Məhkəmə qərarları › İş №2(103)-4665/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4665/2023

06.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4665/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Erdok Yalcın (Yalchın) Erhanın cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4665/2023 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Erdok Yalcın (Yalchın) Erhanın cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(003)-1047/2023 saylı qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə 06 sentyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Erdok Yalcın (Yalchın) Erhanın yaşadığı ünvan 1 ünvanında sayğaca baxış keçirilən zaman onun əridiyi məlum olmuş və bu barədə xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir. Bundan sonra yararsız sayğac oradan götürülmüşdür. Daha sonra avqust ayında həmin ünvana yeni, 25823090 saylı sayğac quraşdırılmış və bu barədə xx.xx.2022ci il tarixli 222060 saylı protokol tərtib edilmişdir. İddiaçıya 2022-ci ilin aprel-avqust ayları arasında enerji sərfiyyatına görə 952,51 manat borc hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Erdok Yalcın (Yalchın) Erhan cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh cəmiyyət tərəfindən ünvan 2 ünvanında ona məxsus **********20011 saylı abonent hesabına qanunsuz və əsassız olaraq elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 952,51 manat məbləğində borc hesablanmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə ona məxsus sayğac evinin qarşısında yerləşən yarımstansiyanın partlaması nəticəsində yanaraq yararsız hala düşmüşdür. Daha sonra cavabdeh cəmiyyətə məlumat vermiş və onların nümayəndələri gələrək sayğacın yanaraq yararsız hala düşməsi barədə akt tərtib etmişlər. xx.xx.2022-ci il tarixdə isə onun ünvanına yeni sayğac quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə onun abonent hesabına cavabdeh cəmiyyət tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 952,51 manat məbləğində borc yazılmışdır. Yanmış sayğac isə yenisi ilə xx.xx.2022-ci il tarixdə əvəz edilmişdir. Sayğacda yanğın olduğuna görə cavabdeh cəmiyyət tərəfindən sayğac götürülmüş, 4 ay sayğacsız elektrik enerjisindən istifadə olunmuş, orta sərfiyyat əsasında hesablama aparılmış, yeni sayğac quraşdırılanadək göstərilən qüsura görə istehlakçı təqsirli bilinərək 952,51 manat məbləğində borc hesablanmışdır. Özü hazırda Xətai rayonu ərazisində yaşayır. Mübahisə predmeti olan yaşayış sahəsi bağ evidir və orada müntəzəm olaraq yaşamır.

4. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi F.K.Abdullayev iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı mənzildə sayğaca baxış keçirilən zaman onun əridiyi məlum olmuş və bu barədə xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir. Bundan sonra yararsız sayğac oradan götürülmüşdür. Daha sonra avqust ayında həmin ünvana yeni, 25823090 saylı sayğac quraşdırılmış və bu barədə xx.xx.2022-ci il tarixli 222060 saylı protokol tərtib edilmişdir. Yeni sayğac quraşdırılan zamana qədər istehlakçı elektrik enerjisindən istifadə etmişdir. Bu səbəbdən orta sərfiyyat əsasında hesablama aparılaraq ona 952,51 manat borc hesablanmışdır. İddiaçı tərəfindən borcundan heç bir ödəniş edilməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1047/2023 nömrəli 25 may 2023cü il tarixli qətnaməsi ilə (hakim Emin Rüstəmov) iddia ərizəsinin təmin edilməsi, "xxxx" ASC tərəfindən Erdok Yalcın (Yalchın) Erhana məxsus **********20011 saylı abonent hesabına hesablanmış 952,51 manat borcun silinməsi, "xxxx" ASC-dən dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulması, qət edilmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilməsi “Elektrikhaqqında enerjisindən istifadə Qaydaları”nın 1.3, 7.9, 7.11, 7.17, 8.1,8.4, 8.32, 8.33-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 20 aprel 2022-ci il tarixində "xxxx" ASC-nin əməkdaşları abonent X7 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı fərdi yaşayış evinin sayğacının qrifinin əridiyi aşkar olunmuşdur. Aşkar olunmuş faktla bağlı Rİ259027 saylı xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və bu barədə abonentə məlumat verilməsinə baxmayaraq aktın tərtib edilməsində abonent və ya onun nümayəndəsi iştirak etməmişdir. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən itirilmiş elektrik enerjisinin dəyəri 952.51 manat məbləğində müəyyən edilməklə abonentin **********20011 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Hesab edirlər ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Lakin məhkəməsi öz qətnaməsinin əsaslandırarkən “Elektrikhaqqında enerjisindən istifadə Qaydaları”nın akt tərtib olunan vaxt qüvvədən düşmüş 8.32 və 8.33-cü bəndlərinə istinad edərək iş üzrə mövcud olmayan maddi hüquq normalarını tətbiq etmiş və bu hal nəticə etibarilə əsassız qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi verilmiş apellyasiya şikayətini dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etmişdir.

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilməsi “Elektrikhaqqında enerjisindən istifadə Qaydaları”

12. Bənd 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır.

13. Bənd 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir.

14. Bənd 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.

15. Bənd 7.17. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinin hesablaşma uçotunun sxeminin dəyişdiril-məsi, həmçinin uçot cihazlarını qidalandıran ölçü transformatorlarının yerlərinin dəyişdirilməsi və əvəz olunması müvafiq olaraq elektrik enerjisinin alqı-satqı münasibətlərində olan tərəfin rəsmi razılığı ilə yerinə yetirilə bilər .

16. Bənd 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.

17. Bənd 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.

18. Bənd 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

22. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

23. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

29. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

30. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilməsi “Elektrikhaqqında enerjisindən istifadə Qaydaları”nın 8.32 və 8.33-cü bəndlərinə istinad etmişdir.

31. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 aprel tarixli 155 nömrəli Qərarı ilə 8.32 və 8.33-cü bəndləri çıxarılmışdır.

32. Göründüyü kimi məhkəmə qüvvədə olmayan normalara istinad etmişdir.

33. Bununla yanaşı işin faktiki hallarından görünür ki, iddiaçı Erdok Yalcın (Yalchın) Erhanın yaşadığı ünvan 1 ünvanında sayğaca baxış keçirilən zaman onun əridiyi məlum olmuş və bu barədə xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir. Bundan sonra yararsız sayğac oradan götürülmüşdür. Daha sonra avqust ayında həmin ünvana yeni, 25823090 saylı sayğac quraşdırılmış və bu barədə xx.xx.2022-ci il tarixli 222060 saylı protokol tərtib edilmişdir. İddiaçıya 2022-ci ilin aprel-avqust ayları (sayğac olmayan aylar) arasında enerji sərfiyyatına görə 952,51 manat borc hesablanmışdır.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.

35. Qanunvericiliyin tələbindən də göründüyü kimi məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.

36. Lakin qaydaların əksinə olaraq, cavabdeh təşkilat 5 aydan sonra istehlakçının ünvanına sayğac quraşdırmış və orta günlük sərfiyyatı 5 aya münasibətdə hesablamışdır.

37. Kollegiya hesab edir ki, elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma aprel ayına münasibətdə və əvvəlki illərdə istifadə olunmuş elektrik enerji sərfinə görə hesablanmalıdır.

38. İş materiallarında olan abonent saldosunda olan iddiaçının əvvəlki illərdə aprel ayı üzrə (2016-cı il 42,60 manat, 2011-ci il 26,18 manat, 2018-ci il 48,16 manat, 2019-cu il 55,86 manat, 2020-ci il 62,30 manat, 2021-ci il 13,72 manat, 2022-ci il 70,88 manat) istifadə etdiyi elektrik enerjisindən istifadə haqlarını ortaq məxrəcini hesablayanda ortalama olaraq 50 manat müəyyən olunur.

39. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına dair (abunə kodu **********20011) hesablanmış 952,51 manat borcun 902,51 manat hissəsi silinməli, iddia qalan hissədə rədd edilməlidir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

41. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

43. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1047/2023 saylı iş üzrə 25 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən ünvan 3 ünvanına dair (abunə kodu **********20011) xx.xx.2022-ci il tarixdə hesablanmış 952,51 manat borcun 902,51 (doqquz yüz iki manat əlli bir qəpik) manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar