Məhkəmə qərarları › İş №2(103)-4668/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4668/2023

08.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4668/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(003)-1698/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İdiaçınının adına olan qaz sayğacına Cavabdeh X1 Departamenti tərəfinən baxış keçirilmiş və sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombun və plomb yuvasının ətrafında əzik-cızıq izlərinin olduğu, hesablama mexanziminin qoruyucu şüşəsinin alt hissəsinin istilik nəticəsində əridiyi və sayğacın hesablayıcısının mexanizminin iş prinsiplərinə maneə törədildiyi müəyyən edilmişdir. Nəticədə sayğac istismara yararsız hesab edilmişdir. Cavabdeh Metrologiya Departamentinin rəyinə əsaslanaraq, dəymiş ziyanın hesablanmasını və iddiaçı tərəfindən ödənilməsini bardədə akt tərtib etmişdir. İddiaçı isə həmin aktla razılaşmayaraq, məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh isə həmin qətnamə ilə razılaşmayaraq, apellyasiya şikayəti vermişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 1555,2 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus **********01870 saylı abonent hesabına cavabdeh tərəfindən əsassız olaraq 1555,2 manat məbləğində borc hesablanmışdır. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli akt tərtib olunaraq, sayğacda nasazlıq aşkar edilmiş və istismara yararsız hesab edilmişdir. Borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc məbləği silinməlidir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 may 2023-cü il tarixli, 2(003)-1698/2023 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədli) iddia tələbi təmin edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanuna istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə maddi zərər dəymişdir. Cavabdehə dəymiş zərər qiymətləndirilərək, ona aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi təqdim edilmiş saldoları, aktları və fotoşəkilləri sübut qismində araşdırmamış, onlardan istifadə edilməmiş və nəticədə iddia tələbi əsassız olaraq təmin edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

“Qazdan istifadə Qaydaları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmişdir)

10. Maddə 1.2. Qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti.

11. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

12. Maddə 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

19. Belə ki, məhkəmə kollegiyası iddia tələbinə düzgün qiymət verilməsi üçün ilk növbədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq tələblərini qeyd etməyi zəruri hesab edir.

20. Hansı ki, həmin qaydaların tələblərinə əsasən qaz sayğaclarının üzərində sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plomb olmalıdır və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz paylayıcısı” dedikdə isə alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti nəzərdə tutulur.

21. Qeyd olunanlardan müəyyən olunur ki, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması vəzifəsi qaz paylayıcısının üzərinə qoyulmuşdur. Hazırki mülki işdə isə qaz paylayıcısı qismində cavabdeh çıxış edir. Cavabdeh əgər qaz sayğacının işlək vəziyyətini onun təqsiri ucbatından deyil, başqa şəxslərin müdaxiləsi əsasında itiridiyini iddia edirsə, bu halı sübuta yetirmək də, onun üzərinə düşür. Lakin cavabdeh tərəfindən qeyd olunan hallara dair heç bir sübut məhkəməyə təqdim olunmamışdır.

22. Belə ki, məhkəmə kollegiyası iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, idiaçınının adına olan qaz sayğacına Cavabdeh X1 Departamenti tərəfinən baxış keçirilmiş və sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombun və plomb yuvasının ətrafında əzik-cızıq izlərinin olduğu, hesablama mexanziminin qoruyucu şüşəsinin alt hissəsinin istilik nəticəsində əridiyi və sayğacın hesablayıcısının mexanizminin iş prinsiplərinə maneə törədildiyi müəyyən edilmişdir. Nəticədə sayğac istismara yararsız hesab edilmişdir.

23. Cavabdeh Metrologiya Departamentinin rəyinə əsaslanaraq, dəymiş ziyanın hesablanmasını və iddiaçı tərəfindən ödənilməsini qərara almışdır.

24. İş materiallarında olan abonentin saldolarından müəyyən olunur ki, iddiaçı tərəfindən 2023-cü il mart ayının əvvəlinə ödənilməli olan borc məbləği 167.20 (yüz altmış yeddi manat iyirmi qəpik) manat məbləğində göstərilsə də, akt tərtib edildikdən sonra bu borc 1722.40 (min yeddi yüz iyirmi iki manat qırx qəpik) manat məbləğində müəyyən olunmuşdur. Nəticədə iddiaçının adına 1555.2 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc hesablanmışdır.

25. Lakin sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombuna iddiaçı tərəfindən müdaxilə edilməsi və hesablama mexanziminin qoruyucu şüşəsinin alt hissəsinin iddiaçının təqsiri ucbatından əridiyi sübuta yetirilə bilməmişdir.

26. Nəticədə cavabdeh iddiaçının adına əsassız olaraq borc məbləği hesablamışdır.

27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyə əsaslanaraq yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmiş, cavabdeh isə iddia tələbinə etirazının dəlillərini sübut edə bilməmiş və formal mülahizələrə əsaslanmışdır. Nəticədə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmış və iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. Həmçinin həmin məcəllənin 402-ci maddəsinə əsasən məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(003)-1698/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar