Məhkəmə qərarları › İş №2(103)-4668/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4668/2022

28.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4668/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X4 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-733/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Günəş” b\y-nin EJ bölməsi, 6-cı keçid, 13 saylı bağ sahəsindən Cavabdeh və onun ailə üzvlərinin çıxarılması, həmin bağ sahəsində cavabdeh tərəfindən özbaşına tikinti apararaq tikilmiş evin cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılarkən İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşdirmə verərək, mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Günəş” b\y-nin EJ bölməsi, 6-cı keçid, 13 saylı bağ sahəsindən Cavabdeh çıxarılması, həmin bağ sahəsində cavabdeh tərəfindən özbaşına tikinti apararaq tikilmiş evin cavavdehin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Günəş” b/y-nin EJ bölməsi, 6-cı keçid, 13 saylı bağ sahəsi xx.xx.2019cu il tarixli, ********** nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Pandemiya ilə bağlı olaraq evdən çıxa bilmədiyi üçün bir il ona məxsus bağ sahəsinə getməmişdir. Cavabdeh isə bundan istifadə edərək qanunsuz olaraq ona məxsus bağ sahəsini zəbt edib, orada özbaşına tikinti apararaq ev tikmiş və ailə üzvləri ilə birlikdə orada yaşayır. Onu isə qanunsuz olaraq mülkiyyətində olan bağ sahəsinə buraxmır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-733/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Günəş” b\y-nin EJ bölməsi, 6-cı keçid, 13 saylı bağ sahəsindən (0.05 ha) çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin Cavabdeh öz hesabına sökülməsi, Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Torpaq sahəsini X11 və X5 ona satdıqlarından, pulu onlara verdiyindən hazırkı iş üzrə həmin şəxslər müstəqil tələb irəli ürməyən üçüncü şəxs kimi işə cəlb edilməlidirlər. O, bu barədə məhkəmədə vəsatət verərək həmin şəxslərin məhkəməyə cəlb edilməsini xahiş etsə də, məhkəmə həmin vəsatəti təmin etməmiş, dəfələrlə məhkəmədən şifahi qaydada tələb etsə də, məhkəmə həmin satıcıların işə cəlb edilməsini təmin etməmişdir. Məhkəmə çəkişmə prinsipini pozmuş, məhkəmə ekspertizası keçirilməsini təmin etməmişdir. İddiaçının istinad etdiyi mülkiyyət sənədində (çıxarışda) göstərilən torpaq sahəsinin onun aldığı torpaq sahəsi ilə eyni olduğunu, üst-üstə düşdüyünü iddiaçı sübut etməmişdir. Vəsatət verərək ekspertiza keçirilməsini təklif etsə də, məhkəmə vəsatəti rədd etmişdir. Məhkəmə mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmasını, iddiaçının çıxarışda göstərilən torpaq sahəsi ilə cavabdehin torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etməmiş, işin bu zəruri detallarını araşdırmamışdır. İş materiallarında iddiaçıya məxsus torpaq sahəsi ilə onun evinin yerləşdiyi torpaq sahəsinin eyni olmasına dair sübut və dəlillər yoxdur. İddiaçının torpaq sahəsinin məhz ona satılan torpaq olduğu heç bir sənədlə, yazılı sübutla, mütəxəssis rəyi ilə müəyyən olunmur. İşə baxan məhkəmənin iddianın təmin edilməsi üçün gəldiyi nəticə işin faktiki halları ilə uyğun gəlmir və heç bir sübut növü ilə təsdiqini tapmır. Apelyasiya şikayətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-733/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətini müdafiə etdiklərini bildirdilər və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-733/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında İddiaçı və onun vəkili Vəkil Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirdilər, iddia ərizəsində və ərizəyə əlavədə göstərilənlərə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-733/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Günəş” b\y-nin EJ bölməsi, 6-cı keçid, 0.05 ha ümumi sahədən ibarət 13 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.(İ.vər. 7) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş AN seriyalı 383983 №-li “torpaq sahəsinin planı və ölçüsü”nün təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Günəş” b\y-nin EJ bölməsi, 6-cı keçid, 13 saylı bağ sahəsinin (0.05 ha) hüquq sahibi İddiaçıdır.(İ.vər. 8 - 9) İş materiallarında olan, Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyi tərəfindən verilmiş “fəhlə və qulluqçuların yoldaşlıq bağçılığı” “Günəş” üzvlük biletinin görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Günəş” b\y-nin EJ bölməsi, 6-cı keçid, 13 saylı bağ sahəsi (0.05 ha) X3 ayrılmışdır.(İ.vər. 41 - 44) İş materiallarında olan, X11 tərəfindən yazılmış və şahidlər X5 və X7 tərəfindən təsdiq edilmiş sadə yazılı qəbzin surətindən görünür ki, X11 faktiki istifadədə olan torpaq və tikilini 33.000 manat qarşılığında Cavabdeh satmışdır.(İ.vər. 45) İş materiallarında olan, X11 tərəfindən Cavabdeh verilmiş AR-İİ № 108541 saylı, xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X11 faktiki istifadəsində olan torpaq sahəsi üzərində tikdirdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Günəşli bağçılıq ünvanı ərazisində yerləşən yaşayış evini və həmin torpaq sahəsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətinə verilməsi ilə bağlı zəruri sənədləri toplamağı, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nə təqdim etməyi, bununla bağlı adından ərizə verməyi, mülkiyyət hüququnun dövlət qeydiyyatına dair sənədləri almağı, həmin torpaq və yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında göstərilən torpaq sahəsinin 500 kv.m. hissəsini satmağı, alqı-satqı müqaviləsini imzalamağı, müqavilə üzrə məbləği müəyyən etməyi, ona çatası pulu almağı, məbləğ depozit hesabı vasitəsiliə ödənildikdə, onu bankda təmsil etməyi, əmlak və torpaq vergi borcunu ödəməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan digər hərəkətləri etməyi Cavabdeh etibar etmişdir. Etibarnamə 80 il müddətinə verilib və xx/xx/2100 tarixədək qüvvədədir.(İ.vər. 46) Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, mübahisəli 0.05 ha bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehin ona məxsus torpaq sahəsindən heç bir qanuni əsas olmadan istifadə etməsi onun iradəsinə ziddir. Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin onun qanuni istifadəsində, sahibliyində və ya sərəncamında olmasına dair məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Eynilə, iddiaçıya məxsus çıxarışda qeyd olunan torpaq sahəsilə ilə cavabdehə satılan torpaq sahəsinin eyni olub-olmaması, üst-üstə düşüb-düşməməsi ilə əlaqədar cavabdehin ekspertizanın keçirilməsi ilə bağlı vəsatətinə münasibət bildirən birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə ekspertiza keçirilməsinə və mübahisəli torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsi üçün əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ünvanı ilə cavabdehin ona satılıdığını iddia etdiyi torpaq sahəsinin ünvanlarının eyni olması, hər iki tərəfin bildirdiyinə görə əvvəllər torpaq sahəsində yarımçıq tikilinin olması və nəhayət, tərəflərin bu hissə ilə bağlı mübahisəsinin olmaması əlavə araşdırmanın aparılmasını lüzumsuz etməklə, iddiaçının ağlabatan müddətdə məhkəmə işinə baxılması hüququnu poza bilər. Bundan əlavə, cavabdehin məhkəmə iclasından kənar barışığa gəlməyə cəhd göstərməsi, həmin torpaq sahəsini özünün almaq istəməsi və buna görə iddiaçıdan vaxt istəməsi hər iki torpaq sahəsinin eyni torpaq sahəsi olmasını sübut edir. Həmçinin, cavabdeh tərəfindən verilmiş vəsatətdən də görünür ki, cavabdeh “ekspertizanın keçirilməsi” barədə vəsatətində də torpağın 5 sot olmasını və hətta içində yarımçıq tikilinin olmasını, yarımçıq tikilini tikib başa çatdırdığını və yaşamaq üçün tam yararlı hala saldığını etiraf etmişdir. Buna görə də birinci instansiya məhkəməsi hesab edir ki, torpaq sahələrinin yerləşmə yeri cavabdeh tərəfindən əvvəl mübahisələndirilmədiyi (sonradan mübahisələndirildiyi) və əksinə, həmin torpaq sahələrinin eyni olması barədə özünün yazılı etirafı məhkəmə tərəfindən ekspertiza keçirilməsinə lüzum olmadığı qənaətinə gəlməyə imkan verir. Cavabdehin torpaq sahəsini aldığı şəxslərin onun tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəməyə cəlb edilməsi ilə bağlı vəsatətinə münasibət bildirən birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin şəxslərin hazırkı mübahisə obyekti olan torpaq sahəsi ilə hüquqi bağlılığı olmadığından, iş üzrə çıxarılacaq məhkəmə qərarı onların hüquqi mənafeyinə təsir etməyəcək. Belə ki, əvvəla, cavabdehin təqdim etdiyi bağçılıq sənədində həmin bağın sahibi kimi X6 göstərilib. Cavabdeh mübahisəli torpaq sahəsinə dair qeyd edilən şəxsdən digər üçüncü şəxslərə, onlardan isə özünə etibarnamə aldığını bildirsə də, iş materaillarına əlavə edilmiş etibarnamədən görünür ki, həmin etibarnamə səlahiyyətlərin ötürülməsi yolu ilə X1 deyil, torpaqla hər hansı bağlılığı olmayan X8 bilavasitə özünün təmsil olunması üçün səlahiyyətlərin cavabdehə verilməsini nəzərdə tutur. Cavabdehin üçüncü şəxslər qismində cəlb edilməsini xahiş etdiyi X8 və X2 mübahisəli torpaq sahəsi üzərində hər hansı hüquqa malik olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməyib. Belə olan halda, həmin şəxslərin məhkəmə prosesinə cəlb edilməsinə zərurət yoxdur. Mübahisəli tikiliyə gəldikdə isə, onun yarımçıq tikilinin üzərində inşa edilməsi, habelə, inşaat-təmir materialları üzərində cavabdehin mülkiyyət hüququna malik olması işin mübahisələndirilməyən halıdır. Belə olan halda, cavabdeh həmin tikilini sökdükdən sonra özünə məxsus inşaat materillarını mübahisəli sahədən çıxarmaq hüququna malikdir. Eyni zamanda, cavabdehə izah olunur ki, onun tərəflərindən aldadıldığını hesab etdiyi şəxslərin əməlinə hüquqi qiymət verilməsini və ya ona vurulmuş ziyanı mülki və cinayət hüquqi prosedur çərçivəsində tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni ilə razılaşır və gəlinmiş nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.1.-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Yuxarıda qeyd olunan işin hallarına və hüquq normalarının tələblərinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətində göstərdikləri dəlillərinə mülki işə baxan birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı hüquqi qiymət verildiyindən məhkəmə kollegiyası tərəfindən həmin dəlillərə əlavə qiymət verilməsinə zərurət yoxdur. Bundan başqa məhkəmə kollegiyası həmçinin hesab edir ki, apelyasiya şikayətinin digər dəlilləridə iddia tələbinin rədd edilməsi üçün əsaslı hesab edilə bilməz. Odur ki, apelyasiya şikayətinin həmin dəlili ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur və apelyasiya şikayətində göstərilən həmin dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə Cavabdeh apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-733/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-733/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar