Məhkəmə qərarları › İş №2(103)-4668/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4668/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4668/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(005)-932/2021 saylı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 mart 2021-ci il tarixli qərardaddan Cavabdeh3 ASC-nin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – ASC), Cavabdeh1nə (bundan – İcra İdarəsi), “xxxx” MMC-yə (bundan sonra – MMC) qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinin açıq hərracdan satılmasına dair MMC tərəfindən tərtib edilmiş 09.06.2017-ci il tarixli, 36/03 nömrəli “xxxx” və həmin hərracın yekunları üzrə MMC ilə ASC arasında bağlanmış “Alğı-satqı barədə müqavilənin” etibarsız hesab edilməsi, həmin “Alğısatqı barədə müqavilə” əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş 08.09.2017-ci il tarixli “Reyestrindən çıxarışın” ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb iş üzrə yekun qərar qəbul edilənədək mübahisəli qeyri-yaşayış binasının üzərinə həbs qoyulması, cavabdeh Bank tərəfindən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının özgəninkiləşdirilməsi, o cümlədən Bankın və ya digər şəxslərin öhdəliklərinə görə ipotekaya (sonrakı ipotekaya) qoyulması (yüklü edilməsi), istifadə olunmasının, icarəyə verilməsinin, ümumiyyətlə həmin qeyri-yaşayış binasına dair hər hansı bir sərəncam verilməsinin cavabdeh ASC-yə və başqa şəxslərə qadağan edilməsi, ASC-yə və başqa şəxslərə həmin qeyri-yaşayış binasında yerləşən əmlakların çıxarılması (sahənin boşaldılması), həmin əmlaklara dair qanunsuz hərəkətlərə yol verilməsinin (sıradan çıxarılması, zədələnməsi, satılması və s.) cavabdehlərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi qəbul etdiyi 19.03.2021-ci il tarixli qərardad ilə ərizəni qismən təmin etmiş, mübahisəli qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsini, qalan hissədə ərizənin təmin edilməməsini qərara almışdır. Cavabdeh ASC həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və “İddianın təmini tədbirinin görülməsi barədə” ərizənin qismən təmin edilmiş hissəsinin də rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən mübahisəli əmlak açıq hərracdan satılması üçün hərraca çıxarılmış və son nəticədə ASC-nin mülkiyyətinə keçmişdir. Həmin əmlak barəsində iddia təmin tədbirinin görülməsi ASC-nin mülkiyyət hüquqlarını pozur. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 19.03.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 157.1-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. MPM-nin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-nin 158.1-ci maddəsinin mənasına görə, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula (maddə 158.1.1.), müəyyən hərəkətlərin edilməsi cavabdehə qadağan edilə (maddə 158.1.2.), mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etmək başqa şəxslərə qadağan edilə (maddə 158.1.3.) bilər. MPM-nin 162.4-ci maddəsinə görə, iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. İddiaçının iddia ərizəsindən görünür ki, iddiaçı, mübahisəli əmlaka dair keçirilmiş hərracın etibarsızlığını və həmin əmlaka dair ASC-nin adına verilmiş “Reyestrindən çıxarışın” ləğv olunmasını xahiş edir. Həmin iddianın gələcəkdə rədd edilməsi ehtimalı olduğu kimi, təmin edilməsi ehtimalı da mövcuddur. İddianın əsaslı olub-olmamasına işin baxılmasının hazırki mərhələsində qiymət vermək mümkün deyil. Belə olan halda işə baxılıb qurtaranadək iş üzrə mübahisəli mənzil ehtimal olunan özgəninkiləşdirilmədən qorunub saxlanılmalıdır. Əks halda təmin edilməsi istisna edilməyən iddia üzrə qəbul edilə biləcək qətnamənin icrasında müəyyən çətinliklər yarana bilər. Bu baxımdan hesab edilməlidir ki, ərizəyə baxmış Rayon Məhkəməsi işə baxılıb nəticə verilənədək, mübahisəli əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Şikayətin dəlilinə gəldikdə isə Məhkəmə bildirir ki, qanuni qüvvəyə minmiş qətnamə əsasında artıq hərrac həyata keçirilmiş və həmin iş üzrə icra icraatı başa çatmışdır. Hazırda iddiaçı hərracın keçirilməsini mübahisələndirir və əmlakın özgəninkiləşdirilməsinin qarşını almaq, həmçinin mübahisəyə başqa şəxslərin cəlb edilməsinin qarşısını almaq üçün iddianın təmini tədbirinin görülməsini xahiş edir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi ərizəni qismən (yuxarıda qeyd edilən qaydada) təmin etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlili əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə, MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh3 ASC-nin şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar