomobilə ziyan dəymişdir. Buna görə də iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən iddiaçıya məxsus “Hyundai Elantra” markalı, 77FQ157 dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş 1 017,16 (bir min on yeddi manat on altı qəpik) manat məbləğində pulun və məhkəmədə iddia qaldırmaq üçün dövlət nəfinə keçirdiyi 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunan hallar tam həqiqətə uyğun olub, iddiaçının qanuni hüquqlarının müdafiəsi üçün vacibdir. İddiaçı ilə "xxxx" ASC arasında “Hyundai Elantra” markalı, 77FQ157 dövlət qeydiyyat nişanlı avtomobilin “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” (KASKO) növü üzrə sığortalanması üçün xx.xx.2024-ci il tarixində İ-MİC-3586/24 saylı sığorta müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixində Bakı şəhərində yağan leysan yağışları nəticəsində Koroğlu cərimə meydançasına yaxın ərazidə sel suları əmələ gəlmişdir. Həmin sel sularının yaratdığı maneə nəticəsində həmin yoldan keçmək qeyrimümkün vəziyyətə çevrilmişdir. Həmçinin yolda sel sularının səviyyəsini dəqiq müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə iddiaçı avtomobilin texniki göstəricilərinə bərabər və daha aşağı səviyyəli avtomobillər həmin yoldan keçə bilmişdir. Həmçinin yoldan keçmək üçün başqa alternativ yol olmadığından və işə getmək zərurəti olduğundan iddiaçı da öz avtomobili ilə həmin yoldan keçmək məcburiyyətində qalmışdır. Nəticədə yolda yaranmış sel suları onun avtomobilinə ciddi zərər yetirmişdir. Baş vermiş hadisə avtomobilində quraşdırılmış videoqeydiyyat funksiyasına malik kamera vasitəsilə qeydiyyata alınmışdır. İddiaçı avtomobilinə dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı "xxxx" ASC-yə müraciət etsə də, cavabdeh sığorta şirkəti onun yağışın əmələ gətirdiyi su gölməçəsinə daxil olaraq hərəkətini davam etdirməyini və avtomobilinə dəymiş zərərin əmələ gəlməsində onun qəsdən edilmiş hərəkətinin olduğunu əsas gətirərək ona sığorta ödənişi verməkdən imtina etmişdir. Qeyd edilən əsaslardan da göründüyü kimi həmin ərazidə su gölməçəsi yox, sel suları əmələ gəlmişdir. Bundan əlavə iddiaçı öz avtomobili ilə qəsdən ziyan vurmaqla bağlı sığorta şirkətinin əsası tam absurddur. Avtomobil yenidir və təbii olaraq iddiaçı da öz avtomobilinə ziyan vurmaq niyyətində olmamışdır. Baş vermiş vəziyyət təbiət hadisəsi ilə bağlıdır və sığorta müqaviləsində sığorta təminatı kimi sel, daşqın və s. hallar nəzərdə tutulmuşdur. Bu səbəbdən iddiaçı hesab edir ki, cavabdehin sığorta ödənişini verməkdən imtinası tam əsassız və qanunsuz hesab olunmalı və avtomobilə dəymiş maddi zərər cavabdeh tərəfindən ona ödənilməlidir. Avtomobilə 1 017,16 (bir min on yeddi manat on altı qəpik) manat məbləğində maddi zərər dəymişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək əsassız olaraq sığorta ödənişini verməkdən imtina edir. Odur ki, cavabdehin imtinası əsassız hesab edilməli və avtomobilə dəymiş maddi zərər ödənilməlidir
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2598/25 saylı iş üzrə 05 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim G.Abidova) iddia təmin edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının yolun su yığılan hissəsindən keçməsi onun avtomobilə qəsdən ziyan vurmaq istəyinin olduğunu sübut etmir. Suyun səviyyəsi avtomobilin oradan keçmək iqtidarında olduğunu deməyə əsas verir. Çünki, həmin avtomobilin ban növü “sedan”dır və oradan keçən avtomobillərdən ciddi olaraq fərqlənmir. Sığorta hadisəsi nəticəsində iddiaçının avtomobilinə zərər dəyməsi faktı hazırkı iş üzrə mötəbər sübutlarla öz təsdiqini tapan, işin mübahisəsiz halıdır. Bu səbəbdən də iddia təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 1.017,16 (bir min on yeddi manat on altı qəpik) manat məbləğində pul və iş üzrə ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 922.1, 922.2, 925.1, 926.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b. Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə materiallarda mövcud olan sübutların kompleks təhlilinə əsasən İddiaçı su gölməçəsini əvvəlcədən müşahidə etmişdir; təhlükənin fərqində olmuşdur; buna baxmayaraq, hərəkətini davam etdirmişdir; avtomobili su gölməçəsinə daxil etmişdir; bununla da mühərrikin zədələnməsinə səbəb olmuşdur. İddiaçının bu davranışı “sadəcə riskli davranış” deyil, zərərin bilavasitə səbəbidir. Yağış su gölməçəsinin yaranmasına şərait yaratsa da, məhz iddiaçının davranışı zərərin yaranmasında əsas amildir. Hadisənin “sığorta hadisəsi” hesab olunması üçün “təsadüfilik” əlamətinə malik olmalıdır, bu hadisə isə təsadüfi xarakter daşımaqdan çıxaraq iddiaçının hərəkəti nəticəsində baş vermişdir. Məhkəmənin suyun səviyyəsinin çox yuxarı olmaması, avtomobilin suda hərəkət edə bilməyəcəyini güman etməyə əsas verəcək qədər hündür olmaması, iddiaçının alternativ yolunun olmaması kimi arqumentləri sırf subyektiv yanaşmadır və hər hansı hüquqi əsasdan məhrumdur. İddiaçının xx.xx.2024-cü il tarixli izahatı ilə tanış olduqda başa düşmək mümkündür ki, iddiaçı suyu görmüş, suya daxil olan zaman hərəkət sürətini azaltmış, hərəkətini davam etdirmiş, suyun səviyyəsi avtomobilin qapısının açılan hissəsinə qədər yüksəlmişdir. Məhkəmənin özünün də qeyd etdiyi kimi avtomobil “sedan” tiplidir, yəni aşağı şassiyə malikdir, su ilə təmas mühərrikə zərər vurur – bunu bilməmək mümkün deyildir. Məhkəmə qeyd edir ki, iddiaçının yolun su yığılan hissəsindən keçməsi onun avtomobilə qəsdən ziyan vurmaq istəyinin olduğunu sübut etmir. Lakin məhkəmə başa düşmür ki, sığortaçı Mülki Məcəllənin 935.1.2-ci maddəsi ilə deyil, Mülki Məcəllənin 935.1.4-cü maddəsi ilə sığorta ödənişinin verilməsindən imtina etmişdir. 935.1.2-ci maddədən fərqli olaraq, 935.1.4-cü maddəyə əsasən sığortalının qəsdi hadisənin baş verməsinə münasibətdə deyil, əmlaka dəyən zərərin qarşısını almağa münasibətdədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına əsasən “qəsd” elementi “şüurlu davranışı” ehtiva edir. İddiaçı hadisənin və zərərin qarşısını almaq iqtidarında olmasına baxmayaraq, şüurlu surətdə bunu etməmiş, hərəkətini davam etdirmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 926. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Maddə 935.1, 935.1.4. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: - Sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
16. Apellyasiya şikayətinin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçının yolun su yığılan hissəsindən keçməsi onun avtomobilə qəsdən ziyan vurmaq istəyinin olduğunu sübut etmir. Videolardan göründüyü kimi eyni yolda digər avtomobillər də hərəkət edir və iddiaçı yolun həmin hissəsində daha aşağı surətlə hərəkət edir. Həmçinin, yolun quru olan hissəsi də yoxdur ki, iddiaçı həmin hissədən keçsin. Yəni, iddiaçı avtomobilin təyinatına uyğun olmayacaq formada qayıqla hərəkət edilməli yola gölə və s. girməmiş, avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş avtomobil yolunda hərəkət etmişdir. Suyun səviyyəsi avtomobilin oradan keçmək iqtidarında olduğunu deməyə əsas verir. Çünki, həmin avtomobilin ban növü “sedan” olsa da, oradan keçən avtomobillərdən ciddi olaraq fərqlənmir.
17. Həmçinin, məhkəmə qeyd edir ki, həmin yolda “avtomobillərin hərəkəti qadağandır, yol təhlükəlidir” yol nişanları olmamışdır. Adi qaydada digər avtomobillər də hərəkət etmiş və yolda nasazlığa görə dayanan hər hansı digər avtomobil də olmamışdır. Yəni, cavabdeh o vaxt haqlı olardı ki, avtomobilin oradan keçə bilməyəcəyinə dair iddiaçıda kifayət qədər məlumat olsun, lakin buna baxmayaraq yenə də iddiaçı həmin yoldan keçməyə cəhd etsin.
18. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir.
19. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
21. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
22. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
24. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırkı iş üzrə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 05 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.